Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə1/41
tarix20.01.2017
ölçüsü4,06 Mb.
#726
  1   2   3   4   5   6   7   8   9   ...   41


ORTA ƏSR ƏLYAZMALARI VƏ

AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

TARİXİ PROBLEMLƏRİ


Ümummilli lider Heydər Əliyevin

anadan olmasının 90-cı ildönümünə həsr olunmuş


XIII Respublika elmi konfransının

M A T E R İ A L L A R I
(Bakı, 24 may, 2013)

Bakı – “Elm və təhsil” – 2013
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU




ORTA ƏSR ƏLYAZMALARI VƏ

AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

TARİXİ PROBLEMLƏRİ


Ümummilli Lider Heydər Əliyevin

anadan olmasının 90-cı ildönümünə həsr olunmuş


XIII Respublika elmi konfransının

M A T E R İ A L L A R I
(Bakı, 24 may, 2013-cü il)

Bakı – “Elm və təhsil” – 2013

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 23 yanvar 2013-cü il tarixli 1 №-li iclasının qərarı ilə nəşr edilir.

Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri (Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönü­mü­nə həsr olunmuş XIII Respublika elmi konfransının materialla­rı (Bakı, 24 may 2013-cü il). Bakı: “Elm və təhsil”, 2013, 528 s.

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma kitabı xəzinələrin­dən biri sayılır. Burada Azər­bay­can və başqa mü­səl­man xalqlarının elm və mədəniy­yət tarixinə dair 50 mindən artıq müxtəlif çeşidli əl­yaz­ma­lar, arxeoqrafik sənədlər, qədim çap kitabları, əski mət­buat ma­terialları, elektron surətlər, mik­rofilmlər və müasir ədəbiyyat sax­la­nılır.

Əlyazmalar İnstitutunun müasir elmi-tədqiqat mərkəzi kimi tə­şək­külü ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, yeni 2001-ci il, yeni əsr və üçüncü minillik mü­nasibəti ilə Azər­bay­can xalqına 29 dekabr 2000-ci il tarixli müraciətində Azər­baycan xalqı­nın dünya sivilizasiyası qarşı­sın­dakı tarixi xid­mətlərini yüksək qiymət­ləndirərək demişdir: «İkinci minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dünya mədəniyyə­tin­də öz dəst-xətti ilə seçilən xalq­lar­dan­dır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrıl­maz his­səsi kimi azərbaycanlılar dünya mə­də­niyyəti xəzinə­si­nə sanballı töh­fə­lər vermişlər. Bizim əcdadlarımız ibtidai insa­nın mədəniyyət sahəsində əldə etdiyi bütün nailiy­yət­lərdən fay­da­la­naraq, özünəməxsus zəngin mə­dəni-mənəvi irs yarat­mış­lar. Bunu istər Azərbaycan ərazisində ar­xeo­loji qazıntılar nəticə­sin­də tapılmış abidələr, istərsə də bu gü­nü­müzə qə­dər gəlib çatmış şifahi xalq ədəbiyyatı və yazı­lı ədəbi irsimiz sübut edir».

Hələ 1981-ci ildə H.Əliyevin respublikamıza rəhbərlik etdi­yi vaxtda partiya və hökumətin o vaxtkı Respublika Əlyazma­lar Fondunun fəaliy­yə­tinin daha da yaxşılaşdırıl­ması haqqında xüsusi Qərarı ilə müəssisə­nin bazası möhkəmləndirilmiş, 1982-ci ildən bu akademik orqan Ba­kı­nın ən gözəl binaların­dan birində yerləşdirilmişdir.

1986-cı ilin oktyabrından yenidənqurma adı ilə bir sıra mü­əs­sisə­lə­rin birləşdirildiyi bir vaxtda SSRİ Nazirlər Soveti Səd­rinin birinci müa­vini H.Əliyevin yaxından iştira­kı və kömək­liyi ilə Respublika Əlyaz­malar Fondunun ba­za­sında Azərbay­can EA Əlyazmalar İnstitutu yara­dılmış­dır.

Nəhayət, 1996-cı ildə Əlyazmalar İnstitutu kollektivinin daha bir ar­zusu həyata keçmiş, Azərbaycan Respublika­sı­nın Pre­zidenti Heydər Əliyevin Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmiş­dir.

Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazma­lar İns­titutunun əməkdaşları ulu öndərimiz, ümummilli liderimiz Heydər Əlirza oğlu Əli­yevin müəssisəmizin tari­xindəki rolunu heç vaxt unutmurlar.
Paşa KƏRİMOV

(Əlyazmalar İnstitutu)
XVII ƏSR ANADİLLİ AZƏRBAYCAN POEZİYASINA DAİR ƏLYAZMALAR İNSTİTUTUNDA SAXLANAN MATERİALLAR
XVII əsr anadilli lirik poeziyamızın nümayəndələrindən yalnız Rəh­məti Təbrizi və Qövsi Təbrizinin kiçik həcmli şeir­lər toplusu AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda sax­lanmaqdadır. XVI əs­rin ikinci yarısı – XVII əsrin əvvəllə­rin­də yaşamış, h.1025-ci (m.1616) ildə Hindistanın Aqra şə­hərin­də vəfat etmiş Rəhməti Təb­ri­zi­nin 7-8 min beytdən ibarət divanı olduğu məlumdur. Şairin Əl­yaz­malar İnstitu­tun­da B-143 şifri altında saxlanan 2045 beytdən ibarət əl­yaz­malar toplusuna farsca şeirlərdən başqa azərbaycanca yazılmış 25 qəzəl və bir rübai (v.75a-81a) daxildir. Tədqiqatçı Ə.Bağı­rovun gös­­tərdiyi kimi, burada onun yaradıcılığının istər erkən, istərsə də yetkin dövrlərini əhatə edən əsərlər vardır (3,s.28). Nüsxə XVII əsrdə köçürülmüşdür. Bundan baş­qa, şairin XX əsr­də köçürülmüş 25 şeiri B-1621 şifri altında saxlanılır.

Dövrün qüdrətli şairi Qövsi Təbrizinin Azərbaycan türk­cə­sindəki müxtəsər divanı Əlyazmalar İnstitutunda B-4366 şifri altında mühafizə edilməkdədir. Bu şeirlər toplusu Füzuli divanı ilə bir cilddə kitab ha­lında tərtib edilmişdir. Qövsi şeirlərinin (v.93b-130b) Füzuli divanı ilə bir əlyazmaya məc­mu edilməsi təsadüfi deyildir. Məlum olduğu kimi, orta əsr katibləri içərisində əlyazmaları mexaniki köçürməklə çoxlu səhvlərə yol verənlərlə yanaşı klassik şeirin gözəl biliciləri də vardı. Belə bir katib, şübhəsiz ki, Qövsinin böyük Füzuli şei­ri­nə yaxınlığını, mə­həbbətini, sədaqətini görməyə bilməzdi. Ümu­miyyətlə, yaradıcılıq­la­rında yaxınlıq olan sənətkarların belə «müştərək» divanlarının tərtibi Şərqdə çox geniş təsadüf edilən hadisədir. Nümunə olaraq Azərbaycan MEA Əlyaz­malar İnstitutunda saxlanan Nəvai və Füzulinin bir əlyaz­ma kitabında toplanmış divanlarını göstərə bilərik. Qövsi Təbrizi diva­nının Bakı nüsxəsi 1834-cü ildə gözəl nəstəliq xətti ilə, qara mürək­kəblə filiqramlı Rusiya kağızına köçürülmüşdür. Katib Əhməd bin Mah­mud əfəndi bin Bəd əfəndi bin Nəbi əfəndi min övladi – Şeyx Mahmuddur. Qəhvəyi rəngli meşin cildə tutulmuş bu nüsxədə cəmi 117 qəzəl vardır ki, bu da 918 beytdən ibarətdir. Bundan başqa, müx­tə­lif cünglərdə, məc­muə­lərdə XVII əsr anadilli poeziyamızın nümayən­də­lərinin şeirləri ilə rastlaşırıq. Bu mənbələrdən bəzilərini qeyd etmək istərdik:

B-1987 şifrli cüngdə Qövsi, Mövci, Səfi şeirlərindən nü­munələr var­­dır.

B-3959 şifrli cüngdə Qövsi, Məczub və Mövcinin əsər­lə­rinə rast gə­lirik.

B-2258 şifrli, 1877-ci ildə yazılmış cüngdə Qövsinin türk­cə şeirləri ilə bərabər, onun müasiri Tərzinin farsca şeirini gö­rürük.

B-1548 şifrli əlyazmada Mövci və Səfinin, Fr-164/5893 şifrli əl­yazmada Mövcinin, B-1482, D-150, A-105, B-1858, B-3351, B-1761, B-1968, A-122, A-82 və s. şifrli cünglərdə Qövsinin Azərbaycan di­lin­­də şeirləri vardır. Görürük ki, Əl­yaz­malar İnstitutundakı cüngdərdə XVII əsr anadilli şairləri­mizdən daha çox Qövsi, Mövci və Səfinin şeir­ləri köçürül­müşdür. Qövsinin şeirləri digərləri ilə müqayisədə əksəriyyəti təşkil edir. Adı çəkilən sənətkarların əsərlərini, tədqiq və nəşr edərkən cünglər də müəyyən rol oynaya bilər. Lakin onu da nə­zərə almaq lazımdır ki, həmin əsərlərin orijinaldakı, divan­lardakı va­riant­aları ilə müqayisədə bu mənbələrdə müxtəlif interpolyasiyaların çox­luğu bizi ehtiyatlı olmağa vadar edir. Ümu­miyyətlə, ədəbiyyat tarixinin tədqiqi zamanı cünglərdən istifadə edərkən diqqətli olmaq lazımdır. Məlum olduğu kimi, klassik ədəbiyyatda təxəllüsü eyni olan çoxsaylı şairlər vardır. Cünglərdə isə təxəllüsün məhz kimə məxsus olması ba­rə­də çox vaxt heç bir məlumat olmur. Bunu nəzərə almasaq, böyük qarı­şıqlıq baş verə bilər. Dəqiqlik naminə müəlliflərin cüng­lər­dəki əsərləri ilə, onların başqa mənbələrdəki, xüsusilə də divanlardakı şeirlərini mü­qayisə etmək lazımdır. Əgər cüng­dəki şeir divanda da var­sa, əsərin mü­əllifi barədə qəti söz deyə bilərik.

Mərhum əlyazmaçı alimimiz F.Seyidov «Qövsi Təbrizinin əlyaz­ma­larında olan şeirlərin vəzni» adlı məqaləsində Əl­yaz­malar İnstitu­tun­da saxlanan B-1987 şifrli cüngdə şairin heca vəznində üç şeirinin oldu­ğunu iddia edir (8,s.36). Bizim fik­rimizcə, bu şeirlərin məhz XVII əsr şairi Qövsi Təbriziyə (cüngdə adı yalnız «Qövsi» kimi gedir) aid oldu­ğunu sübut etmək lazımdır. Məsələn, B-1812 şifri altında saxlanan cüng­­də «Qövsi Təbrizi rast» başlığı altında gedən qəzəl (v.85a-85b) şairin divanında da vardır. Cüngdə qəzəlin bir beyti-əksik ola da, şeirin Qövsi Təbriziyə məxsusluğu şübhəsizdir. Əlyazmalar İnstitutunda sax­la­nan, sonunda (v.276b) h.1111-ci il (m.1699) tarixi qeyd olunan B-1812 şifrli cüngü nəzərdən keçirək. Zari Ərəşi adlı şair Əlyazmanın bir neçə yerində məcmuəni köçürdüyünü qeyd etmişdir.

Zari barədə müəyyən məlumatımız vardır. Fikrimizcə, Salman Müm­­tazın Məhəmməd Hüseyn xan Müştaq barədə yazdığı məqalə­sində haqqında məlumat verdiyi Ağcayazılı Məhəmməd Çələbi əfəndi Zari elə bu Zari Ərəşidir. S.Müm­taz Zarinin Məhəmməd Hüseyn xan tərə­findən h. 1179 (m.1765-1766) və h.1183-cü (m.1769-1770) illərdə ima­rət və məscid inşa edilməsinə dair maddeyi-tarix tərtib etdiyini mə­­lu­mat verir (7,s.88-89). Şairin maddeyi-tarixlərinə AMEA Əl­yaz­malar İnstitu­tunda B-2228 şifri altında saxlanan əlyazma cüngdə də rast gəlirik. A.Dadaşzadə Zarinin həmin cüngdəki h.1147-ci (m.1734-1735) ilə aid maddeyi-tarixli farsca şeiri­nin məzmununu vermişdir. Buradan şairin Nadir şaha mənfi münasibətini görürük: «Şad günlərim qara gəldi, şad­lıq piya­lə­lərini qəmə çevrildi. Təhməsqulu xan (yəni II Şah Təhma­sibin sərkərdəsi Nadir) şöhrət və tac sahibi oldu. İranda onun zülm ildırımı parladı. Zari Nadiri şəriət düşməni, küfr və zəlalət meydanının Rüstəmi adlandırır. Onun qəzəbindən və sitəmindən döv­ra­nın beli büküldüyünü söyləyir və deyir ki, Nadirin zülmündən Şir­van­da qalmağı mənasız gö­rüb buradan köçməyi qərara aldım» (4, s.146).

Həmin cüngdə şeirləri köçürülmüş Kəsbi Ərəşi barədə Salman Mümtaz məlumat vermiş, onun XVII əsrdə yaşa­dı­ğını, I Şah Abbas dövrünün (1587-1629) tarixi şəxsiyyətləri Yusif xan və Molla Həsənin dostu olduğunu bildirmişdir. «XI əsri-hicrinin əvvəllərində Şah Ab­bas Kəbir tərəfindən Yusif xan adlı bir zat Şirvan vilayətinə bəylərbəyi təyin olun­muşdu. Yusif xan özü gözəl təbi-şerə malik olduğu kimi, və­ziri Molla Həsən də o vaxtın dərin bilikli, fəsahətli şair­lə­rindən idi. Bu şairdust əmirin əhdində bəzi türkcə və farsca şeirlər söyləyən qüdrətli şairlər də yetişmişdir ki, onlardan da bəhs etmək mənfəətdən xali de­yil­dir. Əz cümlə Ərəşli Kəsbi o zamanın görkəmli və adlı şairlə­rin­dəndir ki, Yusif xan və Molla Həsən ilə də dost və aşna imiş» (7, s.211). S.Mümtaz Niyazi Əraqi, Molla Həsən, Yusif xan və Kəsbi Ərə­­şi ara­sın­da bədahətən rübailərlə şeirləşmənin mətnini də vermişdir. Burada Kəsbinin Şirvanı tənqid edən Niyazi Əraqiyə cavab olaraq dediyi belə bir rübai var:

Ey mərdi-Əraq, eyləmə Şirvani zəmm,

Etmək nə rəva cənnəti-rizvani zəmm,

Yad eylə səfa handa alağdır tikəninki,

Gəl başın üçün eyləmə Şirvani zəmm (7,s.212).

B-1812 şifrli cüngdə Kəsbinin «Dağıtma öqdi-zülfini, ey şuxi-fin­nə­gər» (10,v.73b), «Yadıma hər dəm ki, ləli-dilbəri-dilcu gəlür» (10, v.74a) misraları ilə başlanan qəzəlləri, Füzu­linin «Qıldı ol sərv səhər naz ilə həmmamə xuram» (10, v.202a-203b), «Şəm’i-muyin aləmi-aləmaradır sənin» (10, v.204b-205b), «Dil uzadıb bəhs ilə ol arizi-cananə şəm» (10, v.220a-220b) misraları ilə başlanan şeirlərinə yazdığı təxmis­ləri vardır. Bundan başqa, Əylazmalar İnstitutunda saxlanan B-2228 şifrli cüngdə Kəsbinin Azərbaycan və fars dillərində şeirlərinə rast gəlirik.

Əlyazmadakı tarix barədə qeyddən belə nəticəyə gəlmək olardı ki, cüngdə əsərləri köçürülmüş Asəf Şirvani, Əbdür­rəh­man əfəndi Vaiz Şirvani, Zülami Molla Gülü Qarabaği, Katib Kazım, Kəsbi Ərəşi, Nabi əfəndi Şirvani, Rövnəqi, Səfi, Sa­leh, Zari Ərəşi və başqalarının Azər­baycan türkcəsindəki şeirləri ən geci XVII əsrdə yazılmışdır. Bizi eh­tiyatlı olmağa vadar edən səbəblərdən biri F.Köçərlinin «Azərbaycan ədə­biy­yatı» adı ilə çap edilən məşhur əsərində Vaiz əfəndi Şir­vani, Nabi əfəndi Şirvani və Asəf Şirvaninin Nişat Şirvanidən sonra, yəni XVIII əsrdə yaşayan şairlər kimi təqdim etmə­sidir. Görkəmli ədə­biy­yatşünas bu fikri iddia edərkən Ağaəli bəy Əfəndizadə adlı şəxsin mə­lumatına əsaslandığını qeyd edir (5,s.423). Lakin həmin siyahıya Nə­simi Şirvaninin də adı­nın salınması təbii ki, bu fikrin dəqiqliyini şübhə altına alır.

Əlyazmanı daha ətraflı nəzərdən keçirərkən görürük ki, burada osmanlı şairləri Baqi, Nabi əfəndi ilə adları çəkilən və çəkilməyən Şir­van şairlərinin əsərləri sayca üstünlük təşkil edir. XVII əsrdə yaşamış şairlərdən Qövsi, Mövci, Səfinin türkcə, Saib, Məczub, Mürtəzaqulu xanın farsca şeirləri də top­luya daxil edilmişdir. Əlyazmada buraya şeir­ləri daxil edil­miş bəzi şairlərin tərtib etdikləri maddeyi-tarixlər diqqətimizi cəlb edir. Rövnəqi adlı şairin «Tarixi-zəlzəleyi-Şamaxı eyzən Rövnəqi əst» başlığı ilə gedən 7 beytlik farsca şeirinin sonun­cu beytində XVII əsrdə baş vermiş Şamaxı zəlzələsinin tarixi göstərilir. Görkəmli alim Məmmədağa Sultanov buradakı so­nun­cu beyti tərcümə edərək maddeyi-tarixdə göstərilən hadi­sə­nin baş vermə vaxtını müəy­yənləşdirmişdir:

«Qəza yerin zəlzələsi ilə Şamaxını dağıtdığı zaman,

Tarixi «Şamaxını zəlzələ dağıtdı» oldu.

Bu şeirin son misrasındakı «Hədmi-Şamaxı zəlzələ» tər­kibi mad­deyi-tarix olub, hicri 1079 (miladi 1668)-ci ili gös­tərir» (9,s.109). Gör­dü­yümüz kimi, Rövnəqi 1668-ci ildə baş vermiş Şamaxı zəlzələsinə mad­deyi-tarix yazmışdır. Lakin əlyazmada XVIII əsrdə baş vermiş hadisələrə dair də mad­deyi-tarixlər vardır. Cüngü köçürən Zari Ərəşi Məhəmməd əfəndi Rafeizadənin vəfatına dair yazdığı 6 beytlik şeiri­nin son misrasında («Min yüz əlli birdə ruhi-pakı getdi dünya­dan») (10,s.220a) onun hicri tarixlə 1151-ci, miladi tarixlə 1738-ci ildə dün­yasını dəyişdiyi göstərilir. Əlyazmanın bir yerində Zari Füzuli qəzəlinə təxmis yazmış Rövnəqinin onun babası olduğu qeyd edir. V.195a-da şeir oxucuya belə təqdim olunur: «Təxmisi-qəzəli-Füzuli Rövnəqi rast cəddül-həqir» («Həqirin (Zarnin) babası Rövnəqinin Füzuli qəzəlinə yaz­dığı təxmis»). 1738-ci ildə maddeyi-tarix yazan Zari Ərəşinin ba­ba­sı­nın və ya ulu babasının 1668-cı ildə Şamaxı zəlzələsinə şeir həsr et­məsi tamamilə mümkün görünür. Fikrimizcə, bura­dan haqlı olaraq belə bir nəticəyə gələ bilərik ki, haqqında danışdığımız cüngə ana di­lində şeirləri daxil edilmiş Rövnəqi XVII əsrdə yazıb-yaratmış şair­lə­rimizdəndir. Rövnəqinin bu cüngdəki azərbaycanca şeirləri «Saqinin» rədifli 7 beytlik qə­zəldən (10,v.118b-119a), Füzuli qəzəllərinə 5,7 və 6 bənd­lik 3 təxmisdən (10,v.195a-197b) və Şüğli qəzəlinə 1 təxmis­dən (10,v.197b-198a) ibarətdir. Rövnəqinin bu cüngdə farsca bir neçə şeiri də vardır (10,v.120b, 172b, 186b-188a, 190b-192a).

Vərəq 218b-də oxuyuruq: «Tarixi-fəthi-Şamaxı be dəsti-Surxay Mol­la Kazım rast: «Fəthi-məhəlli-Şirvan» (Tərcü­məsi: Surxay tərə­fin­­dən Şamaxının tutulmasına dair Molla Ka­zımın yazdığı tarix: «Fəthi-məhəlli-Şirvan»). Bu barədə M.Sultanov belə yazır: Molla Kazım bir cümlədə Surxay xa­nın Şamaxını öz hakimiyyəti altına aldığı tarixi sadəcə olaraq «Fəthi-məhəlli-Şirvan» izafəti ilə ifadə etmişdir ki, bu da əb­cədlə hesablandıqda hicri 1135 (mialdi 1721)-ci ili gös­tə­rir» (9,s.111). Belə bir hadisənin məhz həmin ildə baş verməsi barədə məlumat vardır. Tarixdən bəllidir ki, 1721-ci ildə Sə­fəvi dövlətində vergilərin artırılmasına etiraz əlaməti olaraq üsyan edən xalqın köməyi ilə Hacı Davud adlı şəxs Qazı­qumuzxlu Surxay xanınla birlikdə Şamaxıya daxil olmuşdu (2,s.357).

Əlyazmada 1725-ci ildə Osmanlı sərkərdəsi Mustafa paşa tərə­fin­dən Gəncənin tutulmasına dair Molla Kazımın və Vaiz əfəndinin tərtib etdikləri maddeyi-tarixlər də vardır (10, v.219b). Cüngün içində rast gəldiyimiz bəzi tarixlərin onun so­nunda qeyd olunan 1699-cu il tari­xin­dən sonra baş verdiyini görürük. Belə çıxır ki, bu səliqəli, gözəl xət­lə yazılmış cün­gün sonunda verilmiş tarix cüngün tərtibinin bit­mə­sinə aid deyil. Hər halda, XVIII əsrin 1-ci yarısında malddeyi-tarix tər­tib etmiş Molla Kazım, Vaiz əfəndi kimi şairlərin XVII əsrin son­la­rın­da da yaşadıqlarını ehtimal edə bilərik. Hələllik, əlimizdə əlavə faktlar olmadığından bu barədə daha ətraflı bir söz deyə bilmirik. 1668-ci ildə baş vermiş Şamaxı zəlzələsinə şeir həsr edən Rövnəqinin, qəzəlinə Rövnəqi tərə­findən təxmis yazılan Süğlinin və Kəsbi Ərəşinin XVII əsr­də yazıb-yaratmaları isə, fikrimizcə, şübhə doğurma­malıdır.

XVII əsrə aid olan A-340 şifrli digər bir cüngü nəzərdən keçirək. Əvvəldən və sondan naqis olan bu əlyazmanın 9a və 20a vərəqlərində onun Mustafa adlı katib tərəfindən köçü­rül­düyü qeyd olunub. V.103b-də h.1111 (m.1699)-cu il tarixi göstərilmişdir. Fikrimizcə, bu tarix əl­yazmanın köçürülmə­si­nin qurtarmasına aid deyil. B-1812 şifrli cüngdə şeirlərinə rast gəldiyimiz Səfi, Saleh və Kəsbi ərəşinin əsərlərinə bu cüngdə də rast gəlirik. V.45a və v.55b-də Rövnəqinin müasiri Şüğ­li­nin şeirləri köçürülmüşdür.

Adları indiyədək ədəbiyyat tariximizə düşməmiş XVII əsr anadilli şairlərimiz – Rövnəqi, Şüğli və Kəsbinin şeirləri özü­nə­məxsus bədii xü­susiyyətləri, dilinin sadəliyi ilə diqqətimizi cəlb edir. Bu əsərləri digər mənbələrdən də toplayıb ətraflı tədqiq etmək qarşımızda duran vəzifə­lərdəndir. Onların gös­tə­rilən əlyazma məcmuələrindəki şeirləri barədə qısaca da olsa məlumat verək. Rövnəqinin 6 beytlik «Saqinin» rədifli

Bəzmi-tərəb quruldu otağında saqinin,

Rəngi-səfa bulundu qabağından saqinin (10,v.118b)

–beyti ilə başlanan qəzəli ilk növbədə səmimiliyi, dilinin sa­dəliyi ilə diqqətimizi cəlb edir. Rövnəqinin Füzuli və Şüğ­li­nin şeirlərinə, Kəs­bi­nin Füzuli şeirlərinə yazdıqları təxmislər həm də ona görə diqqətimizi cəlb edir ki, bu şeirlərə qədər XVII əsrdə anadilli poeziyamızda təx­mi­sə rast gəlməmişdik. Röv­nəqinin əlimizdə olan Füzuli qəzəllərinə yaz­dığı 3 təxmi­sindən birincisi dahi şairin

Əşrəqət min fələkil-behcəti şəmsün və biha,

Mələəl aləmə nurən və sürurən və bəha (6,s.41)

–beytilə başlanan nətinə yazılmışdır (Tərcüməsi: Gözəllik fə­ləyindən gü­nəş doğdu və onunla aləm gözəllik, şadlıq və işıq­­la doldu).

Füzuli Məhəmməd peyğəmbərin dünyaya gəlişini özü ilə gözəllik, şadlıq, işıq gətirən günəşin doğmasına bənzədir. Ümu­miyyətlə, dini mətnlərdə, klassik ədəbiyyatda Peyğəm­bərin nur adlandırılması geniş yayılmışdır: «Dinimizə görə ilk yaradılan əlqi-küllün bir adı da nuri-Məhəmmədidir. Bu inam islam peyğəmbərinin «Allahın ilk yaratdığı mənim nurumdur» hədisindən qaynaqlanır. Onun Qurani-Kərimdə nur­la bağlan­ması da bu fikri gücləndirir: «Ya peyğəmbər! Həqiqətən biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi gön­dərdik! Biz səni Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq ola­raq göndərdik» (Əhzab, 45-46)… Göndərilmiş Rəsullulahın İlahi nurun təzahürü və dünyəvi qaynağı olduğu ortaya çıxır» (1,s.45-46).

Rövnəqi təxmisində Füzuli şeirinin əsas ideyasına çox həs­sas ya­naş­mışdır. Bəlli olduğu kimi, təxmisin hər bəndinin əvvəlində müəllif şeirinə təxmis yazdığı şairin beytinə özün­dən 3 misra əlavə edir. Fü­zulinin birinci beytinə uyğun olaraq bu təxmisin birinci bəndində əlavə edilən ilk 3 misra da ərəb­cədir. Qəzəlinin ikinci beytində Füzuli yenə də islam pey­ğəm­bərini günəşə bənzədir, onu özündən qabaqkı Tanrı elçi­ləri ilə müqayisə edərək deyir ki, Şüha ulduzu gün çıxanda yox olduğu kimi, bütün peyğəmbərlər də onun ətrafına yay­dığı işıqdan gö­rünməz oldular. Rövnəqi təxmisinin bu beytə aid bəndinin üç əvvəlki misrası sonda gələn Füzuli beytinə bir hazırlıq mərhələsi kimi səslənir:

Girdi xəffaşsifət künci-nihan içrə könül,

Hükəma firqəsi ol şə’şəeyi-nurdə gül,

Mətleyi-övci-risalət üfüqündən, ey dil,

«Çıxdı bir gün ki, ziyasında təmamiyyi-rüsul.

Oldu məhv öylə ki, xurşid şüaində Süha» (10,v.195b).

İslam peyğəmbərindən öncə könüllər yarasa kimi qa­ran­lıq, gizli bir küncdə qalmışdı. Onun gəlişi ilə dünyaya elə bir nur gəldi ki, digər pey­ğəmbərlər görünməz oldular. Bənddəki misralar məzmunca bir-biri ilə sıxı əlaqədərdirlər, burada fikir inkişaf etdirilərək ümumi bir ide­yanın ifadəsinə xidmət edir. Rövnəqinin «Mətleyi-övci-risalət üfü­qün­dən, ey dil» misrasından sonra gələn Füzuli beyti bunun məntiqi yekunu kimi səslənir. Yəni, peyğəmbərin günəş kimi digər ulduzları (peyğəmbərləri) görünməz etməsi hadisəsi «Mətleyi-ovci-risalət»-«peyğəmbərlik zirvəsi tüluu» üfüqündən baş ver­miş­dir.

Rövnəqi Füzulinin bu 7 beytlik qəzəlinin 5 beytinə təxmis yaz­mış­dır. Burada Füzuli beytlərinin ardıcıllığı pozulmuşdur ki, şair bunu, fik­rimizcə, şüurlu surətdə edibdir. Füzulinin üçün­cü beytini Rövnəqi ona görə təxmisinin sonuncu bən­dində iqtibas etmişdir ki, buradakı «röv­nəq» sözünü təxəllüsü kimi işlədə bilsin:

Ta ki, bazari-cəhan açdı bu dövrani-qədim,

Buldu bazar rəvac ol dürri-dəryayi-əzim,

Qıldılar çox bu nida birlə mənadilər kim:

«Oldu bazari-cəhan Rövnəqi bir dürri-yətim

Ki, degil iki cəhan hasili ol dürrə bəha» (10,v.195b).

Peyğəmbəri dürri-yetimə (sədəf içərisində tək bir dənə çox iri mir­vari) bənzədən Füzuli deyir: Dünya bazarının röv­nəqi (bəzəyi) elə bir dürri-yetim oldu ki, iki dünyanın qazancı da o dürrün dəyəri deyildir. Rövnəqi isə bəndin əvvəlindəki üç misrada yazır ki, bu qədim dövran cahan bazarı açdığı za­mandan o böyük dərya dürrü ən bahalı və tələb olunandır. Füzuli beytindən bilavasitə öncə gələn «Qıldılar çox bu nida birlə mənadilər kim» («Bu nida ilə carçılar çox dedilər ki») misrası isə Füzuli beytindəki mənanın xüsusilə vurğulan­ması­na xidmət edir. Əgər Füzuli bu beytinin birinci misrasında bazari-cahan rövnəqi, bəzəyi olan dürri-yetimdən danışırsa, Rövnəqi «rövnəq» sözünü təxəllüsünün ve­ril­məsi üçün bir vasitə kimi işlədir. Müasir əlifba ilə çap etdikdə qə­zəldən fərq­li olaraq təxmisdəki «rövnəq» sözünü böyük hərflə yaz­maq lazımdır. Rövnəqi Füzulinin «Bülbüli-dil gülşəni-rüxsa­rın eylər arzu» misrası ilə başlanan 7 beytlik qəzəlinə 7 bənd­lik (10,v.196a-197a), «Ol­saydı məndəki qəm Fərhadi-mübtə­ladə» misrası ilə başlanan 7 beytlik qəzəlinə isə 6 bəndlik (10, v.197a-197b) təxmis bağlamışdır. Bunlardan birinci təxmisdə Rövnəqi 1,6 və 7-ci bəndlərdən başqa di­gər bəndlərdə Füzuli beytlərinin ardıcıllığını pozmuşdur ki, bu da fik­rimizcə, həmin şeirin şairin əlində olan nüsxə variantı ilə bağlıdır. So­nuncu təxmisin bəndlərində müəllif Füzuli beyti ilə öz misraları ara­sında kamil bir məna əlaqəsinə nail olmuşdur:

Bu qəm ki, var qəmindən, ey şəh, bən gədadə,

Mümkün degil kim, ola min zari-pürbəladə.

Halım zəbun edübdür, vəh, bu qəmi-ziyadə.

«Olsaydı məndəki qəm Fərhadi-mübtəladə

Bir ah ilə verərdi min Bisütuni badə» (10,v.197a).

Sonuncu bənddə elə bil ki, böyük üstadı ilə aşiqlikdə ya­rışa girmək istəyən şair Füzuliyə üz tutatarq «Əgər sən də mə­nim kimi eşqə müb­təla olsan, dünyada zövqü səfa ta­par­san» deyir:

Ol eşqə Rövnəqivəş sən mübtəla, Füzuli,

Ta bulasan cahanda zövqü səfa, Füzuli,

Ya qət’i-ülfət eylə, ol bivəfa, Füzuli,

«Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli,

Olma vüsalə talib dünyayi-bivəfadə» (10,v.197b).

Kəsbinin Füzuli qəzəllərinə yazdığı təxmislər içərisində xüsusilə dahi şairin «Qıldı ol sərv səhər naz ilə həmmamə xü­ram» misrası ilə başlanan qəzəlinə yazdığı təxmis diqqə­təla­yiq­dir. Füzuli qəzəlində sadəcə gözəlin hamamda təsvirini verməmiş, onun hamamda üzə çıxan gözəlliyinin aşiqin emo­sional vəziyyətinə təsirini göstərmişdir. Aşiq xəyalının gücü ilə məşuqəsini hamamda təsəvvür edir, bu təsəvvürdən hal­bahal olur. Füzuli şeirini dərindən duyan Kəsbi bəndlərdəki misra­la­rında elə bil ki, Füzulinin xəyali səyahətinə qoşulur, ustadı ilə bə­rabər o da bu gözəlliyə heyran olur. Kəsbi hər bəndə əlavə etdiyi üç mis­ra ilə Füzuli beytləri arasında güclü bir məntiqi əlaqə yarada bil­mişdir, onun misraları Füzuli təs­virinə əlavə təfərrüatlar təsiri bağış­la­yır. Belə təəssürat oyanır ki, gözəlin çimdiyi hamamı Füzuli xəyalı ilə bərabər Kəsbinin də xəyalı seyr edir:

Adəmizadə edib vəhşilik ol ahuyi-Çin,

Etdi çeşmi-siyəhin afəti-canı dilü din,

Bəni-sevdazədəni etmək üçün bitəmkin,

«Kakilin şanə açıb, qıldı həvayi-mişkin,

Tiğ muyin dağılıb, etdi yeri ənbərfam» (10,v.203a).

Haqqında heç bir məlumatımız olmayan, Rövnəqinin müa­siri Şüğlinin klassik ədəbiyyatı, dilimizin incəliklərini gözəl bilən bir şair olduğunu görürük. XVII əsrə aid A-340 şifrli əlyazmada Şüğlinin iki 6 beytlik qəzəlinə və bir 2 beytlik qitəsinə rast gəlirik. Şüğli bu şeir­lə­rin­dən birində sevgili­sin­dən ayrı düşmüş aşiqin gözünü qəmdən büküşən uşağa bənzədərək səmimi bir mənzərə yaradır:

Getməsün ol sərvi-rəvan, ta ki, gözüm başı mənim.

Tifl kibi büküşüb ardınca fəğan eyləməsin (11,v.45a).

Digər qəzəlində şair qəmi onun içərisində şan bağlayan bir arıya bənzədir, «Zənburi-qəmin bağladı çün şan içərim­dən» (11,v.56b) deyir. Şairin qitəsi də lirik aşiqanə mövzu­dadır:

Əhd etmiş idin etməgə cövrü sitəm bənə,

Əhdin yerinə yetdi, həman eylədin, yetər.

Qeyr ilə söhbətin olub, ey şuxi-bixəbər,

Qeyr ilə Şüğli bağrını qan eylədin, yetər (11,45a).

XVIII əsrin ilk onilliklərində tərtib etdikləri maddeyi-ta­rixlər əsa­sın­da XVII əsrdə də yazıb-yaratdıqlarını güman et­di­yimiz Əbdürrəh­man əfəndi Vaiz Şirvani və Molla Kazımın B-1812 şifrli cüngdə bir sıra şeirləri vardır.

Vaiz əfəndi Şirvaninin cüngdəki qəzəlləri dilinin sadəliyi, danışıq dilinə yaxın olması, oynaqlığı ilə diqqəti cəlb edir, o, təqlidi sözlərdən də məharətlə istifadə etmişdir:

Qapına yar gəlsə tıqqatıq,

Rəqsə gir barmağınla şıqqaşıq.

Nan dərdilə acdin ölmək yeg,

Bari-minnət çəkincə zıqqazıq (10,v.109).

Vaiz əfəndinin zəmanədən, müasirlərinin əxlaqından şika­yət etdiyi «Yoxdur» rədifli qəzəli onu Nişat Şirvanidən sonra yaşamış şair hesab edən F.Köçərlinin çox xoşuna gəlmiş və o bu qəzəli öz əsərinə salmış­dır. Şeirin son beyti belədir:

Zəmanə halidir, Vaiz, həya saxla həyasızdan,

Həyasızla həyasızlıq edəcək halımız yoxdur (10,s.v.75a).

Burada əsas araşdırma obyektimiz olan B-1812 şifrli cüng­də Molla Kazımın adı Katib Kazım, Mövlana Katib Ka­zım, Mövlana Kazım Qu­ran­nəvis kimi də getmişdir. Molla Kazımın da qəzəllərində, məsələn, «Kazım tək», (10,v.117b) «Göyçək» (10,v.117b-118a) rədifli şeitr­lər­də dilin sadəliyi nəzərə çarpan ilk cəhətdir.

Məcmüəni köçürmüş Zari Ərəşinin şeirləri də bir sıra xü­su­siy­yət­lə­rinə görə Vaiz və Molla Kazımın əsərlərinə yaxın­dır.

Cüngdə əsərləri verilmiş Asəf Şirvani, Molla Gülü Zülami Qara­baği, Kövkəbi, Məhəmmədxan qazi Ağdaşi, Mənsəbi Ağdaşi, Məfluki Təb­rizi, Nabi əfəndi Şirvani, Saleh, Fəğani kimi anadilli şairlərin hə­lə­lik yaşadığı dövru dəqiq müəyyən edə bilmədik. İnanırıq ki, cüng­lə­ri­mizin daha ətraflı tədqiqi XVII əsr anadilli lirikamıza dair yeni, dəyərli məlumatlar əldə etməyimizə yardımçı olacaqdır.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin