31. Yeniyetmələrdə “Mənlik şüuru” Plan: 1. Yeniyetmələrdə mənlik şüurunun strukturu
2. Yeniyetmələrdə əxlaqi şüur
3. Özünüqiymətləndirmənin üç səviyyəsi
4. Cinsi mənlik şüurunun əsas formaları
Mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesidir. Mənlik şüuru dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. Onun əsas əlamətləri aşağıdakılardan ibarətdir: insan özünü bütün ətraf aləmdən ayırır, özünün fiziki, psixi və mənəvi keyfiyyətlərini qiymətləndirir və dərk edir, psixi həyatının bütün cəhətlərinə şüurlu münasibət bəsləməyə başlayır. Mənlik şüurunun strukturunda aşağıdakı üç cəhəti xüsusilə fərqləndirmək lazımdır.
1.“Mən obraz”-insanın özü haqqında təsəvvürləri.
2.Özünüqiymətləndirmə-insanın özünün özü haqqındakı təsəvvürlərinin adekvat surətdə qiymətləndirilməsi.
3.Potensial davranış reaksiyaları-insanın “Mən obraz” və özünə verdiyi qiymətlərin onun davranış və rəftarında təzahür etməsi.
Mənlik şüurunun formalaşmağa başlaması və inkişafı yeniyetmənin bütün psixi həyatına və digər münasibətlərinə öz təsirini göstərir. Yeniyetmədə mənlik şüurunun formalaşması onun öz davranışını, özünün mənəvi keyfiyyətlərini, xarakter və qabiliyyətlərini dərk etməsi ilə başlayır. Mənlik şüurunun mənbəyində özünü başqaları ilə müqayisə etmək tələbatları durur. Yoldaşlarını səciyyələndirən yeniyetmə onlara özünün baxışları və qiymətləndirici mühakimələri ilə yanaşır.
Yeniyetmələrdə mənlik şüurunun formalaşması onların sonrakı psixi inkişafına güclü təsir göstərir. Psixoloqlar yeniyetmənin əxlaqi şüurunun tərkibində “Mən” obrazının üç formasını fərqləndirirlər.
1.“Real mən” 2.”Əxlaqi mən” 3.”İdeal mən” Mənlik şüurunun formalaşması və inkişafı yeniyetmənin psixikasına, təlim fəaliyyətinə, onun ətrafdakılarla qarşılıqlı münasibətinin xarakterinə öz təsirini göstərir. Yeniyetmənin mənlik şüurunun əsasını ətrafdakı adamların onun haqqında formalaşmış təsəvvürləri və qənaətləri təşkil edir. Yaş artdıqca yeniyetmə özünüdərketmə və özünüqiymətləndirmə əsasında öz şəxsi keyfiyyətlərini təhlil edir, özü haqqında təsəvvürlərə malik olur. İnsanın özü haqqında təsəvvürlərinin formalaşması bilavasitə özünüqiymətləndirmə ilə bağlıdır. İnsan özü özündə mühüm olan hər şeyi qiymətləndirir. Bununla yanaşı müəyyən həyati situasiyalarda, xüsusilə ailədə və kollektivdə insan öz üzərinə məsuliyyət götürüb mühüm bir addım atdıqda, özünüqiymətləndirmə xüsusilə mühüm əhəmiyyət kəsb edir. Özünüqiymətləndirmə özünümüşahidə və özünütəhlil yolu ilə formalaşır. Özünüqiymətləndirmə özünüsevmə, özünəhörmət, öz ləyaqətini saxlamaq və s. kimi emosional qiymətlərə əsaslanır. Psixoloji tədqiqatlar özünüqiymətləndirmənin üç səviyyəsini müəyyənləşdirmək imkanı verir.