b. H ö k u m ə t "Divani-səltənət" (böyük divan) deyilən hökumət başında "sahib di- vani-səltənət və ya divani-əla" (və ya xaceyi-bozorq) ünvanlı vəzirin durduğu divani-vəzarətə bağlı olan 4 divandan (nazirlik) ibarət idi:
1) Divani-tuğra (dövlətlərin bəzilərində divani-inşa, divani-risalət: iç və dış yazışmalar).
2) Divani-istifa (maliyyə. Xalqdan yığılan vergilərin36 toplandığı "xərc" /məsrəf/ xəzinəsi ilə xas ərazidən və tabe hökumətlərdən alınan vergi, hədiyyə və s. aid "əsl" /ehtiyat/ xəzinəni idarə edir və dövlətin ümumi gəlirlərini düzənləyir.
3) Divani-ərz ül-ceyş (hərbiyyə).
4) Divani-işraf (ümumi təftiş). Burada hərbi və ədli işlər dışındakı bütün dövlət məmurları və müəməlatının tamamən müstəqil bir işraf quruluşu ilə nəzarət altında tutulması diqqətə dəyər.
Əyalət isə böyük divana bağlı və mərkəzi şəhərlərdə birər "şıxnə" (hərbi vali) olan əyalətlərlə məliklər idarəsindəki bölgələrə ayrılmışdı. Hər şəhər və qəsəbədə mülki idarədən sorumlu bir "amid", mali işlərə baxan bir "amil", xalq tərəfindən seçilən bir "rəis" və bələdiyyə işlərini görən bir "mühtəsib" vardı. Müxtəlif vəzifələrlə bütün ölkəyə yayılmış naiblər, vəkillər, katiblər, təhsildarlar və s. vardı ki, sayları xeyli çox idi. Ayrıca imperatorluqda "peyk"lər və "pərəndə"lərdən qurulu çabuq xəbər alma təşkilatı, müntəzəm ulağ (poçt) şəbəkəsi, hərbi və ticari baxımdan önəmli yollarda zastavalar və asayişin daim qorunması gərəkli yerlərdə "ribat"lar (təhkimli bina), "münxi" adlanan gizli istixbarat məmurları hökumət təşkilatını tamamlayan ünsürlərdi37.