Maddə 343. İttihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin təklifləri
343.1. Təqsirləndirilən şəxsin son sözü qurtardıqdan sonra, məhkəmə müşavirə otağına gedənədək cinayət prosesinin tərəfləri məhkəmə baxışının nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını məhkəməyə təqdim edə bilərlər.
343.2. Cinayət prosesi tərəflərindən biri yekun məhkəmə qərarının layihəsi barədə təklif verdikdə, o, həmin layihəni cinayət prosesinin digər tərəfinə də verməlidir.
XLV fəsil
Yekun məhkəmə qərarının çıxarılması
Maddə 344. Məhkəmənin müşavirə otağına getməsi
344.0. Məhkəmə çıxışları qurtardıqdan, təqsirləndirilən şəxsin son sözü dinlənildikdən, cinayət prosesinin tərəflərinə yekun məhkəmə qərarının layihəsinə dair öz təkliflərini vermək üçün imkan yaradıldıqdan sonra aşağıdakı hərəkətlər yerinə yetirilir:
344.0.1. məhkəmə iclasında sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edir;
344.0.2. məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmə müşavirə otağına gedir.
Dostları ilə paylaş: |