Zaman axarında düşüncələr
Akif ƏLİ,
yazıçı-publisist,
fəlsəfə doktoru
-----------------------------------------------
Son günlərin ictimai-siyasi prosesləri fonunda çox-çox illər bundan qabaqkı dövrlər yada düşür. 1990-cı illərin əvvəllərində Odlar yurdu Azərbaycanımız odlar içində çırpınırdı. Yaddan çıxmayan Qarabağımızda ölüm-dirim savaşı gedirdi. Yüz minlərlə soydaşımız isti ocağından, yurd-yuvasından didərgin düşmüşdü... Nankor imperiya tırtılları müstəqillik arzulayan xalqların üstündən amansızca keçir, uf demirdi. İctimai-siyasi təbəddülatlar dalğasında hakimiyyətlər tez-tez dəyişir, iqtidarlar gəlir-gedir, cəmiyyət iqtisadi səfalət, mənəvi depressiya içərisində boğulurdu...
Belə bir mürəkkəb dövrdə hər bir vətəndaş öz vicdanına, qeyrətinə, vətən və xalq sevgisinə uyğun fəaliyyət göstərməkdə idi.
...Mən o zamanlar respublikada yenicə addımlarını atan üç-dörd müstəqil, demokratik mətbu orqandan biri olan “Vətən səsi” qəzetində çalışırdım. 1989-cu ilin sonlarında təsis olunaraq 1990-cı ilin aprelindən dərcə başlayan və ölkədə azadlıq, müstəqillik, demokratiya carçısı kimi Sovet hakimiyyətinin ədalətsizliklərinə, Kremlin dəstəyi ilə baş tutan erməni işğalına, qaçqın soydaşlarımızın hüquqlarının kobudcasına pozulmasına qarşı cəsarətlə səsini ucaldan, ədalətin zəfər çalması naminə haqqı xalqa bildirməyə çalışan və hər nömrəsi acılı-şirinli tariximizin bir parçasını özündə yaşadan salnamə xarakterli, dəyərli materiallarla zəngin “Vətən səsi”nin 20 illik yubileyi keçən il səssiz-səmirsiz keçdi getdi...
Nələr etmədik bu Vətən üçün – kimimiz şəhid oldu, kimimiz şer dedi...
Bəli, o zaman “Vətən səsi”nin əməkdaşları da mərd-mərdanə millət meydanında idilər. Bizim manşetə çıxartdığımız mətnlər - “Vətən təhlükədədir”, “Vətənə Atatürk gərəkdir”, “Şuşa əldən gedir”, “Xalq – Qalx”, “Yenə də: hər şey cəbhə üçün, hər şey qələbə üçün” və s. çağırışlar redaksiyada yaşanan ab-havanın təzahürü idi. Yazdığımız, yazdırdığımız və çapa imzaladığımız məqalələrin ideya istiqaməti yalnız Vətən, Xalq, Azadlıq naminə idi. Qarabağda törədilən erməni vəhşiliyinin ifşası, didərgin soydaşlarımızın ürək acısının ovudulması əsas mövzulardan idi.
...Budur, “Vətən səsi”nin 1990-93-cü illərdəki saylarını vərəqləyirəm. Onun hər nömrəsi maraqlıdır, tarixilik baxımından çox dəyərli informasiyalarla zəngindir. Amma söz vaxtına çəkər deyiblər, qəzetin 25 yanvar 1991-ci il tarixli 3-cü sayı bu günün kontekstində diqqətimi cəlb edir. Baxıram. Qəzetin manşeti belədir: “İran erməniyə silah satır!”
Bəli! Bu başlıq altında dərc etdiyimiz məqalənin geniş şərhinə keçməzdən öncə daha bir-neçə rubrikaya nəzər yetirək.
