Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə38/41
tarix20.01.2017
ölçüsü4,06 Mb.
#726
1   ...   33   34   35   36   37   38   39   40   41

Ədəbİyyat:
1. Husaini, Islamic Environmental systems Engineering. London: Macmillan, 1980

2. Joseph Settle, The care of Earth and other University sermons. Philadelphia : for Tress press, 1964.

3. Allen E.L. "Th Hebrew view of Nature", The Journal of Jewish studies, vol, 10. 2008

4. Osman Bakar, Tawhid and science, Kuala Lumpur: Secretariat for Islamic philosophy and science, 1991

5. Dalai Lama, A Tibetan Buddhist Perspective, Matthieu Richard Hampton Road Publishing. 2012

6. Mary E. Tucker, "The Relevance of Chinese Neo-Confucianism for the Reverence of Nature" . Environmental History Review. 2009

7. Seyyed Hossein Nasr, An Introduction to Islamic cosmological Doctrine, “Islamic cosmology" in Unesco, to Islamic civilization. Alba­ny: State University of New York press, 1998

8. Arthur Versluis, Theosophy: Hidden of Dimensions Christianity. Hudson, New York : Iindisfarne press, 2004.

9. Fazlun Khalid and Jeanne o, Brien (eds.) Islam and Ecology.London: casse ll, 1999

10. Iqtidar H. Zaidi, "On Ethics of man's Interaction with the En­vironment An Islamic Approach", In Eugenic. Hargrove (ed.), Religion and Environmental crisis. Athens: University of Georgia press, 1986


Şüca Cavanpərəst

(Əlyazmalar İnstitutu)
Quranda tədəbbür və təfəkkür
Tədbirlilik öz iki qanadı ilə, yəni mərifət və əməl vasitəsilə in­sa­nı hə­qiqətə yönəldir. İnsan bütün hallarda məqsədsiz yaşamır, hadisə və prosesləri müşahidə edərkən onların sonunu və aqibətini Allahın nə­zər­də tutduğu aqibətlə uzlaşdırmaqla hidayət tapır. Aqibət barədə müx­təlif şəkillərdə düşünmək üçün insan öz təfəkkürünü işə salma­lıdır.

Müəyyən ehtiyac və stimul əsasında formalaşan hər bir təfəkkür­də müəyyən dərəcədə aqibəti düşünmək nişanəsi vardır. Doğrudur, aqi­bət düşüncəsi düzgün və yanlış meyarlarla gerçəkləşə bilər, onun bir qismi dərin və uzaq üfüqləri, bir qismi isə səthi və yaxın cə­hət­ləri əhatə edəir.

Eyni zamanda aqibət və gələcək düşüncəsi təfəkkür prosesinin pred­meti olaraq elm və mərifətin səviyyəsini yüksəltmək və praktiki sahədə daha çox uğur qazanmaq məqsədi daşıyır. Başqa sözlə desək, insan tə­fək­kürü əsasən aqibət və gələcək üçün tədbir görmək de­mək­­dir. Demə­li, aqibət və gələcəyi düşünmək təfəkkürün əsas pred­meti olaraq qəbul edilə bilər. Bununla təfəkkürün islah edilməsi və onun faydasının ço­xal­dıl­ması məsələsi gündəmə gəlir.

Beləliklə, təfəkkürün bütün mərhələ və dərəcələri aqibət və gə­lə­cək məfhumları ilə bağlıdır. Təfəkkür prosesində qazanılan məha­rətlər də bir növ aqibət və gələcək düşüncəsi ilə əlaqədardır.

Ümumi şəkildə tədbirlilik anlamı (tədəbbor) təfəkkürün gələcəyə yönələn bir düşüncə prosesi olduğunu göstərir. Bu mənada əldə olan çoxlu dəlillərlə sübut olunur ki, tədbirlilik təfəkkürün ən yaxşı növü­dür. Onun mühüm xüsusiyyətlərindən biri budur ki, insan həyatında geniş şə­kildə tətbiq edilir, elm ilə əməli bir araya gətirərək düşüncə sis­te­mi­nin əməldə gerçəkləşməsini təmin edir. Aqibət və gələcək düşüncəsini diqqətə çatdıran ayələrin bariz nümunəsi Ali-İmran su­rəsində öz əksini tapmışdır:

“Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qa­dirdir!;

“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sa­hib­ləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sü­but edən açıq) dəlillər vardır”;

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Al­lahı xa­tırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və de­yərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və mü­qəd­dəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!”; (Ali-İmran: 189-191).

