Üçüncü məclis İlahi hakimiyyət və tədbirə etiqadın görüntüsü
ƏRƏBCƏ
“Ey Musa! Mən Allaham və bəndələrdən üstünəm. Bəndələr məndən aşağıdır və hər biri qarşımda zəlildir. Nəfsini daim ittiham et (heç vaxt ona arxayın olma; qorx ki, səni aldadıb xoşbəxtliyini əlindən ala). Dininə münasibətdə övladına (da) etimad göstərmə. Saleh insanları eynən sənin kimi sevən övlad istisnadır.”
Tövhidə və Allahın aləmdə hakimiyyətinə etiqadın zəruriliyi
Minacatın bu hissəsində Allah-təala dörd mühüm məsələni bəyan edir:
Həqiqi tövhidə etiqad
Belə bir etiqada əsasən insan bütün işlərində Allahın iradə və tədbirinə istinad edir, Allahı bütün məxluqlardan üstün sayır. Aydındır ki, keçmiş qövmlərin bir çox büdrəmələrinin və fəsada uğramalarının qaynağı onların tövhidə etiqadsızlığı olmuşdur. Onlar Allaha inanmaqla yanaşı bütlərə də tapınmış, əksər işlərində onlara arxalanmışlar. Hətta bütlərə pərəstiş də olunmuşdur. Həmin qövmlər Allahı pərəstişə layiq bildikləri kimi Allahdan qeyrilərinin də müdiriyyət məqamını qəbul etmişlər. Bu cür büdrəmə bir çox etiqadi, əxlaqi və əməli fəsadların mənşəsidir.
Quran müşriklərin bütlərə etiqadı haqqında buyurur: “O kəslər ki, Allahın yerinə özlərinə dostlar seçdilər. (Bəhanə gətirdilər ki,) biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə pərəstiş edirik.”1
Göründüyü kimi, müşriklər Allahı inkar etmirdilər. Onlar bütləri Allaha yaxınlaşmaq üçün vasitə sayır, onlara ibadət edirdilər. Başqa bir ayədə Allahdan qeyrisinə pərəstiş haqqında oxuyuruq: “Allahın yerinə elə şeylərə pərəstiş edirlər ki, həmin şeylərin onlara nə ziyanı var, nə də xeyiri. Deyirlər ki, bunlar Allah yanında bizim şəfaətçilərimizdir.”2
Dostları ilə paylaş: |