Gərginliyin ölçülməsi
Elektrik hərəkət qüvvəsi və gərginliyi ölçmək üçün ölçmə cihazı olan voltmetr qalvanometrdən və ona ardıcıl birləşdirilmiş müqavimətdən ibarətdir. Voltmetr elektrik enerjisi mənbəyinə və ya qəbuledicisinə paralel qoşulur. Dünyada ilk dəfə “elektrik gücünü” göstərən cihaz kimi voltmetr 1745 – ci ildə rus fiziki G.Rixman tərəfindən yaradılmışdır. Həmin cihazın iş prinsipi müasir elektrostatik voltmetrlərdə istifadə edilir. Voltmetrlər maqnitoelektrik, elektromaqnit, termoelektrik, elektron və s. müxtəlif sistemli olurlar.
Elektromaqnit voltmetrlər quruluşuna görə sadə, istismar şəraitinə görə davamlı, iqtisadi cəhətdən ucuz və sərfəli olaraq əsas etibarilə elektrostansiyaların paylayıcı qurğularında və sənaye müəssisələrində, həmçinin laboratoriya cihazı kimi sabit və dəyişən gərginliyi ölçmək üçün istifadə edilir.
Maqnitoelektrik tipli voltmetrlər həssas və dəqiq ölçmə cihazı kimi sabit cərəyan dövrələrində istifadə olunur. Bu tip cihazlar yarımkeçirici, termoelektrik və digər çeviricilərlə birlikdə dəyişən cərəyanı sabit cərəyana çevirərək səs tezliyi və yüksək tezlik diapazonlarında ölçmələr aparmaq üçün istifadə olunur.
Elektron voltmetrlər sxemlərinə görə mürəkkəb olsalar da, etibarlı və dəqiq cihazlardır. Yüksək giriş müqavimətinə malik olmaları 50 Hs – dən 100 MHs tezlik diapazonunda kiçik xəta ilə işləmək xüsusiyyətləri onları bu gün rabitə texnikasında və radiotexnikada geniş istifadə edilməyə imkan verir. Yüksək gərginliklər elektrostatik voltmetr ilə ölçülür. Yüksək və alçaq tezlikli gərginlikləri ölçmək üçün lampalı voltmetrdən istifadə olunur. Lampalı voltmetrin əsas xüsusiyyəti onun daxili müqavimətinin çox böyük olmasıdır. Texnikada amplitud qiyməti ölçən voltmetr, xətti voltmetr, impuls voltmetrləri də mövcuddur. Müasir voltmetrin xətası ölçmə həddinin nominal qiymətinin ± 0,1% - dən ± 3% - ə qədərini təşkil edir.
Voltmetrlərə aşağıdakı təlabatlar verilir:
Ölçmə diapazonunun geniş olması;
Daxili müqavimətinin böyük olması;
Göstərişinin sabit və dəqiq olması;
Şəbəkədən tələb etdiyi gücün az olması;
Quruluşunun sadə və iqtisadi cəhətdən əlverişli olması.
Rabitə texnikasında ölçülən siqnalın gərginliyi kiçik hüdudda olduğu üçün əsasən gücləndirici voltmetrlərdən istifadə olunur. Sabit və dəyişən gərginlikləri ölçən gücləndirici voltmetrin sxemi şəkil 6.2 – də göstərilmişdir:
Dostları ilə paylaş: |