Nəfsin halları
Qur`ani-Kərimdə nəfsin halları zikr olunmuşdur. Bu hallar insanın gerçəkliyə dini həqiqətlərə əxlaqi dəyərlərə diqqətsizliyi nəticəsində yaranır. Nəfsin qeyd olunmuş hallarına nəzər salaq:
1. Əmmarə nəfs;
2. Dəssayi nəfs;
3. Səfəhi nəfs;
4. Təsvili nəfs;
5. Rəhineyi nəfs;
6. Həvayi nəfs;
7. Həsrəti nəfs.
“Yusif” surəsinin 53-cü ayəsində oxuyuruq: “Doğrudan da, Allah rəhm etməyəcəyi təqdirdə nəfs pisliyə əmr edəndir.” (“Əmmarə”) .
“Şəms” surəsinin 10-cu ayəsində oxuyuruq: “Nəfsini günah və fisq-fücurla örtən şəxs Allahın rəhmətindən məhrum oldu.” (“Dəssayi”)
“Bəqərə” surəsinin 130-cu ayəsində isə belə buyurulur: “Özünə səfehliyi rəva biləndən savayı kim İbrahim ayinindən üz döndərər?” (“Səfəhi”)
“Yusif” surəsinin 18-ci ayəsində buyurulur: “Yə`qub oğlanlarına dedi: - Yusifi canavar yeməyib. Əslində nəfsiniz çirkinliyi sizə gözəl göstərib.” (“Təsvili”)
“Muddəssir” surəsinin 38-ci ayəsində oxuyuruq: “Hər bir nəfs batdığı günahın girovudur.” (“Rəhineyi”)
“Naziat” surəsinin 40-41-ci ayələrində buyurulur: “Allahın məqamından qorxan və nəfsini fəlakətə düşməkdən saxlayan şəxsin yeri, həqiqətən, Behiştdir.” (“Həvayi”)
“Zumər” surəsinin 56-cı ayəsində oxuyuruq: “İşi o yerə çatdırmayın ki, Qiyamət günü nəfs desin: - Əfsus, Allahın qarşısında göstərdiyim itaətsizliyə.” (“Həsrəti”)
Şeyx Bəhai “Ərbəin” kitabında deyir: “Rəvayətlərdə nəfs dedikdə şəhvət və qəzəb kimi heyvani qüvvələr nəzərdə tutulur.” Qəzzali deyir: “Nəfs əql qüvvələrinə qarşı çıxan bütün məzəmmət olunmuş sifətlərin cəmidir.”
Hikmət sahibləri deyir: - “Nəfslə cihad dedikdə şeytani hallara düşmüş nəfs nəzərdə tutulur. Nəfsin digər halları əqlə aiddir. Nəfsin mələk sifətlərinə malik halları var və məhz bu hallar vasitəsi ilə ibadət yerinə yetirilir. Nəfslə cihad onu sakitləşdirib, heyvani meyllərdən uzaqlaşdıranadək davam edir.
Sə`di deyir ki, bir şəxsdən “ən pis düşmən nəfsdir” hədisi haqqında soruşdum. Dedi: - “Ona görə ki, bütün düşmənlərə ehsan etdikdə dost olur. Amma nəfsə öz ehsanını artırsan, düşmənçiliyini artırar.”
Əqldən kənarda yaşayan nəfs həvasının tabeçiləri əslində divanədirlər. Bəhluldan soruşdular ki, - “Şəhərdə neçə divanə var?” Cavab verdi ki, - “Onları saymaq çox çətindir, aqillərin sayını soruşun, deyim.”
Dostları ilə paylaş: |