Maddə 695. Kirayəçinin ölümünün nəticələri
695.1. Kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Növbəti kirayəçinin və ya vərəsənin qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermək hüququ vardır.
695.2. Kirayəçinin öz arvadı (əri) və ya ailə üzvləri ilə yaşadığı yaşayış otağının kirayəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə kirayəçinin öldüyü halda onun arvadı (əri) və ya ailə üzvləri girirlər. Əgər bu sonuncular kirayəçinin ölümü onlara məlum olduqdan sonra bir ay ərzində kirayəyə verənə kirayə hüquq münasibətlərini davam etdirmək niyyətində olmadıqlarını bəyan edərlərsə, hesab edilir ki, onlar həmin hüquq münasibətlərinə girməmişlər. Ailənin bir neçə üzvü olduqda onların hər biri öz əvəzinə bildiriş verə bilər. Ailənin bir neçə üzvü bu cür hüquq münasibətlərinə girdikdə onlar kirayə hüquq münasibətlərindən irəli gələn hüquqları yalnız birlikdə həyata keçirə bilərlər. Bu hüquq münasibətlərindən irəli gələn öhdəliklər üzrə onlar birgə borclular kimi məsuliyyət daşıyırlar.
695.3. Kirayəçinin arvadı (əri) və ya ailə üzvləri kirayə hüquq münasibətlərinə daxil olduqdan sonra kirayəçinin ölümündən əvvəl əmələ gəlmiş öhdəliklər üzrə vərəsə ilə yanaşı birgə borclular kimi məsuliyyət daşıyırlar. Arvad (ər) və ya ailə üzvləri ilə münasibətlərdə vərəsə məsuliyyəti tək daşıyır.
695.4. Əgər kirayə hüquq münasibətlərinə girən vərəsə, arvad (ər) və ya ailə üzvü kirayə müqaviləsinin ləğvi üçün vacib əsaslar verirlərsə, kirayəyə verən qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə kirayə müqaviləsinin ləğvinə dair bildiriş verə bilər.
695.5. Bu Məcəllənin 695-ci maddəsinin tələblərinə zidd olan razılaşmaların qüvvəsi yoxdur.
Dostları ilə paylaş: |