6. Pulpit : etiologiya, klinika,müalicə PULPANIN QURULUŞU VƏ FUNKSİYASI
Pulpa (pulpa dentis, latınca pulpa-yumşaq) dişin tac və kök hissələrində diş
boşluğunu dolduran birləşdirici yumşaq toxumadır. Ümumi şəkildə dişin formasını
xatırladır. Kəsici və köpək dişlərində tac pulpası kəskin sərhəd olmadan kök
pulpasına keçir, böyük və bəzi kiçik azı dişlərində isə kök pulpası nazik şaxələrə
ayrılır. Pulpanın həcmi yaşdan asılı olaraq dəyişir. Belə ki, uşaqlarda pulpa böyük
olur, yaşa dolduqca əvəzedici (təkrar) dentinin çökməsi nəticəsində onun həcmi xeyli
kiçilir.
Kökün zirvəsində kanal çox vaxt əlavə şaxələrə ayrılır və pulpa həmin şaxələrdə
yerləşir. Müalicə metodunu seçərkən və müalicəni apararkən bunu nəzərə almaq
lazımdır. Pulpa kök kanalı və əlavə dəliklər vasitəsilə periodontun toxumaları ilə
birləşir. Bundan əlavə, zirvə dəliyindən pulpaya qan və limfa damarları, habelə
sinirlər (damar-sinir dəstəsi) daxil olur.
Pulpa hüceyrələrlə, hüceyrəarası maddələrlə, habelə damar və sinirlərlə zəngin olan
yumşaq birləşdirici toxumadan ibarətdir. Pulpanın quruluşunun xüsusiyyəti onda
böyük miqdar hüceyrəarası maddənin (mukopolisaxaridlərin və s. maddələrin)
olmasıdır. Həmin maddələr pulpaya xüsusi möhkəmlik verir. Hüceyrəli və lifli
strukturlar bu homogen maddədə yerləşir.