Ümumi hissə Birinci bölmə Əsas müddəalar

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 2.96 Mb.
səhifə4/39
tarix25.07.2018
ölçüsü2.96 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   39

Maddə 53. Cinayət təqibi üzrə icraatın dayandırılması əsasları

 

53.1. Cinayət təqibi üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər:



53.1.1. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda;

53.1.2. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda;

53.1.3. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə;

53.1.4. təqsirləndirilən şəxsin ağır xəstəliyi və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda;

53.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqib olunan şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi və ya xarici dövlət tərəfindən verilməsi məsələsi qanunla müəyyən olunmuş qaydada qoyulduqda;

53.1.6. insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edildikdə. 

53.1.7. məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar cinayət təqibi zamanı mülki-prosessual qanunvericiliyə uyğun olaraq qərarın icrası məhkəmə tərəfindən dayandırıldıqda. 

53.2. Cinayət təqibi üzrə icraat dayandırıldıqda cinayət işi üzrə icraat, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat da dayandırılır.

53.3. Cinayət təqibi üzrə icraat aşağıdakılara riayət edilməklə dayandırıla bilər:

53.3.1. bu Məcəllənin 53.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə dair işlər üzrə cinayət işinin başlanılmasından 1 (bir) ay, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlər üzrə cinayət işinin başlanılmasından 2 (iki) ay keçdikdə; 

53.3.2. bu Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra;

53.3.3. bu Məcəllənin 53.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin axtarışının elan edilməsi ilə eyni vaxtda;

53.3.4. bu Məcəllənin 53.1.4-53.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi, şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasını təsdiq edən təhqiqat orqanının arayışı, şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı və ya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair məhkəmənin qərarı olduqda. 

53.3.5. bu Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda qərarın icrasının dayandırılması haqqında məhkəmənin qərarı olduqda. 

53.4. Cinayət təqibi üzrə iki və daha artıq təqsirləndirilən şəxs olarsa və icraatın dayandırılması əsasları onların hamısına aid deyilsə, müstəntiq, prokuror və ya məhkəmə bütün təqsirləndirilən şəxslərin iştirakı olmadan icraata obyektiv baxılması mümkün olmadıqda, icraatın bir hissəsini ayrıca icraata ayırmağa və onu dayandırmağa və ya bütün icraatı dayandırmağa haqlıdır.

53.5. Cinayət təqibi üzrə icraat dayandırılanadək cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxs olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri yerinə yetirməli, müstəntiq isə bundan əlavə, cinayət törətmiş şəxsin müəyyən edilməsi və tapılması üçün bütün tədbirləri görməlidir.

53.6. İcraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra prokurorun, müstəntiqin və ya məhkəmənin qərarı ilə cinayət təqibi üzrə icraat təzələnir.

53.7. Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir. 

 

Maddə 54. Cinayət təqibi üzrə icraatın başa çatdırılması

 

54.0. Cinayət təqibi üzrə icraat aşağıdakı hallarda başa çatır:



54.0.1. cinayət təqibi üzrə icraata tam xitam verilməsi barədə qərar qüvvəyə mindikdə;

54.0.2. icrası üçün xüsusi tədbirlərin görülməsi tələb edilmədikdə, cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında icraatın materialları üzrə hökm və ya məhkəmənin digər yekun qərarı qüvvəyə mindikdə;

54.0.3. icrası üçün xüsusi tədbirlərin görülməsi tələb edildikdə, cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında icraatın materialları üzrə hökmün və ya məhkəmənin digər yekun qərarının icraya yönəldilməsi təsdiq olunduqda.

 

V fəsil

 

Bəraət qazanma (reabilitasiya). Vurulmuş ziyanın ödənilməsi

 

Maddə 55. Şəxsin bəraət qazanması

 

55.1. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.



55.2. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır.

55.3. Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz.

 

Maddə 56. Vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslər

 

56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər:



56.0.1. bəraət almış təqsirləndirilən şəxs;

56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs;

56.0.3. bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs;

56.0.4. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan və buna razılıq alınmasına baxmayaraq, haqqında cinayət təqibi davam etdirilən şəxs;

56.0.5. qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs;

56.0.6. cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs.

 

Maddə 57. Vurulmuş ziyanın ödənilməsinin xüsusiyyətləri

 

57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.



57.2. Vurulmuş ziyan aşağıdakı andan hesablanır:

57.2.1. Bu Məcəllənin 56.0.1, 56.0.2, 56.0.5 və 56.0.6-cı maddələrində göstərilən şəxslərə — cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən 7 (yeddi) gün keçdikdən sonra;

57.2.2. Bu Məcəllənin 56.0.3 və 56.0.4-cü maddələrində göstərilmiş şəxslərə — müvafiq olaraq cinayət qanununun və ya amnistiya aktının qüvvəyə mindiyi andan.

57.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərin könüllü gəlməsi və ya sonradan yalan olduğu aşkar edilərək məhkəmə qarşısında özlərinin təqsirli olduqları barədə bəyanatları ilə özlərinə qarşı cinayət təqibinin başlanmasına və prosessual məcburiyyət tədbirlərinin tətbiqinə şərait yaratmaları müəyyən edildikdə ziyan ödənilmir.

 

Maddə 58. Vurulmuş ziyana görə kompensasiya

 

58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.



58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir:

58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;

58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;

58.3.3. ödənilmiş məhkəmə xərcləri;

58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği;

58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.

58.4. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.

58.5. Ziyan bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi haqqında qərara əsasən ödənilmişsə və sonradan bu qərar ləğv edilərək müvafiq şəxsin barəsində həmin cinayət təqibi ilə əlaqədar ittiham hökmü çıxarılmışsa, ziyanın ödənilməsinə yönəldilmiş məbləğlər tutulması üçün məhkəmə tərəfindən təkrar icraya yönəldilə bilər.

 

Maddə 59. Vurulmuş ziyanın ödənilməsi ilə bağlı digər hüquqların bərpası

 

59.1. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı aşağıdakı hüquqları vardır:



59.1.1. əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq;

59.1.2. azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək;

59.1.3. əvvəl yaşadığı evini (mənzilini) qaytarmaq, bu mümkün olmadıqda isə ona bərabər tutulan, o cümlədən sahəsinə və yerləşdiyi yerə uyğun yaşayış evinə (mənzilə) köçürülmək;

59.1.4. məhrum olunduğu xüsusi və ya hərbi rütbəni bərpa etdirmək;

59.1.5. məhrum olunduğu fəxri adını və ya dövlət təltiflərini qaytarmaq.

59.2. Məhkəmə tərəfindən bəraət verilmiş, həmçinin barəsində cinayət təqibinə xitam verilmiş şəxsin tələbi ilə:

59.2.1. məhkəmə və ya istintaq orqanı iki həftə müddətində bu barədə həmin şəxsin əvvəlki və ya hazırkı iş yerinə, təhsil aldığı yerə, yaşayış yerinə məlumat verməlidir;

59.2.2. şübhəli və ya təqsirləndirilən şəxsi ləkələyən cinayət təqibi haqqında məlumatlar dərc edən kütləvi informasiya vasitəsi vətəndaşın təqsirsizliyini şübhə altına almadan bir ay müddətində iş üzrə yekun qərarı haqqında məlumat verməlidir.

59.3. Cinayət prosesini həyata keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir.

 

Maddə 60. Vurulmuş ziyanın ödənilməsini tələb etmə hüququ olan ºəxslər

 

60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir.



60.2. Bu Məcəllənin 59.2-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsini tələb etmək hüququ bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxs öldüyü, yaxud fəaliyyət qabiliyyətini itirdiyi hallarda onun hər hansı qohumuna məxsusdur. Göstərilən halda kütləvi informasiya vasitəsi tərəfindən icrası məcburi olan müvafiq tələbi həmçinin ərazi və ya ixtisaslaşdırılmış prokuror verməyə haqlıdır.

 

Maddə 61. Vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun tanınması

 

61.1. Cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır.



61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.

 

Maddə 62. Vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun izah edilməsi

 

62.1. Bəraət hökmü çıxarmış məhkəmə, habelə cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarmış təhqiqatçı, müstəntiq və ya prokuror cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə, həmin şəxs olmadıqda isə bu Məcəllənin 60.2-ci maddəsində nəzərdə tutulmuş digər şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir.



62.2. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun şəxsə izah edilməsi haqqında ayrıca protokol tərtib olunur.

 

Maddə 63. Cinayət təqibi üzrə icraat qurtardıqdan sonra vurulmuş ziyanın ödənilməsi qaydaları

 

Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.



 

VI fəsil

 

Prosessual qərarların məcburiliyi

 

Maddə 64. Prosessual qərarların icrasının məcburiliyi

 

64.1. Cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir.



64.2. Cinayət prosesini həyata keçirən orqanın qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

64.3. Xarici dövlətlərin məhkəmələri və istintaq orqanları qərarlarının Azərbaycan Respublikası ərazisində məcburiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

 

Maddə 65. Prosessual qərarların preyudisial əhəmiyyəti

 

65.1. Cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir.



65.2. Aşağıdakı qərarlar cinayət prosesini həyata keçirən orqan üçün məcburi qüvvəyə malik deyildir və yeni hallar aşkar edilərsə və ya əvvəlki hallar aradan qalxarsa, onlara ləğv edilmədən yenidən baxıla bilər:

65.2.1. şəxslərin cinayət prosesinin iştirakçısı qismində tanınması və bu qisimdə onların cinayət prosesində iştirakına xitam verilməsi haqqında;

65.2.2. qətimkan tədbirinin seçilməsi və ya digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi haqqında;

65.2.3. cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiə tədbirlərinin tətbiqi və onlara xitam verilməsi haqqında;

65.2.4. sübutların və cinayət təqibi üzrə icraatın digər materiallarının axtarılıb tapılması, toplanması, əlavə edilməsi, tədqiqi məsələləri haqqında;

65.2.5. prosessual hərəkətlərin icraatının növbəliliyi və vaxtı haqqında.

