İNSAN TƏRBİYƏSİNİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
İnsanın tərbiyəsi başqa mövcudların tərbiyəsindən bə`zi xüsusiyyətlərinə görə fərqlənir:
1.İnsanın tərbiyəsi onun iradəsindən asılıdır. Bağbanın tərbiyə etdiyi ağacın iradəsi olmadığı halda insanın iradə və istəyi onu başqa mövcudlardan fərqləndirir. Ağac şəraitə təslim olduğu halda insan öz iradəsi ilə şəraitə tə`sir göstərir.
Bir sözlə, insanın tərbiyəsində onun istəyi əsas şərtdir. İnsanı istəmədiyi halda kimsə yaxşılığa məcbur edib behiştə apara bilməz. Allah-təala Peyğəmbərə müraciətlə buyurur: “Şübhəsiz ki, sən istədiyin hər kəsi hidayət edə bilməzsən. Amma Allah istədiyini hidayət edər və O, hidayətə layiq olanları daha yaxşı tanıyır.”1 Bəli, hətta əzəmətli məqam sahibi olan peyğəmbər (s) istədiyi insanı doğru yola məcbur edə bilməz. Yalnız Allah bu yola layiq olanları hidayət edir. “Nisa” surəsinin 49-cu ayəsində buyurulur: “İstədiyini pak edə bilən yalnız Allahdır.” Demək, təzkiyə də hidayət kimi tərbiyəçinin ixtiyarında deyil. Bə`ziləri belə düşünə bilər ki, əgər hidayət və təzkiyə Allahın ixtiyarındadırsa onda insan nə vaxt hidayət ediləcəyini oturub gözləməlidir. Bu suala cavab vermək üçün “əf`ali tövhid” ifadəsi ilə tanış olmalıyıq. İnsan inanmalıdır ki, əsil fail, işi görən səbəbkar yalnız Allahdır və bu inam əf`ali tövhid adlanır. Allahdan başqa bütün varlıqlar öz hərəkətində tə`sirə möhtacdır. “Vaqiə” surəsinin 64-cü ayəsində oxuyuruq: “Onu (əkdiyiniz toxumu) siz bitirirsiniz, yoxsa biz?” Ayədən belə mə`lum olur ki, həqiqi səbəbkar Allahdır. Lakin “Hər şeyi Allah hərəkətə gətirir” demək özü də səhv fikirdir. Hər halda, mö`min şəxs bilməlidir ki, Allahın izni olmadan heç bir hərəkət baş verə bilməz.
Tərbiyələnmək insanın istəyindən asılı olsa da, Allahın iradəsi olmadan gerçəkləşə bilməz. İslam peyğəmbəri, mə`sum imamlar və cəmiyyətin digər tərbiyəçiləri yalnız Allahdan yardım almaqla bir iş görə bilirlər. “Təkvir” surəsinin 29-cu ayəsində oxuyuruq: “Aləmlərin Rəbbi istəməyincə siz istəyə bilməzsiniz.” “Nisa” surəsinin 29-cu ayəsində buyurulur: “Allah istədiyini pak edər.” “Ali-İmran” surəsinin 164-ci ayəsində buyurulur: “(Peyğəmbər) onları pak edər, onlara kitab və hikmət öyrədər.” “Şəms” surəsinin 9-cu ayəsində isə belə buyurulur: “Nəfsini təmizləyən nicat tapdı.” Son üç ayədən görünür ki, insanın tərbiyəsi Allah və onun rəsulundan, eləcə də insanın özündən asılıdır. Bu işdə Allah müstəqil, peyğəmbər və insan isə Allahın icazəsi ilə fəaliyyət göstərir. Əf`ali tövhidin mə`nası budur.
Demək, ağac öz tərbiyəsində bağbana müqavimət göstərə bilmədiyi halda insan öz tərbiyəsində azaddır. İnsanın qəlbini zorla hansısa istiqamətə yönəltmək qeyri-mümkündür. Zorla görülən işdə kamillikdən söhbət gedə bilməz. İnsanın kamilliyi doğru yola buxovlanmasında yox, doğru yolu öz istəyi ilə seçməsindədir.
İnsanların tərbiyəsi ilə məşğul olan şəxs əvvəlcə kamilliyə maraq oyatmalıdır. Əgər o, tərbiyə etmək istədiyi şəxsin diqqətini yaxşılığa yönəldə bilsə müvəffəq ola bilər. Bütün insanların fitrətində yaxşılığa meyl var. Tərbiyəçinin işi yatmış fitrəti oyatmaqdır. Əgər insanın fitrətində bu meyl qoyulmasaydı onu kimsə tərbiyələndirə bilməzdi. Təbii ki, insan meyli çəkməyən bir şeyə dəyər verə bilməz.
Demək, insanın təzkiyəsi, tərbiyələnməsi üçün ona elə bir şərait yaratmaq lazımdır ki, onda kamilliyə həvəs yaransın.
2. Özünütərbiyə mümkündür. İnsanın tərbi-yəsinin ağacın tərbiyəsindən mühüm bir fərqi insanın özünütərbiyə qabiliyyətidir. İnsan ağacdan fərqli olaraq özü üçün təkamül şəraiti yarada bilər. İnsan tərbiyəçinin köməyi olmadan öz zəhməti hesabına tərbiyənin müəyyən mər-hələlərini təkbaşına qət edə bilər. Müstəqil şəkildə elm öyrənmək mümkün olduğu kimi, müstəqil şəkildə tərbiyələnmək də mümkündür. Müəllim və tərbiyəçinin rolu inkarolunmazdır. Amma söhbət ondan gedir ki, insan oturub müəllim və tərbiyəçi yolu gözləməməlidir. Bir çox mərhələləri tərbiyəçisiz qət etmək olar.
Dövrün İsgəndəri olsan da əgər
Zülmətdə ustadsız eyləmə səfər.
Amma elə mərhələlər var ki, bu mərhələlərdəki müvəffəqiyyətsizliyi müəllimsizliyin boynuna yıxmaq olmaz. Yalnız özünütərbiyənin ali mərtəbələrini ustadsız keçmək qeyri-mümkündür. “Saffat” surəsinin 24-cü ayəsində buyurulur: “Onları yubadıb sorğu-sual üçün saxlayın.” İnsan qiyamətdə sorğu-suala çəkildiyi zaman üzr gətirə bilməz ki, tərbiyəçisi olmadığı üçün kamala çata bilməyib.
Əlbəttə ki, təkamülün ali mərtəbələrini ustadsız keçmək istəyən insanı şeytan aldada bilər. Amma ibtidai mərhələləri təkbaşına uğurla qət etmək olar. Ali mərtəbələrdə isə şeytan müdaxilə edib ustadsız yolçunu çaşdıra bilər. Elə ibtidai mərhələlərdə də ustadın olması çox gözəldir. Amma ustad yoxdursa dayanmaq da olmaz. Bu mərhələlərdə ayə və hədislər, Əhli-beyt maarifi, əxlaq alimlərinin kitabları müəllimi əvəz edə bilər.
Dostları ilə paylaş: |