Ümummilli Lider



Yüklə 0,72 Mb.
səhifə23/36
tarix03.01.2022
ölçüsü0,72 Mb.
#46949
1   ...   19   20   21   22   23   24   25   26   ...   36
Ozan sözü M.Kaşğarlı lüğətində yoxdur. Bu hal onu göstərir ki, M.Kaşğarlı zamanında Oğuznamə söyləyicisi ozan adlanmamışdır. Başqa şəkildə Oğuznamə yaradıcısının və ifaçısının adının M.Kaşğarlının nəzərindən qaçması müm­­­kün deyildi. Buradan belə nəticəyə gəlmək olar ki, Oğuz­namə ifaçısı anlamında ozan sözü XI əsrdən sonra ya­ranmışdır.

Ozan sözünün başqa türk dillərində, o cümlədən türk­mənlərdə olmamasına əsaslanan V.A.Qordlevski və F.Sumer bu terminin Yaxın Şərqdə ortaya çıxması qənaətinə gəlirlər (Гордлевский В.А. Происхождение османского слова «узан» // Изб. соч., Т.III, Москва, 1962, с.264-265; Sumer F. Oğuzlar (Türkmanlar), s.611). Hətta V.A.Qordlevski bir az da irəli gedərək bu sözü qusan sözü ilə bağlayır və ar­dın­ca yazır: “Qusanlar erməni padşahları olan Arşaqların saray­larını bəzəyirdilər. Erməni padşahlığı – “Böyük Ermə­nistan” süqut edəndə qusanlar incəsənətin hamisi olan səl­cuq­luların yanına getdilər. Ardınca isə Anadolunun Osmanlı bəylərinin yanında qaldılar” (Гордлевский В.А. Происхож­дение ос­ман­ского слова «узан» // Изб. соч., Т.III, Москва, 1962, s.265). V.A.Qordlevski kimi ciddi bir alimin vaxtilə məsə­ləyə bu qədər səthi yanaşması ancaq təəssüf doğurur. Müəllif məsələyə bu şəkildə yanaşarkən, ehtimal ki, epik söylə­yi­ci­lik sənətini türklər içərisinə ermənilərin gətirməsi, ozanların erməni olması və oğuznamələri erməni ozanların yaratması fikrini irəli sürdüyünü ağlına gətirməyib.

Göründüyü kimi, ozan sözünün Yaxın Şərqdə yaran­ması fikri Türkmənistan türkmənlərində ozan sözünün olma­ma­sından baş götürür. Ona görə də öncə Türkmənistan türk­mənləri arasında ozan sözünün olub-olmaması haqqında mübahisə doğuran məsələnin üzərində dayanmaq istərdik.

Türkmənistan türkmənlərində ozan sözünün yaşaması haqqında fikir V.Uspenskinin təkəli Nəfəslidən yazıya alaraq “Türkmən musiqisi” adlı kitabına saldığı aşağıdakı atalar sözündə işlənən ozon sözünə əsaslanır:

Haysı yere doulet qelse,

Baxşı bilen ozon qeler.

Haysı yerden doulet qitsə,

Toro bilən tezep qeler.



A.N.Samoyloviç isə bu atalar sözündəki ozon sözü­nün “Oğuznamə söyləyicisi” anlamında ozan ola biləcəyini ehtimal edir (Самойлович А.Н. Очерки по истории турк­менской литературы // Туркмения. Т.1, Ленинград, 1929, с.144). Ancaq bu atalar sözündəki ozon sözü V.Uspenskinin kitabında “qaçağan at” kimi tərcümə olunub (Успенский В., Беляев В. Туркменская музыка. Ашхабад, 1972, с.19). Fik­ri­mizcə, sözün doğru anlamı da elə sonuncudur. Burada sadə­cə olaraq dövlətli evinə baxşının ozon minərək şənliyə gedər kimi öndə gəlməsi, kasıb evinə isə yas mərasiminə gedər kimi mollanın toro (at) minərək gəlməsi deyilir. Para­le­lizm əsasında qurulan atalar sözünün mənası bundan iba­rət­dir. Bununla yanaşı, “Oğuznamə ifaçısı” anlamında ozan sözünün Türkmənistan türkmənlərindən qeydə alınma­ması türkman dediyimiz superetnosun Orta Asiyada yaşayan his­səsinin Oğuznamə söyləyən ozanlardan xəbərsiz olması an­lamına gəlmir. Böyük türkman dünyasının bir parçası kimi Türkmənistan türkmənlərinin Oğuznamə söyləyən ozanlara qulaq asması bizdə heç bir şübhə oyatmır. Ozan sözünün “pis səslə oxumaq” anlamı ilə ozandau (ozanlamaq) şəklində başqırd dilində olması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir (Наджип Э.Н. Историко-сравнительный словарь тюркс­ких языков XIV века. Кн.1, Москва, 1975, s.376) İstər-istəməz sual yaranır. Yalnız türkman etnik mühitində “epik ifaçı”, “epik nəğmə” və ya onu müşayiət edən “musiqi aləti” anlamı daşıyan bu sözün başqırd dilində varlığı nə ilə izah olunur? Başqırd xalqının etnik tərkibinə daxil olan tayfaların siyahısına göz gəzdirib orada törökpen qəbiləsinin adını oxuduqda (Кузеев Р.Т. Происхождение баш­кирского народа. Москва, 1974, с.376) məsələnin nə yerdə olduğunu anlamaq olur. Bu adın türkmən/türkman etnoniminin variantı olduğunu görmək heç də çətin deyil. Beləliklə, ozandau sözünü başqırd dilinə bu xalqın tərkib hissəsi olan török­pen­lərin verdiyini qətiyyətlə söyləmək olar. Qorqud kultunun başqırdlar, qazaxlar, qırğızlar, Oğuz ata inancının isə qırğız­lar arasında yaşaması da bu xalqların tərkibinə türkmanların qatılması ilə izah olunur. Bu baxımdan V.V.Bartoldun Qor­qud kultunu qazaxların oğuz yurdunda məskunlaşan qıpçaq­lar vasitəsilə mənimsəməsi fikri ilə razılaşmaq mümkün deyil (Жирмунский В.М. Тюркский героический эпос. Ле­нингард, 1974, с.545). Nəhayət, törökpenlərin Azərbay­can və ya Anadolu deyil, Türküstan mənşəli türkmanlardan qo­pub başqırdların içərisinə qatıldığını nəzərə alsaq, ozan sö­zünün nə vaxtsa Türkmənistan türkmənlərinin dilində olma­sına şübhə yeri qalmaz. Sadəcə olaraq Cığatay mədə­niy­yəti çevrəsinə daxil olan türkmənlər ozan sözünü bu mə­də­niyyət çevrəsində başqa anlamları ilə yanaşı, “dastan söyləyicisi” anlamında da işlənən baxşı sözü ilə əvəz etmək məcburiyyəti qarşısında qalmışlar. Bu hadisə, irəlidə ətraflı şəkildə bəhs edəcəyimiz kimi, türkman etnik sisteminin sınmasından və bunun nəticəsində Türkmənistan türkmənlə­rinin müstəqil etnosa çevrilməsindən sonra baş verə bilərdi.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin