Dünya gəzər olmamış, bir yerdə qalıb durmuş.
Bir başqa balıq isə yerə gərilmiş idi,
Qapqaranlıq şimala başı çevrilmiş idi.
Ortadakı balığın başı tam şimaldaymış,
Dərhal tufan başlamış, yönü az dəyişsəymiş,
Onun başı hər zaman tam yöndə durmalıymış,
Bu yön heç dəyişmədən şimalda olmalıymış.
Başı bir azca ensə, tufanlar başlar imiş,
Tufanla daşan sular dünyanı basar imiş.
Başı zəncirlər ilə bu üzdən bağlanmışdı,
Başın tərpənməməsi bu yolla saxlanmışdı.
Zəncirlər bağlanıbmış ortadakı dirəyə,
Balıq əsla heç zaman qımıldanmasın deyə...
(Ögəl, 2006, səh. 428-429)
Gördüyümüz kimi, bütün variantlarda dünyanın yaradılmasının ilkin materialı kimi sonsuz sular, yəni dəniz və okean çıxış edir. İndisə qoyduğumuz suala qayıdaq. Bu suala adətən belə cavab verirlər: Bu süjetlər Altay və Sibirə kənardan gətirilib. Şübhəsiz ki, bu belədir. Fəqət onları kim gətirib? Təbii ki, türklərin özləri. Odur ki, Altayları türklərin ilkin yurdu saymaq qətiyyən doğru deyil. Bəs belə olan halda türklərin, o cümlədən saxa-yakutların dənizlərlə əhatə olunmuş və ya dəniz (okean sahilində olan ilkin ata yurdları hara olmuşdur? Fikrimizcə bu suala ən gözəl cavabı Firidun Ağasıoğlu vermişdir. Öncə qeyd edək ki, A.Qaben və A.N.Kononov türk dillərində dünyanın cəhətlərinin rənglərlə ifadəsindən söz açaraq bidirmişlər ki, bu dillərdə qara rəng quzeyi, qırmızı (qızıl) güneyi, ağ qərbi (batını), göy isə şərqi (doğunu) ifadə etmişdir (Gabain, 1962, p. 73-74; Кононов, 1978, с. 160). Bu faktdan çxış edən F.Ağasıoğlu yazır:
“Türk harada olmasından asılı olmayaraq, dayandığı yerə “sarı”, quzeyə “qara”, güneyə “qırmızı” (altun, qızıl), batıya “ağ”, doğuya isə “göy” boyanın simvolu kimi baxacaq...
Əgər bu sistemi xəritə üərində axtarmaq istəsək, ən münasib üsul kimi göl və dənizlərə verilən adlara baxmaq lazım gələcək. Bütöv Avrasiya məkanında isə belə bir yer yalnız İkiçayarasının quzeyindədir.
Aydınlıq olsun deyə, qədim mənbələrdə güney sularının “qırmızı”, doğu sularının isə “göy adlandığını xatırlayaq. Nil çayının doğusundakı Qırmzı dəniz kimi, qədimdə Fars körfəzinin də qırmızı dəniz adlanması bəllidir (Herodot, IV, 39; Strabon, XI, 9). Göyçə gölü kimi, Urmu gölünün adı da keçmişdə Göy-göl idi (Strabon, XI, 14, 8).” (Ağasıoğlu, 2005, s. 128-129).
Məhz bu ərazi türklərin ilkin ata yurdu hesab edilməlidir, Altay və ətrafı yox!
Sözügedən bölgənin, yəni Şərqi Anadolu və Azərbaycanın, başqa sözlə Ön Asiya və Qafqazların ilkin türk yurdu olduğunun ən gözəl sübutlarından biri də çuvaş türklərinin miflərində qorunub saxlanmış Ön Asiya tanrılarının adlarıdır ki, bu barədə tanınmış çuvaş etnoqrafı Dmitri Madurov “Çuvaşların ənənəvi dekorotiv sənəti və bayramları” adlı monoqrafiyasında (Мадуров, 2004, s. 4-5) məlumat verməkdədir. Alimin yazdığına görə, çuvaşların mədəniyyətində qədim əkinçi xalqların tanrılarının izləri görünməkdədir. Məsələn,
Tura // Tora (çuv.) – Tora (qədim Misir), Tara (hind).
Amatura (Messopatamiya) – Ama Tura (çuv.) – tanrıların anası.
Si Duru (Messopatamiyada tanrıların sahibəsi) – Si Turri (çuv. tanrıların üzərində olan).
Turtur (Mes. Tanrı Dumuzinin anası) – Tur Tur (çuv. Tanrılar tanrısı) (Дмитриев, 1997, с. 137).
Ereşkiqal (Mes. Ölüm dünyasının sahibi) – Esrel (çuv. Ölüm tanrısı).
Tiamat (Mes. Yeraltı dünyanın şər ruhlarından biri) – Xəyamat (çuv. Yeraltı dünyanın şər ruhlarından biri).
Apsu (Mes. Yeraltı şirinsulu okean) – Ap su (çuv. Şirin su).
Soxmet (Misir, yandırıcı günəş və müharibə tanrıçası, tanrı Ptaxın qızı) – Sexmet (çuv. Müharibə tanrıçası. Çuvaş mifologiyasında Messopatamiya ikonoqrafiyasına uyğun olaraq, aslan bədənli, qız başlı varlıq kimi təsvir edilir) (Мадуров, 2004, s. 4).
Bu uyğunluq sistem təşkil etdiyindən onu qətiyyən təsadüf saymaq mümkün deyil. Üstəlik də qədim mixi yazılar çuvaş türklərinin əcdadları hesab edilən suvarların Ön Asiyada, daha dəqiq desək, Messopatamiyada, yəni İkiçayarasında yaşamış olduqlarından soraq verir. Mövzu ilə bağlı F.Ağasıoğlu yazır:
“Ən qədim subarlar haqqındakı məlumatlara görə, onlar e. ə. IV-II minilliklərdə İkiçayarası adlanan ərazilərdə, Fəratla Dəclə arasında yaşayırmış… İkiçayarasına gələn samilər Akkad şəhəri ətrafında güclənib subarları daha yuxarılara sıxışdırdılar. Akkadlı Sarqonun (e. ə. XXIV əsr) yuxarı subar bölgələrinə hücum etməsi barədə yazılar qalmışdır. Sarqonun yaratdığı sami Akkad dövləti Şumer ölkəsini də ələ keçirmişdi… E. ə. II minilliyin əvvəllərində subar torpaqlarına assurların (aşşurların – B.T.) ekspansiyası gücləndi. Bu vaxt İkiçayarasının yuxarı bölgələrinə sıxışdırılan subarlar quzey-doğudan da yeni hurri axınları ilə qarşılaşdı. Beləliklə, aşağıdan sami asur tayfalarının, yuxarıdan qafqazdilli huri tayfalarının arasında qalan subarlar üç qola ayrıldı: batı, orta və doğu qollar. Batı subar boyları 38-ci paralel boyunca batıya çəkilib digər xalqların içində əridi, həmin paralel boyunca doğuya çəkilənlər Urmu hövzəsində yerləşdi, daha sonra xeyli hissəsi Sibir və Türküstan tərəflərə miqrasiya etdi” (Ağasıoğlu, 2005, 155-156).
Maraqlıdır ki, bu gün çuvaşlar arasında yayğın olan şəxs adlarının bir qismi qafqazdilli hurri adlarını təkrarlayan teomorf adlardır. Məsələn:
Savuşka (çuv.) – Şavuşka (Hurrilərin məhsuldarlıq və qələbə ilahəsi);
Tilə (çuv.) – Tilla (Hurrilərin şimşək tanrısı Tessobanın dana şəklində təsvir edilən oğlu);
Urey (çuv.) – Urey (Misir-hurri qoruyucu ruhu. İlan kimi təsvir edilir);
Şamakka (çuv.) – Şemike (Hurrilərdə günəş tanrısı) və s (Мадуров, 2004, s. 4).
Beləliklə, çuvaş türklərinin əcdaları hesab edilən suvarların mixi yazılarda haqlarında söz açılan subarlar olduğu anlaşılır və onların ata yurdunun Şərqi Anadolu olduğu anlaşılır.
Xatırladaq ki, bəzi oğuz etnoqonik rəvayətlərində oğuzların ilkin ata yurdu kimi xatırlanan və haqqında artıq söz açmış olduğumuz əfsanəvi Mahan ölkəsi də, qaraqalpaq – myütenlərin və özbək – matienlərin əski ata yurdu Mantiena da məhz həmin əraziləri əhatə etmişdir. Onu da xatırladaq ki, sözügedən ərazi Osmanlı-Səfəvi savaşlarına qədər Azərbaycanın tərkib hissəsi idi və yalnız XVl əsrdən etibarən Türkiyənin tərkibindədir.
Saxa-yakutlardan toplanan folklor nümunələri içərisində etnoqonik süjetlərə də az rast gəlinməmişdir. Bu süjetlərdən ən yayğını, şübhəsiz ki, “Ər Soqotox” dastanıdır. Dövrümüzədək bir neçə variantda ulaşan dastanın Middendorf variantının məzmunu belədir:
Dostları ilə paylaş: |