Васунәкләр һәр ики тәрәф арасында ниҝаһ бағларыны мөһкәмләндирмәк үчүн охунан гәлбдән ҝәлән халг мусгисидир



Yüklə 2,19 Mb.
səhifə13/27
tarix10.01.2022
ölçüsü2,19 Mb.
#108172
1   ...   9   10   11   12   13   14   15   16   ...   27
Aman Leyli, Aman Leyli!

Mən səni sevirəm xeyli.

Sən Leylisən, mən Məcnunam,

Sən şənlikdə, mən vurğunam.

Bir gün özgəsinə könül vermə sən,

Məbada bir gecə dönüb gedəsən!
Səidlə Həmid bəndəri rəqsi edirdilər. Bəhməni ortaya salmışdıq. Gülür, bizimlə birgə sevinir, yorğun qəlbimizə dəyməsin deyə, hərdən çiyinlərini tərpədirdi.

Mənə baxdı. Badam gözləri sevincdən parlayırdı. İşarə ilə məni oynamağa dəvət etdi. Gözlərimin yaşını sildim. Uzun müddətdən sonra yaranmış gözəl əhval-ruhiyəni korlamaq istəmirdim. Yalandan hər iki əlimi havada yellədim. Füruzan arxadan çiyinlərimdən tutub məni Bəhmənin qucağına itələdi. Çəpik və fit səsləri ucaldı. Bəhmən qucağını açdı, başımı onun sinəsinə qoydum. Səidlə Həmid atılıb-düşür, oynayırdılar.

Ondan sonra biri çay dəmlədi, biri meyvə və şirniyyat gətirdi. Anam Bəhmənlə məni bir otağa göndərib dedi: "Qızım, hələlik sizinlə işimiz yoxdur". Gözlərinin yaşı isə dayanmırdı. Ayağa qalxıb bir iş görmək istəyən kimi qolumdan tutub Bəhmənin yanında oturdurdular.

Axşam birlikdə oturmuşduq. Hərə bir söz danışan yerdə elektrik enerjisi kəsildi, zenitlərin səsi gəldi. Bildik ki, qırmızı vəziyyətdir. Anam lampanı yandırmağa getdi. Kibriti yandıranda kükürd iyi gələn kimi Bəhmən titrəməyə başladı, ağzı köpükləndi və yerə yıxıldı. Hamımız özümüzü itirdik. Epilepsiya tutmalarım yadıma düşdü. Nə edəcəyimi bilmirdim. Bir tərəfdən zenitlərin səsi canımıza lərzə salırdı, digər tərəfdən Bəhmənin vəziyyəti hamını narahat edirdi. Əlindən tutdum. Taxta parçası kimi olmuşdu. Yavaşca üzünə bir neçə sillə vurdum. Bu dünyada deyildi. Əsirdi, əyilmiş ağzından köpük gəlirdi. Hərə bir söz deyirdi. Füruzanla Sağərin yoldaşları qoltuqlarına girib onu çətinliklə yerdən ayırdılar, maşına qoyub xəstəxanaya apardılar. Həyəcandan ölürdüm. Digərləri məni nəzərə alıb bir söz demirdilər.

Bir-iki saatdan sonra qayıtdılar. Bəhmən halsız idi, rəngi qaçmışdı. Ona yataq sərdik, yatdı. Ağa Rza pıçıltı ilə danışdı ki, oktyabrın ikisində Xürrəmşəhrdə Rəsayi məktəbi bombalananda Bəhmən orada olmuş, yaralanmışdır. Bu hal oradakı partlayış dalğasından yaranıb. Dedi ki, üz vurmayın, sanki heç bir hadisə baş verməyib. Çünki özü o anda nə baş verdiyini bilmir. Bilirdim ki, digərləri gözucu mənə baxır, mənim tutmalarımı xatırlayırlar.

Səhər Bəhmən tez oyandı. Halı yaxşı idi. Ona səhər yeməyi verib yanında oturdum. Sonra ayağa qalxıb geyinməyə başladı. Soruşdum ki, haraya? Dedi: "Artıq Xürrəmşəhrə qayıtmalıyam". Narahat olub ağlamağa başladım. Dedim ki, olmaz, mən qoymaram. Güldü.

