Maddə 435-1. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi
435-1.1. Ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün cinayət qanununda nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət işinə xitam verildikdə, yaxud cinayət işinin başlanması rədd edildikdə, xitam verilmiş cinayət işi və ya cinayət işi başlanmasının rədd edilməsi haqqında materiallar cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxslərin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi məqsədilə cinayət prosesini həyata keçirən orqan tərəfindən 3 gün müddətində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilir.
435-1.2. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya təqdim olunmuş materiallar əsasında qanunvericiliklə müəyyən olunmuş qaydada zəruri olan digər sənədləri toplayır və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinin mümkünlüyü haqqında məsələyə baxılması üçün həmin şəxsin yaşayış yeri üzrə birinci instansiya məhkəməsi qarşısında vəsatət qaldırır.
435-1.3. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə materiallar məhkəməyə daxil olandan sonra 10 gündən gec olmayaraq məhkəmə iclasında baxılır. Aşağıdakı şəxslər məhkəmə iclasında iştirak etmək hüququna malikdirlər:
435-1.3.1. cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs, onun müdafiəçisi, valideynləri və ya digər qanuni nümayəndələri;
435-1.3.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi;
435-1.3.3. dövlət ittihamçısı;
435-1.3.4. cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin yaşayış yeri və ya ictimai təhlükəli əməlin törədildiyi ərazi üzrə daxili işlər orqanının yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin nümayəndəsi.
435-1.4. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi üzrə məhkəmə iclasında müdafiəçinin iştirakı məcburidir. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin mənafeyi naminə məhkəmə özünün əsaslandırılmış qərarı ilə onun valideynlərinin və ya digər qanuni nümayəndələrinin məhkəmə baxışında iştirakını tələb edə və ya onların iştirakından imtina edə bilər.
435-1.5. Məhkəmənin mülahizəsinə və ya bu Məcəllənin 435-1.3-cü maddəsində nəzərdə tutulmuş şəxslərin vəsatətinə əsasən məhkəmə iclasına digər şəxslər də çağırıla bilər.
435-1.6. Müdafiəçi istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə materiallara baxılma yeri və vaxtı haqqında məlumatlandırılmış bu Məcəllənin 435-1.3-cü maddəsində nəzərdə tutulmuş şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur.
435-1.7. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi üzrə məhkəmə iclası aşağıdakı ardıcıllıqla aparılır:
435-1.7.1. hakim məhkəmə iclasını açır, hansı materiallara baxılacağını elan edir, məhkəmə iclasında kimin iştirak etdiyini yoxlayır;
435-1.7.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinin zəruriliyini əsaslandırır, hakimin və məhkəmə iclasının digər iştirakçılarının suallarına cavab verir;
435-1.7.3. bu Məcəllənin 435-1.1-ci maddəsində nəzərdə tutulmuş materiallar və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada toplanmış sənədlər tədqiq olunur, məhkəmə iclasının iştirakçılarının vəsatətləri müzakirə olunur, qərarın qəbul olunması üçün zəruri olan hallar araşdırılır;
435-1.7.4. cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs, onun müdafiəçisi, valideynləri və ya digər qanuni nümayəndələri, habelə məhkəmə iclasında iştirak edən digər şəxslərin çıxışları dinlənilir.
435-1.8. Daha sonra məhkəmə qərarın çıxarılması üçün müşavirə otağına gedir. Qərar çıxarılarkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir:
435-1.8.1. ictimai təhlükəli əməlin törədildiyini;
435-1.8.2. həmin əməlin barəsində icraat aparılan cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən törədildiyini;
435-1.8.3. həmin şəxsin əməli törədərkən cinayət məsuliyyətinə cəlb olunması üçün cinayət qanununda nəzərdə tutulmuş yaş həddinə çatmadığını;
435-1.8.4. cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin hansı müddətə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə ehtiyac olduğunu.
435-1.9. Baxışın nəticələrinə dair məhkəmə tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir:
435-1.9.1. cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında;
435-1.9.2. məhkəmə tərəfindən cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə yol verməyən səbəblər aşkar edildiyi və ya onu göstərilən müəssisəyə göndərmədən islah etmək imkanının olduğunu təsdiq edən hallar müəyyən edildiyi hallarda, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün materialların yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsi haqqında;
435-1.9.3. cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə materiallar üzrə icraata xitam verilməsi haqqında.
435-1.10. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair məhkəmənin qərarında onun çıxarılma vaxtı və yeri, qərarı çıxaran məhkəmənin adı, hakim, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs və materialların baxılmasında iştirak etmiş digər şəxslər haqqında məlumatlar, materiallara baxılması zamanı müəyyən edilmiş hallar göstərilir.
435-1.11. Məhkəmə qərarı 3 gün müddətində cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsə, onun müdafiəçisinə, valideynlərinə və ya digər qanuni nümayəndələrinə, habelə qərarı icra edən orqan və müəssisələrə təqdim edilir.
435-1.12. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs barəsində xitam verilmiş cinayət işi və ya cinayət işinin başlanılmasının rədd edilməsi haqqında materiallar onları təqdim etmiş cinayət prosesini həyata keçirən orqana aşağıdakı qaydada qaytarılır:
435-1.12.1. bu Məcəllənin 435-1.9.1-ci və 435-1.9.3-cü maddələrində nəzərdə tutulmuş hallarda - qərar qanuni qüvvəyə mindikdən sonra məhkəmə tərəfindən 3 gün müddətində;
435-1.12.2. bu Məcəllənin 435-1.9.2-ci maddəsində nəzərdə tutulmuş hallarda - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs barəsində tərbiyəvi xarakterli tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarıldıqdan sonra həmin komissiya tərəfindən 3 gün müddətində.
Maddə 435-2. Yetkinlik yaşına çatmayan şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi ilə bağlı digər məsələlər
435-2.1. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin yerləşdiyi ərazi üzrə birinci instansiya məhkəməsi göstərilən müəssisənin müdiriyyətinin və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın birgə təqdimatına əsasən aşağıdakı məsələləri həll edir:
435-2.1.1. yaşının çatması və ya səhhəti ilə əlaqədar, habelə islah olunması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə yetkinlik yaşına çatmayan şəxsin digər xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi haqqında;
435-2.1.2. yetkinlik yaşına çatmayan şəxsin islah olunması ilə əlaqədar qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində saxlanılmasına zərurət aradan qalxdıqda onun vaxtından əvvəl müəssisədən azad edilməsi haqqında;
435-2.1.3. yetkinlik yaşına çatmayan şəxsin təhsil pillələrindən birinin başa çatdırılması zərurəti yaranarsa, onların arzusu ilə göstərilən müəssisədə qalması vaxtının uzadılması haqqında.
435-2.2. Təqdimata yetkinlik yaşına çatmayan şəxsin, onun müdafiəçisinin, valideynlərinin və ya digər qanuni nümayəndələrinin, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyətinin və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələrinin və dövlət ittihamçısının iştirakı ilə bu Məcəllənin 435-1.3-435-1.7-ci maddəsində müəyyən edilmiş qaydada baxılır.
LI fəsil
Beynəlxalq müqavilələrlə müəyyən edilmiş imtiyaz və immunitetə malik olan şəxslər barəsində icraatın xüsusiyyətləri
Maddə 436. Diplomatik immunitet hüququna malik olan şəxslərin Azərbaycan Respublikasının yurisdiksiyası altına düşməsi
Müvafiq xarici dövlətin və ya beynəlxalq təşkilatın aydın ifadə edilmiş razılığı olduqda, diplomatik immunitet hüququna malik olan şəxslər Azərbaycan Respublikasının yurisdiksiyası altına düşə bilərlər.
