Birincisi, B.N.Putilova görə, personajın adı və funksiyası arasında əlaqə üzdə olmur (Путилов Б.Н. Героический эпос и действительность. Ленинград, Наука, 1988, s. 115). Başqa sözlə, ad deaktivləşib daşlaşır, funksiya isə dəyişməkdə davam edir. Bu da öz növbəsində personajın semantikasına yeni məna qatları artıraraq, ilkin mənanı (adı) dərin qatlarda gizlədir. Beləliklə, adla funksiyanın anaxronizmi yaranır və bu halda adın etimoloji təhlillə üzə çıxa bilən ilkin mənası obrazın sonradan dəyişmiş funksiyalarına uyğun gəlmir.
İkincisi, «mifoloji obrazın funksional strukturu ilə onun adının leksik strukturu eyni ölçülərə malik deyil. Adın leksik funksionallığı onun işarə etdiyi obrazın paradiqmatik və sintaqmatik funksionallığından bütün hallarda balacadır. Adın leksik mənası ilə obrazın funksional mənası ya az bir dövr üçün üst-üstə düşür, ya da ümumiyyətlə düşmür. Hər hansı bir ad öz leksik anlamında daşlaşır, ancaq onun işarə etdiyi mifoloji obrazın funksional strukturu genişlənməkdə, böyüməkdə davam edir. Epoxal transformasiyalar zamanı isə ad, ümumiyyətlə, sxematik işarəyə çevrilir və onun linqvistik etimologiyası ilə üzə çıxan leksik mənası mifoloji obrazın hazırkı məna strukturunda ən altda qalmış, daşlaşmış, ilkin olan, dinamik fəallığını itirmiş funksiyanı ifadə edir. Əslində, bu, artıq «defunksiyadır», çünki arxaikləşmiş və obrazın semantik strukturunun arxitektonik dərinliklərində qalmışdır... Bu halda obrazın mövcud funksiyalarının onun ilkin səviyyəsini əks etdirən adında «detallarına qədər» axtarılması metodoloji baxımdan səmərəsizdir» (Rzasoy S. Oğuz mifinin tədqiq tarixindən: prof. Mirəli Seyidovun etimoloji-linqvistik, tarixi-filoloji yanaşma təcrübəsi // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. XV kitab. Bakı, Səda, 2004, s. 159-160).
V.N.Basilov Qorqud haqqında epik-mifoloji məlumatları ümumiləşdirərək onu ilkin şaman, şaman və nəğməkarların hamisi, simli alət olan qopuzun ixtiraçısı kimi səciyyələndirmişdir. Alimə görə, Qorqud islamın qəbuluna qədər ölümsüz təsəvvür olunan ilah sayılmış, islamın bərqərar olması ilə onun ölümü haqqında xüsusi mif meydana çıxmışdır (Басилов В.Н. Коркут / Мифы народов мира. В 2-х томах. Том 2. Москва, Изд. Советская энциклопедия, 1982, s. 5). Başqa bir tədqiqatında Qorqudu şamanların başçısı//hamisi paradiqmasında tədqiq etmiş müəllif göstərir ki, obraz ilk başlanğıcdakı bir çox cizgilərini itirmişdir. Bu, ən azı, ondan bilinir ki, Qorqudun eposdakı səciyyəsi tarixi əsərlərdəki səciyyələrindən müəyyən qədər fərqlənir. Qorqud xalq inanclarında şaman kimi təqdim olunur, eposda isə onun bu keçmiş rolunun yalnız izlərini axtarıb tapmaq olar (Басилов В.Н. Культ святых в исламе. Москва, Мысль, 1970, s. 42). V.N.Basilov yekun olaraq belə bir qənaətə gəlmişdir: «Qorqud obrazı, görünür, mifdəki mərasim başçısı, mədəni qəhrəmanın hamisi obrazına gedib çıxır. Mərasimin başçısı mərasimdən keçənin təcəssüm olunduğu totem heyvandan əmələ gəlmişdir. Lakin Qorqudu hər hansı vahid totemlə bağlamaq çətin ki, düzgün ola. Ona görə ki, bu obraz bu sayaq çoxlu personajlardan yaranmışdır. Daimi dəyişən ictimai durum miflərə yeni element və təsəvvürlər gətirmişdir. Mif konkret tarixi epoxanı inikas edən detalları özünə hopdurmuşdur. Oğuz eposunun yaranmasının və sonralar müsəlman müqəddəsi Qorqut ataya çevrilmiş personajın ehtmal olunan təkamül sxemi belədir» (Басилов В.Н. Культ..., s. 52).
Qorqud obrazının bütün funksional strukturu KDQ-nin ilk cümləsində işarələnmişdir: «Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyından Qorqut ata diyərlər bir ər qopdı. Oğuzın ol kişi təmam bilicisiydi, – nə diyərsə, olurdı. Ğaibdən dürlü xəbər söylərdi. Həqq təala anın könlinə ilham edərdi...» (Kitabi-Dədə Qorqud, Bakı, Yazıçı, 1988, s. 31).
Bu semiotik informasiya modelinin təhlili aşağıdakı nəticələri verir:
1. «Rəsul əleyhissəlam zəmanı» semantemi – sonrakı islami transformasiyadır. H.İsmayılovun yazdığı kimi, «KDQ-nin islamdan öncəki dastan formasında zaman qəlibi hökmən «Qorqud ata adlı bir ərin qopmasını «Oğuz xanın zamanına» aid etməli idi və yaxud onun ən mümkün formalarından biri budur» (İsmayılov H. Göyçə dastanları: Türk epik sistemində dastan informasiyasının fasiləsizliyi (ön söz) / «Göyçə dastanları və aşıq rəvayətləri». Toplayanı, tərtib edəni, ön sözün, qeyd və izahların müəllifi H.İsmayılov. Bakı, 2001, s. 48). Müəllifin fikri KDQ ilə tam təsdiq olunur. Abidədə birbaşa «Oğuz zamanı» semantemi vardır: «Oğuz zəmanında Uşun qoca deərlər bir kişi vardı» (Kitabi-Dədə Qorqud, Bakı, Yazıçı, 1988, s. 110).
H.İsmayılovun yanaşması KDQ-nin ilkin cümləsini belə bərpa etməyə imkan verir: «Oğuz zəmanına yaqın Bayat boyından Qorqut ata diyərlər bir ər qopdı...». «Oğuz zamanı» – oğuz kosmosunun yarandığı ilkin sakral məkan və zamandır. Bu, Qorqudu ilk zaman və ilk məkanla bağlı ilk insan – ilk əcdad kimi götürməyə imkan verir. Onun «ata» titulu birbaşa əcdadı bildirir. Bu halda Oğuz və Qorqud funksiya baxımından paralelləşir. Lakin bu paralelləşmə heç bir ziddiyyət yaratmır. Türk mifologiyasında ilk məkan-zamanı təmsil edən, ilkin sakral kosmoqonik kontinuumla bağlı bir sıra paralel obrazlar vardır. Onların mifoloji ənənədəki mövcudluğu ümumtürk etnosunun daxili struktur əlvanlığını özündə əks etdirir. Oğuz kağan oğuzların əcdadı kimi çıxış edirsə, Qorqud Ata oğuz olmayan türklərin də mifoloji ənənəsində kosmoqonik kontinuumun mərkəzi obrazı kimi çıxış edir.
2. Qorqudun bütün funksional paradiqmaları «bilici» semanteminə müncər olunur: «Oğuzın ol kişi təmam bilicisiydi...». «Bilici» statusunun funksional strukturu aşağıdakıları nəzərdə tutur:
Dostları ilə paylaş: |