Kəskin ocaqlı pulpit (pulpitis acuta focalis). İltihabın bu formasında xəstələr qəfildən
öz-özünə baş verən ağrıdan şikayətlənirlər. Ağrı tutmaları bir neçə dəqiqədən (1-3
dəqiqə) 15-20 dəqiqəyədək və daha çox davam edə bilər. Ocaqlı pulpitin səciyyəvi
əlaməti ağrının arada uzun müddət kəsməsidir. Pulpitin bu formasında gecə ağrıları
həmişə olur. Bəzi hallarda diş yalnız gecələr ağrayır, gündüzlər ağrı kəsir.
Qıcıqlandırıcıların bütün növləri (kimyəvi, mexaniki və xüsusən temperatur qıcıqları )
uzun müddət davam edən ağrılara səbəb olur. Bir çox halda ağrı lokallaşır və
pasiyent zədəli dişi dəqiq göstərə bilir. Müayinə zamanı zədəli dişdə çoxlu yumşalmış
dentin olan dərin karioz boşluq aşkar edilir. Zond karioz boşluğun dibinə dəydikdə
ağrı başlayır, diş perkussiya edildikdə ağrımır. Bir çox halda diş boşluğu bağlı olur,
lakin bəzən açıqda ola bilir. Karioz boşluğun dibində o çəhrayı kimi görünür,
toxunduqda şiddətli ağrı verir. İsti və soyuq qıcıqlandırıcıların təsirindən şiddətli ağrı
başlayır. Elektrometrik tədqiqat zamanı ağrı hissi hüdudunun azaldığı aşkara çıxarılır:
diş 10-20 mkA cərəyana reaksiya verir. kiçik və böyük azı dişlərində qabarların
birindən pulpanın elektrikdən qıcıqlanma qabiliyyətinin hüdudu iltihab ocağının
lokallaşdığı qabar nahiyəsində azaldığı halda, digərlərindən qıcıqlanma qabiliyyəti
normal (2-6 mkA) qalır.