Васунәкләр һәр ики тәрәф арасында ниҝаһ бағларыны мөһкәмләндирмәк үчүн охунан гәлбдән ҝәлән халг мусгисидир



Yüklə 2,19 Mb.
səhifə12/27
tarix10.01.2022
ölçüsü2,19 Mb.
#108172
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

Yeddinci fəsil


Şirazda vəziyyət həmişəki kimi sabit idi. Sadəcə, yollarda tıxac vardı. Xürrəmşəhr və Abadan qaçqınlarının çoxu Şiraza getmişdi. Şəhərə girən kimi küçələrdə bir neçə dost-tanış gördük. Əmi bizi Sağərgilə apardı. Sədiyyə prospektində kiçik və birotaqlı bir həyət evləri vardı, qayınatası və qayınanası da onlarla qalırdılar. Biz oraya Şah Abbas mehmanxanası deyirdik. Şirazda kimin işi olsaydı, kim həkimə getmək, gəzmək istəsəydi və ya universitetə qəbul olsaydı, birbaş onlara gedirdi. Səid Sağəri çox istəyir, ona “Aku mama” deyirdi.

Birinci gecə çətin keçdi. Səhər iki qrupa ayrıldıq. Bir qrup onlarda qaldı, mən də daxil olmaqla ikinci qrup Füruzangilə getdi. Anam da bizimlə idi. Səid ağlayır, özünü divara çırpıb deyirdi ki, mən Aku mamanın yanında qalmaq istəyirəm.

Elə ilk günlərdə dayım yoldaşı Şahnazın doğuş ağrıları başladı. Anamla əmim onu xəstəxanaya apardılar. Anam evə qayıtmadı, xəstəxanada dayım yoldaşı ilə körpəsinin yanında qaldı. Körpə kiçik və arıq bir qız idi. Anam narahat idi, qəribliyinə və təkliyinə görə Şahnaza yazığı gəlirdi.

Xürrəmşəhrdən arabir yarımçıq xəbərlər gəlirdi. Oktyabrın on beşi idi. Heç birimiz yaxşı deyildik. Səhərlər başım gicəllənir, ürəyim bulanırdı. Hamilə olduğumu bilirdim, amma deməyə cəsarət etmirdim. Səhər çağı ürək bulanmalarım, çoxlu yatmağım və hövsələsizliyim hamını şübhəyə salmışdı. Mənsə inkar edib deyirdim ki, suyum dəyişilib, ya da narahatlığıma, Bəhməndən uzaq olduğuma görədir.

Bir gün telefon çaldı. Füruzan dəstəyi götürdü. Danışdığı yerdə birdən "ya Hüseyn" deməsi hamının diqqətini çəkdi. Dəstək əlindən yerə düşdü və özünü vurmağa başladı. Heç bir söz demədən üzünə vurur, saçını dartır, hər iki ilə dizlərinə çırpırdı. Füruzan kimi mənim də ağzım bağlanmışdı, ona yaxınlaşa bilmirdim. Divara yapışıb sakitcə oturdum. Hərə bir söz deyirdi:

– Əlirza...

– Bəhmən...

– İsmayıl...

Anam Füruzanın üzünə iki-üç sillə vurdu. Füruzan qışqırdı və ağzından "Şəhriyar" sözü çıxdı. Şəhriyar mənim yaraşıqlı əmim oğlu idi.

Anam sinəsinə vurur, qayınanam qışqırırdı. Füruzan deyirdi: "Şəhriyar şəhid olub... Qardaşının qucağında can verib... Xürrəmşəhrdə". Digərləri isə sual yağdırırdılar:

– Nə vaxt?

– Əminsən?

– Bəlkə yalandır. Kiminlə danışdın?

Füruzan qışqırıb ağlayır, özünü vururdu.

– Təzə bəyimiz Xürrəmşəhrdə şəhid olub... Yol polisində başına güllə dəyib. Əhməd dadaşın qucağında can verib. Xudaya! Yaraşıqlı əmim oğlu şəhid oldu...

Anam dəstəyi götürüb bir neçə yerə zəng vurdu, bir neçə nəfərlə danışdı, üzünün qəm-kədər dolu ifadəsindən bildik ki, xəbər doğrudur. Şəhriyar üçün ağı deyir, hüznlü şeirlər oxuyurdu. Dediklərindən bildik ki, Füruzan düz deyirmiş, Şəhriyarın başına raket qəlpəsi dəyib və yerindəcə şəhid olub. Əhməd də yanında imiş. Əhmədə yazığımız gəldi. Qardaşını Xürrəmşəhrin yol polisindən kilometrlərlə irəliyə qədər belində aparmış, dəfn edəndən sonra bacısı Müjdəyə xəbər verib demişdi: “Şəhriyarı torpağa tapşıranda ayaqlarına gözüm sataşdı; qardaşımın nə ayaqqabısı vardı, nə dabanı. Onu yerlə o qədər sürümüşdüm ki, ayaqqabıları ayağından çıxmış, hər iki ayağının sümükləri çıxmışdı”.

Müjdə Xaksütunda Şəhriyarın güzgü və şamdanlarını götürüb qaçır, ərəblərə xas şənlik səsləri çıxarıb deyirmiş: "Camaat, qardaşımın toyudur. Qardaşımla yoldaşı bu güzgü və şamdanları çox istəyirdilər. Görün necə qəşəngdir! Görün bəy və gəlinimizin zövqləri necə gözəldir! İndi mən bunları neyləyim?! Qardaşımın evində taxça yoxdur. Bunları hara qoyum?!"

Anam bunları danışanda Şəhriyara ürəyimiz yanırdı. Anam ağlaya-ağlaya deyirdi: "Aman Allah, siz Şəhriyarın toy gecəsində yox idiz. Mən orada idim. Bu uşaq bəy paltarı ilə Xürrəmşəhrə getdi. Çox dedik ki, bu axşam toyundur, gənc yoldaşının yanında qal. Qəbul etmədi. Dedi ki, gərək qəsbkar zalımların qulaqlarının dibindən bir sillə vurum, sonra qayıdım".

Hüseyn əmidən və yoldaşından xəbərsiz idik. Telefon nömrələri bizdə yox idi. Füruzan bacının evi qadınların qərargahına çevrilmişdi. Səhərlər oraya toplaşır, yeni xəbər olanda müzakirə edir və sonra əzadarlığa başlayırdıq. Yeməkdən düşmüşdük. Nahar və şam xörəkləri əl dəyməmiş süfrədən mətbəxə qayıdırdı. Şah Abbas mehmanxanasının qonaqları gecə vaxtı Sağərgilə qayıdırdılar.

Əndimeşkdə bir ev kirayə etmiş Hüseyn əmi və yoldaşı Şəhriyarla Şəhramın halını soruşmaqdan ötrü bir axşam Mehr xəstəxanasına zəng vurmuş və Şəhriyarın şəhid olduğunu öyrənmişdilər. Onlar da orada qəribcəsinə yas saxlayırmışlar. Ev sahibi onların səsini eşidib yuxarı çıxmış, demişdi: "Bağışlayın... Sabah oğlumuzun toyudur. Burada ağlamayın. Düşər-düşməzi olar". Əmim yoldaşı anası ilə birgə yaxınlıqdakı məscidə gedib səhərəcən ağlamış, Şəhriyar üçün bayatı oxuyub əzadarlıq etmişdilər.

Bunları eşidəndə ürəyimiz kabab olurdu. Daxilimdə tufan idi. Həyəcan və təşviş məni əldən salmışdı; nə bir yerdə otura bilirdim, nə də boğazımdan bir şey keçirdi. Gecələr yata bilmir, o müddətdə başımıza gələn bütün hadisələri yadıma salıb yorğanın altında ağlayırdım.

Bir gün sübhə yaxın belimdə güclü ağrı başladı. Qarnım da elə ağrıyırdı ki, yeriyə bilmirdim. Hamı yatmışdı. Divardan tutub birtəhər özümü tualetə çatdırdım, unitaza dolan o qədər qanı görüb qorxdum. Fikirləşdim ki, görəsən, başıma nə gəlib? Qan dayanmır, ağrı məni əldən salırdı. Ayağa qalxmağa gücüm qalmamışdı.

Bu zaman anam namaza durdu. Tualetin dəstəyini bir neçə dəfə aşağı-yuxarı verdi. Həmişəki kimi qapını içəridən kilidləmişdim. Mənim sızıltılarımı eşidib narahat oldu.

- Nəsrin, sənsən? Nə olub?

Tərpənə bilmirdim. Bu dəfə qışqırdı: "Nəsrin, qapını aç!" Ağlamağa başladım. Anam qapını döyürdü. Füruzanı çağırdı, ağlayıb yalvara-yalvara, dua edə-edə bıçaq və açarla qapını açmağa başladılar. Qapı açılandan sonra məni və o qədər qanı gördülər. Anamın rəngi qaçdı, hər iki əli ilə başına vurub dedi: "Füruzan... Vay, bədbəxt oldum. Uşağım əldən getdi. Ağa Rzanı oyat". Füruzan qışqırıb qaçdı.

Ayağa qalxmağıma kömək etdilər. Arıq və yüngül idim. Qoltuğumdan tutub qaldıranda qarnımın içində balığa bənzər bir şeyin sürüşdüyünü və göbəyimdən qopduğunu hiss etdim. Qışqırıb özümdən getdim.

***

Bir gün xəstəxanada yatdım. Dölün ayrıldığı və hamiləliyin bitdiyi anı xatırlayanda əmim yoldaşı və Şəhriyarın müsibəti yadıma düşür, görmədiyim uşaqdan ötrü kədərlənməyə xəcalət çəkirdim.



Səhərdən axşama qədər radionun yanında idik. 26 oktyabrda Xürrəmşəhrin süqut etdiyini xəbər verdilər və Füruzanın evində yenidən ağlaşma başlandı. Əziz şəhərimiz 34 günlük müqavimətdən sonra işğal olunmuşdu. Heç birimizin halı yaxşı deyildi. Bilirdik ki, hər şeyimiz düşmənin əlinə keçmişdir. İraqlıların gecələr bizim yataqlarımızda yatdıqlarını, çirkli çəkmələri ilə mətbəxlərimizdə gəzdiklərini, soyuducuları açdıqlarını, hamamlarımızda yuyunduqlarını təsəvvür edəndə pis olurduq. Yenidən depressiyaya düşdüm, tək qalıb ağlamağa başladım. Doyunca baxmadığım toy albomumuz yadıma düşəndə ürəyim kabab olurdu. Zümrüd qaşlı qızıl dəstimi gizlətməyə macal tapmamışdım. Fikirləşirdim ki, görəsən, indi kimin əlindədir? Hamam dəsmalım, yataq paltarım və şəxsi əşyalarım haradadır? Bu fikirlərdən dəli olmaq üzrə idim.

Bəlkə də noyabrın əvvəlləri idi. Qapı döyüldü. Uzun müddətdən sonra ilk dəfə Füruzanın evindən şənlik və gülüş səsləri gəldi. Qayınanam sevindiyindən uçmağa qalmışdı. Anam gülüb əl çalırdı. Səidlə Həmid Bəhmənin başına fırlanırdılar. İnana bilmirdim. Çox arıqlamış, qaralmışdı, boyu daha uca görünürdü. Saçı pırtlaşmış, bığ-saqqalı uzanmışdı. Sevindiyimdən ağlayıb başına fırlandım. Gülüş onun vücudunun ayrılmaz hissəsi idi. Bir nəfər oxuyur, biz də dəli kimi əl çalırdıq:



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin