NƏFSİ TANIMAQLA ALLAHI TANIMAQ OLAR
Həyat təcrübəsi nəticəsində bizim hər birimizə mə’lumdur ki, bə’zən başımız ətraf mühitə, dünyəvi məsələlərə və nəfsani istəklərə elə qarışır ki, kim olduğumuzu, harada olduğumuzu, hansı hədəfdən ötrü yaradıldığımzı tamamilə unuduruq. Xüsusi ilə, bə`zi əyləncəli oyunlar zamanı insan hər şey yaddan çıxır. Dində bu hal “ləhv” adlanır və islama görə bu sifət mö`minə yaraşmayan sifətlərdən hesab olunur. Ləhvin bə`zi dərəcələri isə haram buyurulmuşdur. Bu cür halın əlaməti ondan ibarətdir ki, həmin vaxt insana özünü xatırlatdıqda narahat olur. Belə insanlar Allah, axirət, dini vəzifələri haqında düşünməməklə qalmır, bu fikirləri unutduracaq mühitə can atır. Bu adam sanki özündən qorxur. Tənhalıqda öz şəxsiyyəti haqqında düşünə biləcəyi halda özü ilə təklikdə qalmaqdan qaçır. Bu insan artıq kənarda başını müxtəlif əyləncələrə qatmağa adət etmişdir. Bir çox azğınlıqların, günahların səbəbi məhz insanın özündən qaçmasıdır.
İnsan şüurlu varlıqdır. Elm və özünüdərketmə hissi onun zatında mövcuddur. Ona görə də vücudunda özünüdərketmə hissi az olan insan insaniyyətdən uzaqlaşır. Bu, onun özünə biganəliyindən irəli gəlir. Özünəbiganəlik haqqında qərbdə də müxtəlif nəzəriyyələr mövcuddur. Amma İslamda həmin məsələ daha dərin və əsaslı şəkildə araşdırılmışdır. İslam maarifi nəzərindən insan özünü həqiqət prizmasından qiymətləndirə bilsə ilahi mə`rifətə nail olar. “Biharül-ənvar”da nəql olunmuş məşhur hədisdə buyurulur: “Özünü tanıyan Allahını tanımışdır.” Bu hədis həm Həzrət Peyğəmbər (s), həm də Həzrət Əlidən (ə) nəql olunmuşdur. Buna diqqət yetirmək lazımdır ki, hədisdə “Allahı tanımağın yolu nəfsi tanımaq-dır” deyilməyib. Bu iki məsələ (Allahı tanımaq və özünüdərketmək) bir növ cütlük təşkil edir, başqa sözlə, bir-birlərindən ayrılıqda mümkün deyil.
Dostları ilə paylaş: |