“Baş redaktordan” rubrikası altında “Allah sizə rəhmət eləsin, şəhidlər” yazısı aktual mövzuya həsr olunub. “20 Yanvar günü şəhid məzarları önündə düşüncələr” formasında qələmə aldığım bu yazıdan bəzi sətirləri birgə oxuyaq:
“...İki ildir Siz bu soyuq, qaranlıq məzarlarda uyuyursunuz. İki ildir Sizin gözləriniz bu işıq dolu dünyaya yumuludu. Dinməz-söyləməz, qərib-qərib, mərd-mərdanə öz məzarlarınızda yatırsınız. Hər birinizin ovcunda bir ovuc Ana Vətən torpağı... Uğrunda fəda olduğunuz bu torpağın üstündə gəzən qatillərinizdə isə o mərdanəlik yox. Sizi qırğına verənlər də, Sizin qırğına getdiyinizi görənlər də, Sizə güllə atanlar da, güllə atın deyə satanlar da, əmrə qərar çıxaranlar, qərara qol qoyanlar da... lovğa-lovğa, ədalı-ədalı, əlləri qanlı gəzirlər altında yatdığınız bu torpağın üstündə. Hər biri də öz hayında... Kimi deyir – xəbərim yox, kimi deyir – mən bilməzdim... Kimi deyir – qoymadılar, kimi deyir – aldatdılar... Kimi deyir – uşaq kimi sadəlövhdüm, kimi deyir – inandım... Kimi deyir olan olub, unudaq, kimi deyir, əl verin əşi, barışaq... Ey gidi dünya! Ad-sanına uyğun, rütbəsinə, tituluna, kürsüsünə uyğun ağayanalıq, mərdanəlik edən, sus-pus çəkilib gedən, abır-həya pərdəsində gizlənən yoxdur. Yenə gözlər ucalıqda, zirvələrdə, qurulu kürsülərdədir... Hamı özünü düşünür, özünü xilas etməyə can atır. Sizi güllədən xilas etmədiklərindən nəticə çıxarıb indi hər kəs... özü üçün, şəhidlər! Siz əbədiyyətə doğru qəti addım atdığınız o müdhiş gecənin səhəri öz hayına qalanlar da “irəliyə” doğru bir addım atdılar. Addım-addım irəlilədilər qanınız soyumamış, ruhunuz şəhərin üstündən qalxmamış, Vətən torpağını sıxan barmaqlarınız yumulmamış... Hərə öz hayındadır... Sizi düşünənlər isə Sizin arxanızca şəhidlik yoluna hazır olanlardı, şəhidlik taleyini sevənlərdi, allahdan alnına Vətən oğulları qisməti yazılanlardı...”
Bu yazının altında redaksiyanın adından hörmətli din xadimlərinə ünvanlanmış “Alğış” çap olunub. Orada deyilir: “Yanvarın 20-də əziz şəhidlərimizin ikinci ildönümü münasibətilə Şəhidlər xiyabanında, paytaxt və bölgə məscidlərində, küçə və meydanlarda matəm mərasimlərinin lazımi səviyyədə hazırlanıb həyata keçirilməsi üçün çox böyük zəhmətlər çəkmiş, əsl savab işlər görmüş din xadimlərimizə, bütün axundlara, mollalara, cəmi ruhani qardaşlarımıza səmimi təşəkkürümüzü yetirir, yasinlərin, mərsiyələrin oxunması, fatihələrin verilməsi, ehsanların paylanması yolunda onların təmənnasız yardımına, xeyirxahlığına dərin hörmət və izzətlə çox sağ olun deyirik! Allah sizdən razı olsun!.. Allah bir daha xalqımıza müsibətlər qismət eləməsin! Sizləri xalqımızın azadlığı, vətənimizin tərəqqisi, yurdumuzun çiçəklənməsi yolunda həmişə xalqla can bir qəlb, qaynayıb-qarışan görək! Amin!”
Diqqət çəkən yazılardan biri - “Vətən səsi” qəzetinin redaksiyasına Naxçıvan Muxtar Respublikasından göndərilmiş xəbərdir. Məlum olduğu kimi, o illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisisnin sədri görkəmli dövlət xadimi Heydər Əliyev idi. Onun fəaliyyətinə qısqanclıqla yanaşan mərkəzi hakimiyyətin təsir dairəsində olan kiv-lər ümumiyyətlə Naxçıvanla bağlı heç bir müsbət xarakterli material dərc etmirdi.
