TÖVHİDİN MÖHKƏM OLMASININ ŞƏRTİ VİLAYƏTDİR
Şeyx Səduqun «Tövhid» və «Uyunul-əxbarur-riza» kitabında belə nəql olunur: Həzrəti İmam Rza (ə) Xorasana gələndə Nişapur şəhərində «Silsilətuz-zəhəb» hədisin nəql etmişdir: (La ilahə illəllahu hisni, fəmən dəxələ hisni əminə min əzabi)
Tövhid Allahın möhkəm qalasıdır. Hər kəs bu qapıdan daxil olsa əzaba duçar olmayacaqdır. Sonra İmam (ə) buyurdu: (Bi şərtiha və ənə min şürutiha). Tövhidin möhkəm qala olmasının şərtləri vardır. Onun şərtlərindən biri də ixlasdır. Əgər bir kəs nübuvvət və imaməti inkar etsə onun tövhidi yoxdur. Əgər bir kəs aydın və aşkar məsələ olan nübuvvəti – Peyğəmbərlərin həqiqətini inkar edərək ‒ Allah heç bir Peyğəmbər göndərməmişdir desə, deməli bu sözdən belə məlum olur ki, Allahın hikməti yoxdur. Bir halda ki, Allah-Təala bəşərin hidayəti üçün Peyğəmbər göndərməsə, belə çıxır ki, öz yaratdıqlarını başdı-başına buraxmışdır. Amma bizim əqidəmizə görə, bəşər çox uca və əbədi bir hədəfdən ötrü yaradılmışdır. Elə buna görə də Allah Qurani-Kərimdə buyurur: «Onlar (yəhudilər), Allah bəşərə bir şey (Quran) nazil etməmişdir-deməklə Allahı layiqincə qiymətləndirmədilər».1
Həkim və əlim olan Allah bəşərin hidayət edicilərə daim möhtac olduğunu bildiyi halda niyə Peyğəmbər göndərməməlidir?
Bu aşkar məsələni bəşər öz naqis əqli ilə dərk etdiyi halda Allah-Təala (əstəğfirullah) başa düşmür?
«Nübuvvəti» inkar etmək Pərvərdigarın sonsuz elm və hikmətini inkar etmək deməkdir. Elə buna görə də bunu iddia edənlər «tövhid» məqamında naqis hesab olunurlar.
Dostları ilə paylaş: |