Dil
Allahın insana əta etdiyi böyük nemətlərdən biri də dildir. Dilin savabları böyük olduğu kimi, günahları da böyük və ağırdır. Ariflər deyirlər: “Dilin çəkisi az, günahı isə ağırdır.”
Böyük mühəddis Molla Möhsün Feyz Kaşani “Məhəccətül-bəyza” kitabında buyurur: “Dil iyirmiyə yaxın böyük günaha qadirdir: qeybət, böhtan, sözgəzdirmə’ istehza, şayiə yayma, yalan, söyüş, təhqir və s.”(6-190).
Qurani-Kərimdə dilə yalnız on növ söz danışmağa icazə verilmişdir. Bu çərçivədən çıxan insan şeytana bəndə olur:
1. “Həsən” danışıq, yəni xalqla xoş danışıq.433
2. “Əhsən” danışıq, yəni insanları Allah tərəfə dəvət.434
3. “Ədl” danışıq, yəni məhkəmədə doğru şəhadət.435
4. “Sidq” danışıq, yəni cəmiyyətdə möminlərin xeyrinə və düz danışıq.436
5. “Kərim” danışıq, yəni ata-ana ilə xoş danışıq.437
6. “Ləyyin” danışıq, yəni insanları yaxşıya əmr edib, pisdən çəkindirən vaxt mülayim danışıq.438
7. “İman” danışıq, yəni Allahın birliyi və peyğəmbərliyin iqrarı.439
8. “Sədid” danışıq, yəni hər zaman savab danışıq.440
9. “Məruf” danışıq, yəni yetimlər və ailəyə nəvaziş.441
10. “Bəliğ” danışıq, yəni nəsihətli, natiq danışıq.442
Bu çərçivəni gözləyən insanın mükafatı yalnız Allaha bəllidir. Biz yalnız əhsən «danışıq» haqqında söhbət edəcəyik. Həzrəti Peyğəmbər (s) Həzrət Əlini (ə) Yəmən camaatının hidayəti üçün göndərdiyi vaxt ona buyurur: “Ya Əli (ə)! Bir şəxsi haqqa dəvət etməyincə onunla vuruşma.”
Namaz qılmaq, Quran qiraət etmək, Əhli-beyt dualarını onların şərtlərinə əməl etməklə oxumaq, deyilən on şərt daxilində danışmaq Allahın zikrləridir.
Günakar qadın
Mərhum Kuleyni “Rövzeyi-Kafi” kitabında İmam Sadiqdən (ə) belə rəvayət edir:
Bir abid öz ibadəti ilə İblisin qəddini qırmışdı. İblis şeytanları toplayıb abidi yoldan çıxarmaq üçün onlarla məsləhətləşdi. Şeytanlardan biri abidi namazdan uzaqlaşdırmağa söz verdi.
Həmin şeytan abidin sovməəsinə gəlib aramsız ibadətə başladı. Fürsət düşən kimi abid ondan bu möminliyin səbəbini soruşdu. Şeytan dedi: “Mən günaha yol verdiyim üçün bu günahın qorxusundan ibadətdən yorulmuram.” Şeytandan məsləhət alan abid daha yaxşı ibadət etmək üçün sadəlövhcəsinə günah etmək qərarına gəldi.
Günahkarlığı ilə tanınmış qadın abidi günahkarlar məhəlləsində görüb onun şeytana aldandığını anladı. Ona yaxınlaşıb dedi: “Ey abid! Qayıt səni bura göndərənin yanına. Əgər tapmasan, bil ki, şeytandır.”
Abid geri qayıdıb öz günah məsləhətçisini tapa bilmədi. Onu günahdan çəkindirmiş qadına dua etdi. Günahkar qadın həmin gecə dünyasını dəyişdi. Allah-Taala o dövrün peyğəmbərlərinə belə vəhy etdi: “Camaatla birgə o qadını dəfn et. Mənim bir bəndəmi hidayət etdiyi üçün onun bütün günahlarını bağışladım.”
Haqdan işıq düşdü, yola düzəldik,
Düzü göstərdilər, əyrini bildik.
Sovməələr gəzdik haqq sorağında,
Könül şərdən qopdu pir işığında.
Gəzdik qapı-qapı bilik şəhərin,
Ayıldıq mehində erkən səhərin.
Ətirli güllərin səfasın görüb,
Hər eşq ağacından bir meyvə dərib,
Nəhayət ki, çatdıq vüsal çağına,
Girdik mərifətin eşq otağına.
Tövhid şərbətindən içib ayıldıq,
Hüzurunu görən anda bayıldıq.
Saflığın sevgisi diriltdi ruhu,
Tanıdıq qüdrətli, şəriksiz şahı.
Duanın qəbulu üçün zəmanət
“Bəqərə” surəsinin 186-cı ayəsində oxuyuruq: “Bəndələrim Məni səndən soruşduqda söylə ki, onların duasını qəbul etməyə yaxınam.” “Ğafir” surəsinin 60-cı ayəsində isə belə buyurulur: “Mənə dua edin, dualarınızı qəbul edim.”
Amma unutmaq olmaz ki, bu zəmanət heç də bütün dualara aid deyildir. Yalnız o duaların qəbuluna zəmanət verilir ki, bu dualarda zəruri şərtlərə əməl edilsin.
Biri dua edə bilər ki, “Pərvərdigara, dünyanın bütün sərvətini mənə ver, ömrümü Qiyamət gününədək uzat, məni Yusifdən gözəl, Davuddan xoşavaz, Həzrət Əlidən (ə) şücaətli et”. Yaranış qanunlarına uyğun gəlməyən bu məntiqsiz duaların qəbuluna zəmanət mümkün deyil. Həqiqət aşiqlərinin isə həm özləri, həm də duaları ölçü-biçilidir. Mərifətli insan duası qəbul olmadıqda bunu Allahın məsləhəti bilir və qətiyyən üzülmür.
Rəvayətlərdə nəql olunur ki, dua peyğəmbərlərin və möminlərin silahıdır. Dua insanı labüd çətinliklərdən qurtarır, sağalmaz xəstəlikləri sağaldır.
Əhli-beyt rəvayətlərində duanın qəbulu üçün bir sıra şərtlər bəyan edilir: ixlas, hər şeyin Allahdan asılı olmasına yəqinlik, vacib əmrlərə itaət, pak qəlb, düz danışan dil, halal ruzi, xalqın haqqını ödəmə qəlbin iştirakı, qəlbdə həyəcan, “bismillahir-rəhmanir-rəhim”lə başlamaq, Peyğəmbər (s) və Əhli-beytə (ə) salavat göndərmək, günahların etirafı, ah-nalə üzü torpağa qoymaq, iki rəkət namaz, duanın qəbul olacağına ümid, özündən əvvəl başqalarına dua, boş şeylər istəməmək, cəm halda dua, gizlində dua.
Üç dərdlinin duası
Mötəbər bir rəvayətdə Cabir Cöfi Həzrəti Peyğəmbərdən (s) belə bir rəvayət nəql edir:
Üç müsafir bir dağın ətəyindən keçərkən, dağdakı mağaraya girib ibadətə başladı. Dağdan uçan qaya parçası mağaranın ağzına düşüb yolu bağladı. Müsafirlər anladılar ki, bu çətinlikdən qurtulmağın yeganə yolu duadır.
Birinci müsafir deyir: “Pərvərdigara, Sən şahidsən ki, mən Cəhənnəm odu qorxusundan gözəl bir qadından imtina etdim. Buna xatir bizə bir qurtuluş ver.”
İkinci müsafir deyir: “Pərvərdigara, yarım dirhəmə razılaşıb əkin sahəmdə işləyən fəhlə işin sonunda bir dirhəm tələb edib, imtina etdiyim üçün çıxıb getdi. Mən həmin yarım dirhəmi ayrıca bir torpaqda əkinə verdim. Uzun müddət sonra bu yarım dirhəm artıb 17 min dirhəm oldu. Bir gün həmin şəxs gəlib keçmişdə imtina etdiyi yarım dirhəmi istədi. Mən yalnız Sənin razılığından ötəri həmin 17 min dirhəmi ona verdim. Buna xatir bizi bəladan qurtar.
Üçüncü müsafir dedi: “Pərvərdigara, atam və anama süd apardığım vaxt onların yatdığını görüb, oyanmalarını gözlədim. Hətta əlimdəki qabı yerə qoymadım ki, qabın səsinə oyanarlar. Mən o əziyyətə Sənə xatir dözdüm. Buna xatir bizə nicat ver, ya Rəbb!”
Bu dualardan sonra qapını tutmuş daş parçalandı, müsafirlər mağaradan çıxdılar.443
Dostları ilə paylaş: |