65.3. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarlarının bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburiliyi məhkəmə hökmünün və digər qərarının kassasiya qaydasında və yeni açılmış hallar üzrə yoxlanılmasına, ləğv edilməsinə və dəyişdirilməsinə mane olmur.

65.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir.

65.5. Məhkəmə cinayət təqibinə xitam verilməsi haqqında təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarını məhkəmə nəzarəti funksiyalarını həyata keçirərkən ləğv edə bilər, məhkəmə baxışı nəticəsində isə həmçinin xüsusi qərar çıxara bilər.

65.6. Birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir.

65.7. Məhkəmənin mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir. 

 

İkinci bölmə

 

Məhkəmə və cinayət prosesində iştirak edən şəxslər

 

VII fəsil

 

Məhkəmə

 

Maddə 66. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr

 

66.0. Azərbaycan Respublikasında cinayət mühakimə icraatını aşağıdakı məhkəmələr həyata keçirir:



66.0.1. rayon (şəhər) məhkəmələri;

66.0.2. hərbi məhkəmələr;

66.0.3. ağır cinayətlər məhkəmələri

66.0.4. ləğv edilmişdir. 



66.0.5. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi

66.0.6. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;

66.0.7. apellyasiya məhkəmələri

66.0.8. Azərbaycan Respublikasının Ali Məhkəməsi.

 

Maddə 67. Rayon (şəhər) məhkəmələrinin aidiyyəti

 

67.1. Rayon (şəhər) məhkəmələri birinci instansiya məhkəmələri qismində fəaliyyət göstərirlər.



67.2. Rayon (şəhər) məhkəmələri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxırlar.

67.3. Rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar.

67.4. Hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksıyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. 

 

Maddə 68. Hərbi məhkəmələrin aidiyyəti

 

68.1. Hərbi məhkəmələr birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərirlər.



68.2. Hərbi məhkəmələr müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır). 

68.3. Hərbi məhkəmələr məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. 

68.4. Hər bir hərbi məhkəməyə yalnız məhkəmənin yurisdiksıyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. 

 

Maddə 69. Ağır cinayətlər məhkəmələrinin aidiyyəti

69.1. Ağır cinayətlər məhkəmələri birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir. 

69.2. Ağır cinayətlər məhkəmələri ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır.



69.3. Hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir

 

Maddə 70. Ləğv edilmişdir. 

 

Maddə 70-1. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin aidiyyəti

 

70-1.1. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir.



70-1.2. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır.

70-1.3. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. 

 

Maddə 71. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aidiyyəti

 

71.1. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.

71.2. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi aşağıda göstərilən birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır:

71.2.1. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin;

71.2.2. yurisdiksiyasına aid edilmiş hərbi məhkəmələrin;

71.2.3. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin. 

 

Maddə 72. Apellyasiya məhkəmələrinin aidiyyəti

 

72.1. Apellyasiya məhkəmələri cinayət işləri və cinayət təqibi ilə bağlı materiallar üzrə apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.

72.2. Apellyasiya məhkəmələri aşağıda göstərilən məhkəmələrin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır:

72.2.1. yurisdiksiyalarına aid edilmiş rayon (şəhər) məhkəmələrinin;

72.2.2. yurisdiksiyalarına aid edilmiş hərbi məhkəmələrin;

72.2.3. yurisdiksiyalarına aid edilmiş ağır cinayətlər məhkəmələrinin. 

72.2.4. ləğv edilmişdir

 

Maddə 73. Azərbaycan Respublikası Ali Məhkəməsinin aidiyyəti

 

73.1. Azərbaycan Respublikasının Ali Məhkəməsi cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə kassasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.



73.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası və ya hərbi kollegiyası apellyasiya instansiyası məhkəmələri //çıxarılıb// tərəfindən çıxarılmış hökmlərdən və digər qərarlardan verilmiş kassasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır.

73.3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında kassasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarlardan Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatları, Azərbaycan Respublikası Baş prokurorunun protestləri, müdafiə tərəfinin şikayətləri əsasında və hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərə baxır. 

 



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə