3.Tədrislə mənimsəmə arasındakı ziddiyyətlə bağlı olan çətinliklər.
4.Elmi informasiyanın çox olması ilə bağlı olan çətinliklər.
5.Qarşıya qoyulmuş məqsədlə şagirdin maraq və iddia səviyyəsinin uyğunsuzluğundan yaranan çətinlik.
6.Öyrənmənin kollektiv, mənimsəmənin isə fərdi xarakter daşımasından irəli gələn çətinliklər.
7. Zəif oxuyan şagirdlərlə fərdi iş aparmaqla bağlı çətinliklər.
8.Dərsin vaxt bölgüsünə düzgün əməl edə bilməməklə bağlı çətinliklər və s.
Psixoloqlar pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı psixoloji çətinliklərin yaranma səbəblərini və onlara təsir formalarını araşdırmışlar.
1.Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik.Bu cür çətinliklər pedaqoji situasiyanın obyektiv çətinliyi nəticəsində yaranır və pedaqoji vəzifənin həyata keçirilməsinin uyğun vasitələrinin olmaması ilə şərtlənir. Bu cür çətinlik baş verdikdə öyrədici formadan, təlim və ya özünütəlimdən (müəllimin biliyindəki çatışmazlıqları aradan qaldırmaqla) istifadə etmək zəruridir.
2.Daxili səbəblərdən irəli gələn psixoloji çətinlik. Bu cür çətinliklər müəllim şəxsiyyətinin fərdi xüsusiyyətləri, motivləşməsi, əhvalları, özünü qiymətləndirməsi ilə şərtlənir. Həmin daxili amillər konkret pedaqoji məsələnin həllinə təsir göstərir. Bu cür çətinliklər baş verdikdə psixoterapevtik formadan istifadə etmək, gərginliyin aradan qaldırılması üçün lazımi şərait yaratmaq məqsədəmüvafiqdir.
3.Daxili səbəblərdən törəmiş xarici səbəblərlə şərtlənən psixoloji çətinliklər. Bu cür çətinliklər müəllimin pedaqoji situasiyanı qavrama və təsəvvür etməsini təhrif edir, nəticədə müəllimdə yalançı problem yaranır, o, öz qarşısına uyğun olmayan məqsəd qoyur və şəraitə uyğun olmayan məsələni həll edir. Belə psixoloji çətinliklər baş verdikdə psixotexniki formadan istifadə etmək, əməyin səmərəliliyini yüksəltmək məqsədi ilə müəllimlərin mövqelərini dəqiqləşdirmək üçün yaranmış problemlərlə əlaqədar məktəb müəllimlərinin birgə işini təşkil etmək vacibdir.
Pedaqoji fəaliyyət zamanı şagirdlərlə ünsiyyət prosesinin daha səmərəli getməsi üçün aşağıdakılara ciddi əməl edilməsi lazım gəlir.
1.Müəllim ünsiyyətdə olduğu şəxsə qarşı həddindən artıq diqqətli olmağa çalışmalıdır. Bu zaman nəzərdən qaçırılan hər bir cəhət, ünsiyyətdə olan şəxsə qarşı düzgün olmayan hərəkət, ünsiyyət prosesinin normal getməsinə mane olur.
2.Ünsiyyəti düzgün təşkil etmək üçün müəllim həmin prosesin səmərəli təşkili ilə bağlı məlumatları yadda saxlayıb, yada salmağı bacarmalı, başqa sözlə, özünün hafizəsini inkişaf etdirməlidir.
3.Şagirdlərlə ünsiyyətdə müəllim öz müşahidəçiliyini inkişaf etdirməlidir. Bu sahədə müşahidəçiliyin inkişafı müəllimə həmin prosesi izləmək, bir növ onu idarə etmək imkanı verir.
4.Ünsiyyətin səmərəli olması üçün müəllim şagirdlərin davranışını təhlil etməyi bacarmalıdır. Bu cür bacarıq müəllimə şagirdlərlə ünsiyyətini tənzim etmək imkanı verir.
5.Ünsiyyətin səmərəli olması üçün müəllim ünsiyyət prosesində ünsiyyətdə olduğu adam haqqında düşünməlidir. Bu zaman ünsiyyət qarşılıqlı xarakter daşıyır və əsas məqsəddən yayınma halları aradan qalxır.
Bütün yuxarıda deyilənlərdən belə bir ümumi nəticəyə gəlmək olar ki, pedaqoji ünsiyyət pedaqoji fəaliyyətin müvəffəqiyyətli icrası üçün zəruri yollardan biridir. Səmərəli pedaqoji ünsiyyət qaydalarına yiyələnməyən, onun sosial-psixoloji mexanizmləri ilə tanış olmayan müəllim öz fəaliyyətini yerinə yetirə bilməyəcək və ciddi çətinliklə qarşılaşacaqdır.