ÅXëlxgghpxn nclplhkxn ncpxl


İMANI GÜCLƏNDİRMƏ AMİLLƏRİNİN ƏLAQƏSİ



Yüklə 3,76 Mb.
səhifə110/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   106   107   108   109   110   111   112   113   ...   186

İMANI GÜCLƏNDİRMƏ AMİLLƏRİNİN ƏLAQƏSİ


Əvvəlki mövzuda sadalanmış halların bir–biri ilə əlaqəsi varmı? Düşmənlərin hücumları qarşısında yaranan böhran, “səkinə” halı və Qur`anı dinləmək arasında hansı bağlılıq var? Bu suallara cavab tapmaq üçün iman məfhumunu anlamaq lazım gəlir. İmanın nə olduğunu bilsək, onu gücləndirmə yollarını da tapa bilərik.

Anladığı həqiqətə əməl etmək insanın fitri xüsusiyyətidir. İnsan zülmətə düşdükdə işıq axtarır, soyuq havada isti geyinir, istidə sərinləşdirici vasitələrdən istifadə edir. Ona görə də insanın öz dərk edib başa düşdüyü həqiqətə əməl etməsi təəccüblü deyil. Təəccüblü odur ki, insan bildiyinə əməl etməsin. Təəccüblü odur ki, insan Allahın varlığını bildiyi halda həya edib günahdan çəkinməsin. İnsan bilir ki, onun ibadət və itaətinə Allahın heç bir ehtiyacı yoxdur. Bütün ilahi göstərişlərin məhz özü üçün xeyirli olduğunu bilən insan yenə də itaətsizlik göstərir. Hamı gözəl anlayır ki, Allah yalnız insan üçün zərərli işləri qadağan edir. Amma yenə də zərərə gedirik.

Bütün bu müşküllərin həlli üçün yeganə yol insanın öz imanına qarşı diqqətli olmasıdır. İmana göstərilən diqqət onun tə`sirini daha da gücləndirir. Deyilənlərə aydınlıq gətirmək üçün bir neçə misal çəkək:

Xəstə insanın ağrıları, adətən, gecələr şiddətlənir. Əslində isə gündüzlər diqqəti müxtəlif işlərə cəlb olunan insan həmin ağrıları müəyyən qədər unudur. Demək, dəyişən ağrı yox, ağrıya yetirilən diqqətdir. Gecələr insanın diqqəti ətraf mühitdən kəsildiyindən bütün diqqət ağrılara yönəlir və o, bu ağrıları daha çox hiss edir.

İnsanın sevinci də belədir. Diqqəti müxtəlif işlərə cəlb olunmuş insan sevinci də o qədər dərindən hiss etmir. İnsan bir ne`mətə nə qədər diqqət yetirərsə, bu ne`mətdən bir o qədər də sevinc duyar. Qorxu da belədir. İnsan qorxduğu şey haqqında nə qədər çox düşünərsə, bir o qədər də çox qorxar.

Demək, insan Allah, onun sifətləri, elmi, hikməti, qüdrəti, mərhəməti haqqında nə qədər çox düşünərsə, imanı da bir o qədər güclənər. İnsanın diqqətini bu həqiqətlərə cəlb edən bütün şeylər imanı gücləndirir. Qur`an ayələri Allahın kəlamıdır. Ona görə də bu ayələri eşidən insan Allahı yada salır, Onun haqqında düşünür, nəticədə imanı artır.1 Sözə diqqət söz sahibinə diqqətdir. Allahın kəlamına diqqət Allaha diqqətdir. Əlbəttə, bu o zaman baş verir ki, insan özü üçün uyğun şəraiti yaratsın. İtaətsizliyə vərdiş vermiş insana Qur`an kəlamının heç bir tə`siri yoxdur.2 Kar insanla üzbəüz danışsan da səni eşitməz. Ona yalnız işarə ilə nə isə başa salmaq olar. Amma bu kar şəxs arxasını sənə çevirsə, nə qədər qışqırsan, atılıb–düşsən faydası yoxdur. Bəli, Qur`an ayələrinə arxa çevirib, onu eşitmək istəməyənlər də var. Belə insanlara ayələrin heç bir tə`siri yoxdur. Bəlkə də, bu ayələr həmin insanların əzabını ağırlaşdırır. “İsra” surəsinin 82-ci ayəsində buyurulur: “Biz Qur`anda mö`minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zülmkarların isə yalnız ziyanını artırır”. “Fatir” surəsinin 42-ci ayəsində oxuyuruq: “Var gücləri ilə Allaha and içdilər ki, əgər onlara bir xəbərdarlıq edən gəlsə, ümmətlərin içində ən doğru yolda olanlardan olacaqlar. Onlara xəbərdarlıq edən gəldikdə isə bu, onların ancaq nifrətlərini artırdı”. Onlar Qur`an ayələrini eşidərkən böyük bir xətərdən qaçırmış kimi qaçırlar. Onlar ayələri eşidərkən bu ayələrə istehza edirlər. “Muddəssir” surəsinin 31-ci ayəsində buyurulur: “Biz cəhənnəm gözətçilərini təkcə mələklərdən qərar vermişik. Onların sayını yalnız kafirlərin imtahana çəkilməsi üçün qərar verdik ki, özlərinə kitab verilənlər yəqin etsinlər, iman gətirənlərin imanı daha da çoxalsın, kitab verilənlər və mö`minlər şəkk-şübhəyə düşməsinlər, qəlblərində xəstəlik olan kafirlər desinlər ki, Allah bu məsəl ilə nə demək istəmişdir?” Gözətçi mələklərin sayının on doqquz nəfər olduğu bildirilir. Əvvəlki ilahi kitablarda da cəhənnəm mələkləri-nin sayı on doqquz nəfər göstərilmişdir. Həmin kitablardan xəbərdar olanlar Qur`anı oxuyarkən mələklərin sayından anlayırlar ki, Qur`an da Allah tərəfindən göndərilmiş kitablardandır. Nəticədə, Qur`an və peyğəmbərə iman artır. Amma bu söhbəti eşidən kafirlər və müşriklər istehza edərək deyirlər ki, onların sayını iyirmi etmək olmazdımı?!

Demək, iman artırmaqdan ötrü qeyd olunan səbəblər hər bir insanın Allaha olan diqqətini artırır. Diqqət artdıqda isə insan Allahı daha çox dərk edir və Ona olan imanı artır. Bir daha qeyd edək ki, bu amillər yalnız Allah qarşısında təslim olanlar üçün tə`sirlidir. Unutmayaq ki, Allah ona tərəf bir addım atanlara on addım yaxınlaşmaqla cavab verir. “Xeyir iş görənə on qat artıq əvəz veriləcək.”1

Ümid edirik ki, imanın şərtlərinə əməl etməklə günbəgün Allaha daha çox yaxınlaşacağıq. Əlbəttə ki, Allahın yardımı ilə!




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin