MƏNASIZ BİR ŞÜBHƏ VƏ ONUN CAVABI
Allahı pak bilmək məsələlərindən biri də Onun müqəddəs sifətlərini hər cür naqislikdən uzaq hesab etməkdir. İmam Sadiqin (ə) zamanında onun şagirdi Hişamdan belə bir sual soruşdular: Bu aləm kiçilmədən və yumurta da öz ölçüsündə qala-qala Allah-Təala aləmi yumurtanın içində yerləşdirə bilərmi? Hişam cavab verə bilmədi. Çünki əgər ‒ yerləşdirə bilməz ‒ desəydi, Allahı aciz hesab etmiş olardı ki, bu da küfürdür. Amma əgər – yerləşdirə bilərdi – desəydi, mümkün olmayan bir işi Allaha nisbət vermiş olardı.
Elə buna görə də İmam Sadiqin (ə) xidmətinə yetişib bu şübhənin cavabını ondan soruşdu. İmam da cavabında buyurdu: «Bizim Allahımız acizliklə vəsf olunmaz. Yəni deyə bilməzsən ki, Allah bu işi görə bilməz. Amma bilmək lazımdır ki, Onun qüdrəti qeyri mümkün olan şeylərə aid deyildir. Çünki qeyri mümkün olan şeylərin vücuda gəlməyə şəraiti yoxdur».1 Naqislik Pərvərdikarın qüdrətində təsəvvür olunmazdır, hər hansı bir çatışmamazlıqla rastlaşsanız o xüsusiyyət əşyaların özündədir. Özündən böyük bir şeyin onun içində yerləşməsinə yumurtanın tutumu imkan vermir.
Elə buna görə də İmam (ə) Allahın qüdrətini ona başa salmaq üçün buyurdu: «Ətrafına bir nəzər sal, gör nə görürsən?
Hişam dedi: Yer, göy, dağlar, yaşıllıqlar, ağaclar, insanlar və başqa şeylər...
İmam (ə) buyurdu: Allah-Təala bu qədər şeyləri kiçik bir göz bəbəyindən necə yerləşdirmişdir».
Bu böyüklükdə olan aləmi də həmin göz bəbəyində qərar vermişdir. Bu özü elə Allahın qüdrətidir. Çünki təsvirin sahibi nə qədər böyük olsa da onu qəbul edərək, əks etdirən göz bəbəyidir. Yəni göz bəbəyinin bu böyüklükdə təsviri əks etdirməyə qabiliyyəti vardır. Amma əvvəlki misalda, naqislik yumurtadadır ki, bu aləmi özündə yerləşdirməyi qəbul edə bilmir.
Allahin bütün kamal sifətləri Onun elm və qüdrətinə qayıdır və bunların hər ikisidə mütləq və nöqsansızdır. Allahın sifətlərini naqis hesab edən kəs, özü tövhid məqamında nöqsanlıdır.
Dostları ilə paylaş: |