a. H ö k m d a r v ə s a r a y
Dövlət təşkilatının ən mükəmməl şəklini almış olduğu Böyük Səlcuqlu imperiyası zamanında sultan (Məlikşah, Səncər, Böyük Sultan -əs-Sultan ül-Əzəm) adına ölkənin hər tərəfində xütbə oxunur, pul onun adına kəsilir, fərmanlara, "böyük divan" (mərkəzi hökumət) qərarlarına onun ismindən ibarət tuğrası çəkilirdi. Sultan türkcə adıyla bərabər bir müsəlman adı da alır, səltənətin xilafət tərəfindən təsdiqi münasibəti ilə xəlifənin verdiyi ləqəbləri daşıyırdı. Savaşlarda və gəzilərdə başı üstündə çətir tutulur və daima yanında olan musiqi taqımı ("növbət") gündə 5 namaz vaxtında növbət çalırdı. Məliklər ancaq 3 növbət çaldıra bilirdilər. Yalnız imperiyasınun çox genişləndiyi dövrdə özünün "İskəndəri-Sani" (II İskəndər) adlandırılmasını münasib görən Xarəzmşah Sultan Əlaüddin Məhəmməd 5 növbəti məliklərə və tabe hökmdarlara təxsis edərək özü üçün gündə 2 dəfə (günəş doğarkən və batarkən) çalınmaq üzrə "Zülqərneyn növbəti" təyin etmişdi. Sultanlar həftənin müəyyən günlərində dövlət ərkanını və komandanları qəbul edir, xalqın şikayətlərini dinləyir, qazıları təyin, iqtaları təvzi, tabe dövlət başqanlarının hökmdarlıqlarını, məliklərin idarəçiliklərini təsdiq edir, dövlətə qarşı işlənən suçlarla məşğul olan ali məhkəməyə (divani-məzalim)35 başqanlıq edirdilər.
Doğrudan-doğruya sultanın şəxsinə bağlı olan saray (dərgah, bargah) belə təşkilatlanmışdı: haciblər (hacib ül-hüccab, hacibi-bozorq), çubdarlar (dəynəkçilər), silahdarlar, bayraqdar (əmiri-ələm), camədar (əlbisə mühafizi), şərabdar, taştdar (abdar), əmiri-çeşnigir, əmiri-axur, vəkili-xas (sultan dairəsi naziri), sərhəng, nədimlər, mühasiblər. Bu vəzifəlilərin hamısı hökmdarın ən sadiq adamları arasından seçilirdi.
Dostları ilə paylaş: |