– Uşaq olmusan, Nəsrin banu?!

Paltarından tutdum.

- Vallah, getməyə qoymayacağam. Sənin halın yaxşı deyil. Gərək həkimə gedək. Müalicə almalısan, Bəhmən. Əgər getsən, bir də heç vaxt bir-birimizi görməyəcəyik. Mən qoymayacağam. Bu vəziyyətdə getsən, şəhid olacaqsan.

Səsimə hamı oyandı. Bəhmən xəcalətindən başını yellədi.

– Nəsrin banu, uşaq olmusan?! Bəsdir. Ayıbdır.

Hamımız qaçqın idik, ortaq dərdlərimiz vardı. Mənim ağlayıb yalvarmam digərlərini kövrəltdi. Birlikdə ağlayırdıq. Onların da ağlaması vəziyyətimi ağırlaşdırdı. Bəhmənin ayaqlarından yapışdım, sınıq qəlblə yalvarmağa başladım: "Allaha and olsun, qoymayacağam. Bu vəziyyətdə getsən, daha qayıtmayacaqsan. Məgər demirdin ki, hər kəsim olmaq istəyirsən? Məgər söz verməmisən ki, mənim atam, qardaşım, dostum olasan?! Qoymaram ki, atam kimi gedib, bir də qayıtmayasan".

Başım gicəllənirdi. Vəziyyətim yaxşı deyildi. Bəhmən də narahat idi. Bəlkə də xəstəliyimin qayıdacağından qorxurdu. Gedib dərmanlarımla bir stəkan su gətirdi. Göz yaşlarım bəhrəsini verdi. Əyilib qolumdan tutdu, məni qaldırıb dedi: "Yaxşı, getmirəm, olsun. Sən necə istəyirsən". Məni otağa aparıb qapını bağladı. Dərmanlarımı verdi. Oturub başımı dizinin üstə qoyub saçımı tumarlamağa başladı. Dedim: "Qoymaram gedəsən. Əgər getsən, mən öləcəyəm. Qal, gedək həkimə. Nə üçün başına gələnləri söyləmirsən? Yəni mən sənin üçün mühüm deyiləm?! Sən daha məni və birgə həyatımızı fikirləşmirsən?!" Bir qədər dayandı, sonra gülüb dahiyanə tərzdə dedi: "Əgər yox idisə mənə öz meyli, nə üçün qabımı sındırdı Leyli?!" Dodağını dişlədi və kövrək səslə dedi: "Xürrəmşəhrimizə heyf! Uşaqların, əzizlərimizin çoxunun cəsədi orada qaldı". Dodaqları əsirdi.

– Çayın sahilində qaldı. Şəhəri yalnız 34 gün saxlaya bildik. Özümüz təcrübəsiz, əlimiz boş, düşmənimiz də namərd idi. Bizi qəfil yaxaladılar, hər tərəfdən mühasirəyə düşdük. Xürrəmşəhrin süqut etməkdə olduğuna inana bilmirdik. Hələ şəhərdə bir neçə ailə qalmışdı. İsmayıl dayın son ana qədər qaldı. Daha işin bitdiyini, əlimizdən bir şey gəlmədiyini anlayanda bir dəstə körpünün altından üzə-üzə bu tərəfə gəldi. Bəziləri kanalların içindən və körpünün altındakı borulardan bu tərəfə keçdilər.

