O deyirdi ki, biz gündüzlər Qumun ətrafındakı bağlara gedib dərslərimizi ağacların altında, Rza xan polisinin gözündən uzaqda hazırlayır, gecə hava qaralanda yavaşca gəlib mədrəsənin bir otağında gecələyirdik. Əvvəl belə başladılar. Nə üçün? İstəyirdilər ki, universitet olsun, hövzə isə olmasın. Rza xan bu üsulu seçmişdi. Sonra gördülər ki, alınmır, mümkün deyil. Gördülər ki, bu ölkədə hövzənin dərin kökü var, nə qədər sıxırlarsa, alim və ruhanilər daha da inkişaf edirlər; xalqın dini, imanı və etiqadları ilə əlaqədar olduğu üçün bu elm ağacını məhv etməyə qadir deyillər. Buna görə də, Pəhləvi şahlığının ortalarında ikinci planı icra etdilər. Əlbəttə, o tağut getdi və sonrakı gəldi, lakin pərdə arxasındakılar başqaları idi. Bu ata-oğul iki icraçıdan başqa bir şey deyildilər. İkinci siyasət bu idi ki, hövzə olsun, lakin universitetlə heç bir əlaqəsi olmasın, universitetə, hər bir yeni elm və texnologiyaya bədbin yanaşsın. Bu bir tərəfdən. Digər tərəfdən də təbliğatla və digər yollarla universiteti bacardıqları qədər hövzə əleyhdarı, din və ruhani əleyhdarı kimi yetişdirdilər, universitetlərdə və yeni elm mərkəzlərində ruhaniləri və din elmini gözdən saldılar, ruhaniləri zəhlətökən, ziyanverici, savadsız, müftəxor bir qrup kimi tanıtdırdılar. Nə üçün? Ona görə ki, pak, mömin və ixlaslı bir tələbə gənc bir ruhaninin yanına getməyə əsla maraq göstərməsin. Universitetlərdə də bu məqsədlə müxtəlif işlər gördülər. Onların planı bu idi. Nəticə nə oldu? Nəticədə nisbətən uzun bir dövrdə bizim universitetlərimiz yararsız məzunlar yetişdirdilər.