TürklüK ÇAĞDAŞliq


Müstəqillikdən sonra Azərbaycan Respublikasında millətçilik və Bütöv Azərbaycan ideyası



Yüklə 1,78 Mb.
səhifə35/116
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#106829
1   ...   31   32   33   34   35   36   37   38   ...   116
Müstəqillikdən sonra Azərbaycan Respublikasında millətçilik və Bütöv Azərbaycan ideyası
SSRİ-ni saxlamaq mümkün olmadıqda Rusiya siyasi müstəqillik əldə etmiş respublikalarda öz imperialist, işğalçı siyasətini həyata keçirməyə başlamışdı. Azərbaycanda hələ milli hərbi qüvvələrin tam formalaşmadığı bu dövrdə Rusiyanın Azərbaycanda, o cümlədən Qarabağ bölgəsində hərbi təsiri böyük idi. 1988-ci ilin əvvəllərindən müstəqillik əldə edilənə qədər artıq Qərbi Azərbaycan ərazilərindən, Əskəran, Xocavənd, Hadrut, Ağdərə rayonlarından, həmçinin Xankəndi şəhərindən (1989-cu ilin iyununda) Azərbaycan türkləri əsasən çıxarılmış və bu ərazilər Azərbaycan dövlətinin nəzarətindən çıxmışdı. 1992-ci ilin yanvar-fevral aylarında Yuxarı Qarabağın Kərkicahan, Malıbəylı, Quşçular və Qaradağlı kəndləri də işğal edildi. Fevralın 25-dən 26-a keçən gecə mühasirədə olan Xocalı şəhəri rus-erməni birləşmələri tərəfindən işğal edildi və Azərbaycan türklərinə qarşı soyqırım törədildi, əhali görünməmiş vəhşiliklərə məruz qaldı.

Xocalı faciəsindən sonra hakimiyyətə qarşı etirazlar daha da gücləndi. 1992-ci il, martın 6-da A.Mütəllibov bu təzyiqlər qarşısında istefa verməyə məcbur oldu. Prezident səlahiyyətləri Ali Sovetin sədri Y.Məmmədova keçdi.

Mayın 8-9-da Şuşa şəhəri işğal olundu. Mayın 14-də A.Mütəllibov hakimiyyətə qayıtmaq cəhdi etdi. Ali Sovetin həmin gün keçirilən sessiyasında o, öz vəzifəsinə geri qaytarıldı. A.Mütəllibov dərhal ölkədə fövqəladə vəziyyət elan etdi. Lakin səhəri günü AXC tərəfdarları və onun tabeliyində olan silahlı qüvvələrin köməyi ilə dövlət idarələrinin binaları və dövlət televiziyası ələ keçirildi. A.Mütəllibov ölkəni tərk edərək Rüsiyaya sığındı. AXC faktiki olaraq ölkədə hakimiyyəti ələ aldı. Mayın 18-də AXC funksioneri İ.Qəmbər Ali Sovetin sədri seçildi. Həmin gün Milli Şuranın adı dəyişdirilərək “Milli Məclis” adlandırıldı və Ali Sovetin səlahiyyətləri ona verildi. Həmin ərəfədə Laçın işğal edildi.

1992-i il, iyunun 7-də keçirilən prezident seçkilərində AXC sədri Ə.Elçibəy prezident seçildi. AXC-nin hakimiyyətə gəlməsi rəsmiləşdi. AXC-nin bir illik hakimiyyəti dövründə ölkədə mühüm milli-demokratik islahatlar həyata keçirildi. Bütün silahlı dəstələr Müdafiə Nazirliyinin tabeliyinə verildi, ordu yenidən qurulmağa başladı. 1992-ci ilin iyun-avqust aylarında cəbhədə uğurlu əməliyyatlar keçirildi. Ağdərə rayonu demək olar ki, bütövlükdə işğaldan azad edildi, cəbhənin digər istiqamətlərində də irəliləyişlər oldu. Avqustun 15-də milli valyuta dövriyyəyə buraxıldı, ali məktəblərə qəbulda test üsulu tətbiq edildi, Azərbaycan türklərinin ana dili rəsmi olaraq “türk dili” adlandırıldı (dekabr, 1992) və məktəblərdə də bu ad altında tədris olundu (12 noyabr, 1995-ci ildə Konstitusiya qəbul olunana qədər), bütün rus məktəblərində paralel olaraq Azərbaycan bölmələri yaradıldı, rus dilinin mövqeyi xeyli zəiflədi, 1-ci siniflərdə latın qrafikalı əlifba rəsmən tədris olunmağa başladı, milli soyadları haqqında qanun qəbul edildi, təhsil haqqında yeni qanun qəbul edildi, Azərbaycan MDB üzvlüyündən çıxdı, Qəbələ RLS və işğal olunmuş ərazilərdəki hərbi hissələr istisna olmaqla bütün rus hərbi qüvvələri ölkə ərazisindən çıxarıldı. Azərbaycan tarixi və mədəniyyəti yeni milli konsepsiya əsasında tədris və təbliğ olunmağa, bu istiqamətdə yeni tədqiqatlar aparılmağa və kitablar yazılmağa başladı, Azərbaycanın və türk dünyasının bütövlüyü ideyası təbliğ olundu, xalqa rus və fars şovinizminə qarşı mübarizə ruhu aşılandı, siyasi partiyaların fəaliyyəti üçün demokratik mühit yaradıldı, yeni-yeni partiyalar yarandı. 1992-ci ilin noyabrında mühacir müsavat liderlərinin (Məhəmməd Azər Aran, Məhəmməd Kəngərli və Əhməd Qaraca) razılığı və xeyir-duası ilə Bakıda Müsavat partiyasının III – bərpa kon-fransı keçirildi və İ.Qəmbər partiyanın sədri seçildi.

1992-ci ildə Türk dövlətləri arasından mədəni əməkdaşlıq istiqamətində danışıqlar başlandı və bunun nəticəsi kimi 1993-cü il, iyunun 12-də TÜRKSOY (“Türk Kültür və Sanatları Ortaq Yönətimi”) yaradıldı.

1993-cü ilin əvvəllərindən Rusiyanın ciddi hərbi müda-xiləsi ilə Azərbaycan ordusu cəbhədə qazandığı mövqeləri itirməyə başladı. Fevral-mart aylarıında Ağdərə rayonunun bir hissəsi itirildi, aprelin 1-3-də Kəlbəcər işğal edildi.

Azərbaycanda millətçilərin hakimiyyətdə olmasından qətiyyən qane olmayan Rusiya öz təsirlərindən istifadə edərək AXC-Müsavat hakimiyyətinin süqutuna nail olmağa çalışırdı. 1993-cü il, iyunun 4-də Rusiya xüsusi xidmət orqanlarının dəstəyi ilə Gəncədə milli qəhrəman Surət Hüseynovun başçılığı altında hərbi qiyam baş verdi. Qiyamçıların tələbi prezident və hökumətin istefası idi. Hakimiyyət yetkililərinin bir hissəsi gizli və açıq şəkildə qiyamçıların tərəfinə keçdi, hakimiyyət böhranı və vətəndaş müharibəsi təhlükəsi yarandı. Baş Nazir, Parlament sədri və güc nazirliklərinin rəhbərləri istefa verdi. Prezidentin dəvəti ilə Bakıya gəlmiş Naxçıvan MR-nın Ali məclisinin sədri H.Əliyev iyunun 15-də onun təklifi ilə Milli Məclisə sədr seçildi. Ayın 17-dən 18-ə keçən gecə Ə.Elçibəy Bakını tərk edərək doğulduğu Kələki kəndinə getdi, ayın 23-də Milli Məclis prezident səlahiyyətlərini H.Əliyevə verdi. AXC-Müsavat cütlüyünün hakimiyyəti süqut etdi.

Qiyamçı qüvvələr tərəfindən qoşunların cəbhə bölgələ-rindən çıxarılması nəticəsində iyul-oktyabr aylarında Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal edildi.

1993-cü il, sentyabrın 24-də Azərbaycan yenidən MDB-yə daxil oldu, həmin il, oktyabrın 3-də keçirilən prezident seçkilərində H.Əliyev prezident seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) hakimiyyəti rəsmiləşdi. 1994-cü il, mayın 8-də Bişkekdə atəşkəs haqqında protokol imzalandı. 1980-ci illərin axırlarından başlamış və 1993-94-cü illərdə ən yüksək həddə çatmış iqtisadi böhran, o cümlədən kəskin inflyasiya 1995-ci ilin yazından sabitləşməyə başladı. 1995-ci il, noyabrın 12-də ümumxalq səsverməsi ilə Konstitusiya qəbul edildi. 1998-ci ildə “mədəniyyət” qanunu qəbul edildi, Həmin il mətbuatdan senzura götürüldü. 2001-ci il, avqustun 1-dən latın qrafikalı əlifba yeganə yazı vasitəsi kimi tətbiq olundu, 2002-ci ilin sentyabrında dövlət dili haqqında qanun qəbul edildi, 2008-ci ilin yanvarından telekanallarda xarici dildə verilişlər qadağan edildi, o cümlədən Rusiya telekanallarının birbaşa yayımı dayandırıldı.

1994-cü ildə əsası qoyulmuş neft layihələrinin həyata keçirilməsi nəticəsində 2000-ci illərin əvvəllərindən Azərbay-can iqtisadiyyatının həcmi sürətlə artmağa başladı.

Müstəqillikdən sonra Azərbaycan Respublikasında millətçi ideyalara söykənən siyasi təşkilat kimi əsasən AXCP, qismən də Müsavat partiyası və AMİP (Azərbaycan Milli İstiqlal Partiyası) fəaliyyət göstərmişdir. AXCP daxilində 1990-cı illərin ortalarından birinci müavin Ə.Kərimlinin başçılığı altında əsasən keçmiş “Yurd” təşkilatının üzvlərindən ibarət müxalif qrup yarandı. Şərti olaraq “yurdçular” və ya “isla-hatçılar” adlandırılan bu qrup partiyanın Güney Azərbaycanın azadlığı və Azərbaycanın bütövlüyü uğrunda mübarizəsini məqbul saymır və yalnız Azərbaycan Respublikasının milli-demokratik inkişafının hədəf kimi götürülməsinin tərəfdarı kimi çıxış edirdilər. Partiya sədri Ə.Elçibəyin ətrafında olan “klassik” (“mühafizəkar”, “Elçibəyçi”) cəbhəçilər isə millətçi ideyalardan uzaqlaşmağın əleyhinə olamaqla Bütöv Azər-baycan uğrunda mübarizəni əsas hədəf kimi qəbul edirdilər. Ə.Elçibəyin vəfatından (22.08.2000) sonra partiya parçalandı. Ə.Kərimlinin sədrlik etdiyi AXCP yalnız liberal-demokratik ideyalara əsaslanan təşkilat kimi fəaliyyət göstərməyə başladı. M.Mirəlioğlunun sədrlik etdiyi AXCP (2006-ci ildən Klassik Xalq Cəbhəsi Partiyası – KXCP) isə təşkilatın klassik millətçi ideyalarına sadiq qalaraq fəaliyyətini davam etdirdi və bu gün tam mənada millətçiliyə söykənən demək olar ki, yeganə partiyadır.

Müsavat partiyası da öz fəaliyyəti dövründə tədricən millətçi ideyalardan uzaqlaşmış və hazırda demək olar ki, əsa-sən liberal-demokratik ideyalara söykənən bir siyasi təşkilat kimi fəaliyyət göstərir. Hətta partiyanın nizamnaməsində də bu yöndə dəyişikliklər aparılmışdır. 1992-ci ildə yaranmış AMİP-in fəaliyyəti isə son illər xeyli passivləşmişdir.

Milli hərəkat tariximizdə mühüm hadisələrdən biri Ə.El-çibəyin başçılığı altında Azərbaycanın quzeyindən və gü-neyindən olan ən dəyərli milli düşüncəli ziyalıları, mübariz gəncləri özündə birləşdirən ictimai təşkilatın – Bütöv Azər-baycan Birliyinin (BAB) yaradılması oldu. 1997-ci ildə əsası qoyulmuş bu təşkilat 1998-ci ilin noyabrında rəsmən təsis edildi və qısa müddətdə ölkədə böyük nüfuz qazandı. BAB-ın 2000-ci ildə qəbul olunmuş Məramnaməsində (1.13) milli ideologiyamızın görüşləri geniş şəkildə öz əksini tapmışdır. Bu iri həcmli Məramnamə milli hərəkat tariximizdə çox mühüm yer tutan bir tarixi sənəddir.

Məramnamənin giriş hissəsində Azərbaycanın bölünməsi və milli hərəkat tariximiz haqqında qısa məlumat verilir, mövcud durum qiymətləndirilir və Azərbaycanın bütövləş-məsinin və bunun üçün bütövlük ideyasının irəli sürülməsinin vacibliyi qeyd edilir.

Məramnamənin giriş hissəsinin “Təbii haqlarımız” bölməsində deyilir:

...təbii insan haqlarına uyğun, hər bir xalqın da, sadəcə bir xalq kimi yaranışdan var olan yaşama haqqı mövcuddur. Xalqın yaşama haqqı onun kompakt halda, birgə yaşamasını və məhz özü kimi yaşama istəyini nəzərdə tutur. Birgə yaşamaq xalqın parçalanmasının, bölünməsinin yolverilməzliyi demək-dir. ...Özü kimi yaşama xalqın öz dilini, ədəbiyyatını, tarixini, musiqisini, adət-ənənələrini, əxlaqını, davranış biçimlərini, bir sözlə özünə məxsus bütün maddi və mənəvi mədəniyyətini qoruyub yaşatması, gəlişdirməsi və azad surətdə, maneəsiz olaraq gələcək nəsillərə ötürə bilməsi deməkdir. Əsarətdə olmaq, yaxud parçalanmaq bunu ortadan qaldırır, xalqın birgə və özü kimi yaşama haqqını pozur...