Hərənin bir məzhəbə qulluq etdiyi o qarma-qarışıq dövrlərdə bizim redaksiya əməkdaşları xilasın ümid işığını, xilaskarın yeganə ünvanını – yalnız möhtərəm Heydər Əliyevin timsalında görürdü və yazırdı. Tədricən bu yolun alternativsizliyinə hamı əmin oldu... Bakıdakı kölə hakimiyyətin və onun kölə jurnalistikasının yaxına buraxmadığı, adını çəkməyi belə yasaq etdiyi, mətbuatda ünvanına haqsız tənqidlər, hətta təhqiramiz yazılar dərc edildiyi bir zamanda, biz etiraz əlaməti olaraq nəinki Heydər Əliyev barəsində pozitiv xarakterli məqalələr, intervyülər hazırlayır, haqqında müsbət rəylər dərc edirdik, hətta o böyük şəxsiyyətlə əlaqə saxlayaraq müxtəlif məsləhətlərini, tövsiyyələrini alırdıq, informasiya blokadasında qalan Naxçıvandan redaksiyamıza göndərdiyi Ali Məclisin rəsmi materiallarını nöqtəsinə-vergülünə toxunmadan çap edirdik.
Belə materiallar haqqında danışdığımız 25 yanvar 1992-ci il tarixli sayda da yer almışdır. Burada dərc etdiyimiz məlumatda deyilir:
““Vətən səsi” qəzeti redaksiyasına.
1991-ci il dekabrın 16-da Bakıdan Naxçıvan Muxtar Respublikasına gələn qatarın sərnişinləri “Ermənistan” respublikası Mehri dəmiryolu stansiyasında girov götürülmüşdülər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin “Ermənistan” respublikasının prezidenti Levon Ter-Petrosyanla telefon danışıqları nəticəsində qatardan endirilənlərin 111 nəfəri muxtar respublikaya qaytarılmışdır... Bakı-Yerevan dəmiryolu xətti ilə Mehri və Naxçıvan sahələrində yük qatarlarının hərəkəti bərpa olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Mətbuat Mərkəzi.”
Qeyd edim ki, Bakıda vəziyyət get-gedə gərginləşdikcə xalqın yetgin, mübariz qüvvələri daha çox üzünü əfsanəvi şəxsiyyətin yaşadığı Naxçıvana doğru çevirirdi. Biz bu istiqamətli fikir-düşüncələri mütəmadi qəzetimizdə əks etdirirdik. Beləcə “91-lər”in məlum Müraciəti meydana çıxanda da “Səs” qəzeti ilə yanaşı, hörmətli həmkarımız Ağabəy Əsgərovun redaksiyamıza gətirdiyi Müraciətin mətnini biz də parallel olaraq eyni vaxtda “Vətən səsi”ndə çap etdik. Bir neçə gün sonra isə möhtərəm Heydər Əliyevin Naxçıvandan göndərdiyi Cavab mətnini alıb qəzetimizin səhifələrində yerləşdirdik.
Azadlıq, müstəqillik uğrunda mübarizələrin ən fəal qüvvələri olan, eyni zamanda Qarabağ problemindən ən çox əziyyət çəkib məhrumiyyətlərə düçar olan qaçqın soydaşlarımız arasında qəzetin bu sayları əl-əl gəzirdi. Az sonra “Heydər baba, gəl bu xalqı fəlakətdən qurtar” mövzulu plakatlarla Binə aeroportuna axışacaq sadə adamlar sevimli rəhbərin cavabından ruhlanaraq qayıdacağı günü səbrsizliklə gözləyirdilər.
Qəzetin sözügedən sayında “Türklərin Altun Kitabı” haqqında məqalə, “Vətən uğrunda vuruşanlar” rubrikası altında Qarabağda savaş zamanı yaralanaraq Bakıda xəstəxanalarda müalicə olunan döyüşçülər haqqında reportaj, “Yeni əlifbanı qoruyaq” başlığı ilə kirildən latına keçidin labüdlüyünü dəstəkləyən materiallar da dərc olunub.
Nəhayət, qəzetin manşetinə çıxardığımız “İran erməniyə silah satır!” başlıqlı yazı haqqında. Mən 1991-ci ilin sonunda Türkiyədə səfərdə olarkən vətənpərvər dostların təqdim etdiyi sensasion bir informasiyadan çox narahat oldum. Onu Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmağı da zəruri hesab etdim. Beləcə, Türkiyənin “Ortadoğu” qəzetində işıq üzü görmüş “İran erməniyə silah satir” başlıqlı məqaləni sadəcə “latından kirilə köçürərək” (məqalənin altındakı bu qeyd də o zamanlar üçün xüsusi məna daşıyırdı) “Vətən səsi”nin sözügedən sayında dərc etdim.
Aşağıda hörmətli oxuculara həmin yazı bütövlükdə təqdim edilir. Mən yalnız bir məqamı vurğulayım ki, bu gün bəlkə də kimlər üçünsə çok-açıqlama, dəhşətli fakt və sair kimi görünən belə həqiqətlər barədə biz zamanında həyəcan təbili çalırdıq və buna görə bizi qınayan, hətta hədə-qorxu gələn də olurdu. Yaxşı yadımdadır ki, məqalə çap olunandan sonra İranın Bakıdakı diplomatik nümayəndəliyindən redaksiyamıza zəng edərək Baş redaktoru “məxsusi söhbətə” dəvət etdilər. Ancaq təbii, nəinki mənim bir Baş redaktor kimi, hətta redaksiyamızın ən sıravi işçisinin də torpaqlarımızı işğal edən, vətəndaşlarımızı ev-eşiyindən didərgin salan düşmənin dostları ilə heç bir söhbətimiz ola bilməzdi. Çünki bizim mübarizəmiz şəxsi mənafe naminə deyildi, bizim mübarizəmiz əqidə naminə idi, mücadiləmiz Vətən uğrunda idi!
***
İRAN ERMƏNİYƏ SİLAH SATIR
Türkiyənin “Ortadoğu” qəzetinin (9.X.1991) səhifələrində
Tehran Qarabağ münaqişəsini qızışdıraraq Bakının Güney Azərbaycanla ilgilənməsini qabaqlamaq istəyir.
Müsəlman Tehranında ermənilərə silah göndərildiyi Türkiyə Təhlükəsizlik idarəsi vasitəsilə ortaya çıxarıldı.
Bir yuxarı təşkilatın səlahiyyətli nümayəndəsi Farslarla eyni soydan olan taciklərin də Azərbaycan – “Ermənistan” ixtilafında erməniləri dəstəklədiyini bildirdi.
Azərbaycan türklüyü Erməni, İran, Rus, Tacik dördlüyünün qısqacında.
Oğuz Doqquzoğuz
ANKARA. Türkiyə təhlükəsizlik orqanlarında İranın ermənilərə silah göndərdiyi ortaya çıxarıldı.
Alınan xəbərə görə Dağlıq Qarabağda Azərbaycan türklərinə hücumlar edən Erməni terrorçuların istifadə etdiyi silahların bir qisminin İrandan göndərildiyi təsbit edildi.
Adının açıqlanmasını istəməyən yüksək vəzifəli bir təhlükəsizlik əməkdaşı bu vəziyyəti İran tərəfinin nəzərinə çatdırdıqlarını, ancaq Tehranın bunu qəbul etmədiyini söylədi.
Dağlıq Qarabağda erməni terroristlərin üstündə tutulan Avropa və Amerikan mənşəli silahların haradan gəldiyini uzun müddətdir araşdırdıqlarını qeyd edən həmən vəzifəli şəxs nəhayət, bunların İrandan göndərildiklərini ortaya çıxardıqlarını söylədi.
Tehran təkzib edir
İranda rəsmi görüşmələrdə Türk təhlükəsizlik əməkdaşlarının deyilənlərdən söhbət açmasına rəğmən İranın bu həqiqəti təkzib etdiyi barədə həmən vəzifəli şəxs bunları söylədi:
“İranla aparılan görüşmələrdə bunu dəlilləriylə birlikdə ortaya çıxarırıq, amma İranın məsul şəxsləri hər şeyi ölkələrində yaşayan ermənilərin üzərinə atırlar. İranlılar – Biz qətiyyən ermənilərə silah göndərmirik. Ancaq İranda yaşayan 1,5 milyon erməni var. Bəlkə bunlar göndərmiş ola bilər – deyərək olanları ört-basdır etmək üçün – İrandakı ermənilərə nəzarət edə bilmirik – deyirlər.
Xristian erməniyə İran dəstəyi
Müsəlman İran idarəçiliyinin xristian erməniləri silahlandıraraq müsəlman Azərbaycan Türklərinin üzərinə göndərməsinə işarət edən həmən vəzifəli şəxs bunları söylədi:
İranın qorxusu
“İranın erməniləri dəstəkləməsi Azərbaycan Xalq Cəbhəsi tərəfindən yürüdülən müstəqillik ideyasının həyata keçməsinə yönəlmişdir. Bilindiyi kimi Dağlıq Qarabağ məsələsi müstəqillik məsələsini əsl hədəfindən sapdırmış, Azərbaycan Türkləri Moskva ilə mübarizə apararkən qarşılarında bir də Qarabağ məsələsi durur. Beləcə Xalq Cəbhəsinin yürütdüyü mücadilədə diqqətlər müstəqillik və Moskva yerinə Qarabağa yönəlmişdir. Azərbaycan bilindiyi kimi ikiyə bölünmüşdür. Bir qismi, quzeyi Rusiyada, güneyi isə İranın hakimiyyəti altındadır. Sovet Azərbaycanı müstəqillik qazandıqdan sonra İran hakimiyyəti altında bulunan Güney Azərbaycanla birləşməyi arzulamaqdadır. Bu da İranın röyasını qatan qorxudur. İran beləcə erməniləri silahla təchiz edərək Azərbaycanın baxımsızlığını qabaqlamağa çalışır.”
Bu arada İranda dövlətə hakim olan farslarla eyni soydan gələn taciklərin də Azərbaycan – “Ermənistan” ixtilafında erməniləri müdafiə etdiyi öyrənildi. İran Sovetlər birliyindəki respublikalardan Tacikistanla münasibətlərini son illərdə artırmışdır.
Bu yandan “Ermənistan”ın Baş nazir müşaviri Hrant Bağratyan İranla ilişkilərini inkişaf etdirmək istədiklərini söylədi.
SİTA-nın xəbərinə görə Bağratyan İrəvanda təşkil etdiyi mətbuat konfransında sərhəd qonşuları olan İranla siyasi, ticarət və iqtisadi əlaqələrini genişləndirmək arzusunda olduqlarını bildirdi.
Hrant Bağratyan “Ermənistan”ın durumunun yaxşı olmadığını da qeyd edərək, respublikanın 410 milyon dollar xarici borcu ilə 12.3 milyard manat iç borcu olduğunu söylədi.
“Ortadoğu” (Türkiyə) qəzeti,
9 oktyabr 1991-ci il.
Latından kirilə köçürtdü:
Akif Məhərrəmli
***
...Bəli, bir vaxtlar yaşadığımız o ağır, ancaq şanlı keçmişdən soraqlar indi arxivlərdə qalıb. O illərin sədası həm də “Vətən səsi”nin vərəqləri saralmış səhifələrində yaşayır. Vətənə məhəbbət, xalqa sevgi, dövlətə rəğbət hissləri ilə dolu...
Bu günkü Azərbaycan isə artıq 90-cı illərin Azərbaycanı deyil. İndi respublikamız tamamilə azad, iqtisadi cəhətdən güclü, öz milli mənafelərinə uyğun müstəqil siyasət aparan bir dövlətdir. Bu dövlətin razılığı və iştirakı olmadan regionda heç bir qlobal layihə həyata keçirilə bilməz.
--------------------------------
23 yanvar 2012
Dostları ilə paylaş: |