Biz deyirik ki, hövzə və universitet özlərinə lazım olan xarici metodlardan da istifadə etsinlər, özümüzdəki faydalı klassik metodlardan da. Hövzə və universitetin əlaqəsi məsələsində söhbət bu deyilən həddədir, onların birliyi isə bundan çox genişdir, ümumiyyətlə, başqa bir şeydir. Məsələnin məğzi budur ki, ölkəmizdə iki elm və təhsil xətti mövcuddur. Onun biri cəmiyyətin dəyərlər sisteminə aid elmlərlə bağlıdır. Bu xətt hövzədir; dinlə, əxlaqla və ilahi fəlsəfə ilə məşğuldur. Hövzələrin işi elmi iş və oradakı elmi incəliklər çox yüksək və dərin olsa da, cəmiyyətin dəyərlər sisteminə, eləcə də din və əxlaqa xidmət edir. Digər elmi xətt, yəni universitet cəmiyyətin digər ehtiyaclarına hesablanıb. Cəmiyyət elmsiz, sənayesiz, elmi inkişafsız və yeni kəşflərsiz yaşaya bilməz. Bəşər birinci dərəcəli məişət imkanlarına ehtiyaclı olduğu qədər elmə və alimə də ehtiyaclıdır. Müxtəlif elmlər – tibb, texnologiya, hətta incəsənət və ədəbiyyat da insan həyatına lazımdır. Elmsiz bir cəmiyyətin həyatı acı, zəif, bədbəxt və uğursuz olar. İkinci xətt həyatın zəruri ehtiyaclarını təmin etməyə çalışır. Bu iki elmi xətt, yəni universitet və hövzə çox lazımdır. Onların hansı biri olmasa, cəmiyyətin əsas iki sütunundan biri dağılmış olar. Məsələn, hövzə olsa, lakin universitet olmasa, nəticə nə olar? Nəticə xalq və ölkəmizin problemlərə düçar olması, geri qalması və nəhayət, düşmənin elm bəhanəsi ilə bu ölkəyə hökmranlıq etməsi olar. Nəticə budur. Çünki bir ölkədə elm, sənaye, texnika olmasa, başqa bir ölkə bunları ölkəyə satacaq. Lakin neçəyə? Özü istədiyi qiymətə; müştəri ölkənin bütün maddi sərvətlərinin qiymətinə. Deyəcək ki, siz yeraltı sərvətlərinizi mənə verin, mən də sizə sənaye məhsullarımı verim. O da müəyyən mənada çarəsiz qalacaq. Pəhləvi rejimi dövründə bu iş baş tutdu. Neftlə elmə sərmayə yatırmadılar. Bir qədər pul xərcləmədilər ki, ən azı gələcəkdə əcnəbilərə möhtac olmasınlar. Bu işi görmədilər. İran heç nəyi hesablamadan öz pulunu Qərbin hesabına köçürdü, Qərb də yenə də seçim etməklə və dəllalbazlıqla məhsullarını İran bazarına gətirdi. Buna görə də, cəmiyyətimiz asılı və elmsiz bir cəmiyyətə çevrildi, bir alim və tədqiqatçıya yaradıcı şərait yaranmadı.