Gözlərinin yaşı bütün üzünə axırdı, badam gözləri qızarmışdı. Başını yelləyib təəssüflə dedi: "Körpünü bir neçə gün qabaq özümüz vurub partlatdıq. Yoxsa, düşmən gəlib Abadanı da tutacaqdı. Nəsrin banu, Xürrəmşəhrimizin bütün divarlarından qan damır. Uşaqlar onun adını Qanlı şəhər qoyublar. Gecələr yuxuda evimizi görürəm. Otağımıza uşaq kimi darıxıram. Sizin evinizdən, böyük həyətinizdən ötrü ürəyim gedir. İkimizin oradan çoxlu xatirəmiz var. Bizim Xürrəmşəhrimiz məzlumcasına, qəribcəsinə əsir düşdü. Amma Nəsrin, mən geri çəkilməyəcəyəm. Heç birimiz geri çəkilməyəcəyik. Gərək qayıdıb Xürrəmşəhri geri alaq. Biz bir-birimizə söz verdik ki, şəhid dostlarımıza görə qayıdaq. Əlimizi əlimizin üstünə qoysaq, düşmənlər bir neçə günə Abadanı da alarlar. Sonra növbə Mahşəhrə, Əhvaza, Şiraza və hətta Tehrana çatar. Onlara kömək edirlər, texnikaları güclüdür. Nə desən, gözləmək olar. Əgər mən, atam, qardaşlarım gəlib yoldaşlarımızın yanında otursaq, iraqlılar iki-üç günə bütün İranı tutarlar. Biz qayıtmalıyıq. Ürəyim istəyir ki, uşaqlarımız Xürrəmşəhrdə dünyaya gəlsinlər. Axşamlar uşaqlarımızın əllərindən tutub çayın sahilində samosa və falafel yeyək, gəmiyə minək, Xürrəmşəhrin kələ-kötür yerlərində futbol oynayaq. Mən yoldaşımın camaatın evində yatmasını, uşağımın başqasının evində dünyaya gəlməsini qəbul edə bilmirəm".

Uşağımın düşdüyünü bilmirdi. Orada dedim, kövrəlib ağlamağa başladı. Sonra özünü ələ aldı.

- İstəyirəm ki, özün ayağa qalxıb məni Quranın altından keçirəsən. Mən gedirəm, amma tez qayıdacağam. Səni təhlükəsiz bir yerə aparmaq, birlikdə olmaq üçün özümüzə ev tikmək istəyirəm. Uşaqlarımız olsun, mən sənin atan, qardaşın - hər kəsin olum.

Səsi ana laylası kimi şirin idi, məni sakitləşdirirdi. İstidən yanan susuz xurmalıqlarda yağış şırıltısına bənzəyirdi. Danışır, məni yuxuya aparırdı.

Dedim ki, bəs nə edək? Balış gətirdi, üstümə yorğan atıb dedi: "Yat". Soruşdum: "Nə üçün yaralandığını demirdin? Gərək qalasan, birlikdə həkimə gedək". Dedi ki, mühüm bir şey deyil, keçəcək. Dedim: "Yox, həkimə getməyincə və mən arxayınlaşmayınca səni getməyə qoymaram".

Kövrəlmişdi. Başını aşağı salıb yorğanın küncü ilə oynamağa başladı.

- Mən yaxşıyam. Ancaq barıt və kükürd iyi gələndə, bir də hər yer qaranlıq olanda həmin gecəki halımı yaşayıram.

Güclə udqunub əlavə etdi: "Oktyabrın ikisində səhərdən Taliqani küçəsində tanklarla vuruşurduq. Çox şəhid verdik. Nəhayət, tanklar geri çəkildi. Axşam yadıma düşdü ki, səhərdən heç nə yeməmişəm. Came məscidində namaz qılıb yüngülvarı bir şey yedik. Rəsayi məktəbi yadındadır? Kərpiclə yeni tikilmiş oğlan məktəbi..."

- Hə, yadımdadır; İmam Sadiq (ə) məscidinin qarşısındakı. Necə qəşəng məktəb idi!

- Hə, qəşəng idi. Bir neçə gecə idi yatmağa oraya gedirdik. Xürrəmşəhr və Ağaceri korpusunun uşaqları o qədər yorğun idilər ki, koridorda, ikinci mərtəbəyə qalxan pilləkənin altında çəkmə ilə yatmışdılar. Otaqların biri bizim rabitə qovşağımız idi. İçəridə heç kim yox idi. Kənarda bir karton parçası vardı. Çəkmə ilə onun üstündə yatdım. O qədər yorğun idim ki, başımı yerə qoyan kimi yuxuya getdim. Bilmirəm nə qədər yatmışdımsa, birdən güclü bir partlayış səsinə diksindim. Tüstü, barıt, yanmış ət və torpaq iyi gəlirdi. Qaranlıqda qapını axtarırdım. Qapını açanda başqa bir partlayış hər yeri işıqlandırdı. Uşaqların qışqırtısı, "ya Hüseyn" və "ya Zəhra" səsləri adamın ürəyini kabab edirdi. O anda Əhməd Qəndəharini gördüm, koridorun ortasında uzanmışdı. O qədər yorğun idi ki, raket və top səslərinə oyanmamışdı. Qışqırdım: "Əhməd!" Mənim qışqırtıma oyandı. Koridorun qapısına tərəf qaçdıq. Şəhidlərin cəsədi ayaqlarımız altda qalmışdı. Uşaqlardan Qulam Abkarı partlayış dalğası tutmuşdu. Nə qədər çağırırdımsa, eşitmirdi, oyan-buyana qaçıb qışqırırdı. Əlirza Rustayinin ayağı kəsilmişdi. Təkayaq qaçır, kəsilmiş ayağından qan fəvvarə vururdu. Hamımızdan sağlam olan Höccət Musəviyə gözüm sataşdı. Qışqırdım: "Höccət! Qaç came məscidinə, kömək gətir". Koridorun qapısına çatdıq. Pillələrin altındakı uşaqların hamısı yuxuda şəhid olmuşdu. Bütün bunlar bir neçə saniyə ərzində baş vermişdi. Pilləkənin altında olanda həyətin ortasına bir bomba da düşüb hər yeri işıqlandırdı. Ondan sonrası yadımda deyil. Uşaqlar deyirlər ki, yerimizi beşinci kolon satıbmış. Dəhşətli gecə idi. Abadanın Taliqani və Xürrəmşəhr xəstəxanaları yaralılarla dolu idi. Məni Abadanın Neft xəstəxanasına aparmışdılar.

Bəhmən mənimlə çox danışdı; Xürrəmşəhrdən, döyüşdən, şəhid dostlarından. Dərmanlarımı içdiyimə görə Bəhmənin sakit səsi ilə yuxuya getdim.

Yuxudan oyananda günortaya az qalırdı. Bir kağıza belə yazmışdı: "Mən getdim. Tez qayıdacağam. Heç nədən nigaran qalma. Səni sevirəm, Nəsrin banu". Bəhmən mənimlə o qədər danışmışdı ki, getməyinə razılaşmışdım. Bununla yanaşı, orada olmadığına görə hər yer darıxdırıcı, yorucu və qorxunc idi. Ağlamağa başladım. Qayınlarımın yoldaşları gəlib yatağımın yanında oturdular, bir söz demədən ağlamağa başladılar. Mən zarıyırdım, onlar ağlaşırdılar; mən ağı deyirdim, onlar qışqırırdılar. Qayınanam səsimizi eşitdi. Otağa girib qarşımda dayandı və dedi: "Vay! Nə olub? Nə baş verib? Bəlkə qızıllarınıza darıxmısınız?! Yoxsa güzgü, şamdan və cehizlərinizə görə narahatsınız?! Hə, evinizi, paltar və xalçalarınızı istəyirsiniz?!" Qayınanamın danlaqlarını anam davam etdirdi.

– Nəsrin, mən səninləyəm. Heç kim inciməsin. Bəsdir. Toparlanın. Ayağa qalx, qız. Bir qədər abqora iç. Camaat can verib, cavan verib. Abadanda qalıb şir kimi vuruşurlar, od-alov altındadırlar. Nə olub, siçan kimi buraya yığışıb mal-mülk, ev, həyət və həyat yoldaşlarınız üçün ağlayırsınız?! Bəsdir! Qalx, qız! Özünüzü ələ salmayın! Bu da sizdən çıxıb, vallah. Ağıllı adam gedənin arxasından ağlayarmı?!

Qayınanam şirə döndü.

– Mən də anayam, oğullarımı bomba altına göndərmişəm. Südüm onlara halal olsun! Vallah, qoymaram uşaqlarımın ardınca ağlayasınız. Sənə demədim ağlamaq uğursuzluq gətirər?! Ayağa qalx, bu uşaqlıq nədir, edirsən?! Kişilərinizin ardınca dua edin, salavat deyin.

Anamla qayınanam əl çəkmək bilmir, sözü bir-birinə ötürürdülər; biri deyir, o biri cavab verirdi. Anam dedi: "Hələ bir dayanın; biz səhərdən axşama qədər mətbəxdəyik. Siz bişirib, yuyub, təmizləmək əvəzinə biz bişiririk, yuyuruq, siz yeyib-yatırsız. Qalxın, stəkanları yuyun. Bunlar nədir, vallah?!" Qayınanam da dedi: "Düz deyir. Qalxın, keçin mətbəxə. Vallah... Bu da yəqin yeni gəlinlərin adətidir!" Bu söz bizi narahat etdi və qeyrətə gətirdi. Ayağa qalxıb mətbəxə keçdik, hərəmiz bir işlə məşğul olmağa başladıq.

Elə bilirdik ki, bir neçə həftə od-alovdan uzaq bir yerdə yaşayacağıq, döyüş bitəndən, əmin-amanlıq yaranandan sonra isə Xürrəmşəhrə qayıdacağıq. Ancaq pis mərəkəyə düşmüşdük. Anamla qayınanamın Xürrəmşəhrdəki bir ömür zəhməti buxar olub havaya uçmuşdu. Bir gecənin içində zəlzələdən məhv olmuş, bütün var-yoxları uçqun altında qalmış insanlar kimi idik. Nə başımızın üstə tavan vardı, nə ayaqlarımız altda xalça. Evlərimizin qapısını qıfıllamağa, soyuducularımızı söndürməyə, su kranlarını bağlamağa da macal tapmamışdıq. Xalça, qızıl və cehiz sözlərini isə analarımızın yanında dilimizə gətirə bilmirdik.

Səidlə Həmid hamıdan laqeyd və şən idilər. Üç ay idi məktəbə getmirdilər. Səid altıncı, Həmid dördüncü sinifdə oxuyurdu. Anam Qaçqınlar komitəsinə gedib özünü, babanı, bibini və digərlərini müvəqqəti qeydiyyata saldırdı, Səidlə Həmidi məktəbə yazdırdı. Nəğmə Şirazın maarif şöbəsinə gedib bir məktəbdə tədrisə başladı. Xürrəmşəhrdə çox böyük evləri olan anamın və babanın indi bir dəst boşqabları da yox idi. Qaşıq çatmırdı. Çox vaxt gözləyirdik ki, bəziləri yeməklərini yeyib qurtarsınlar, qablar yuyulandan sonra digərləri yeməyə başlasınlar.

Qayınanam evini sahmana saldı. Əmi yaxşı təqaüdlə Neft şirkətindən çıxdı və həyatını yenidən qurdu. Röya ilə yoldaşı Quma getdilər. Mitra və Rəna qayınanamın yanında qaldılar. Qayın yoldaşlarımın hər biri bir ev kirayə eləyib yavaş-yavaş yerbəyer oldular. Mən hərdən anamgildə qalırdım, hərdən qayınanamgildə. Bəhmən yanvarda Şiraza gələndə didərginliyimizi görüb dedi: "Nəsrin, biz də gedərik Quma, Röyagilin yanına. Qum ucuz şəhərdir. Bir ev tutarıq. Orada dindar adamlar, möminlər bir-birinin qayğısına qalırlar. Röya ilə münasibətin də yaxşıdır".

***


Qumda bir neçə gün Röyagildə qaldıq. Şeyx Fazil Qum Elm Hövzəsində təhsil alırdı. Kiçik və sadə bir evi vardı. Bizim də Qumda yaşamaq istədiyimizi biləndə sevindilər, onlara yaxın bir yerdə ev tapmağımıza kömək etdilər.

Üstümdə azca qızıl vardı. Nişan üzüyümü, bir neçə qolbağımı, sırğaları və boyunbağını satıb Stansiya məhəlləsinin Tövhid meydanında bir ev kirayə elədik. Evin yalnız bir otağı və bir zirzəmisi vardı. Mətbəx və tualet zirzəmidə idi. Nə hamamımız vardı, nə qazımız, nə isti suyumuz. Ev rütubətli və kiçik idi. Çarə yox idi. O qədər pulla yalnız elə bir ev kirayə etmək olardı. Hərçənd Qum ucuz şəhər idi, orada möhtəkirlik və bahalıq yox idi. Xürrəmşəhrə nisbətən kasıb bölgə sayılırdı, yaşayış imkanları aşağı səviyyədə idi. Əlbəttə, Bəhmən düz fikirləşmişdi, camaat bir-birinin qayğısına qalırdı. Şeyx Fazilin əksəri hövzə tələbəsi olan dostları kömək edib bizə bir neçə ədyal, bir primus, bir köhnə samovar, su və dəm çaydanları, stəkan, nəlbəki, boşqab, qaşıq və qazan gətirdilər.

Bəhmən gedəndə həmin evdə tək qalacağımı bilib qorxuya düşdüm. Qış idi. Qışda Qumun havası Xürrəmşəhrə nisbətən soyuq və quru olur. Mən belə havaya alışmamışdım. Xürrəmşəhrin cənnət ətri verən havası və gözəl qışları hara, yandırıcı soyuq hara?!

Yanvarda qışın ilk qarı yağdı. O günə qədər qar görmədiyimə görə sevindim. Lakin soyuqdan tir-tir əsirdim, dişlərim bir-birinə dəyirdi. Əl-ayaqlarım keyidi, göyərdi və qurudu. Otağa qaçıb samovarı yandırdım, qapağını götürdüm ki, buxarı otağı isitsin. Sonra primusu yandırmağa çalışdım. Nasoslamağa gücüm yox idi. Titrəyir, uşaqlığımı, tüstü dolu qara mətbəximizi xatırlayıb nasosla neft vururdum. Primus yanandan sonra ədyalları başıma çəkdim. Hərdən əllərimi primusun mavi şöləsinə, üzümü samovarın buxarına yaxınlaşdırırdım, ancaq yenə qızışmırdım. Çənəmin titrəməsi dayanana qədər bəlkə də yarım saat çəkdi. Primus pırtıldayırdı. Mavi şölə əvvəlcə saraldı, sonra yavaş-yavaş söndü. Bildim ki, nefti bitib. Məndə çörək və ət kimi zəruri ərzaq üçün bir qədər pul vardı. Hər neçə gündən bir çadramı başıma atıb soyuqda buzların üstündə ehtiyatla neft növbəsinə durur, bir onlitrlik neft alırdım. Hava soyuyanda ən çətin iş həmin rütubətli və buxarlı otaqdan bayıra çıxmaq olurdu. İsti paltarım olmadığına görə Röyadan borc almağa məcbur qalırdım. Çox vaxt nəyim vardısa, üst-üstə geyinir, ancaq yenə soyuqdan titrəyirdim.

Bəhmən novruz bayramına qədər iki-üç dəfə Quma gəldi. Bir dəfə birlikdə həzrət Məsumənin məqbərəsinə getdik. Yolda çoxlu mağazalar vardı, möhür, təsbeh, namaz çadrası, suhan halvası və nabat satırdılar. Bir satıcı mağazasının önünə iri qədəhlər qoymuş, içinə ləbləbi, kişmiş, quru ərik, albalı və bu kimi şeylər doldurmuşdu. Qədəhlərin üstündə bir neçə 200 vatlıq lampa yanırdı. Quru ərik və albalılar işığın altında parlayır, turş və dadlı görünürdülər. Onları görəndə adamın azğının suyu axırdı. Qeyri-ixtiyarı olaraq, dayanıb turş albalılara və dadlı quru əriklərə baxdım. Bəhmən bunu duyub əlini ciblərinə saldı, ancaq nə qədər axtardısa, bir şey tapmadı. Üzünü həzrət Məsumənin məqbərəsinin günbəzinə tutub dayandı. Qara gözləri dolmuşdu. Dedi: "Ey həzrət Məsumə, bu səbirli xanım üçün özün böyük savab istə, mən xəcalətliyəm". Sonra dönüb mənə baxdı. Gözlərinin ağı qızarmışdı. Dedi: "Nəsrin banu, əgər Xürrəmşəhrdə olsaydıq və müharibə olmasaydı, vəziyyətim belə olmazdı. Amma bu həzrət Məsuməyə and olsun, əminəm ki, bibi bizi görür və hamilə bir qadının savabı min qat artıq olacaq".

Bəhmən olanda çətinliyə dözmək asan olurdu. İşlərin çoxunu özü görürdü, mən soyuqda bayıra çıxmağa məcbur qalmır, samovarın kənarında oturub primusun üstündə yemək bişirirdim. Əlbəttə, paltarlarımızdan da həmişə qızarmış soğan iyi gəlirdi.

***

Bahar idi. Mən yaxşı deyildim. Çox vaxt günortaya qədər yatırdım. Hamama gedəndə əzab çəkirdim. Şeyx Fazil evdə olmayanda hərdən onlara gedib duş alırdım. Röya vəziyyətimi görüb kədərlənir, mənə yazığı gəlirdi. Bir dəfə anası zəng vurub mənim halımı soruşanda ağlaya-ağlaya hər şeyi demişdi. Həmin axşam qayınanam avtobusla gəldi. Çatar-çatmaz Röya ilə bizə gəldilər. Qayınanam o evi görüb özünə qarğış eləməyə başladı.



- Allah məni öldürsün! Xudaya! Bu Bəhmənlə Rəhmətin əlindən nə edim?! Mən bu uşaqların əlindən hara gedim?! Ay Allah! Axırda bu Mirzə Əli ilə uşaqlarının əlindən öləcəyəm. Xudaya! Mənim haqqım bu idi?! Uşaqlarımın haqqı bu idi?! Məni rəzil etmiş bu uşaqların əlindən nə edim?! Axı bu ev və yaşayış bizə uyğundur?! Haqqımızdır?! Nəsrin, sən minmetrlik böyük bir evdə yaşayırdın... Bəhmənin necə ürəyi gəlib səni bu quş qəfəsinə salmağa?! Yəni Allah mənim günahımdan keçər?!

Sonra Bəhmənə deyinməyə başladı:

– Bu oğlanın necə ürəyi gəlib hamilə xanımını bu evdə tək-tənha qoyub getməyə?! Mən özüm Bəhməni qu tükünün üstə böyütmüşəm. Bəhmən, Allah xeyrini verməsin! Bu necə ailə saxlamaqdır?! Məgər sən atanın və əmilərinin ailə-uşaqları ilə necə davrandıqlarını görməmisən?! Xanımlarının azca əziyyət çəkmələrinə də razı deyillər. Bura nədir?! Nə su var, nə kondisioner... Camaatın qızını burada qoyub cəbhəyə gedirsən. Mən kimin qızı idim, nə oldum?! Mən böyük bir saraydan buraya düşdüm. Qız, qalx ayağa... Qalx ayağa, əşyalarını topla, bu xarabadan gedək.

Sonra çantamı hazırlayıb dedi: "Allahın Allahlığına and olsun, qoymaram bir an da bu evdə qalasan". Bəhmənin gəlib nigaran qalacağını söyləyəndə belə cavab verdi: "Qoy nigaran qalsın! Mən bilmək istəyirəm ki, nigaran qalanda nə edir". Hətta ona bir kağız yazmağa da qoymadı. O qədər hirsli idi ki, onunla danışmaq olmurdu. Həmin gecəni Röyagildə yatdıq, ertəsi gün bir avtobusa minib ikimiz də Şiraza getdik.

Şirazın havası cənnət kimi idi. Şəhərdən narınc çiçəyinin ətri gəlirdi. Ağacların parlaq yaşıl qol-budaqları arasında yaşıl xurmalar və narınc çiçəkləri görünürdü. Qayınanamın evi böyük idi. Qısa müddətdə yenidən özünə yaxşı bir həyat qura bilmişdi. Böyük otaqlarından birini mənə verdi.

Anamın maddi vəziyyəti yaxşı olmasa da, bizə yaxşı bələk-beşik gətirdi və öz zövqü ilə düzdü. Uşaq çarpayısına, şkafa, o qədər oyuncağa, süd şüşəsinə, dama-dama yorğana və çarpayının üstündəki asılqanlara baxanda, o nəmli və soyuq otaqdan xilas olduğuma inana bilmirdim. Uzun illərdən sonra azadlığa çıxıb evinə qayıtmış bir məhbus kimi idim. İsti, yumşaq və təmiz yataqda yatanda rahat nəfəs alır, buna görə Allaha şükür edirdim.



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin