Beləliklə, Dədə Qorqud advermə mərasiminin – yeni statusda doğulan subyektin varlığını adla təsbit etmə ritualının başçısı kimi hər yeni boyun doğuluşunda iştirak edir. «Boy boylama» – boyun doğulması ritualıdır. Dilmizdəki «boylanmaq» sözü öz boyundan dikəlmək, öz boyundan yuxarı qalxmaq, çıxmaq mənasındadır. KDQ-də vahid «Oğuz kağan» boyu 12 dəfə ölüb-dirilir. Bu, onun 12 dəfə doğulması deməkdir. Burada «boy» Oğuz kağanın bədəni, sakral strukturunu bildirir. Lakin bu bədən sözdən ibarətdir, başqa sözlə, KDQ-də bu doğuluş söz kodu ilə gerçəkləşir. «Boy boylama» ritualında «Oğuz kağan» boyu «Söz Oğuz» olaraq doğulur. Təsadüfi deyildir ki, gəlib «boy boylayan» Dədə Qorqud yeni doğulan «Boy Oğuza» məhz «Oğuz sözü» – «Oğuz-namə» adını verir. Boy doğulmasa idi, Dədə Qorqud ona ad qoya bilməzdi. Çünki oğuz mifologiyasında ad almaq ölmək və yenidən doğulmaq demək idi. KDQ-də də «Oğuz» boyu (bədəni) söz şəklində 12 dəfə ölür və yenidən doğularaq ad alır.