Tahirə Nurəlİyeva
(Əlyazmalar İnstitutu)
Vəqf olunmuş əlyazmaların bİr neçə nüsxəsİ haqqında bəzİ qeydlər
Qədim tarixə malik xalqımızın əsrlər boyu yaratdığı yazılı abidələr, onların öyrənilməsi və tədqiqi Azərbaycan xalqının, eləcə də Yaxın və Orta Şərq xalqlarının ədəbi irsini, elmə gətirdiyi nailiyyətlər xüsusi qiymətləndirilir. Yazılı abidələr nəsillərdən-nəslə keçərək, ayrı-ayrı şəxslər, əlyazmaları sevən, onlara böyük hörmətlə yanaşan əlyazma kolleksionerləri tərəfindən qorunub-saxlanılmış və əlyazmalar İnstitutunun yaranmasına əsas olmuşdur.
Zəngin və tarixi inkişaf yolu keçmiş Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünya mədəniyyəti xəzinələri arasında qiymətli yazılı abidələrin dəyəri, özünəməxsusluğu ilə qiymətləndirilir. Milli kitab – mədəniyyətimizin zənginliyi, orta əsr alimlərimizin və onların əsərlərinin çoxluğu anlamıdır. Yaradılmış zəngin əsərlər geniş xalq kütləsinin maraqlarına ədəbi zövqlərinə uyğun olduqlarından həmin əsərləri özlərinin daimi malı, şəxsi kolleksiyası, abidəsi olsun deyə onları vəqf edir, həmişəlik mənimsəyir, sonra övladdan-övlada, nəsildən-nəslə keçməsini vəsiyyət edirlər.
Əlyazmalar İnstitutunda elmin müxtəlif sahələrinə dair külli miqdarda müxtəlif müəlliflərin əsərlərinin vəqf olunmuş nüsxələri saxlanılır.
Vəqf etmək ənənəsi orta əsrlərdə əsasən müsəlman ölkələrində daha geniş yayılmışdır. Vəqf islam mülki hüququnda geniş yayılmış əmlak formasıdır. Ümumiyyətlə, dini, xeyriyyəçilik məqsədilə dövlətin və ya ayrı-ayrı şəxslərin öz istəyi ilə verilən və bağışlanan daşınar və daşınmaz əmlak vəqf adlanır.
“Vəqf” ərəb sözü olub “bir yerdə durmaq”, “sakin olmaq”, “Allah yolunda bağışlamaq” və s. mənalar kəsb edir. Yaranma tarixi islam dönəminə VII-VIII əsrlərə aid edilsə də, tarixçi alimlər bir sıra mənbələrə əsaslanaraq vəqfin ictimai kökü məbəd təsərrüfatı-ictimai təsərrüfat forması kimi cəmiyyətə ibtidai icma dövründən keçdiyini yazırlar. Məbəd təsərrüfatı (Хромовой сообственность) – islama (VII əsr) qədər ki, xristian dininə məxsus termindir. Vəqfin idarə edən şəxs “Mütəvəlli” və ya “Nazir” adlanırdı ki, onun da vəzifəsi gəlirin toplanmasına nəzarət etmək idi. Bu vəzifə irsi də olurdu. Vəqf edilən əmlak nə satıla, nə girov qoyula, nə də bağışlana bilərdi.
Əlyazmalar İnstitutunda saxlanılan vəqf olunmuş əlyazmalardan başqa “Vəqfiyyə” və yaxud “Vəqfnamə” adı ilə yazılmış əsərlər vardır ki, bunlar da çox maraqlıdır. Bu əsərlərdə vəqfin qanun-qaydaları, vəqf etmək məqsədilə vermək xeyriyyəçi kimi mülk tikdirmək, Quran oxuyanlara vəqf haqqında məlumat vermək və s. bəhs edilir. Quranın oxunmasında vəqf – fasilə, pauza və nəfəslə bərabər səsi kəsməkdir.
İnstitutda olan vəqf olunmuş əlyazmaları ayırmaq üçün bütün formatlardan olan abidələr bir-bir nəzərdən keçirilmiş, vəqf edən şəxsin möhürü, eləcə də şəxsi qeydi ilə müəyyənləşdirilmiş, 500-dən artıq əsər qeydə alınmışdır. Həmin əsərlər tədqiqata cəlb edilmiş iki cilddə “Vəqf olunmuş əlyazmalar kataloqu” yazılmışdır.
Bu məqalədə “Amili Zeynəddin bin Əli bin Əhməd əl-Şaminin ərəb dilində “Rövzətül-bəhiyyət” fi şərhül-ləməətüd-Dəməşqiyyə” əsərinin vəqf olunmuş nüsxələrindən bəhs edilir. Amili Zeynəddin h.966(=1558-59m.)-ci ildə vəfat etmişdir. Müəllif Şəhidi Sani adı ilə də məşhurdur.
Şəriətdən bəhs edilən əsər (D-399/10376) iyirmi üç hissədən (babdan) ibarətdir:
Birinci hissə - “Kitabüs-səlat” adlanır və bir neçə fəslə bölünür. Burada namazın savabı, yeddi şərtinin yerinə yetirilməsi, namaz qılarkən bədənin təmiz olması, qiblənin düzgün müəyyən edilməsi, namaz qılarkən yayınmamaq və başqa qanun-qaydalarından bəhs edilir. Həmçinin, səfər və ziyarət namazları, vacib və müstəhəb namazların qaydaları, təriqətlərin yolları, ölü basdırmaq, qorxu namazı, caamatla birlikdə namaz qılma qayda-qanunlarından danışılır.
İkinci hissədə - zəkat, ticarət, fitrə və başqa müstəhəq, vergi qaydaları.
Üçüncü hissədə (xums) –seyidlərə yetişən dini və zəkat formaları.
Dördüncü hissədə - oruc tutmaq qaydaları.
Beşinci hissədə - cihad qaydaları.
Altıncı hissədə - kəffarət haqqında (günahların bağışlanması üçün dini cəza (uzun ibadətlər, pəhriz və s.), günahlardan xilas olmaq üçün kasıblara verilən pul və ya bir şey haqqında).
Yeddinci hissədə - məhkəmə və şəriət məsələrinə dair qanunlar.
Səkkizinci hissədə - şahidlik kitabı və onların hansı keyfiyyətlərə malik olması.
Doqquzuncu hissədə - hədiyyə və sədəqə vermək.
Onuncu hissədə - haram və halallıq.
On birinci hissədə - ticarətin qaydaları.
On ikinci hissədə - borc vermək.
On üçüncü hissədə - rəhim məsələsi.
On dördüncü hissədə - qadağalar və onların səbəbləri.
On beşinci hissədə - girov qoymaq.
On altıncı hissədə - vəkalət (başqasının işini görməyə təyin olunma), vəkillik.
On yeddinci hissədə - sülh bağlamaq.
On səkkizinci hissədə - şəriklik.
On doqquzuncu hissədə - vergi məsələləri.
İyirminci hissədə - əmanət məsələsi.
İyirmi birinci hissədə - faizsiz borc.
İyirmi ikinci hissədə - əkinçilikdə hüquqi qaydaların tənzimlənməsi haqqında.
İyirmi üçüncü hissədə - məsafələr (iki yer arasındakı ara, fasilə).
Mətn ağ və göy vərəqlərə nəsx xəttilə qara mürəkkəblə yazılmışdır. Başlıqlar, sözlərin altından çəkilmiş xətlər qırmızı mürəkkəblədir (ölçüsü: 19x33sm., həcmi: 270 vərəq). Cildi qəhvəyi rəngli meşindən, hər iki üzərində turunc var, həndəsi cizgilidir.
3b vərəqində əsərin mündəricatı verilmişdir. Əsərin mətni 4b vərəqindən başlanır. Başlanğıcda ərəb dilində yazılmış vəqf qeydinin məzmunu aşağıdakı şəkildədir: “Həmin kitab Məhəmməd Rəfi Molla Baba Şirvani oğlu (Bakıda sakin olub), öz övladlarına, nəsildən-nəslə vəqf etmişdir. Kitabın savabı, duası rəhmətlik Ümmi Cahan Məhəmmədqulu bəy qızının ruhuna çatsın. Vəqf şəriət qanunları əsasında yerinə yetirildi”.
Fiqh - şəriətdən bəhs olunan əlyazmanın 1a vərəqində Səlyandan Kərbəlaya gedən yolüstü kənd və şəhərlərin adları (Təlkə, Əlibəyli, Germi, Ərdəbil, Daşbulaq və s.), sonra İmamzadələrin adları, daha sonra isə h.1281(=1864)-ci ildə məhərrəm ayının 26-da (2 iyul) Molla Məhəmməd Rəfinin Kərbəladan qayıtması ilə əlaqədar qeydlər vardır.
5a-24a vərəqlərinin haşiyələrində hər vərəqin üç yerində ərəb əlifbası ilə وقف sözü yazılmışdır. 18a-da “Bu xüsusi vəqf Məhəmməd Rəfinin Axund Molla Baba Şirvani tərəfindən edilmişdir”. Bütün vəqf qeydlərinin hamısı Axund Molla Məhəmməd Rəfiyə məxsusdur.
Zəngin paleoqrafik xüsusiyyətlərə malik bu əlyazma h.1229(=1813-14m.)-cu ildə Zeynalabidin ibn Baba Səlyani tərəfindən köçürülmüşdür.
Əlyazmanın ikinci nüsxəsi D-400/10377 şifrə altında saxlanılır. Ağ, saya vərəqlərə nəsx xəttilə qara mürəkkəblə yazılmışdır. Yarımbaşlıqlar və sözlərin altından çəkilmiş xətlər qırmızı mürəkkəblədir. Əvvəldən bir neçə vərəq boşdur. 6b vərəqindən müxtəlif qeydlər, sual-cavablar, müəmmalar verilmişdir (ölçüsü: 22x32sm., həcmi: 192 vərəq). Cildi qara rəngli meşindən, üzərində turunc var, həndəsi cizgilidir.
Əsərin mətni 9a vərəqindən başlanır. Başlanğıcda “Övlada xüsusi vəqf” və “Bu kitabı Məhəmməd Rəfi ibn Axund Molla Baba Şirvani vəqf etdi” – qeydləri vardır. Həmin vərəqdə 3, sonuncu 192a vərəqində iki yerdə eyni möhür basılmış və üzərindəمحمد رفيع ١٢٥٧ (Məhəmməd Rəfi 1257(=1841)-ci il sözləri yazılmışdır. Haşiyələrdə qeydlər çoxluq təşkil edir.
Şəriətdən bəhs olunan bu əlyazma h.1249(=1833)-cu ildə zilhiccə ayının 27-də köçürülmüşdür və Məhəmməd Rəfiyə məxsus möhürlə təsdiqlənmişdir. Xəttinə əsasən və təsdiqlənmiş möhürə görə əlyazmanın katibi Məhəmməd Rəfidir.
Abidənin digər nüsxəsi D-786/10783 şifrəlidir. Əlyazmanın mətni ağ, saya vərəqlərə qara mürəkkəblə nəsx xəttilə yazılmışdır. Yarımbaşlıqlar, sözlərin üstündən çəkilmiş xətlər, mətnarası işarələr qırmızı, bəzi sözlərin üstündən çəkilmiş xətlər qara mürəkkəblədir (ölçüsü: 20,5x 32,5sm., həcmi: 170 vərəq). Cildi qara meşindəndir, üzərində turunc var. Əvvəldən bir neçə vərəq boşdur.
Əsər “Kitabi-təharət”, “Kitabi-salavat”, “Kitabi-cihad”, “Kitabi-kəfalət”və s. başlıqlarladır.
1b vərəqində fars dilində yazılmış vəqf qeydinin tərcüməsi belədir: “Bu xüsusi vəqf Axund Baba Bakui (əslən məskəni Rudbaridən) tərəfindən öz oğlan övladlarına, nəsildən-nəslə, nəsil kəsildikdən sonra şiə alimlərinə şəriət qanunları əsasında edilmişdir. Qeydin yanında Məhəmməd Rəfiyə məxsus iki müxtəlif möhür basılmışdır. Birinci möhürdə ال محمد رفيع بند ه (Bəndeyi Ali Məhəmməd Rəfi) yəni Məhəmməd nəslinin bəndəsi Rəfi), ikincidə شا فعى يوم حسابا" محمد رفيع ين بابا (Hesab günündə (qiyamət) əhf etmək üçün vasitəçi olan Məhəmməd Rəfi ibn Baba) sözləri yazılmışdır. 2a vərəqində iki dəfə təkrarən وقف خاص (xüsusi vəqf) və yuxarıda göstərilən birinci möhür iki dəfə basılmışdır.
Haşiyələrdə qeydlər, şərhlər çoxluq təşkil edir.
Əlyazmanın əvvəlindəki boş vərəqlərin axırıncı səhifəsində Əhməd adlı bir şəxsin vəfatı haqqında şənbə günü məhərrəm ayının 7-də h.1283 (=22 may 1866m.) tarixli qeyd və bayatı yazılmışdır.
Mən aşıq yaşa mənsiz,
Bağların yasəmənsiz,
Mən oldum gülə həsrət,
Gülşənsiz yasəmənsiz.
Yox ağlayan dost kuyində,
Getməyin yasa mənsiz.
--------
Mən aşıq bu dağ haray,
Qəm məni bu dağ haray,
Könül istər əl yetməz,
Əgilməz bu dağ haray.
Titul vərəqində əsərin mündəricatı, müxtəlif qeydlər, təvəllüd tarixi və şeir parçası verilmişdir.
Əlyazmanın sonuncu vərəqində kiçik bir qeyddə deyilir: “Bu nüsxə müəllif nüsxəsinin əsli ilə tutuşdurulmuş və müqayisə edilmişdir” və əsər h.956(=1549 m.)-cı ildə tamamlanmışdır.
Fiqh elminə aid bu əsərin birinci cildinin tam olmasına baxmayaraq, katibi və köçürülmə tarixləri qeyd olunmamışdır.
Zəngin paleoqrafik əlamətlərə malik olan bu abidəni XIX əsrə aid etmək olar.
S-423/9376 şifrə altında saxlanılan bu nüsxə ağ, göy və boz rəngli vərəqlərə nəsx xəttilə qara mürəkkəblə yazılmışdır. Yarımbaşlıqlar və bəzi sözlərin altından çəkilmiş xətlər qırmızı mürəkkəblədir. Əvvəldən bir neçə vərəq bərpa edilmişdir (ölçüsü: 18,5x30sm., həcmi: 298 vərəq). Cildi qara rəngli meşindən və hər iki üzü həndəsi cizgilidir.
1a vərəqində ərəb dilində olan vəqf qeydinin tərcüməsi belədir: “Bu kitab şəriət qanunu ilə Molla Məhəmməd Həsən ibn mərhum Axund Molla Fəzləli Nəvahili tərəfindən və həmin kitabın savabı isə anasının ruhuna keçirmək şərtilə vəqf edilmişdir. Molla Məhəmməd Həsən əslən Nuxalı olub-Bakıda yaşayır, h.1286(=1869-70m.) –cı ilin şəvval ayının 15-də (19 yanvar)”.
Sonuncu 298b vərəqində ərəb dilində evlənmə və boşanma haqqında yazı verilmişdir.
Mətnarası yazılar, haşiyələrdə müxtəlif qeydlər çoxluq təşkil edir.
Fiqhə aid əsərin sonu II qırmızı yazılmış cildin adı yazılmış mürəkkəblə “Kitabi-əlcarə” sözləri ilə bitmişdir. Köçürülmə tarixi qeyd edilməmişdir. Əsərin II cildi, S-504 şifr altında saxlanılır. Hər iki əlyazmanı müqayisə etdikdə xətlərin müxtəlif olduğu aydınlaşır.
Əsərin S-504/9457 şifrəli nüsxəsi ağ və boz rəngli vərəqlərə qara mürəkkəblə nəstəliq və nəsx xəttilə yazılmışdır. Yarımbaşlıqlar və sözlərin bir hissəsi qırmızı, bir hissəsi isə qara mürəkkəblədir (ölçüsü: 20x 30 sm., həcmi: 221 vərəq). Cildi qəhvəyi rəngli meşindəndir və üzərində turunc var.
1a vərəqində vəqf qeydi vardır. Qeyd aşağıdakı məzmundadır: “Məhəmməd Hüseyn, Hacı Molla Qasım və Xurşidbanu “Dəməşkiyyənin – şərhi” kitabını öz övladlarına və nəsildən-nəslə vəqf etdilər. Savabı isə qanuni şəkildə babalarının ruhuna çatsın.” 1a və sonuncu vərəqə basılmış möhür üzərində “Ali Məhəmməd Musa, sənə 1260” (Məhəmməd Musanın nəslindən, h.1260(=1844 m.) – sözləri yazılmışdır. Fiqhə aid bu əsər h.1256(=1840 m.)-cı ildə Məhəmməd ibn Əli İsfəhani tərəfindən köçürülmüşdür.
Beləliklə, vəqf olunmuş əsərlərin çoxluğu xalqın tarixən elmə maarifə və kitaba nə qədər bağlı olduğunu bir daha təsdiqləyir.
Mehri Məmmədova
(Əlyazmalar İnstitutu)
Nəcəf bəy Vəzİrov.
Meşəçİlİyə aİd sənədlər
(Əlyazmalar İnstitutunun materialları əsasında)
Milli mədəniyyətimizin, ədəbiyyatımızın, tariximizin əvəzsiz müqəddəs məkanı olan Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı yazılı abidələr təkcə xalqımızın deyil, Yaxın Şərqin orta və sonrakı yüzilliklərdəki ictimai-siyasi vəziyyətini öyrənmək baxımından qiymətli mənbələrdir.
Bu yazılı abidələr-əlyazma kitabları ilə yanaşı XIX yüzilliyin ikinci yarısından başlayaraq XX yüzillikdə yaşayıb-yaratmış alim, şair, ədəbiyyat və mədəniyyət xadimlərimizin şəxsi fondları da dövrün ümumi mənzərəsini əks etdirən qiymətli sənədlər olmaqla zəngin bir xəzinədir.
Burada M.F.Axundov, A.A.Bakıxanov, H.B.Zərdabi, N.B.Vəzirov, S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.T.Sidqi, R.B.Əfəndiyev, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ü.Hacıbəyov, Ə.A.Müznib, N.Nərimanov, S.Mümtaz, M.Maqomayev və bu kimi görkəmli xadimlərimizin arxivlərini tədqiq edib öyrəndikcə onların kecdikləri ömür yollarını izlədikcə, belə bir nəticəyə gəlirsən ki, müasir həyatımızda istər orta təhsil məktəblərində, istərsə də haqlarında yazılan məqalə və kitablarda bu el oğullarımızın keçdikləri həyat yolları hələ tam halda göstərilməmiş və haqlarında deyiləcək sözlər, yarımçıq qalmış fikirlər açıqlanmamışdır.
Milli ədəbiyyat və mədəniyyətimizin bu dəyərli övladları öz dərin zəka və ağılları ilə yaşayışlarının əsasını, yaradıcılıqlarının mənasını el işinə, vətəninə, xalqına xidmətdə görmüş, heç nədən, heç kəsdən çəkinmədən, qorxmadan dövrünün durumunu müxtəlif səpkilərdə yazdıqları əsərlərində-drama, komediya, hekayə, faciə və felyetonlarında əks etdirməyə çalışmışlar.
Burada represiya qurbanları olmuş ədəbiyyatşünas alimlərimizdən Salman Mümtaz və Əlabbas Müznibin adını xüsusi qeyd etmək istərdik.
Bildiyimiz kimi şura hökuməti xalqın öz mənliyini-ana dilini, dinini, adət ənənəsini, onlara məxsus olan bayramlarını belə unutdurmağa çalışmış, yox etməyə səy göstərmişdir. Lakin xalqını, onun mənəviyyatını yüksək qiymətləndirən Salman Mümtaz, Əlabbas Müznib, Yusif Vəzir Çəmənzəminli kimi yüksək vətənsevər alim, şair və publisistlərimiz öz qələmləri ilə, öz zəkaları ilə bu yaramaz hərakata qarşı çıxmışlar.
Salman Mümtaz Azərbaycanın bütün bölğələrinə gedib, xalq deyimlərini-folklor nümunələrini, adlı-sanlı insanları haqqındakı söhbətləri dinləyib, yazıya almış, bu günkü günümüzə ərmağan edərkən;
Əlabbas Müznib öz şeirləri ilə xalqını ayıltmağa, maarifləndirməyə, düşdüyü bəladan qurtarmaq üçün üzünü böyük türk oğlu Atatürkə tutmuş, ondan imdad istərkən adlarına “xalq düşməni” damğasını basmışlar.
Bu fədakar el oğullarımızı Sibirə sürgünə aparan yol bax bu olmuşdur. Vətən, xalqım deyən dilləri kəsilsə də uzaq Sibirdən gələn məktublarında, şeirlərində yenə də susmamışlar.
Haqqında danışacağımız Nəcəf bəy Vəzirov da bu dahilərlə yaxın olmuşdur. Onun şəxsi fondunda Salman Mümtazın bir teleqramı vardır. Salman Mümtaz Nəcəf bəyi yaradıcılığının 40 illik yubileyi münasibətilə Aşxabaddan təbrik edir və gələ bilmədiyi üçün təəssüf etdiyini bildirir. Ona milli ədəbiyyatımızın inkişafı naminə cansağlığı arzulayır. s.v.46.
Nəcəf bəy Vəzirovdan çox danışılıb, çoxlu məqalələr və kitablar yazılıbdır. Biz isə burada onun şəxsi fondundakı bəzi sənədlərlə o böyük şəxsiyyəti yad etmək istərdik.
Şəxsi fondunda onun tərcümeyi-halını; yaradıcılığını açıqlayan çoxsaylı materiallar-dram əsərləri “Haci Çırıq lənətullah”, “Hacı Fərəc lənətullah”, “Keçmişdə”, “Keçmişdə qaçaqlar”, “Kərəmlər”, “Otuz beş il bundan əqdəm”, “Qaçaqlar”, “Qəzviyyə”, “Təzə əsr”, “Nə əkərsən, onu biçərsən”, “Pul düşkünü Hacı Fərəc”, və b;. felyetonları, məktublar və 40 illik yubileyi münasibətilə teleqram və qəzet yazıları vardır.
Bu sənədlərin qiyməti onlardan əksəriyyətinin avtoqraf olmasıdır.
“Şəfa” maarif cəmiyyəti nəşriyyatı tərəfindən 1913-cü ildə çap edilmiş kiçik həcmli kitabça Nəcəf bəyin keçdiyi həyat yolunu açıqlayan əvəzsiz bir sənəddir. Kitabçanın üz qabığında “Qırx yil Qafqaz türkləri ədəbiyyatinə etmiş olduğu xidmətlərinə müqabil tərtib edilmiş yubileyi (şənlik günü) münasibətilə çap edilmişdir “kimi açıqlama verilmişdir.
Buradakı N.B.Vəzirovun öz qələmindən çıxan tərçümeyi-halından bəzi məqamları müasir gəncliyə ərməğan olaraq qeyd etmək istərdik.
Nəcəf bəy yazır:
Mən, 1854-cü ildə bəhar aylarında (Şişə) şəhərində anadan doğulmuşam. Məni on iki yaşında məktəbə göndərdilər. 3 ayın ərzində Quran oxumağı öyrənib, yazıya başladım. Bir ildən sonra məni Şişə şəhərinin mülkiyə məktəbinə verdilər.
O, burada Mkrtç adlı müəllimdən rus dili dərsini almağa başlayır. Lakin müəllimin onu haq-nahaq döyməsinə dözməyib, məktəbdən qaçdığını, 1868-ci ildə anasının göz yaşlarına baxmayaraq, Bakıya gəldiyini söyləyir. O, yazır ki, ailəmiz hədsiz dərəcədə kasıb idi. Ailəni anam idarə edirdi, atam xəstə və bacarıqsız idi. O vaxtlar yadıma düşdükcə şimdi də ürəyim parə-parə oluyor deyə çəkdiyi əzab və əziyyətlərini qəlb ağrısı ilə dilə gətirir.
Nəcəf bəy Bakı həyatını ürək dolusu sevinclə təsvir edir və bildirir ki, burada Realni məktəbin II sinfinə daxil olur, oranı gümüş medalla bitirir. Onun gələcək həyatında mühüm rol oynayan amil, 6-cı sinifdə oxuyarkən rus teatrına tamaşa etməsi olur. O, yazır ki, ertəsi günü qimnaziya müəllimim Həsən bəy Zərdabiyə müraciət etdim: “Aya, bizim dilimizdə teyatro əsərləri, ya məzhəkə və ya faciə varmıdır deyə sordum.
Məlikov Mirzə Fətəli Axundovun Hacı Qara komediyasını ona nişan verir və Nəcəf bəy bu komediyanı pansionun müsəlman şagirdləri ilə bir yerdə hazırlayıb, tamaşaya qoyurlar. O, yazır ki, biz hazırlaşan zaman Həsən bəy Məlikov cənabları tamaşa edirdi. Amma şagirdləri mən hazırlayırdım.
Tamaşanın çox uğurla keçdiyini, qubernatorun ailəsi ilə tamaşaya gəldiyini, tamaşa bitdikdən sonra qubernatorun dilmancı Həsən bəy Nəbibəyovun onları qonaq etməsini sevinclə yad edir. Həman gecə müəllimimiz Həsən bəy Məlikov Mirzə Fətəli Axundova teleqram göndərdi...
O, Realni məktəbi bitirib əvvəlcə San Peterburqa gedir, sonra Moskvaya Petrovski Akademiyasına daxil olur. Burada son dərəcədə fəqirlik həyatı keçirir. Bu haqda belə yazır: Havası soyuq Moskvada üstümə örtməyə bir yorğanım yox idi. Gecələr dünya malından təkcə gümanım gələn bircə palazımı üstümə çəkirdim... Hərdən oturub, axırımın necə olmasından fikir edirdim... Hər il şəhərimizdə 10-15 imam ehsanı verən olur. Burada boynuyoğun mollalar, şiş papaqlı tacirlər, hacılar plovlanırlar. Allah belə ehsanı qəbul etsin. Fəqət fəqirlərin uşaqları üçün qayrılmış məktəbə verilən ehsanı qəbul etmir.
Nəcəf bəy belə bir mühitdə çalışmış, öz əsərlərində dövrünün fəna cəhətlərini təsvir edərək, tənqid atəşinə tutmuşdur.
Göründüyü kimi son dərəcədə kasıblıq, fəqirlik həyatı keçirən bu insanı xalqının savadsız qalması, onun əsrlərdən bəri xanların, bəylərin, mollaların təzyiqi ilə nadanlıq dünyasında yaşaması Həsən bəyi genişmiqyaslı, müxtəlif məzmunlu əsərlər yaradıb, bu kütləni ayıltmağa sövq etmişdir.
Bildiyimiz kimi Azərbaycanda dramaturgiya M.F.Axundovun qələmi ilə, maarifçi dramaturgiya isə Nəcəf bəy Vəzirovun yaradıcılığı ilə başlamışdır. Vəzirovun ədəbi və ideoloji fəaliyyəti milli maarifçilik, faciə və məzhəkələri dramaturgiyamızın, elmi-bioloji əsərləri isə Azərbaycan meşəcilik elminin yeni bir mərhələsinin əsasını qoymuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi, N.B.Vəzirovun ümumi yaradıcılığı ətraflı öyrənilmiş, tədqiq edilib nəşr olunmuşdur. Onun “Palıd” adlı elmi-təhqiqat işi isə haqqında yazılımış bir-iki məqaləni çıxmaqla indiyədək təhqiqat yoxsa tədqiqat çap edilməmişdir.
Alimin şəxsi fondunda 1-ci saxlama vahidi altında qorunan bu əsər 72 vərəqdən ibarət olub, 17x4x 21 sm ölçüsündədir.
Əsər Azərbaycan dilində, ərəb əlifbası ilə yazılmış, tarixi və yazıldığı yer qeyd olunmamışdır. Onun Nəcəf bəyin Ağamalıoğlu adına Yer Quruluşu və Meliorasiya texnikumunda dərs dediyi zaman tələbələr üçün hazırladığını yəqin etmək olar.
Əsər sondan naqis olsa da məzmun etibarı ilə tamdır. Onu ilk dəfə olaraq transfoneliterasiya ilə nəşrə təqdim etməklə Azərbaycanda meşəçiliyin inkişafına lazımi qədər xidmət edəcəyi ümidindəyik.
Ədibin şəxsi fondunda meşəçiliklə bağlı elə bir diğər sənəd yoxdur. Lakin buradakı bir məktub nəzərimizi cəlb edir. Bu, Ağamalıoğlu adına Yer Quruluşu və Meliorasiya texnikumunun Nəcəf bəyin oğlu Samirə ünvanladığı müraciətdir. Məktubda atasının meşəçiliyə aid kitablarının texnikuma verilməsi xahiş edilmişdir.
Bu məktubdan məlum olur ki, Nəcəf bəyin meşəçiliyə, kənd təsərrüfatına aid əsərləri tələb olunan ünvana verilmişdir. Məktub Nəcəf bəyin vəfatından sonra 24 dekabr 1926-cı ildə yazılımışdır. fond 4, s.v.59.
Şəxsi fondundakı diğər bir sənəd, Nəcəf bəyin kənd təsərrüfatındakı fəaliyyətini açıqlayır. Bu, 5 dekabr 1920-ci ildə Ümumrusiya Həmkarlar İttifaqı tərəfindən Vəzirova verilmiş kitabçadır. Kitabça onun Azərbaycan rayonlarında kənd təsərrüfatı ilə bağlı fəaliyyətinə görə verilmiş və Nəcəf bəyin I kateqoriyalı Ali meşəbəyi olduğu, 28 fevral 1920-ci ildə Xalq Torpaq Komitəsinin müfəttişlik şöbəsinə işə götürüldüyü bildirilmişdir.
Burada meşəçiliyə aid digər sənədlər Nəcəf bəyin meşə quruluşu işinə aid planlarıdır.
S.v.64-də onun “İş planı” adlı sənədi texnikumun III kurs tələbələrinin meşə taktikası (oduncaqlı ağacların miqdarının təyin edilməsi), yay praktik işinin aparılıması, praktika kimi bir illik, altmış illik ağacların sahəsinin, ölçüsünün təyin edilməsi və meşəçiliyə aid digər məsələlərin öyrənilməsi haqqındadır.
Digər sənədlərdə Yer quruluşu və Meliorasiya texnikumunun meşəçilik sahəsinin I kurs tələbələrinin meşədə canlı və çürümüş ağacların böyüməsi, yaşı və xüsusiyyətlərini öyrənmələri, meşə torpağının dərinliyi, rütubətliliyi əsasında ağacları təyin etmək, ağacların yaşını və kölgəyə davamlılığını təyin etmək, kölgəyə davamlı ağacı təsvir etməkdir.
“Palıd” elmi əsəri Azərbaycanda meşəçiliyin inkişafı üçün çox dəyərlərə malik olduğundan onu ərəb əlifbasından foneliterasiya ilə çapa hazırlamaqla Nəcəf bəy Vəzirov yaradıcılığına azacıq da olsa xidmətimizlə qürurlanırıq. Əlbəttə müəllifin öz ədəbi dilini saxlamaq şərtilə.
Ədibin şəxsi fondunda onun yaradıcılığının 40 illik yubileyi münasibətilə çoxlu təbrik teleqramları vardır. Bu teleqramlarda Nəcəf bəyin nadir yaradıcılığa malik olması (Yelizovetpol şəhərinin başçısı); onun kimi ədibin xalq üçün həmişə gərəkli olması (Bakı Müsəlman Cəmiyyəti Xeyriyyə idarəsi); onun ədəbiyyat sahəsindəki xidmətləri (Bakı Rus Müsəlman məktəblərinin müəllimlərindən) qeyd olunur.
Sevinc Axundova
(Əlyazmalar İnstitutu)
XIX əsr Qarabağ ədəbİ mühİtİ
Nəsrəddİn Qarayevİn tədqİqatında
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun mərhum əməkdaşı, şərqşünas alim, filologiya elmləri namizədi Nəsrəddin Qarayev (1926-1982) elmi fəaliyyətini əlyazma qaynaqları əsasında klassik ədəbiyyatımızın tədqiqinə həsr etmişdir. N.Qarayev Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakultəsini bitirmiş, 1960-1966-cı illərdə Respublika Əlyazmalar Fondunda, 1966-1972-ci illərdə Nizami adına Ədəbiyyat İnstitunda çalışmış, sonra yenidən Respublika Əlyazmalar Fonduna qayıdaraq ömrünün sonunadək burada işləmişdir. Elmi yaradıcılığında XIX əsr ədəbi məclislərinin tədqiqinə xususi fikir verən tədqiqatçı 1971-ci ildə “XIX əsr Azərbaycan ədəbi məclisləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onun bu dissertasiyası ölümündən sonra 2010 və 2012-ci illərdə iki dəfə çapdan çıxmışdır. Kitabı nəşrə hazırlayan və elmi redaktor filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Musalıdır. Bundan başqa, alimin nəşrə hazırladığı Mirzə Həsən Qarabağinin “Seçilmiş əsərləri”, “Poetik məclislər” antologiyası çapdan çıxmışdır.
N.Qarayevin “XIX əsr Azərbaycan ədəbi məclisləri” monoqrafiyasının ən dəyərli cəhəti ondan ibarətdir ki, burada əsər yazılarkən çox az öyrənilmiş sahə-müxtəlif şəhərlərdə mövcud olmuş ədəbi məclislər ilkin qaynaqlar-əlyazma mənbələri, Əlyazmalar İnstitutu materialları əsasında tədqiq edilmişdir. Kitabda XIX əsrdə Azərbaycanda fəaliyyət göstərmiş “Divani-hikmət”, “Gülüstan”, Əncümənüş-şüəra”, Fövcül-füsəha”, “Beytüs-səfa”, “Məclisi-üns”, “Məclisi-fərəmuşan”, “Məcməüş-şüəra” kimi ədəbi məclislərin fəaliyyəti araşdırılır, bu məclis üzvlərinin həyat və fəaliyyəti öyrənilir.
Giriş, səkkiz fəsil və son sözdən ibarət monoqarfiyanın VI fəsli XIX əsrdə Şuşada fəaliyyət göstərmiş “Məclisi-üns”, VII fəsli isə “Məclisi-fərəmuşan” ədəbi məclisinə həsr edilmişdir. Müəllif haqlı olaraq qeyd edir ki, XIX əsrin ikinci yarısında təşkil edilən ədəbi məclislər içərisində həm iştirakçılarının sayının çoxluğuna, həm də başqa ədəbi məclislərlə əlaqələrinə görə “Məclisi-üns” xüsusi yer tutur. Bu məclisin səsi-sədası nəinki Şimali Azərbaycan bölgələrinə, hətta Tiflis, İrəvan, Təbriz, Tehran, Aşqabad və başqa şəhərlərə belə yayılmışdı. Bu məclisin Şamaxı və Lənkəran ədəbi məclislərinin qızğın fəaliyyət göstərdiyi bir zamanda Şuşada təşkil edilməsi xüsusilə diqqətəlayiqdir. Tədqiqatçı göstərir ki, XIX əsrin birinci yarısında Şuşada və Qarabağın ayrı-ayrı kəndlərində onlarla şair yazıb-yaradırdı,Qasım bəy Zakir, Məhəmməd bəy Aşiq, Cəfərqulu xan Nəva (Arif), Mirzə Əsəd, Aşıq Pəri kimi şairlər bir yerdə yığışar, qızğın müzakirələr, deyişmələr keçirərdilər. Yeni ədəbi qüvvələr yetişməkdə idi. Bütün bunlar Şuşada ədəbi məclisin yaranmasını zəruri etdi. Şəhərdə alim və müdərris kimi tanınmış Mirzə Əbülqasımın yanında dərs alanlar məşğələlərdən sonra bir yerə toplaşıb ədəbi mübahisə və arifanə söhbətlər aparırdılar. Sonralar ədəbi məşğələlər bir müddət şair Hacı Abbas Agəhin mənzilinin üst mərtəbəsində keçirildi. N.Qarayev Mirzə Rəhim Fənanın Əlyazmalar İnstitutunda saxlanan xatirələri əsasında göstərir ki, 1864-cü ildən şeir-sənət həvəskarları Agəhin evində toplaşıb ədəbiyyatdan danışar, tarix və musiqi haqqında mübahisə və müzakirələr keçirərdilər. 1872-ci ilə kimi adsız olan məclis həmin ildə Xurşidbanu Natəvanın evinə köçür, şairənin ölümünə, 1897-ci ilə qədər fəaliyyətini davam edir. Mirzə Rəhim Fənanın avtoqraf xatirəsinin mətnini tam şəkildə monoqrafiyasına daxil edən tədqiqatçı göstərir ki, Mirzə Rəhim “Məclisi-üns”ün yalnız doqquz üzvünün adını çəkmişdir. Lakin o, araşdırmalar nəticəsində aşağıdakı məclis üzvləri barədə məlumat vermişdir: Xurşidbanu Natəvan (1832-1897), Mirzə Rəhim Fəna (1841-1931), Mirzə Ələsgər Növrəs (1836-1912), Mirzə Həsən Yüzbaşov (1824-1904), Məmo bəy Məmai (1842-1918), Hacı Abbas Agəh (?-1892), Məhəmmədəli bəy Məxfi (1821-1892), İsmayıl bəy Daruğə (1842-1891), Məşədi Nəsir Lövhi (?-1891), Mirzə Sadiq Piran İmanxan oğlu (1811-1892), Hüseyn ağa Cavanşir (1856-?), Bəhram bəy Fədai, Mirzə Haqverdi Səfa (?-1881), Məhəmməd ağa Müştəri (1875-1956), Mahmud bəy Mahmud, Mirzə Cəfər Köhnəfüruş (1839-1903), Səməd bəy Səməd, İsgəndər bəy Rüstəmbəyov (1845-1918).
N.Qarayev qeyd edir ki, “Məclisi-üns” yalnız şairlərin deyil, Şuşa xanəndələrinin də çox sevdikləri yer olmuşdur. Hacı Hüsü, Məşədi İsi, Kaştazlı Haşım və başqa xanəndələr burada iştirak edirdilər. Tadqiqatçı şuşalı Həsən Mirhaşım oğlu Ağamirovun xatiratına əsaslanaraq göstərir ki, yuxarıdakı xanəndələrdən əlavə Molla Vəli, Molla Abbasqulu, Məşədi Dadaş, Hacı Məhəmməd Alı oğlu, Məhəmməd Qaryağdı oğlu, tarzən Sadıq kimi sənətkarlar da “Məclisi-üns”ə çox yaxın olmuşlar.
Tədqiqatçı Əlyazmalar İnstitutunda saxlanan materiallar, digər mənbələr əsasında “Məclisi-üns” üzvlərinin Azərbaycanın digər məclisləri ilə əlaqələri barədə maraqlı məlumatlar vermişdir. Monoqrafiyada göstərilir ki, H.A.Agəh Şamaxıya gedərək, Seyid Əzim Şirvaniyə qonaq olmuş, onunla məktublaşmışdır. (Əsərdə S. Əzimin Agəhə yazdığı, heç bir yerdə çap edilməmiş mənzum məktubdan da danışılır). M. Məmai də bir neçə dəfə Şamaxıya getmiş, orada şeir və musiqi məclislərində iştirak etmişdir. Şirvan dəfələrlə Şuşaya gələrək “Məclisi-üns”də iştirak etmişdir. Şirvan şairlərindən Mirzə Əbdüləli Hilali Şirvani dəfələrlə Şuşaya gələrək “Məclisi-üns”də iştirak etmişdir. O, Növrəs, Məmai, Həsən, Agəh və digər Qarabağ şairləri ilə dostluq etmişdir. Agəh şeirlərindən birində onun Şuşaya gəlişini Yaqubla Yusifin görüşünə bənzətmişdir. M.Ə. Hilali “Məclisi-üns” şairlərinin hər birini səciyyələndirən şeir yazmış, Məmai, Səməd bəy, Agəh, Məxfi və Növrəs də öz növbəsində ona cavab vermişlər.
N.Qarayev qeyd edir ki, məclisin başçısı Natəvan da Azərbaycanın müxtəlif yerlərində yaşayan şairlərlə müntəzəm əlaqə saxlamış, onlarla məktublaşmışdır. AMEA Əlyazmalar İnstitutunda saxlanılan bir sənəddə Şamaxının Udulu kəndindən Molla Musa Şirvaninin nəzmlə ona yazdığı cavabı vardır.
Monoqrafiyada “Məclisi-üns”ün üzvlərindən Mirzə Həsən Yüzbaşov, Məhəmmədəli bəy Məxfi və Məmo bəy Məmaiyə həsr edilən oçerklər sırf əlyazma materiallarına istinad edilməsi ilə diqqəti cəlb edir.
Tədqiqatçı qeyd edir ki, M.F.Axundov, N.Vəzirov, Hacı Rza Dilməqani Əhsənül-Qəvaid, S. Ə.Şirvani və başqa tanınmış ziyalılar kimi M.Məxfi də H.Zərdabinin “Əkinçi” qəzetində müəllif kimi iştirak etmişdir. O, belə bir ehtimal irəli sürür ki, AMEA Əlyazmalar İnsitutunda fotosurəti saxlanan “Əhvalati-Qarabağ” adlı əlyazmanın müəllifi M.Məxfidir.
Monoqrafiyada haqqında məlumatın çox az olduğu “Məclisi-üns” şairi Məmo bəy Məmai haqqında da maraqlı məlumatlar vardır. Göstərilir ki, Məmo bəy bir müddət ticarət məqsədi ilə Aşqabad, Səmərqənd, Sankt-Peterburq, Şimali Qafqaz, həmçinin Türkiyə və İranın bir sıra şəhərlərini gəzmiş, gördüklərindən bəhs edən “Səyahətnamə” adlı əsər yazaraq bu barədə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məktub yazmışdır. Məmo bəyin şeirlərini təhlil edən müəllif onun xalqını inkişafda görmək istəyən bir vətənpərvər olduğunu, erməni daşnaklarının fitnə-fəsadlarını ifşa etdiyini göstərir.
Kitabda “Məclisi-üns”ə daxil olmayanların, “fəramuş olanların” (unudulanların) 1872-ci ildə təşkil etdikləri “Məclisi-fərəmüşan” məclisi barədə də maraqlı məlumatlar verilmişdir. Müəllif məclisin aşağıdakı üzvlərinin adlarını müəyyənləşdirmişdir. Mir Möhsün Nəvvab (1833-1919), Abdulla bəy Asi (1841-1874), Həsənəli xan Qaradaği (1847-1929), Mirzə Əbdül Şahin (1849-1900), Məşədi Əyyub Baki (1866-1909), Fatma xanım Kəminə (1840-1898), Abdulla bəy Abış, Baxış bəy Səbur (1863-1931) və qardaşı Bəhram bəy Fədai, Mirzə Muxtar (1866-1912), Məşədi Məhəmməd Bülbül (1863-1918), Molla Xəlil Şaki, Mirzə Məhəmməd Katib (1833-1889), Həsən Qara Hadi (1826-1900), Xarrat Qulu Yusifi (1823-1883), Mirzə Hüseyn Salar (?-1876), Mirzə İsmayıl Məhzun (1821-1894), Nazim, Mirzə Əli Aşiq (1846-1894),Ş Müznib, Sabit, İbrahim bəy Azər (1836-1885), Məşədi Cəfərqulu (?-1896), Mehdi bəy (?-1887), Hacı Əmir (?-1887), Kərbəlayi Ələkbər Safi, Mirzə Sadiq Lətif oğlu Hicri (təbib), Mirzə Sadiq İmanxan oğlu (xanəndə) Piran (1811-1892), Məşədi İsi, Hacı Hüsü, Sadıqcan, Mirzə Ələsgər Növrəs, Nəvvabın müəllimi Molla Abbas (1831-1880), Mirhəsən Miriş (Nəvvabın oğlu, 1871-1948), Mirzə Əli Mühərrir, Sədi Sani (1854-1879) və s. Bunlardan Mir Möhsün Nəvvab, Həsənəli xan Qaradaği, Mirzə Məhəmməd Katib, Abdulla bəy Asi, Fatma xanım Kəminə və Məşədi Bakiyə oçerklər həsr edən müəllif əlyazma qaynaqlarından istifadə edərək adı çəkilən şairlərin həyat və yaradıcılığı barədə maraqlı faktlar üzə çıxarmışdır.
N.Qarayevin 1971-ci ildə tamamlanmış “XIX əsr Azərbaycan ədəbi məclisləri” monoqrafiyasında dövrün ədəbi məclisləri, onların bir sıra iştirakçıları ilk dəfə olaraq tədqiq edilmişdir. Alim bu məclislərdə ümumiyyətlə yüz əllidən artıq şair, alim, xanəndə və musiqiçinin iştirak etdiyini hesablamışdır. Monoqrafiyada göstərilir ki, XIX əsrdə təşkil edilmiş ədəbi məclislər bir qrup Azərbaycan milli ziyalılarının yetişməsində yaradıcılıq məktəbi rolunu oynamışdır. İlk dəfə məktəb və mədrəsələrin nəzdində təşkil edilən bu məclislərin vaxtilə gənclərdə ana dilinə məhəbbət, poeziyaya həvəs oyatmaqda və bir sıra gənc Azərbaycan şairlərinin yetişməsində əhəmiyyətli rolu olmuşdur.
Dostları ilə paylaş: |