Maddə 480. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə materialların məhkəməyədək hazırlığı
480.1. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə materialların məhkəməyədək hazırlığı ibtidai istintaq şəklində aparılır.
480.2. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatda hadisədən sonra psixi xəstəliyə tutulmuş şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi iştirak edə bilərlər.
480.3. Psixi xəstəliyə tutulmuş şəxs səhhətinin vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatda iştirak edə bilmədikdə, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror bu barədə protokol tərtib etməlidirlər.
480.4. Toplanmış sübutları kifayət hesab etdikdə, müstəntiq aşağıdakı qərarlardan birini çıxarır:
480.4.1. iş üzrə icraatı dayandırmaqla tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi üçün işin məhkəməyə göndərilməsi haqqında məsələnin həll edilməsi məqsədi ilə cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək;
480.4.2. cinayət işi üzrə icraata xitam vermək.
480.5. Bu Məcəllənin 480.4-cü maddəsində göstərilən materialları aldıqdan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul edir:
480.5.1. tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi üçün işin məhkəməyə göndərilməsi haqqında müstəntiqin qərarını təsdiq edir;
480.5.2. əlavə araşdırmanın aparılması üçün materialları müstəntiqə qaytarır;
480.5.3. cinayət işi üzrə icraata xitam verir.
Dostları ilə paylaş: |