Davud dövründə bir gəncə mərhəmət
Şeyx Səduq belə rəvayət edir:
«Həzrət Davudun məclisində bir gənc iştirak edirdi. Çox zəif və arıq olan bu gənc dinib-danışmırdı. Ölüm mələyi Davudun hüzuruna gəlib dedi: “Yeddi gündən sonra onun ruhunu bədənindən çıxarmalıyam.” Davudun gəncə ürəyi yandı. Dedi: “Evlisənmi?” Gənc cavab verdi ki, xeyr.
Davud oğlana xeyli pul verib dedi: “Get filankəsin yanına. Mənim adımdan de ki, qızını sənə ərə versin. Elə bu gecə özünə toy et. Yeddi gündən sonra yanıma gələrsən.”
Oğlan getdi və yeddi gündən sonra Həzrət Davudun yanına gəldi. Davud onun halını soruşdu. Oğlan razılığını bildirdi. Davud nə qədər gözlədisə də ölüm mələyindən bir xəbər çıxmadı. Oğlana dedi ki, get, yeddi gün sonra gələrsən. Yeddi gün sonra bu hadisə bir daha təkrarlandı. Nəhayət, ölüm mələyi Davudun hüzuruna gəldi və Davud ondan bu yubanmanın səbəbini soruşdu. Ölüm mələyi dedi: “Allah sənin rəhminə görə ona rəhm etdi və otuz il möhlət verdi.”369
Əsirin azad olunmasıNA SƏBƏB OLAN beş xüsusiyyət
Mühüm bir hədisdə İmam Sadiqdən (ə) belə bir rəvayət nəql olunur:
«Həzrət Peyğəmbərin (s) hüzuruna bir qrup əsir gətirdilər. Həzrət (s) qətlə yetiriləsi əsirlərdən birini ayırıb saxladı. Həmin əsir təəccüb içində ərz etdi: “Məni azad etməyinizin səbəbi nədir?” Həzrət Peyğəmbər (s) buyurdu: “Cəbrail mənə xəbər verdi ki, səndə Allahın sevdiyi beş xüsusiyyət var: Məhrəmlərinə münasibətdə qeyrət, səxavət, xoş əxlaq, düz danışıq və şücaət.”
Bu sözlərdən sonra əsir İslamı qəbul etdi və kafirlərə qarşı döyüşlərin birində şəhadətə çatdı.»370
Müvəhhid qul
İmam Sadiq (ə) xətaya yol vermiş bir qula qamçı vurulmasını əmr etdi. Qul dedi: “Ey Peyğəmbər (s) övladı, səndən başqa şəfaətçisi olmayan bir kəsəmi qamçı vurursan?” İmam Sadiq (ə) göstəriş verdi ki, qulu azad edin. Qul dedi: “Məni sən yox, həmin sözü nitqimə gətirən azad etdi.” İmam (ə) buyurdu: “And olsun Kə`bənin Allahına, bu qul tovhid əhlidir”.
Bəli, Allah-Taala tövhid əhli ilə mərhəmətli rəftar edir.
Yusifin günahsızlığının şahidi
Təfsirlərdə nəql olunur ki, Yusif padşahlıq taxtına çıxdıqdan sonra xalqın vəziyyətinin yaxşılaşması, insanların tərbiyəsi, ədalətə məhəbbətin yaradılması barədə düşünməyə başladı. Cəbrail nazil olub bildirdi ki, sənə vəzir lazımdır. Dedi ki, sabah sübh taxtından durub hərəkət et və qarşına çıxan ilk insanı vəzir məqamına oturt.
Səhəri gün Yusif arıq, çöhrəsi solğun bir şəxslə rastlaşdı. Düşündü ki, bu şəxs vəzirlik yükünə tab gətirə bilməz. Bu şəxsin yanından ötüb keçmək istədiyi vaxt Cəbrail nazil olub dedi: “Onu seç, çünki sənin boynunda onun haqqı vardır. O, sənin günahsızlığına şəhadət verən şəxsdir...”
Əgər bir dəfə Yusifin günahsızlığına şəhadət verən şəxs bu məqama qaldırılırsa, bir ömür Allahın birliyinə şahid durmuş bəndə ilə pis rəftar oluna bilərmi?! Bəli, kimsədə Allahın rəhmətini dərk etməyə qüvvə yoxdur!
“İlahi və Səyyidi, fəəs`əlukə bil-qudrətil-ləti qəddərtəha və bil-qəziyyətil-ləti hətəmtəha və həkəmtəha, və ğələbtə mən ələyhi əcrəytəha ən təhəbə li fi hazihil-ləyləti, və fi hazihis-saəti, kullə curmin əcrəmtuhu, və kullə zənbin əznəbtuhu, və kullə qəbihin əsrərtuhu, və kullə cəhlin əmiltuhu, kətəmtuhu əv ə`ləntuhu əxfəytuhu əv əzhərtuhu”
(“Ey Mə`budum, ey Ağam! Səni təqdir etdiyin qüdrətə verdiyin fərmana, çıxardığın o hökmə and verirəm ki, icra edildiyi kəsə qalib oldu və Səndən batdığım günahları bu gecə bu saat bağışlamağını, yol verdiyim xətalardan, gizlində gördüyüm çirkin işlərdən, gizli və aşkar nadanlıqlarımdan keçməyini istəyirəm.”)
Duanın əvvəlində günahlar və onların tə`sirləri müfəssəl şəkildə bəyan olundu. Duanın bu hissəsində bir daha gizli və aşkar günahlar yad edilir.
Bəli, cümə axşamıdır, dua, sızıltı, peşmanlıq, tövbə axşamı!
Sarınmışam eşq ipinə
Gəlmişəm ümid qapına.
Günah da çox, çəkir geri,
Boğur xəcalətin təri.
Ağartmışam günah yolu,
İş də söz də xəta dolu.
Düz bir ömür yardan uzaq
İllər yanıb varaq-varaq.
Açılsa rəhmət qucağı
Yanasıdı eşq ocağı.
Amma bu eşqə var hələ
Nə vaxt könül gələr dilə?
Açılsa qara pərdələr
Dörd bir yanda nələr, nələr!
Kəsib yolu yağı düşmən,
Gendə qalıb çiçək, çəmən.
Düşmən edə hər nə acıq,
Nəzər salsan, yollar açıq!
“Və kullə səyyiətin əmərtə biisbatihəl-kiraməl-katibin, əlləzinə vəkkəltəhum bihifzi ma yəkunu minni, vəcəəltəhum şuhudən ələyyə məə cəvarihi, və kuntə Əntər-rəqibə ələyyə min vəraihim vəşşahidə lima xəfiyə ənhum, və birəhmətikə əxfəytəhu və bifəzlikə sətərtəhu və ən tuvəffirə həzzi min kulli xəyrin ənzəltəhu, əv ihsanin fəzzəltəhu, əv birrin nəşərtəhu, əv rizqin bəsəttəhu, əv zənbin təğfiruhu, əv xətəin təsturuhu”
(“Hər çirkin işi qeyd etməyi kərim yazanlara əmr etdin, məndən baş verənlərin qeyd edilməsini onlara tapşırdın, onları da əzalarımla birlikdə mənə şahid qərar verdin, Özün onlardan daha artıq müraqib oldun, onlardan gizli qalana şahid oldun, rəhmətinlə məxfi saxladın, fəzilətinlə örtdün. Səndən nazil etdiyin hər bir xeyirlə ehsanla, yağdırdığın ruzilərlə bağışladığın günahlar və örtdüyün xətalarla nəsibimi kamilləşdirməyini istəyirəm.”)
Yazan mələklər və bədən əzaları
Əməllərin mələklər tərəfindən yazılması və bədən üzvlərinin bu günahlara şahidliyi Qur`ani-Kərim ayələri ilə təsdiq olunmuş həqiqətdir:
“Sizin üstünüzdə gözətçi mələklər - yazan və hörmətli olan mələklər vardır.Onlar sizin nə etdiklərinizi bilirlər.”371
“Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.”372
“Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəklər.”373
“Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri bizimlə danışar, ayaqları isə şəhadət verər.”374
“Dediyin hər sözü onun yanında durub gözləyən vardır.”375
“Məhz o gün yer öz hekayətini söyləyəcək.”376
“...Allah, Onun peyğəmbəri və mö`minlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir.”377
Əlbəttə ki, bütün bu deyilənlər kafirlərə və peşəkar günahkarlara aiddir. Çünki günahlardan tövbə edib iman gətirənlər rəhmət əhlidirlər və onların keçmiş günahlarını şahidlər xatırlamaz.
Həzrət Əli (ə) buyurur: “Tövbə edib, tövbəsi qəbul olunan kəsin əzalarına günahlarını örtmək əmr olunar. Torpağa buyurular ki, onun günahlarını gizləsin. Yazan mələklərin isə yazdıqları yadlarından çıxarılar.”378
İmam Sadiq (ə) buyurur: “Allah xalis tövbə edən bəndəsinə məhəbbət göstərər, günahlarını dünya və axirətdə örtər. Mələklər yazdıqları günahları unudar və Qiyamətdə Allahla görüşdükləri vaxt heç bir günaha şahid dura bilməzlər.”379
“Ya Rəbbi, ya Rəbbi, ya Rəbbi. Ya İlahi və Səyyidi və Məvlayə və malikə riqqi, ya mən biyədihi nasiyəti, ya əlimən bizurri və məskənəti, ya xəbirən bifəqri və faqəti, ya Rəbbi, ya Rəbbi, ya Rəbbi! Əs`əlukə bihəqqikə və qudsikə və ə`zəmi sifatikə və əsmaikə ən təc`ələ əvqati minəl-ləyli vən-nəhari bizikrikə mə`murətən, və bi xidmətikə məvsulətən, və ə`mali indəkə məqbulətən, hətta təkunə ə`mali və əvradi kulluha virdən vahidən, və hali fi xidmətikə sərmədən, ya Səyyidi, ya mən ələyhi muəvvəli, ya mən iləyhi şəkəvtu əhvali, ya Rəbbi, ya Rəbbi, ya Rəbbi”
(“Ya Rəbb, ya Rəbb, ya Rəbb. Ey Mə`budum, ey Ağam, ey Mövlam, ey ixtiyar sahibim, ey taleyim əlində olan, ey çarəsizliyimdən xəbərdar, ey yoxsulluğumdan agah olan! Ya Rəbb, ya Rəbb, ya Rəbb. Səni öz həqiqətinə pak və müqəddəs zatına, ən üstün sifət və adlarına and verərək istəyirəm ki, səni yad etməklə vaxtlarımı abad edəsən, Öz xidmətinə müvəffəq edəsən, işlərim hüzurunda qəbul olunsun, bütün əməllərim və dilimə gələn sözlərim bir zikr olsun, və daim Sənə xidmət halında olum. Ey Ağam, ey mənim e`timadım! Ey halımdan Ona şikayətləndiyim kəs! Ya Rəbb, ya Rəbb, ya Rəbb.”)
Dostları ilə paylaş: |