Maddə 346. Məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən məsələlər
346.1. Məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):
346.1.1. cinayət hadisəsinin olmasının sübuta yetirilib-yetirilmədiyi;
346.1.2. təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi;
346.1.3. təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyətinin sübuta yetirilib-yetirilmədiyi;
346.1.4. cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilmədiyi;
346.1.5. təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığı;
346.1.6. əməlin cinayət olmasını aradan qaldıran halların olub-olmadığı;
346.1.7. təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən halların olub-olmadığı;
346.1.8. cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı;
346.1.9. törətdiyi əmələ görə təqsirləndirilən şəxsin cəzalanmalı olub-olmadığı;
346.1.10. təqsirləndirilən şəxsə residivə görə cəzanın təyin edilməsi üçün əsasların olub-olmadığı;
346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, //çıxarılıb// şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu;
346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı;
346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu;
346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı;
346.1.15. yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı;
346.1.16. təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı;
346.1.17. mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmadığı;
346.1.18. cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı;
346.1.19. maddi sübutlar məsələsinin necə həll edilməli olduğu; hansı əmlakın müsadirə edilməli olduğu, cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan hansı məbləğdə pulun və ya hansı əmlakın müsadirə edilməli olduğu;
346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi;
346.1.21. məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu;
346.1.22. cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması;
346.1.23. xüsusi qərarın çıxarılması üçün əsasların olub-olmadığı, belə əsaslar olduqda kimin barəsində və hansı məzmunda çıxarılacağı.
346.2. Təqsirləndirilən şəxsin cinayət törədildiyi zaman və ya cinayət törədildikdən sonra öz hərəkətlərinə hesabat vermək və ya onları idarə etmək qabiliyyəti barədə məsələ məhkəməyədək icraat və ya baxış zamanı qalxdıqda və bununla əlaqədar məhkəmə-psixiatriya ekspertizası təyin edilməli olduqda, təqsirləndirilən şəxsin anlaqlılığı barədə məsələ bir daha məhkəmə tərəfindən müzakirə edilməlidir.
Dostları ilə paylaş: |