Maddə 437. Diplomatik immunitet hüququndan istifadə edən şəxslər
437.0. Diplomatik immunitet hüququndan aşağıdakı şəxslər istifadə edirlər:
437.0.1. xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, həmin nümayəndəliklərin diplomatik heyətinin üzvləri və onlarla birgə yaşadıqda və Azərbaycan Respublikasının vətəndaşları olmadıqda, onların ailə üzvləri;
437.0.2. qarşılıqlı və ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq diplomatik nümayəndəliklərin inzibati-texniki heyətinin əməkdaşları və onlarla birgə yaşayan ailə üzvləri, həmin əməkdaşlar və onların ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşları olmadıqda və Azərbaycan Respublikasında daimi yaşamadıqda;
437.0.3. qarşılıqlı və ikitərəfli dövlətlərarası müqaviləyə uyğun olaraq diplomatik nümayəndəliklərin Azərbaycan Respublikasının vətəndaşları olmayan və ya Azərbaycan Respublikasında daimi yaşamayan xidmət heyətinin əməkdaşları;
437.0.4. diplomatik kuryerlər;
437.0.5. konsulluqların rəhbərləri və konsulluğun digər vəzifəli şəxsləri;
437.0.6. xarici ölkələrin nümayəndələri, parlament və hökumətin nümayəndə heyətlərinin üzvləri, habelə qarşılıqlı və ikitərəfli dövlətlərarası müqaviləyə uyğun olaraq beynəlxalq danışıqlarda, beynəlxalq konfranslarda və müşavirələrdə iştirak etmək üçün və ya digər rəsmi tapşırıqlarla ölkəyə gələn, yaxud həmin məqsədlər üçün tranzitlə ölkə ərazisindən keçən xarici ölkə nümayəndə heyətlərinin əməkdaşları və Azərbaycan Respublikasının vətəndaşları olmadıqda, həmin şəxsləri müşayiət edən ailə üzvləri;
437.0.7. beynәlxalq sazişlər və ya hamılıqla qəbul edilmiş beynəlxalq adətə uyğun olaraq xarici ölkələrin beynəlxalq təşkilatlarda nümayəndəliklərinin rəhbərləri, üzvləri və heyəti, həmin təşkilatların Azərbaycan Respublikasının ərazisində olan vəzifəli şəxsləri;
437.0.8. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçən xarici ölkələrin üçüncü ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri, nümayəndəliklərin diplomatik heyətinin üzvləri və onları müşayiət edən və ya onlara qoşulmaq üçün, yaxud öz ölkələrinə qayıtmaq üçün onlardan ayrı gedən həmin şəxslərin ailə üzvləri.
Maddə 438. Şəxsi toxunulmazlıq
438.1. Bu Məcəllənin 437.0.1—437.0.4, 437.0.6—437.0.8-ci maddələrində sadalanmış şəxslər şəxsi toxunulmazlıq hüququna malikdirlər. Onlar barəsində qanuni qüvvəyə minmiş hökmün icrası üçün zəruri olan hallar istisna olmaqla, həmin şəxslər saxlanıla və ya həbs edilə bilməzlər.
438.2. Konsulluqların rəhbərləri və konsulluğun digər vəzifəli şəxsləri yalnız onlar ağır cinayətin törədilməsinə görə təqib edildikdə, yaxud barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü icra edildikdə saxlanıla və həbs edilə bilərlər.
438.3. Bu Məcəllənin 438.1 və 438.2-ci maddələrində göstərilən şəxsləri müvafiq olaraq saxlamış və ya həbs etmiş ibtidai araşdırma orqanı, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verməlidir.
Maddə 439. Cinayət yurisdiksiyası üzrə immunitet
439.1. Bu Məcəllənin 437.0.1, 437.0.2, 437.0.4, 437.0.6—437.0.8-ci maddələrində sadalanmış şəxslər Azərbaycan Respublikasında cinayət yurisdiksiyası üzrə immunitetə malikdirlər. Belə şəxsin şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi diplomatik yolla həll edilir.
439.2. Azərbaycan Respublikasının vətəndaşları olmayan və ya Azərbaycan Respublikasında daimi yaşamayan diplomatik nümayəndəliklərin xidmət heyətinin əməkdaşları konsulluq idarələrinin rəhbərləri və konsulluqların digər vəzifəli şəxsləri yalnız xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı törətdikləri cinayətlər barəsində Azərbaycan Respublikasının cinayət yurisdiksiyası altına düşürlər.
Maddə 440. İfadə vermək üzrə immunitet
440.1. Bu Məcəllənin 437.0.1—437.0.4, 437.0.6—437.0.8-ci maddələrində sadalanmış şəxslər şahid və zərər çəkmiş şəxs qismində ifadə verməyə bilərlər, belə ifadələri verməyə razı olduqları halda isə bundan ötrü müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yanına və məhkəməyə gəlməyərək yazılı şəkildə təqdim edə bilər.
440.2. Həmin şəxslərin ibtidai istintaqda zərər çəkmiş şəxs və şahid qismində ifadə verdikləri, lakin məhkəmə iclasına gəlmədikləri halda məhkəmə onların ifadələrini elan edə bilər.
440.3. Konsulluqların rəhbərləri və digər vəzifəli şəxsləri onların xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olan məsələlər istisna olmaqla, şahid və zərər çəkmiş şəxs sifətində ifadə verməkdən imtina edə bilməzlər. Konsulluqların vəzifəli şəxsləri şahid ifadələrini verməkdən imtina etdikdə, onlar barəsində prosessual məcburiyyət tədbirləri tətbiq edilə bilməz.
440.4. Bu Məcəllənin 440.1-ci maddəsində göstərilən razılıq alındıqda, həmin şəxslərə ünvanlanmış çağırışda onların cinayət prosesini həyata keçirən orqana gəlməmələrinə görə prosessual məcburiyyət tədbirləri ilə hədə olmamalıdır.
440.5. Diplomatik immunitetə malik olan şəxslər onların xidməti vəzifələrinin yerinə yetirilməsinə aid olan yazışma və digər sənədləri istintaq orqanına, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə verməyə borclu deyillər.
Maddə 441. Binaların və sənədlərin toxunulmazlığı
441.1. Diplomatik nümayəndəliyin yerləşdiyi binalar, diplomatik nümayəndəliyin rəhbərinin qərargahı, diplomatik heyət üzvlərinin yaşayış binaları, onlarda olan əmlak toxunulmazdır. Bu binalara giriş, axtarış, götürmə, həbsə alma, əmlak üzərinə həbs qoyulması yalnız diplomatik nümayəndəliyin rəhbərinin və ya onu əvəz edən şəxsin razılığı ilə aparıla bilər.
441.2. Qarşılıqlı və ikitərəfli dövlətlərarası müqaviləyə uyğun olaraq bu Məcəllənin 441.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlar Azərbaycan Respublikasının vətəndaşları olmayan və ya Azərbaycan Respublikasında daimi yaşamayan diplomatik nümayəndəliklərin inzibati-texniki heyətinin əməkdaşları və onların ailə üzvləri tərəfindən tutulmuş yaşayış binalarına da şamil edilir.
441.3. Konsulluğun yerləşdiyi bina və konsulluq rəhbərinin qərargahı toxunulmazdır. Bu binalara giriş, axtarış, götürmə və həbsə alma yalnız konsulluq və ya diplomatik nümayəndəlik rəhbərlərinin razılığı və ya xahişi ilə aparıla bilər.
441.4. Diplomatik nümayəndəliklərin və konsulluqların arxivləri, sənədləri və rəsmi yazışmaları toxunulmazdır. Diplomatik poçt açıla və gecikdirilə bilməz.
441.5. Diplomatik nümayəndəlik və konsulluqların bu Məcəllənin 441.1, 441.2 və 441.3-cü maddələrində qeyd edilən binalarına giriş, onlarda axtarış, götürmə və həbs aparılmasına dair razılığı istintaq və ya prokurorluq orqanı tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə sorğu edilir.
441.6. Qeyd edilən binalarda axtarış, götürmə və həbs mütləq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nümayəndəsinin iştirakı ilə aparılır.
On birinci bölmə
Xüsusi icraatlar
LII fəsil
Məhkəmə nəzarətinin həyata keçirilməsi
Maddə 442. Məhkəmə nəzarətinin həyata keçirilməsinə dair ümumi müddəalar
442.1. Məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir.
442.2. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır:
442.2.1. hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq , mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə, //çıxarılıb// və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara;
442.2.2. cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə.
442.3. Bu Məcəllənin 442.2-ci maddəsində göstərilən vəsatət, təqdimat və şikayətlərə məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəmənin hakimi tərəfindən təkbaşına baxılır.
442.4. Bu Məcəllənin 442.2-ci maddəsində göstərilmiş məsələlər üzrə hakimin çıxardığı qərarlara apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı hallarda yenidən baxıla bilər:
442.4.1. istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi//çıxarılıb// və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi nəticəsində hüquq və azadlıqları məhdudlaşdırılan şəxsin şikayəti üzrə;
442.4.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi və ya əməliyyat-axtarış fəaliyyəti üzərində nəzarəti həyata keçirən prokurorun protesti üzrə.
442.5. Məhkəmə nəzarəti sahəsinə aid olan məsələlər, habelə onların həyata keçirilməsi qaydası bu Məcəllənin 443—454-cü maddələri ilə müəyyən edilir.
Maddə 443. Məhkəmənin qərarı əsasında məcburi aparılan istintaq hərəkətləri
443.1. Bu Məcəllənin 177.3-cü maddəsində nəzərdə tutulmuş istintaq hərəkətləri bir qayda olaraq məhkəmənin qərarı əsasında məcburi aparılır.
443.2. Bu Məcəllənin177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aşağıdakıları yerinə yetirməlidir:
443.2.1. aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək;
443.2.2. 48 saat müddətində aparılmış istintaq hərəkətinin qanuniliyinin yoxlanılması üçün həmin istintaq hərəkətinə aid olan materialları məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etmək.
Maddə 444. Məhkəmənin qərarı əsasında tətbiq edilən prosessual məcburiyyət tədbirləri
444.1. Aşağıdakı prosessual məcburiyyət tədbirləri yalnız məhkəmənin qərarı əsasında tətbiq edilir:
444.1.1. bu Məcəllənin 152-ci maddəsində nəzərdə tutulmuş hallarda tutulma və ya bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hallarda tutulma müddətinin uzadılması;
444.1.2. qətimkan tədbiri qismində həbs;
444.1.3. qətimkan tədbiri qismində təqsirləndirilən şəxsin vəzifədən kənarlaşdırılması;
444.1.4. məhkəmə-psixiatriya və ya məhkəmə-tibb ekspertizasının aparılması üçün şübhəli, təqsirləndirilən və ya psixi vəziyyətinə görə təqsirləndirilən şəxs qismində cəlb edilə bilməyən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi.
444.2. Cinayət təqibi orqanının tələbləri yerinə yetirilmədikdə, məhkəmənin qərarı əsasında, həmçinin aşağıdakı prosessual məcburiyyət tədbirləri tətbiq edilir:
444.2.1. şəxsin ekspertizadan keçirilməsi və ya tibb müəssisəsinə yerləşdirilməsi üçün onun tibb müəssisəsinə çatdırılması;
444.2.2. tədqiqat üçün nümunələrin götürülməsi.
Maddə 445. Məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri
445.1. Məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir:
445.1.1. telefon danışıqlarına qulaqasma;
445.1.2. poçt, teleqraf və digər göndərişlərin yoxlanılması;
445.1.3. texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması;
445.1.4. binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi;
445.1.5. texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi;
445.1.6. insanların güdülməsi.
445.2. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir.
Maddə 446. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi//çıxarılıb// və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinin həlli üçün məhkəməyə müraciət etmə
446.1. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi//çıxarılıb// və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinin məhkəmədə baxılması üçün aşağıdakılar əsasdır:
446.1.1. istintaq hərəkətinin məcburi aparılması üçün müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı;
446.1.2. prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi//çıxarılıb// üçün müstəntiqin və ya digər səlahiyyətli şəxsin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı;
446.1.3. əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı.
446.2. Bu Məcəllənin 446.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı vəsatətdə aşağıdakılar göstərilməlidir:
446.2.1. onun tərtib edildiyi tarix, vaxt və yer;
446.2.2. onu tərtib edən şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;
446.2.3. cinayət işinin olduğu halda, o nə vaxt, kimin tərəfindən və nə ilə əlaqədar başlandığı;
446.2.4. istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi//çıxarılıb// və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə əlaqədar törədilən qarşısı alınan və ya xəbərdar edilən cinayət haqqında məlumatlar;
446.2.5. istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi//çıxarılıb// və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi nəticəsində kimin və hansı hüquq və ya azadlıqlarının məhdudlaşdırıla biləcəyi;
446.2.6. barəsində vəsatət verilən istintaq hərəkətinin məcburi aparılmasının, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinin//çıxarılıb// və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin zəruriliyinin əsaslandırılması;
446.2.7. istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi nəticəsində hansı nəticənin əldə edilməli olduğu və nə üçün həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin mümkün olmaması;
446.2.8. istintaq hərəkətinin məcburi aparılmasının prosessual məcburiyyət tədbirinin tətbiq edilməsini//çıxarılıb//və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin hansı müddətdə, harada və hansı üsullarla nəzərdə tutulduğu;
446.2.9. əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və həmin nəticənin hansı üsulla rəsmiləşdiriləcəyi;
446.2.10. istintaq hərəkətinin məcburi aparılmasının, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinin//çıxarılıb// və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin kimə həvalə edilməli olduğu;
446.2.11. məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün zəruri olan digər məlumatlar.
446.3. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror istintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi//çıxarılıb// üçün məhkəmənin qərarının alınması haqqında əsaslandırılmış vəsatəti aldıqdan sonra 24 saatdan müddətində müvafiq qərarın qəbul edilməsi barədə təqdimatı məhkəməyə verməli və ya vəsatətin müdafiə edilməsindən imtina haqqında əsaslandırılmış qərar çıxarmalıdır.
446.4. İstintaq hərəkətinin məcburi aparılmasının, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinin//çıxarılıb//və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin zəruriliyini təsdiq edən materiallar vəsatətə əlavə edilməlidir. Həmin materiallar kifayət etmədikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakim onların tamamlanmasını tələb etmək hüququna malikdir.
Dostları ilə paylaş: |