II BÖLMƏ
MÜDRİK TÖVSİYƏLƏR VƏ ELMİ AXTARIŞLAR
Füzuli BAYAT
filologiya üzrə elmlər doktoru, professor,
AMEA Folklor İnstitutunda “Müasir folklor”
şöbəsinin müdiri
MƏDƏNİ və MİLLİ KİMLİYİN FORMALAŞMASINDA FOLKLORUN ROLU
Biz öz tarixi köklərimizlə, milli köklərimizlə,
mənəvi dəyərlərimizlə fəxr edə bilərik.
Heydər ƏLİYEV
a) Sosial-mədəni kimlik
Türk etnosu tarixin bilinən çağlarından etibarən yazıya deyil, sözə önəm verdi, fəlsəfələrini, tarixlərini, dünyaya baxışlarını, rituallarını sözlü kültür dediyimiz folklor vasitəsilə sonrakı nəsillərə ötürdü. Min illər keçdi, sözün var olduğu yerdə ədəbi-estetik düşüncələrini böyük bir zövqlə yaşatdı, sözü sosiallaşdırmaqla ictimailəşdirdi. Fərdi düşüncələrini “kollektivləşdirmək” yolu ilə var olmağın pasportu sayılan mədəni kimliklərini yaratdı. Zaman-zaman başqa xalqlardan təsirləndikləri kimi, onlara da təsir etdi. Yazının icadı ilə də şifahi mədəniyyətə əsaslanan milli kimliyini yaratdı. Ancaq hər nə qədər acı da olsa, min illər boyu kimliyimizi təyin və təsbit edən folkloru vaxtında toplayıb yazıya ala bilmədik və beləliklə, bu zəngin söz xəzinəmizin qiymətli məhsulları yox olub getdi. XXI yüzilə qədəm qoyarkən artıq klassik mənada folklorun dəyişdiyini, bir çox əski şeylərin də unudulduğunu gördük.
Folklor dediyimiz dəyərlər sistemi təkrarlarla fasiləsiz yaşayan, mübarizə edən, ənənə içində var olan və var olduqca da yaşamağa davamlı sözə söykənən şifahi mədəniyyətimizdir. Ancaq folklorun əvvəlki icra mühiti dəyişmiş, elektronik, texnoloji xariqələrlə də yeni bir çağ başlamışdır. Televizor, kino, teleseriallar, kompyuter çağında təkrarlara söykənən şifahi xatırlama yerini yeni bir xatırlama mexanizminə tərk etmişdir (Xatırlama, yada salma və elektronik mədəniyyətin yaşama təsiri ilə bağlı aşağıdakı qaynaqlara baxmaq olar: Connerton P. Toplumlar nasıl anımsar, İstanbul, 1999; Dupont F. Edebiyatın yaratılışı. Yunan sarhoşluğundan latın kitabına, İstanbul, 2001; Assmann J. Kültürel bellek. Eski yüksek kültürlerde yazı, hatırlama ve politik kimlik, İstanbul, 2001; Sanders B. Öküzün A’sı. Elektronik çağda yazılı kültürün çöküşü ve şiddetin yükselişi, İstanbul, 2000; Jacoby R. Belleğini yitiren toplum, İstanbul, 1998). İndi çayxanalarda, kənd mərkəzlərində, qəsəbələrdə, qonaqlıqlarda gedən söhbətlər televizorda görünəni və kitablardan oxunanı (burada oxumağın da çox azaldığını demək lazımdır) yenidən danışmaqla məhdudlaşmışdır.
Dostları ilə paylaş: |