Maddə 218. İbtidai araşdırmanın müddətləri
218.1. Təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması şəklində təhqiqat hər bir halda cinayət işinin başlanmasından ən geci 10 (on) gündən artıq olmayan müddətdə başa çatır. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat şikayətin daxil olduğu vaxtdan 10 (on) gün müddətində, bu Məcəllənin 295.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 20 (iyirmi) gün müddətində aparılır.
218.2. Cinayət işi üzrə ibtidai istintaq aşağıdakı müddətlərdə başa çatmalıdır:
218.2.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 2 (iki) ay keçdikdən sonra;
218.2.2. az ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 3 (üç) ay keçdikdən sonra;
218.2.3. ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 4 (dörd) ay keçdikdən sonra;
218.2.4. xüsusilə ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 4 (dörd) ay keçdikdən sonra.
218.3. İbtidai istintaq müddəti cinayət işinin başlandığı gündən hesablanır, işin məhkəməyə göndərilməsi və ya icraatına xitam verilməsi haqqında qərarın çıxarıldığı gün bitir.
218.4. //çıxarılıb// Təqsirləndirilən şəxs və onun müdafiəçisi qəsdən və üzrlü səbəblər olmadan cinayət işinin materialları ilə tanışlığı uzatdıqda, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müstəntiqin vəsatəti üzrə öz qərarı ilə həmin müddəti məhdudlaşdıra bilər.
218.5. İbtidai istintaq müddətinə həmçinin bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət işi üzrə ibtidai istintaqın dayandırıldığı müddət daxil edilmir.
218.6. Cinayət işinin mürəkkəbliyi ilə əlaqədar bu Məcəllənin 218.2-ci maddəsi ilə müəyyən edilmiş ibtidai istintaq müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən aşağıdakı qaydada uzadıla bilər:
218.6.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 2 (iki) aydan çox olmayan müddətə;
218.6.2. az ağır cinayətlər üzrə — 2 (iki) aydan çox olmayan müddətə;
218.6.3. ağır cinayətlər üzrə — 3 (üç) aydan çox olmayan müddətə;
218.6.4. xüsusilə ağır cinayətlər üzrə — 4 (dörd) aydan çox olmayan müddətə.
218.7. Cinayət işinin xüsusi mürəkkəbliyi ilə əlaqədar bu Məcəllənin 218.6-cı maddəsinə müvafiq olaraq yuxarı prokuror tərəfindən həmin iş üzrə ibtidai istintaqın uzadılmış müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan Muxtar Respublikasının prokuroru ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən aşağıdakı qaydada uzadıla bilər:
218.7.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 1 (bir) aydan çox olmayan müddətə;
218.7.2. az ağır cinayətlər üzrə — 2 (iki) aydan çox olmayan müddətə;
218.7.3. ağır cinayətlər üzrə — 3 (üç) aydan çox olmayan müddətə;
218.7.4. xüsusilə ağır cinayətlər üzrə — 5 (beş) aydan çox olmayan müddətə.
218.8. Cinayət işinin müstəsna mürəkkəbliyi ilə əlaqədar bu Məcəllənin 218.7-ci maddəsinə müvafiq olaraq yuxarı prokuror tərəfindən həmin iş üzrə ibtidai istintaqın uzadılmış müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan Muxtar Respublikasının prokuroru, habelə Azərbaycan Respublikası Baş prokurorunun müavini ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən aşağıdakı qaydada uzadıla bilər:
218.8.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 1 (bir) aydan çox olmayan müddətə;
218.8.2. az ağır cinayətlər üzrə — 3 (üç) aydan çox olmayan müddətə;
218.8.3. ağır cinayətlər üzrə — 3 (üç) aydan çox olmayan müddətə;
218.8.4. xüsusilə ağır cinayətlər üzrə — 6 (altı) aydan çox olmayan müddətə.
218.9. İbtidai istintaqın müddətinin uzadılması haqqında müstəntiqin əsaslandırılmış vəsatəti və müvafiq prokurorlarla razılaşdırılmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ibtidai istintaq müddətinin bitməsinə ən geci 7 (yeddi) gün qalmış yuxarı prokurora təqdim edilməlidir. Yuxarı prokuror ibtidai istintaq müddətinin uzadılması məsələsinə baxarkən aşağıdakı hərəkətləri yerinə yetirməlidir:
218.9.1. müstəntiqlərin vəsatətlərinin və aşağı prokurorların təqdimatlarının qanuniliyini və əsaslılığını yoxlamaq;
218.9.2. cinayət işi üzrə məhkəməyədək icraatın hərtərəfli, tam, obyektiv və vaxtında aparılmasının təmin edilməsi üzrə müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyətini qiymətləndirmək;
218.9.3. cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması və ya həmin müddətin uzadılmasının rədd edilməsi haqqında əsaslandırılmış qərar qəbul etmək;
218.9.4. cinayət işinin araşdırılması ilə bağlı süründürməçilik və ya bu Məcəllənin tələblərinin pozulması hallarını müəyyən etdikdə, öz səlahiyyətləri daxilində təsir tədbirləri görmək.
218.10. Bu Məcəllənin 218.3—218.9-cu maddələrinin müddəalarına riayət etməklə açılmış cinayət haqqında cinayət işi üzrə ibtidai istintaq hər bir halda aşağıdakı müddətlər daxilində qurtarmalıdır:
218.10.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində ittiham üzrə — 6 (altı) aydan çox olmayan müddətdə;
218.10.2. az ağır cinayətin törədilməsində ittiham üzrə — 10 (on) aydan çox olmayan müddətdə;
218.10.3. ağır cinayətin törədilməsində ittiham üzrə — 13 (on üç) aydan çox olmayan müddətdə;
218.10.4. xüsusilə ağır cinayətin törədilməsində ittiham üzrə — 19 (on doqquz) aydan çox olmayan müddətdə.
218.11. Açılmamış cinayət haqqında cinayət işi üzrə ibtidai istintaq müddətləri bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə cinayət açılanadək bir neçə dəfə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən uzadıla bilər. Cinayət açıldıqdan sonra iş üzrə ibtidai istintaq müddətləri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə yalnız bir dəfə uzadıla bilər. Cinayətin törədilməsində iştirakı müəyyən olunmuş şəxsin obyektiv səbəblərə görə cinayət məsuliyyətinə cəlb olunmadığı halda da ibtidai istintaq müddətləri ittiham aktında həmin şəxsə qarşı ittiham irəli sürülənədək Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə uzadıla bilər.
218.12. Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işi üzrə bu Məcəllənin 218.10 və ya 218.11-ci maddələrində göstərilən ibtidai istintaq müddətləri qurtardıqda, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən iş üzrə ibtidai istintaq müddətləri bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə bir dəfə uzadıla bilər.
Dostları ilə paylaş: |