Hər xalqın bir xalq olaraq yaşaması və öz milli sərvətinə özünün sahiblik edə bilməsi üçün azadlıq haqqı vardır. Xalqın azadlığı onun müstəqil dövlət qurub öz-özünü idarə etməsi, milli iradəsinin üstün tutulması, öz maddi və mənəvi mədəniyyətini sərbəstcə yaşadıb gəlişdirə bilməsi, öz Vətəninin milli sərvətlərindən bir xalq olaraq hamılıqla yararlanması və s. deməkdir.

...Xalqın yaranışdan var olan bu təbii haqlarının məhdud-laşdırılmasında imperiyaçılıq, müstəmləkəçilik, istismar, diktatorluq, totalitarlıq, avtoritarlıq və s. kimi zorakılıqlar cid-di rol oynayır. Bu cür zorakılıqlara qarşı çıxmaq, müqavimət göstərmək, mübarizə aparmaq xalqın təbii haqqıdır və heç bir qanun, heç bir şəriət, sinif, qrup, yaxud “külli-ixtiyar” sahibi bu təbii haqqı xalqın əlindən ala bilməz.

...Dünyadakı əlli milyonluq Azərbaycan türkü ...Müstəqil Bütöv Azərbaycan dövlətini qurub öz-özünü idarə etmək və öz müqəddəratını özü təyin etmək hüququna malikdir.

Məramnamədə daha sonra son yüz ildə fars şovinizmi tərəfindən Azərbaycan türklərinin təbii haqlarının məhdudlaş-dırılması və həmin haqların mövcud durumu haqqında məlumat verilir.

Məramnamədə “millətləşmə” anlayışına xüsusi yer verilir. Millətləşmə dedikdə bir xalqın milli kimlik şüurunun, milli ideologiyasının və milli hərəkatlarının formalaşması prosesi nəzərdə tutulur.

Məramnamənin giriş hissəsinin “Bütöv Azərbaycan Birliyinin yaranma zərurəti” bölməsində deyilir:



...Xalqımız siyasi tarix səhnəsinə əlli milyonluq vahid bir millət olaraq çıxmasa, Azərbaycana qurtuluş yoxdur! Azər-baycanın qurtuluşu Güneydəki istiqlalımızdan və sabah möv-cud olacaq iki Azərbaycan dövlətinin ümumxalq referendumu yolu ilə birləşib bütövləşməsindən asılıdır. O bütövləşməyə indidən hazırlaşmaq və onu gerçəkləşdirəcək milli gücü vaxtında yetişdirə bilmək üçün bu gün bütövlüyü hədəf alan milli təşkilatlanmaya böyük ehtiyacımız var.

Milli təşkilatlanma ehtiyacımız Azərbaycanın güneyində, Azərbaycanın quzeyində və xaricdəki soydaşlarımız arasında Bütöv Azərbaycan ideyasına bağlı kütləvi xarakter daşıyan təşkilatların yaranmasını və bu təşkilatların qarşılıqlı əmək-daşlığını, sıx iş birliyini bir zərurət olaraq irəli sürür.

Biz Azərbaycanın azadlığı, istiqlaliyyəti, bütövlüyü uğrun-da mübarizə aparan şəxslər, siyasi və ictimai qurumlar bu zərurəti dərindən dərk edərək əlli milyonluq xalqımızın milli təşkilatlanma formalarından biri kimi Bütöv Azərbaycan Birliyini (qısaca: BAB) yaradır və Müstəqil, Bütöv, Demokratik Azərbaycan hədəfli bütün qurumlarla qarşılıqlı əməkdaşlığa, sıx iş birliyinə ürəkdən hazır olduğumuzu bildiririk.

Məramnamənin “Bütöv Azərbaycan anlayışımız” adlanan birinci bölümündə başlıca hədəflər, mərhələlər, görüşlər, prinsiplər və vəzifələr göstərilir.

Məramnamədə Müstəqil, Bütöv və Demokratik Azərbay-can BAB-ın başlıca hədəfləri kimi qəbul edilir. Bu hədəflərə çatmaq üçün isə üç strateji mərhələ hazırlıq, istiqlaliyyət bütövləşmə mərhələləri müəyyən edilir.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin