Kimyəvi zədələnmələr. ABSQ-da kimyəvi zədələnmələr kəskin və xroniki gedişatlı
olur, selikli qişanın üzərinə kimyəvi preparatların düşməsi nəticəsində təzahür edir.
Belə zədələnmələr kimyəvi istehsalatda və yaxud məişətdə çox vaxt texniki qaydalara
riayət etmədikdə baş verir.
Selikli qişanın zədələnməsi turşuların, qələvilərin, arsenli pasta, fenol, formalin,
gümüş nitrat, müxtəlif dərmanların, protezlərin plastik kütləsinin təsirindən əmələ
gəlir. Bu zaman allergik reaksiya yanaşı təzahür edə bilər və ümumi kliniki mənzərə
dəyişir, diaqnostika çətinləşir.
Bəzən pasiyentlər diş ağrısını sakitləşdirmək üçün yerli müxtəlif dərmanlardan
(analgin, asprpn, spirt və s.) istifadə edirlər. Qıcıqlandırıcının konsentrasiyası yüksək
olarsa, güclü ağrılar başlayır. Ağrılar lokallaşmış olur. Turşulardan olan
zədələnmələrdə, selikli qişada koaqulyasion nekroz əmələ gəlir. Dərin zədələnmiş
travma selikli qişanın bütün qatlarını əhatə edir və çox bərk ağrılarla müşahidə olunur.
dərmanlar isə az kömək edir, 4-5 gündən sonra nekrozlaşmış toxumalar ayrılır və ləng
sağalan xoralı sahələr əmələ gəlir. Proteolitik fermentlər nekrozlaşmış toxumanın
ayrılmasına yardımçı olur. Tədricən yaranan travmanın kompleks müalicəsi zamanı
mütləq ağrıkəsicilərdən (lidokain, dikain, piromekain, anestezin), yəni yerli
anestetiklərdən istifadə olunur.
Kimyəvi preparatların mənfi təsirini azaltmaq üçün selikli qişanın üzərindən həmin
maddəni tez kənarlaşdırmaq, uzun müddət selikli qişanı yüngül antiseptiklərlə, əgər
mümkün olmazsa, adi su ilə yumaq məqsədə uyğundur. Turşu ilə zədələnən səth
qələvi və yaxud qələvi ilə zədələnən nahiyə 0,5%-li limon ya sirkə, alma turşusu ilə
yuyulur. Belə tədbir qıcıqlandırıcılardan selikli qişanın dərin təbəqəsini qoruyur.
Karbol turşusundan (fenol) əmələ gələn yanığı 50%-li spirtlə və gənəgərçək yağı ilə
işləyirlər. Gümüş nitratın selikli qişaya düşməsi zamanı Luqol və ya 3%-li NaCl
məhlullarından istifadə olunur.