Bu ayələrdə əsas mövzu “ulul-əhbab” – yəni düşüncə sahibləridir ki, vəhy baxımından diqqəti cəlb edirlər. Ağıl və düşüncə sahibləri təd­birli və gələcəyi fikirləşən şəxslərdir (2.c.12.s.324). Ayələrin əv­və­lində Ye­rin və Göylərin Allahın hökmranlığında olduğu, Onun qüd­rətinin hər şeyi əhatə etməsi diqqətə çatdırılır, Yerin və Göylərin xilqəti isə düşün­cə sahibləri üçün Allahın ayələri kimi təqdim edilir. Bunların ardınca həmin ayələr üzərində təfəkkürə dəvət olunur. Göründüyü kimi, təfək­kür ardıcıl bir proses kimi nəzərdən keçirilir.

Burada qeyd ediləsi mühüm məqam ondan ibarətdir ki, ağıl sa­hib­ləri bütün hallarda uca Allahı yad edirlər və onların diqqət və dü­şüncəsi hə­mişə fəaldır. Yuxarıdakı ayələr ardıcıl olaraq ağıl sahiblərinin əməldən öncə, əməl zamanı və əməldən sonrakı mərhələlərini təsvir edir. Təbii olaraq bu üç mərhələ bir-birindən ayrı deyildir və onlar arasındakı əla­qəni daha konkret şəkildə müəyyənləşdirmək üçün hər bir mərhələnin xüsusiyyətlərini ayırd etmək lazım gəlir:

Birinci mərhələ: əməldən öncə ağıl sahiblərinin vəhy baxımından təqdim edilməsi.

1. Onlar üçün Yer və Göylərin xilqətinin ayə olması;

2. Onlar hər bir vəziyyətə Allahı yad edir və diqqətləri fəaldır;

3. Yer və Göylərin yaranışı, gecə və gündüzün dəyişməsi barədə fəal düşünürlər.

İkinci mərhələ: Əməldən öncə ağıl sahiblərinin öz sözləri ilə təqdim edilməsi. Onların təfəkkürü dualardan aşkar olur. Sanki bu fikir dua qə­libində aydın şəkildə ifadə olunur. Həmin fikir xilqətin təzahürü ilə aş­karlanır.

Üçüncü mərhələ: Düşüncə sahiblərinin vəhy tərəfdən təqdim edil­məsi (əməlin gerçəkləşməsi və ondan sonrakı dövr). Allah onların dua­sını yerinə yetirdi, çünki heç kəsin əməlini cavabsız qoymur. Pis əməl­lərin örtülməsi;



Quran və rəvayətlər baxımından tədəbbür.

Tədəbbür sözü “dubr” kökündən olub mənası işlərin arxasınca dü­şün­mək mənası bildirir ki, bu da əslində dərindən fikirləşmək və məsə­lənin gələcəyini nəzərə almaq deməkdir. Bu cür düşüncənin nəticəsi ola­raq əvvəlcə gözə səthi şəkildə çarpan həqiqətlər aşkar olur. Rağib İs­fəhani “Müfrədat” əsərində yazır: “Tədəbbür işlərin arxasında düşün­mək və tədbir görmək deməkdir” (3.s.321). Tədbir diqqətlə nəzərdən ke­çirmək və işlərin aqibətini düşünmək deməkdir. Tədəbbür isə aqibət üzə­rində təfəkkür mənasında işlənir. Əhməd ibn Məhəmməd bin Əli əl-Müqri əl-Fəyumi “Misbahül-münir fi qəribi şərhi-kəbir” kitabında ya­zır: “Dubr ön və qabaq sözünün təzadı olaraq bir şeyin arxası deməkdir. Ona görə bu söz işin sonu və aqibəti mənası bildirir. Tədəbbür insanın üz və arxa çevirməsi və gələcəyi düşünməsidir, diqqətlə baxaraq işin aqi­bətini fikirləşməsidir (4.c.2.s.324).

Şeyx Fəxrəddin Tərihinin “Məcməül-bəhreyn” əsərində deyilir: “Bir iş üçün tədbir görmək ona nəzər salaraq sonunu və aqibətini düşünmək de­məkdir” (5.c.3.s.36). Tədəbbür – yəni bir iş ətrafında düşünmək de­məkdir. Sonra müəllif Nisa surəsi, 82-ci ayəni misal gətirir:

أَفَلاَ يَتَدَبَّرُونَ الْقُرْآنَ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ اللّهِ لَوَجَدُواْ فِيهِ اخْتِلاَفاً كَثِيرا

“Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) dü­şün­məzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar” .

Allah-təala bu ayədə tədəbbürdən söz açır ki, bu da işlərin aqibətinə ba­xaraq onlar barədə dərindən düşünmək anlamına gəlir. O, eyni za­manda tədəbbür və təfəkkür arasında olan fərqə işarə edərək yazır: “Tədəb­bür qəlbin hökmü ilə işlərin aqibətinə baxmaq deməkdir. Ancaq tə­fəkkür qəlbin hökmü ilə dəlillərə diqqət yetirir”.

Firuzabadinin “Qamus”unda deyilir: “Dubr ön və qabaq sözünün əks tərəfidir, bir şeyin arxası bu sözlə ifadə edilir. Tədbir isə işlərin so­nu­na və aqibətinə baxmaq deməkdir. İstiqbal (qarşılamaq) sözünün tə­zadı “istədbar” sözüdür. Quran da bu sözün işlənməsi məna baxı­mın­dan diqqəti cəlb edir. “Zəməxşərinin “Əsasül-bəlağə” və Sicistaninin “Qəri­bül-Quran” kitablarında da buna bənzər mənalar verilmişdir. “Təfsire-nə­mune”də Nisa surəsi, 82-ci ayənin təfsirində belə deyilir: “Tədəbbür” “dubr” kökündən olub bir şeyin arxası və sonu mənasında işlənir. Buna görə bu söz işlərin nəticəsini yoxlamaq və aqibəti barədə düşünmək mə­nası bildirir. Bu sözün təfəkkürlə fərqi ondadır ki, təfəkkür bir şeyin xüsusiyyətlərini və dəlillərini araşdırırsa, tədəbbür hər hansı bir işin so­nu və aqibəti barədə düşünür (6.c.4.s. 85).

Əllamə Təbatəbai həmin sözün mənasını izah edərək yazır: “Tədəb­bür bir şeyin başqa bir şeydən götürülməsi deməkdir. Quran ayələrində bu söz ayə üzərində düşüncəyə dalmaq və sonra bir daha ayələr üzrə düşünmək mənası bildirir” (2.c.5.s.324).

Əbu Hilal əl-Əsgəri lüğət və bəlağət elmində tanınmış müəlliflərdən biridir. O, “Füruğül-lüğəviyyə” əsərində “tədəbbür” və “təfəkkür” söz­lə­ri arasındakı məna fərqinə işarə edərək yazır: “Tədəbbür qəlbdə iş­lərin aqibətini düşünməkdir. Ancaq təfəkkür əməllərin və hərəkətlərin səbəb və dəlillərini axtarmaq deməkdir (7.s.214). “Məcməül-bəyan” ki­tabı da həmin fikri təsdiq edir.

Beləliklə, qaynaqlarda verilən məlumatları ümumiləşdirsək belə bir nəticəyə gəlirik ki, tədəbbür məsələnin zahiri tərəfinin arxasında daya­nan məqamlar, yəni işin batini tərəfi haqqında düşünmək deməkdir. Belə bir düşüncə gələcək və aqibəti nəzərə alan tədbirli düşüncədir. Mə­sələnin mahiyyətini axtarmaq, diqqəti işin nəticə və sonuna yö­nəlt­mək tədəbbürün əsas xüsusiyyətidir. Təfəkkür isə işlərin zahir və ba­tinini, səbəb və nəticələrini araşdırmaq deməkdir. Təfəkkür məlum fakt­lar və dəlillər əsasında bəlli olmayan məsələləri araşdırmaq və aşkar etmək məqsədi daşıyır.

İşlərin sonunu və aqibətini aşkar etmək istəyi insanı məsələnin səthi müşahidəsindən onun dərinliyinin dərkinə sövq edir. Quran ayələrində tədəbbür insanı dərin məna axtarışına dəvət edir, bu səmavi kitabın ilahi vəhydən qaynaqlandığını diqqətə çatdırır. Quran səthi səviyyədə ərəb­lərin danışdığı söz və cümlələrdən ibarətdir və bu səviyyədə bəşər sö­zündən o qədər də fərqlənmir. Ancaq ilahi kitab olaraq onun dərin dü­şüncəyə və aqibətə hesablanmış məna tutumu adi bəşər düşüncəsindən fərq­lənir.

Quranda tədəbbür məfhumu ilə bağlı başqa bir məqam da vardır: ayə­lərin ardıcıl məna düzümündə diqqət onların batininə yönəlir, ayələr arasında olan əlaqənin dərinliyi göz önündə canlanır. Bunlar arasında heç bir ixtilaf yoxdur, bütün ayələr batini məzmun baxımından bir-bi­rilə uzlaşır, bütöv bir tam kimi qarşımıza çıxır. Ona görə də bir surədə olan ayələri ardıcıl izləməklə yanaşı, onları bütöv Quranla tutuşdur­ma­ğa ehtiyac duyulur. Bununla da məlum olur ki, 23 il ərzində Pey­ğəm­bərin (s) enişli-yoxuşlu yolunda və fərqli ictimai-tarixi şəraitlərdə nazil olan Qurani-Kərim bəşər zehninin səviyyəsində deyildir. Bəşər və baş­qa maddi varlıqlar həmişə dəyişiklik halında olaraq naqislikdən kamala doğru hərəkətdədir. Deməli, Quranda tədəbbür ayələr arasında olan ba­tini məna əlaqələrini, ayələrin özlərinin bir-birilə bağlılığını nəzərdə tutur.

Əbülfəzl Rəşidəddin Meybodinin “Kəşfül-əsrar və iddətül-əbrar” adlı məşhur təfsirində tədəbbür barədə belə deyilir: “Tədəbbür odur ki, işləri əvvəldən axıradək tənzimləyərək onun sonunu nəzərdə tutasan. Əbu Osman Məğribi deyir ki, tədəbbür üç qisimdir: biri öz-özünə fikir­ləşmək ki, buna möizə yönümlü tədəbbür deyirlər; ikincisi, zahidlərə məxsus düşünməkdir; üçüncüsü, Quran üzərində düşünməkdir. Sonun­cu həqiqət və kəşf yönümlü tədəbbür adlanır və ariflərə xasdır. Onlarda batini kəşf ilə qəlb ilə Haqq arasındakı pərdə götürülür, arzuları ger­çəkləşir, müşahidə suları mülahizə arxı ilə rəvan olur, ürəklə zikrə dolu, dil susqun halda özünü unudur. Belə ariflər siddiqlərin sükunət dərə­cə­sinə yetişmiş olurlar və buraya yetişməyən kimsə Quran calalından, onun gizli cövhərindən faydalana bilməz (8.c.2.s.212).

Tədəbbür və təfsir arasında fərq

Ayələri diqqətlə nəzərdən keçirərkən onun ənənəvi terminoloji mə­nasından əlavə, başqa izahları da ortaya çıxa bilər:

A. Quranda irəli sürülən tədəbbür məfhumu dərrakə, fəhm, elmi və ruhi səviyyəsindən asılı olmayaraq bütün insan təbəqələrinə şamil edilə bilir. Təfsir Quranın anlaşılmasında müctəhidlərin və alimlərin yarar­lan­­dıqları üsuldur. Onlar bununla tədəbbürün elmi izahını verməyə çalı­şırlar. Ancaq Quranın mətnində hər kəsdən tədəbbür – yəni düşünmək tələb olunur. Hətta müşriklər və münafiqlərə düşünmək üçün müraciət olunur.

Allah Muminin surəsi, 68-ci ayədə buyurur:

“Məgər (müşriklər) kəlam (Allah kəlamı - Quran) haqqında düşü­nüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına (keçmiş ümmətlərinə) gəl­məyən bir şey gəldi? (Onlar Quranın, Peyğəmbərin haqq olduğunu niyə anlamırlar? Məgər ulu babalarına İbrahim, İsmail, Musa kimi pey­ğəm­bərlər gəlmədimi? Yaxud onlara Tövrat, Sühüf kimi kitablar nazil ol­ma­dımı?)” (Muminun: 68).

Başqa bir ayədə deyilir:

“Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vu­rulmuşdur? (Yoxsa ürəklərinin öz kilidləri vardır?)” (Muhəm­məd:24).

B. Tədəbbür halında ayələrin dərinlikləri və nəticələri, hadisələr və baş­qa məsələlər araşdırılır. Ancaq təfsirdə bunlar izlənilmir.

C. Tədəbbür halında şəxs ayələrin ona müraciət etdiyini duyur, özü­nün müxtəlif fikri və ruhi dərdlərinə çarə axtarır; ancaq təfsirçi ayələrin şərhi və təbliği ilə məşğuldur, adi insanlar kimi özünə çarə axtamır. Hər bir tədəbbürün təbliğat tərəfi də vardır, ancaq hər bir təfsir tədəbbür pro­sesinə qatılmır.

D. Tədəbbür bir psixoloji və fikri prosesdir, ayələri dinləməklə və on­ların üzərində praktiki düşüncəyə dalmaqla öz durumuna uyğun nə­ticə çıxarır, bunu əməli cəhətdən öz üzərində tətbiq edir, burada Qur­an ayələrinin qiraəti həmin proses – yəni tədəbbür üçün zəmin ha­zırlayır, düşüncəyə dalmaq isə onun əməli nəticəsi kimi çıxış edir. Bu prosesi be­lə göstərmək olar:

Qiraət fəhm (düşüncə) əməl

Ancaq təfsirdə belə xüsusiyyət yoxdur.

E. Tədəbbürdə hər kəs – mömin, kafir və müşrik də iştirak edir, hal­buki təfsir müsəlmana, özü də müctəhidə aid bir işdir.

Ə. Çox halda tədəbbür zamanı hədislərə müraciət etməyə lüzum qal­mır, istər mömin və istərsə də kafir ayələr üzərində düşünərək həqiqətə yetişmək istəyir. Ancaq təfsirdə hədislərə müraciət təbii haldır və bəzən bunlarsız düzgün məna çıxarmaq olmur (9.s.373).

Tədəbbür bir proses olaraq Quranın oxunuşundan başlayır, ayənin də­rin fəhmi ilə davam edir və əməl ilə bitir. İmam Sadiq (ə) təlavətlə bağlı Bəqərə surəsi, 121-ci ayənin təfsirində onun tədəbbür baxımından əhəmiyyətini açıqlayır. Ayədə deyilir:

الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلاَوَتِهِ أُوْلَـئِكَ يُؤْمِنُونَ بِهِ وَمن يَكْفُرْ بِهِ فَأُوْلَـئِكَ هُمُ الْخَاسِرُونَ

“Verdiyimiz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin ki­taba iman gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada və axirətdə) özlərinə zərər yetirənlərdir” (Bəqərə: 121).

Onun fikrini izah edən Reyşəhri yazır: “Haqq olaraq oxumaq” məhz Quran ayələri üzərində düşünmək – tədəbbür mənasına işarə edir və bu proses belədir: ayələrin mənasını anlamaq, hökmlərə əməl etmək, ilahi və’dəyə ümid, əzabdan çəkinmək, hadisələrdən ibrət almaq və ha­ramdan çəkinmək. Burada məqsəd Quranın həqiqi oxunması və ayələr üzərində tədəbbür prosesidir: bu proses qiraətdən başlayır, düşüncə və fəhmlə davam edir və əməl ilə bitir (10.c.8.s.84).

Sonda Qurani-Kərimin tədəbbürə dəvət etdiyi aşağıdakı mühüm mə­qamları ümumiləşdirək:

1.Bədən və can barədə düşünmək: Mu’minun: 12-14;

2.İnsan vücudunun mərhələləri barədə düşünmək: Həcc:5; İnsan:28.

3.Həyatın sonu barədə düşünmək. Zumər:30.

4.Son hədəf barədə düşünmək. Bəqərə:156.

5.Dünya, afaq və ənfəs aləmi barədə düşünmək. Yunus:6.

6.Keçmiş xalqların taleyi barədə düşünmək. Yusif:109.

Tədəbbürün Quran qiraəti ilə əlaqəsi.

Bir neçə Quran ayəsində (Nisa: 82, Sad: 29, Məhəmməd:23 və s.) məhz Quran üzərində tədəbbürdən – düşüncəyə dalmaqdan söz açılır. Bütün bu tip ayələrin təhlili göstərir ki, tədəbbür canlı bir prosesdir, ancaq kitabda belə bir hərarət və hərəkət yoxdur. Ruhun, nurun bəlağət və bəyanın vəsfi bütövlükdə oxunan Qurana aiddir. Quranın qiraəti qu­laq və qəlblə əlaqədardır və sadəcə kağız üzərində yazıdan ibarət kita­bın belə bir təsiri yoxdur. Quran üzərində tədəbbür gerçəkləşdikdə onun qiraətinin bərəkət və təsirinə şamil edilir. Aşağıdakı ayə bu məsələni təs­diq edir:

“Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!” (Əraf: 204).

Quran oxunub dinlənilərkən “tədəbbür” gerçəkləşir, yəni onun təsiri ilə insan rəhm olunur. Biz bilməli və inanmalıyıq ki, bu hökmdə olan hər bir dəyişiklik və həmin prinsipin azacıq pozulması ümumi nəticəyə xələl gətirər. Quran və başqa səmavi kitablar arasındakı bu fərqə diqqət yetirmək lazımdır. Quran “qiraət” kökündəndir, müqəddəs bibliya isə yu­nan və latınca məktub kökündəndir. İncil (Yevangeliya) isə xoş xə­bər və müjdə mənası bildirir. Tövrat Musaya nazil olan ilahi ənənə və qa­nun, Avesta isə bilik kitabı və tanımaq mənası bildirir.

Dinləməyin tədəbbürdə təyinedici rolu.

Quranın lüğəvi mənasında olan “oxumaq” məfhumu onun dinlənil­məsi və düşünülməsi ilə bağlıdır. Quranın oxunulması mühüm olduğu kimi, onun dinlənilməsi də mühümdür. Metodoloji baxımdan Quranın qəlbə nüfuzunun onun üzərində düşünmək üçün böyük əhəmiyyəti var­dır. Quranın qiraəti həmin məqsədlə qulağa yetişməlidir. Allahın ayə­ləri üzərində düşünmək baxımından qəlblərə vurulan qıfılların açılması nə qədər önəmlidirsə, ayələrin dinlənilməsi üçün qulaqlarda olan qıfıl­la­rın silinməsi də o qədər əhəmiyyətlidir.

İbn Abbasın rəvayətində dinləmək, dinlənilmək və onun qəlblə bir­başa əlaqəsi tamamilə açıq şəkildə verilir. O, sürətlə Quran oxuyan şəxsə belə tövsiyə verir: “Öz qiraətini öz qulağına çatdırmayan şəxs əs­lində qiraət etməmiş olur” (11.c.1.s.339).



Tədəbbür məfhumu.

Lüğət və təfsir kitablarında tədəbbür məfhumu barədə çoxlu məlu­mat­lar verilmişdir. Bunların hamısı bir ümumi nöqtədə birləşir: hadisə­lərin və işlərin nəticəsi və aqibəti barədə düşünmək, məsələnin dərin­li­yinə varmaq, zahirdən batinə yönəlmək.

Tədəbbür barədə söylənilənlər belə bir ideya üzərində formalaş­mış­dır ki, bu məfhum prinsipcə əməli cəhətdən önəm daşıyır. Deməli, tə­dəb­bür əməli bir prosesdir, lakin bu o demək deyildir ki, biz kimsəni bu işə vadar edirik. Əslində tədəbbür görüləsi bir iş deyil, bəlkə keçiləsi bir yoldur. Ona görə tədəbbürün metodologiyasından bəhs edərkən başqa bir üsula müraciət etməli oluruq. Həmin üsul öz-özlüyündə tədəbbürlə sonunclanacaq. Onu həm də nəfəs çəkməklə müqayisə etmək olar. Təbiidir ki, yeməyi, yatmağı, idmanı, istirahəti və başqa işləri düzgün olan insanın nəfəsçəkməsi də düzgün olar. Biz bir nəfərə “bu cür yat”, “bu cür ye”, “bu cür yol get” deyə bilərik, ancaq ona “bu cür nəfəs al” deyə bilmərik.

Düzgün tənəffüs bir yoldur və başqa işlərdən fərqli olaraq istər-istə­məz öz-özünə hasil olan bir prosesdir. Tədəbbür bir sıra mərhələlərdən təşkil olunan işlərlə əlaqəli olan bir hal və prosesdir, həmin mərhələlər keçdikcə düzgün tədəbbür də baş tutmalıdır (12.s.160).

Quranın öyrənilməsinin tədəbbürlə əlaqəsi.

Tədəbbürün gerçəkləşməsi və anlaşılması üçün ən mühüm məsə­lə­lər­dən biri Quranın düzgün öyrənilməsidir. Yəni tədəbbür Quran təlimi ilə birbaşa bağlıdır. Ancaq bu gün bəzən tədəbbür mövzusu bu müs­təvidə araşdırılmır, sanki insan Quranı istər, öyrənsin, istər öyrənməsin, onun üzərində tədəbbür edə bilər. İstənilən metodla Quranı öyrənərək tədəbbür əhli olmaq mümkün deyildir. Ancaq müşahidələr göstərir ki, insanları həmişə tədəbbürə də dəvət edirlər, eyni zamanda bunun mə­ziy­yətləri sadalanır, onun lazımi şərtləri, mərhələ və üsulları müzakirə olunur. Zənnimizcə bu məsələdə quranşünaslara müraciət etmək, möv­zunun mahiyyətini bilmək lazımdır. Bütün islam qaynaqları, o cüm­lədən əhli-beyt məktəbi göstərirlər ki, Quran üzərində tədəbbür onun qi­raət və təlimindən ayrı deyildir. Güman etmək olmaz ki, insan əvvəl­cə Quranı öyrənmək mərhələsini keçməli, bir müddətdən sonra onun üzərində düşünməlidir. Quranın öyrənilməsi və təlimi məhz tədəbbür pro­sesinin başlanğıcıdır. Əgər Quranı öyrənmək metodologiyası düz­gün qurularsa, o zaman bu məsələ öz yerini tutacaqdır. Öncə tənəffüs, yemək və yatmaq misalında izah edildiyi kimi, bu məsələ də öz təbii axarını tapmalıdır.

İnsan qəlbi Quran üzərində tədəbbürün qaynaq və vasitəsi kimi.

Quran ilahi dəvət olaraq insanın qəlbində özünə yer tutur və Quran üzərində tədəbbürün yeri və qaynağı da qəlbdir. Tədəbbür məfhumu iş­lənən ayələri diqqətlə araşdırsaq bir məsələni anlayarıq ki, tədəbbür Qurandan ayrı bir hadisə və amil deyildir. Quran insan qəlbinə nüfuz edərək orada özünə yer tutduğu kimi, tədəbbür də öz-özünə qəlbin də­rinliyindən gələn bir haldır və öncə bu barədə Muhəmməd surəsi, 24-cü ayədə işarə edilmişdir.

Deməli, qəlb tədəbbürün gerçəkləşdiyi yerdir və ona görə də Quran qəlbdə yer alır ki, bu məsələ Quranın öyrənilməsi metodu ilə birbaşa əlaqədardır. Yəni Quran elə şəkildə öyrədilməlidir ki, öyrənənin beyni­nə deyil, qəlbinə nüfuz edə bilsin. Tədəbbürə aid ayələrin üslubundan bəlli olur ki, bu məfhum eyni zamanda “təzəkkür” anlamından ayrı deyil. Tədəbbür və təzəkkür bir həqiqətin iki ifadə tərzidir. Sad surəsi, 29-cu ayədə deyilir:

“ (Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsin­lər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!”.

Bu iki məfhumu nə qədər bir-birindən ayırsaq da onlar mahiyyətcə bir-birinə bağlanır. Quran həmişə insanın qəlbində və yadında olduğu üçün onun “təzəkkür” funksiyası dəyişməz olaraq qalır. Deməli, insan Quranın mənalarını qəlbində daşıdığı halda onlar üzərində düşünməsi təbii məsələdir. Başqa sözlə, Quran ayələri onu bütün həyatı boyu – fərdi və ictimai həyatında izləyəcək, onun niyyət, söhbət və əməllərinə nəzarət edəcək. Deməli, tədəbbür üçün Quran ayələri həm də zikr olun­malı, həmişə canlı və fəal şəkildə Quran təlimi ilə bağlı olmalıdır.

Quran həmişə istisna hallar üçün öz suallarını təbii bir üsul ilə or­taya qoyur və heç vaxt əsl məsələdən söz açmır. Məsələn, iman, itaət və təslim əsl prinsiplər olaraq qalır və onlar barədə sorğu-sual edilmir. An­caq həmin prinsiplərin əks tərəfindən (Məs, təkzib, inad, küfr) sorğu-sual edilir:

– Niyə onlar iman gətirmirlər? – Niyə təzəkkürdən üz çevirirlər, Onlara nə olub? - Niyə onların təfəkkür, tədəbbür və ağıl çeşmələri qu­ruyub? Onların yolunda hansı maniələr vardır? Belə üslubda işlənən ayə­lər çoxdur: Nisa:75; Ən’am:119; Tovbə116; Hud:113; Ənkə­but:22,25; Şura:31,47; Casiyə:34; Hədid:8,10

Bütün bu sual doğrun məsələlər qəlbə, daha doğrusu, təfəkkürə mane olan psixoloji amillər, xəstəliklər və əngəllərdir. Onlar qəlbin yo­lundan götürüldükdə iman və təzəkkürün oraya nüfuzu üçün zəmin ya­ranır.



Ədəbİyyat:


1

Qur’ani-Kərim. Azərbaycan dilinə tərcümə edənlər: Akad. Z.M. Bünyadov və V.M. Məmmədəliyev. Bakı: “Olimp”. 1998

2

طباطبایی ، سید محمد حسین بی تا، المیزان فی تفسیر القرآن. قم انتشارات اسلامی جامعه ی مدرسین . بی تا.

3

الراغب الاصفهانی . 1412 ق، مفردات الفاظ القرآن . تحقیق صفوان عدنان داوودی دمشق دارالعلم.

4

فیومی 1373 هـ. ، المصباح المنیر، قم . انتشارات هجرت.

5

طریحی شیخ فخرالدین، مجمع البحرین تحقیق السید احمد الحسینی چاپ دوم. تهران – دفتر نشر فرهنگ اسلامی. 1367 هـ .ش

6

طبرسی ، فضل بن حسن، مجمع البیان فی علوم القرآن، بیروت دالمعرفه. 1416


7

مکارم شیرازی ناصر و دیگران - تهران- دارالکتب الاسلامیة. 1366 هـ

8

عسکری ابوالهلال 1363 هـ. فروق اللغویه ترجمه محمد علوی مقدم. ابراهیم الوسوقی شتا مشهد آستان قدس رضوی.

9

میبدی ، رشیدالدین. کشف الاسرار ، تهران – امیرکبیر. 1357 هـ.

10

نقی پورفر ، ولی الله. پژوهشی پیرامون تدبّر در قرآن تهران- اسوه. 1374 هـ.

11

محمدی ری شهری، محمد. میزان الحکمه ترجمه حمیدرضا شیخی، قم دارالحدیث . 1379

12

لسانی فشارکی و حسین مرادی روش تحقیق موضوعی در قرآن مجید . زنجان ، دانشگاه آزاد اسلامی واحد زنجان. 1385 . هـ. ش


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin