Yıldırım. Zənnimcə, Teymurun özünü yamsılarsa, daha xoş, daha məqbul...
Cücə özünü izləyən iki masqara qiyafətli arxadaşilə bərabər Teymur qiyafətində daxil olur. Ağır və komikcə addımlarla axsayaraq onlara doğru irəlilər və bir heykəl kimi qarşılarında dikilib durur.
Meliça (gülməkdən özünü alamıyaraq, heyrətlə). Ah, qorxdum, nə əcayib şey! Əcəba bu kim, bu nə qiyafətdir?
Yıldırım. Dur, özünə soralım.
Əli paşa. Topal Cücə? Sən kimsən və nəçisən?
Cücə (məğrur və əzəmətli). Mənə xaqanlar xaqanı, Turağay oğlu Teymur derlər. Mən Yeşil şəhərdə dünyaya atıldım, Səmərqənddə nəşvü nüma buldum. Babam Barlas qəbiləsinin hökmranı, özüm Gürgan nəslinin baş qəhrəmanı... (Yanındakı masqaralarda sürəkli qəhqəhələr...)
Yıldırım (istehzalı təbəssümlə). Eşq olsun, eşq olsun!
Cücə. Mən on iki yaşında ikən özümdə bir fərasət və böyüklük duymağa başladım. Mənimlə görüşənləri ciddi bir vüqar və hörmətlə qəbul edərdim. On səkkiz yaşımda minicilik və ovçuluğa həvəs etdim. Vəqtimin çoxunu Quran oxumaqda, şahmat oynamaqda və at oynatmaqda keçirdim. Sonra Əmir Qazana yanaşdım, Hüseyn Kürd ilə savaşdım. İlyas Xocaya qoşdum, vəzirilə pozuşdum. Oradan uzaqlaşdım, türkmənlərə əsir düşdüm. Sonra bir çox arxadaşla buluşdum. Blucistanla vuruşdum. Gah qalib gəldim, gah məğlub oldum. Ayaqdan bir yara aldım, iştə böylə axsaq qaldım. (Axsayaraq yürür, kəskin bir ahənglə) Əvət, mənəm yaralı aslan, mənəm Topal Qaplan.
Yanındakı masqaralar istehzalı, narın və sürəkli qəhqəhələrlə gülür.
Nazim (heyrətlə, sözləri çəkərək, ətrafa). Allah, allah!..
Meliça. Aman, nə gözəl natiq!..
Əli paşa. Əvət, dəhşət, dəhşət!
Yıldırım. Sonra nə oldu? Söylə, baxalım, sonra?
Cücə. Sonra cetləri boğdum, Cığatay elini Mavəraünnəhrdən qovdum, Səmərqəndə girdim, xalqdan hörmət gördüm. Qurultay çağırdım, sözümü keçirdim. Bəlx şəhrinə vardım, Əmir Hüseynin işini bitirdim. Təkrar Səmərqəndə döndüm. Əmir elan olundum. Qəmərəddinlə çarpışıb qalib gəldim; qızı Dilşad ağayı aldım. Xarəzmə girdim, qələlərini devirdim. Azərbaycan qucağıma atıldı, Kürdüstan təslim olaraq qurtuldu, Ermənistan və Gürcüstan xəracgüzarım oldu. Qaraqoyunlular üsyan etdi, ayaq altında əzildi. Şah Mənsur tüğyan etdi, bir anda başı kəsildi. (Son dərəcə məğrur.) Əvət mənəm cahangir dahi!.. Mənəm hərb allahı!..
Masqaralarda istehzalı qəhqəhələr.
Nazim (şaşqın, ətrafa). Allah, allah!
Yıldırım. Əvət, iştə Cücə bir dahi!
Əli paşa. Daha doğrusu, dahi bir Cücə.
Yıldırım. Sonra ... Daha sonra?
Cücə. Mən dövlətimi təhəmmül və mürüvvətlə idarə etdim. Xəlqi ümid ilə qorxu arasında tutdum. Bir çox nifaqlara rast gəldim, əziyyət və möhnətlər çəkdim, acı sözlər və töhmətlər eşitdim. Fəqət məni tənqid edən azğın, qəlbi kor cahillərə əhəmiyyət belə vermədim. Yalnız çalışdım, təşəbbüs və fəaliyyətimlə hər kəsi susdurmağa müvəffəq oldum. Hər işdə vətəndaşlarımla müşavirə etdim. Xain və fitnəçi vükəlayı yanıma uğratmadım. Daima məiyyətimdə əsalət və nəcabət, əqil və kəyasət aradım. Daima ordu və rəiyyətin əhvalını eyiləşdirməyə çalışdım.
Yıldırım. Ya bu tökdüyün qanlara, bu qopardığın tufanlara nə məna verəlim?
Cücə. Mən həq və ədalət nümayəndəsiyəm. Əgər bir məmləkətdə zülm və istibdad güclənirsə, kənardan baxıb duramam. Xəlqin əmniyyəti üçün zülmün kökünü qazmaq və o məmləkəti uslandırmaq istərəm. İştə, buna görədir ki, Xorasana girdim, bütün İranı devirdim. Moskva tərəflərini sardım, Hindistana vardım. Əvət, mənəm böyük Teymur... Mənəm sarsılmaz imperator!..
Masqaralarda istehzalı qəhqəhələr...
Nazim (ətrafa). Allah, allah!
Əli paşa. Dəhşət, dəhşət!
Meliça (qalxır). Artıq mən gedirəm.
Yıldırım. Neçin? Cücənin sözləri səni qorxutdumu?
Meliça. Xeyr! Lakin bu masqaralıqlardan içimə fənalıq gəlir. Saydıqları yalan olsa belə, acı və tikənlidir.
Yıldırım (Cücəyə). Haydı, rədd ol, həmin bu biçimsiz qiyafətini də dəyişdir.
Cücə və arxadaşları məclisi tərk edirlər.
Əli paşa. Aman, əfəndim! Cücə bu axşam dəhşətdir, dəhşət!
Meliça (oturur). Burax, dəf olsun, insanın sinirlərinə toxunur.
Yıldırım. Yaxşı, imdi nə istərsiniz?
Əli paşa. Müsaidə edilirsə, Şamdan gələn ərəb qızını, gözəl rəqqasəni seyr edəlim.
Meliça. Mən də eşitdim, hənuz görmədim.
Yıldırım. Nazim ağa! Şamlı qızı...
Nazim. Hazır! (Əyilir, çıxır).
Əli paşa. Çox mədh edirlər. Ərəblərin rəqsləri də iqlimləri kimi atəşlidir.
Yıldırım. Əvət, gerçəkdən çox atəşli.
Meliça (istehzalı təbəssümlə). Saqın, Paşa həzrətlərini yaxmasın! Doğrusu, çox şaşırır. Sarayda serb və macar, rum və bolqar rəqqasələri dururkən, bir də şamlı qızına nə ehtiyac vardı?
Yıldırım. Sənət və gözəllik hər kəsin öz zövqilə ölçülür. Saray rəqqasələri başqa, şamlı qızı isə daha başqadır.
Əli paşa. Əvət, könül nəyi sevərsə, o gözəldir. (Ərəb musiqisilə ərəb rəqsi başlanır, şamlı qızının gəldiyini görüncə) İştə atəşli baxışlar!
Nazim (rəqs bitdikdə rəqqasənin süzülüb getdiyini görüncə, özünü alamıyaraq şaşqın və coşqun bir səslə). Allah, allah! Bu nə məlahət! Bu nə lətafət!
Yıldırım (mültəfit olaraq gülər). Nə olursan, yahu! Çoxmu xoşuna getdi?
Nazim (niyazkar). Aman, Sultanım, qüsurə baxmayınız.
Meliça (yarımqəhqəhəylə). Zavallı adəta özündən keçmiş.
Əli paşa. Nə yapsın? İştə ərəb ruhu, ərəb zövqü! Yalnız o deyil, mən belə bayıldım.
Meliça. Ya, öyləmi? (İncə və nəşəli qəhqəhədən sonra) Aman, doktor çağıralım.
Yıldırım. Xeyr, doktora hacət yox, o getdiyi kimi Paşa həzrətləri ayıldı.
Əli paşa. Əvət, gerçəkdən öylədir. (Meliça qalxır). Nə oldu, neçin qalxdınız?
Meliça. Artıq gedirəm.
Yıldırım. Əli paşa da yeməkdə bərabər bulunacaq.
Meliça. Çox məmnun olaram. (Gedir).
Əli paşa. Əfəndimizin bu dərin səmimiyyətləri mənə bəxtiyarlıqdan daha yüksək bir nəşə verir.
Bu sırada Cücə hoplanaraq, mayallaq vuraraq əsil masqara
qiyafətində girir.
Yıldırım. Yenəmi sən?
Cücə. Nə yapım, məclis boş qalmaz a... Bir yerdən mələk çəkilincə şeytan girməli.
Əli paşa. Əhsən, əhsən! Cücə bu axşam dəhşətdir, dəhşət!
Yıldırım. Haydı, al, mələyin içdiyi bu qədəhi yuvarla!
Cücə (qədəhi alır). Yaşasın həşmətli Serb kralının həmşirəsi Meliça! (Şərabı burnunun üzərindən tökür).
Yıldırım. Nə yapırsan şaşqın hərif! Sən hənuz şərab içməsinidəmi öyrənəmmədin?
Cücə (Yıldırımı mənalı baxışlarla süzərək). Mən əşirətdən yetişmə bir çoban oğluyam. Nə etməli, imdiyə qədər ancaq qımız və ayran içməsini öyrənə bildim.
Yıldırım (ətrafa). Acı bir kinayə!
Cücə. Bu yaxınlarda bir serb qızı alacayım, iştə o zaman şərab içməsini də ondan öyrənərəm. (Əli paşanı mənalı bir baxışla gözdən keçirir). Hətta, bir taqım siyasilər kimi, namaz qılarkən belə sərxoşluqdan vaz keçmərəm.
Əli paşa (ətrafa). Ah, məni təhqir ha? (Cücəyə, sinirli) Azğın hərif, sən artıq həddini aşırsan.
Yıldırım. Zərər yox, o bu gün çox nəşəlidir, xatirini qırma! Yalnız səninlə deyil, mənimlə də əylənir. (Cücəyə) Mənə bax, Cücə! Mənmi eyi hökmdaram, Teymurmu?
Cücə. Aman verilərmi?
Yıldırım. Söylə!
Cücə (sırıtaraq Yıldırımın qucağına). O dəlidir, sən də abdal! (Qəhqəhəylə gülər).
Yıldırım. Sus, ədəbsiz! O halda sən nə olarsan?
Cücə (sədri-əzəmə işarətlə). Mən də sənin quyruğunun quyruğu...
Qəhqəhə.
Yıldırım. Yaxşı, sənin quyruğun?
Cücə (Nazimi göstərir). İştə! Seyr edə bilirsiniz.
Qəhqəhə.
Nazim (ətrafa). Allah, allah! Bu hərif çıldırmış. (Salonu tərk edər.)
Yıldırım. Haydı, yetişir, dəf ol! Sən bu axşam zəhərli bir tikən, sərsəm bir eşşək arısı, quduz bir köpəksən.
Cücə (bayılırcasına qəhqəhələr qoparır, əlilə qarşıdakı pərdəni göstərir və açır). Əvət, mən zəhərli bir tikənəm, iştə mayıs çiçəkləri! Mən bir eşşək arısıyam, iştə serb və macar kələbəkləri! Mən quduz bir köpəyəm, iştə rum və bolqar mələkləri!
Qəhqəhələrlə çəkilir. Alafranqa musiqi başlanır. Rəqqasələr oynarlar. Rəqs bitdiyi sırada Nazim ağa sürətli addımlarla gəlir, Yıldırımın qulağına bir-iki söz söyləyir.
Yıldırım (rəqqasələrə, hiddətlə). Kafi! (Qızlar çəkilir. Nazim ağaya.) Bunları al da, söylə, hər üçünü gətirsinlər.
Nazim onu bəkləyən xidmətçilə bərabər dərhal işrət masasını alıb götürür.
Əli paşa. Gələn kimdir əcəba?
Yıldırım. Teymurun adamlarından üç nəfər casus yaxalamışlar.
Əli paşa. Kim bilir, bəlkə casus deyil də əhli-namusdur.
Yıldırım. Zənn etməm, heç zənn etməm. (Qızğın) Ah, azğın hərif, bir tərəfdən elçi göndərir, bir tərəfdən casus.
Bu sırada iki silahlı yeniçəri mühafizəsi altında Orxan, Olqa və
Dəmirqaya daxil olur.
Yıldırım. Teymur casusları sizmisiniz?
Orxan. Əvət, öylə deyirlər.
Yıldırım. Buraya neçin göndərildiniz?
Orxan. Göndərilmədik, öz arzumuzla gəldik.
Yıldırım. Bu gəlişdən məqsəd?
Orxan. Məqsəd Topal Teymuru atmaq, ulu Sultanı tutmaq.
Yıldırım. Unutma ki, yalançıların cəzası ölümdür.
Orxan. Bizcə yalançılıq ləkəsi ölümdən daha çirkindir.
Yıldırım (Olqaya). Yaxşı, sən söylə, yavrum, Teymurdan neçin qaçdınız?
Orxan. Çünki Teymur xudkamdır.
Yıldırım. Burax özü söyləsin.
Orxan. O dilsizdir.
Yıldırım (Dəmirqayaya). Adın nədir?
Dəmirqaya (qalın səslə). Dəmirqaya.
Yıldırım. Sən söylə baxalım, neçin gəldiniz?
Dəmirqaya (laübali, Orxana işarətlə). Orxan gəl dedi, gəldik.
Yıldırım. Bir səbəb yoxmu ya?
Dəmirqaya. Əlbəttə var, fəqət gizli bir səbəbdir.
Yıldırım (maraqlı). Gizli səbəbmi? O nə imiş?
Dəmirqaya. Onu Orxan bilir. Nəmə lazım, mən qarışmam.
Yıldırım. Ya! Qarışmazsan, öyləmi? Artıq anlaşıldı, əvət xəyanət. Cəllad, cəllad! (Nazim çıxarkən) Dün Teymurdan gələn elçi də hazır olsun, onun da boynu vurulmalı!
Əli paşa. Aman, Sultanım, əcələ edirsiniz.
Yıldırım. Xeyr, həpsinin boynu vurulmalı! Artıq Topal həddini keçir.
Əli paşa. Rica edirəm, heç elçi boynu vurularmı?
Yıldırım (qızğın). Əvət vurular, mən əmr edərsəm vurular.
Əli paşa. Heç olmasa bu hökmün icrasını yarına buraxmalı.
Yıldırım (daha qızğın). Yetişir, iltimasa hacət yox.
Bu sırada Nazim gəlir, cəllad və iki yeniçəri ilə bərabər Sobutay daxil olur.
Yıldırım (Sobutaya) Mənə bax, bunları tanımırsan? Doğru söylə, yoxsa ən yüngül cəza ölümdür.
Sobutay. Sobutay nə yalan söylər, nə də ölümdən qorxar.
Yıldırım (sinirli və qızğın). Sözümə cavab ver, bunları tanıyırmısan?
Sobutay (kinli və əzəmətli bir baxışla Orxanı süzərək). Türküstanda tanırdım, fəqət Osmanlı paytaxtında xeyr.
Yıldırım. Neçin?
Sobutay (Orxana işarətlə). Çünki bu hərif vətən xaini. Bunlar da onun kölgəsi.
Olqa (qalpağını qaldırır, saçları dağılır). Aman, Sultanım! Mərhəmət! Orxan xain deyil, yalnız Teymur gözündə ləkəlidir; çünki sizə qarşı məhəbbət bəslərdi, onunçün də Türküstanı tərk etdi.
Orxan. Olqa! Sən sus!
Yıldırım. Bu qadın kimdir?
Orxan. Moskva tərəflərinə hücum edərkən ölümdən qurtardığım bir qızcığaz.
Sobutay (acı və istehzalı təbəssümlə). Daha doğrusu, Teymur sarayını süsləyən bir çiçək və sənin qandırıb da uçurduğun şux bir kələbək... (Kəskin) Lakin nerdə olursa-olsun, xəyanət cəzasız qalmaz.
Yıldırım (Sobutaya). Sən sus! (Yeniçərilərə) Bunu öz odasına götürün. (Əli paşaya) Dəminki məktubu da ver, Teymura götürsün.
Sobutay verilən məktubu alır, yeniçərilərlə bərabər çıxır.
Əli paşa. Artıq məsələ aydınlaşdı.
Yıldırım. Xeyr, daha var. (Dəmirqayaya) Sən söylə! Dəmin gizli səbəb deyirdin, o nə imiş?
Dəmirqaya. Daha gizli bir şey qaldımı ya? (Olqaya işarətlə) Zatən həpsini açıb tökdü.
Yıldırım. Gizli səbəb yalnız onun dediklərimi?
Dəmirqaya. Daha nə olacaq, heç qadınla səfərə çıxılarmı? Nəmə lazım, öz işləri...
Yıldırım (qızğın). Nəmə lazım, nəmə lazım! Südəmər çocuqlar kimi iki sözdən fəzlə bir şey bilməz. (Cəllada) Haydı, ilk öncə bunu dəf et. (Cəllad hazırlanır).
Olqa. Ah!..
Orxan (kəskin). Xeyr. Bu həqsizlikdir. O dilsiz və düşüncəsiz bir zavallıdır. Əsil edam ediləcək mənəm, mən...
Yıldırım. Cəsarət səni məğrur edir. (Cəllada) Yaxşı, əvvəl onu susdur.
Olqa. Aman, əfəndim, mərhəmət, mərhəmət! (Hiddətli hıçqırıqlarla ağlar, Sultanın ayaqlarına qapanır).
Orxan (şiddətli və istehzalı qəhqəhələrlə gülərək). Zavallı qızcığaz! Sən həqli imişsən. Ah, Teymur, Teymur!..
Yıldırım (vəzifəsini bitirmək istəyən cəllada). Dur, əl saxla! (Orxana) Neçin güldün, neçin Teymuru xatırladın?
Orxan. O mənim biləcəyim iş, sən yalnız edam etdirə bilərsən.
Əli paşa. Xeyr, bu səbəbsiz deyil.
Olqa (başını şaldırır. Göz yaşını silərək). Ah, səbəbini mən söylərəm.
Orxan. Qalx! Heç bir şeyə ehtiyac yox. Söyləmək lazımsa özüm söylərəm. (Olqa qalxar).
Yıldırım. Yaxşı, özün söylə! Bu qəhqəhələr neçindir, əcəba?
Orxan. Bu qəhqəhələr acı bir fəryaddan başqa bir şey deyil. Bütün dünya dəli Teymura səcdə edərkən, yalnız mən üsyan etdim. Halbuki onun kiçik bir təhqirinə dayansaydım, imdi edama layiq görülməzdim.
Sükut...
Yıldırım (mülayim). Bu sözlərin nə dərəcədə doğru olduğunu bilmək istəməm. Mən hər ikinizi bü qızın göz yaşlarına bağışladım.
Olqa. Ah, kölgəniz əskik olmasın.
Əli paşa. Əvət, göz yaşları məsuliyyəti isbat için ən parlaq şahiddir...
Orxan. Lakin bir rica etmək istərdik.
Yıldırım. Söylə.
Orxan. Məsələ yalnız bağışlanmaqla bitmir. Biz artıq Teymur məmləkətinə dönəməyiz, sədaqətimizə qarşı şübhə edildiyindən təbii burada qalacağımız da şübhəli. Əgər müsaidə buyurularsa, Misir-Şam tərəflərinə keçəriz. Orda bizi himayə edənlər bulunar.
Yıldırım (məmnun təbəssümlərlə yerindən qalxar). Xeyr, heç bir yerə getməyəcəksiniz. Siz mənim oğlum, bu da qızımdır. Hər üçünüzün sədaqətinə şübhəm qalmadı. Haydı, Nazim ağa! Söylə, bir dairə ayırsınlar, müsafirlərə ehtiram lazım.
Nazim cəllad ilə bərabər çıxır.
Orxan (arxadaşlarilə bərabər əyilir). Təşəkkür edəriz.
Yıldırım. Sədaqətiniz dərəcəsində mükafat görəcəksiniz. (Paşa ilə bərabər məclisi tərk edir).
Orxan (ətrafa). İştə ilk fəlakəti adladıq.
Olqa. Ah, çox qorxuram. Sobutay Səmərqənddə işlərin üstünü açacaq. Teymurun qəhrü qəzəbi bəla yıldırımı kimi üzərimizdə partlayacaq. Ah, o məni neçin gördü?
Orxan. Heç maraq etmə, mən Sobutayı görərəm. O çox nəcib qəhrəman. Kimsəyə bir şey söyləməz. Hətta Teymur duysa belə, əhəmiyyət verməz.
Dəmirqaya (bir tərəfdə). Nəmə lazım, mən qarışmam. Ölərlər - ölərəm, qalarlar - qalaram.
Olqa (saxsıda gördüyü yaşıl fidancığazı göstərir). Ah, nə xoş, nə təravətli gül fidanı.
Orxan. İştə həmişəbahar gülü, bax, hənuz yeni-yeni qönçə verməyə başlayır.
Olqa. Əvət, çox gözəl...
Orxan. Bir gün gələr ki, bu yeni qönçələr açar, bizim arzularımız da onunla bərabər çiçəklənməyə başlar.
Nazim (gəlir, əyilir). Buyursunlar. (Önlərincə gedər).
Orxan. Gedəlim. (Nazimi göstərir) İştə bu gecə qiyafətli məxluq bizi uğurlu və parlaq bir sabaha dəvət edir. (Gedirlər).
PƏRDƏ
DÖRDÜNCÜ PƏRDƏ
Eyni səhnə... Gündüz... Qarşıdakı böyük pəncərədən saray bağçasını süsləyən yaşıl ağaclar, rəngarəng çiçəklər nəzərləri oxşar. Salona qoyulmuş saxsıdakı fidanın dal budaqları əvvəlkinə görə daha böyümüş və tam mənasilə açılmış gülləri aradan bir xeyli zaman keçdiyini xatırladır. Orxan bir tərəfdə əski osmanlı yavərləri qiyafətində olaraq əli alnında düşünür.
Olqa (saray xanımlarına məxsus bir qiyafətdə gəlir. Orxanı bir qədər süzərək). Orxan!
Orxan. Sənmisən, Olqa?
Olqa. Nə düşünürsən, mane oldum, deyilmi?
Orxan. Xeyr...
Olqa. Neçin böylə dalıb gedirsən?
Orxan (gül fidanını göstərir). İştə hər tərəfdə gözəl qoxu və nur saçan bu gülləri görürmüsən? Bax, nə qədər dəyişmiş. Bunlar bir zaman yamyaşıl tumurcuq halında idilər.
Olqa. Əvət, xatırlayıram, casus deyə tam bizi yaxaladıqları gecəydi.
Orxan. Mən o gecə, açmamış qönçələri könlümüzdəki arzulara bənzətmişdim, deyilmi? İştə bu gün bütün istədiklərimiz yerini bulur, onlar kimi çiçəklənməyə başlayır.
Olqa. Yaxşı, o halda bu düşüncələr?
Orxan. Olqa! Biz artıq burayı tərk etməliyiz.
Olqa. Neçin? Halbuki, burada səadət var.
Orxan. Xeyr, biləks, səadət bizi başqa aləmdə gözləyir.
Olqa. Fikrini heç anlayamıram. Sən Yıldırım kimi böyük bir padşah sarayında... Özün də ən sevgili yavərlərdən birisən. Daha nə istəyirsən? (Gül fidanına yaxlaşır, qoxlamağa başlar).
Orxan (ətrafa). Ah, Teymur ordusu tərəfindən Sivas qələsi alt-üst edilmiş, Yıldırımın oğlu öldürülmüş... Daha burda durularmı?
Olqa. Orxan! Səndə bir sirr var; hər ay gizli məktublar yazırsan, əcəba, onlar kimə və nerəyə?
Orxan. Sonra anlarsan, imdi çapuq hazırlan! Nə olursa-olsun, buradan çıxmalıyız.
Olqa (təlaş ilə). Allah eşqinə, nə olmuş, Yıldırımdan bir fənalıqmı gördün?
Orxan. Xeyr. Fəqət bir taqım padşahlar, hələ Yıldırım kimi sərxoşlar o dərəcə qorxunc ki, əsla inanılmaz. Əvət, qardaşını vəhşicəsinə parçaladan bir hökmdar, yarın ufaq bir bəhanə ilə bizə də qızar, bizim də qanımızı tökdürər.
Olqa. Mən bu şübhələrə heç bir məna verəmmirəm.
Orxan. Dedim ya, sonra anlarsan. Hazırlan, ehtiyat üçün bir çarşaf da al, yolda lazım olar.
Olqa. Yaxşı, lakin...
Orxan. Sus, iştə gələn var.
Olqa (baxar). Əvət, sultanın hərəmi Meliça. (Məmnun təbəssümlərlə o gələn tərəfə doğru yürür).
Orxan (yalnız). Vəzifə hər şeydən müqəddəsdir. Artıq sırası gəldi, Teymur mütləq hücuma başlayacaq.
Meliça (Olqa ilə bərabər gəlir). Ah, Olqa, Olqa! Sizin mənə munis olmanız, bilsən nə qədər könlümü açır.
Olqa. Fəqət mən... Mənim könlümdəki sevinc daha böyük, daha dərindir.
Meliça. Sən nə qədər nəcib isən (Orxana işarətlə) yoldaşın da bir o qədər qəhrəman və nəzakətlidir.
Orxan. Təşəkkür edirəm.
Meliça (ətrafa diqqətlə). İştə Yıldırım. Aman, nə qədər də halı pərişan...
Olqa. Əvət, bu günlər əfəndimiz çox düşünür.
Orxan. Nasıl düşünməsin?! Heç Teymur ordusunun qabalığı çəkilir şeymi?
Yıldırım (gəlir, təzim edərlər. Yanındakı Nazim ağaya). Əli paşa nerdə? Çapuq buraya çağır. (Nazim əyilir çıxır. Yıldırım sinirli) Ah, Teymur! Teymur! Mən sənin bu dərəcə sayğısız olduğuna inanmazdım. (Daha qızğın) Lağımlar vasitəsilə kərastələri tutuşdurmaq, Sivas kimi bir qələyi yandırıb havaya sovurmaq sənin həddinmi? Ah, əsirlərin, qələ mühafizlərinin qafasını kəsdirməkmi? Ərtoğrul kimi bir övladı əlimdən almaqmı? Nə böyük cəsarət! Xeyr-xeyr... Bu tikənli zərbə, bu acı təhqir əsla unudulmaz. Ah, duyğusuz cəllad.
Orxan. Ehtimal ki, bu hərəkət onu saymadığın üçün bir ixtar, təbir caizsə bir güşmaldır.
Bu sırada uzaqda aşiqanə bir ahənglə çoban qavalı-düdüyü
çalınmağa başlar.
Yıldırım (çılğın). Nasıl? Bir ixtarmı, bir guşmalmı? Ah, nələr eşidirəm!
Orxan. Əvət, ixlas və sədaqətim bu acı həqiqəti söyləməyə məni məcbur edir.
Yıldırım. Mən üzərimə gələn qocaman Səlib ordularını qəhr etdim. Fransa və Almaniya cəngavərlərini püskürtdüm. Lehistan, Avstriya və İtaliya əsgərlərini bir hücumda əzdim. Hətta qorxusuz Jan kimi məşhur bir qəhrəmanı belə heçə saydım. İmdi Teymur kimi bir sərsərimi məni qorxudacaq? Ah, kor olsun fələyin gözləri. Gör kimlər mənə meydan oxuyur.
Meliça. Aman, Xaqanım! Özünüzü çox üzürsünüz, vücudunuz bir qədər istirahətə möhtac.
Yıldırım. İstirahətmi!? Zəhərli dırnaqlar qəlbimi parçalarkən istirahətmi? (Çılğın) Ah, canavar! (Meliçaya) Bizi yalnız burax. (Meliça Olqa ilə bərabər çəkilmək istərkən) Söylə o çobanı susdursunlar.
Meliça. Yaxşı. (Getmək istər).
Yıldırım. İstəməz, burax çalsın.
Meliça. Yaxşı... (Salonu tərk edərlər).
Yıldırım (pəncərəyə yaxlaşır, çobanı dinlər. Həzin və yaralı bir ah çəkərək.) Çal!.. Çal!.. Əvət, bəxtiyar çoban, çal!.. Nə Sivas kimi şəhrin əlindən getmiş, nə də Ərtoğrul kimi oğlun...
Əli paşa gəlir, düdük susar.
Əli paşa (yapma bir təlaş ilə). Əfəndimizi bir qədər kefsiz görürəm...
Yıldırım (acı təbəssümlə). Əvət, kefli vəzirlərin sultanı daima kefsiz olar.
Əli paşa. Hər halda şövkətli Xaqanın mərhəməti çakərlərinin qüsurundan daha böyükdür.
Yıldırım. Mənə bax, sən Sivas vəqəsinə nə deyirsən?
Əli paşa. Yalnız çocuqca bir təcrübə. Mənasız bir təcrübə...
Yıldırım (qızğın.) Açıq söylə, nasıl mənasız?..
Əli paşa. Çünki Teymur Sivas qələsinə təcavüz etməklə bərabər müharibəni uzatmaqdan çəkinmiş... Görünür ki, əsgərlərimizin şücaətini görmüş, eyicə bir dərs almış. Cəsarəti olsaydı, Sivası buraxıb da Misir-Şam tərəflərinə keçməzdi.
Yıldırım. Sən sərxoşsan, bu gün-yarın Misiri də alt-üst edər, Şamı da.
Orxan. Zatən etmiş.
Yıldırım. Ah, nə söyləyirsən?
Orxan. Hətta geri belə dönmüş və Araz çayını keçib Azərbaycana daxil olmuş. Əvət, o imdi Qarabağın sərin yaylalarında, otlu-çiçəkli ovalarında istirahət və şənliyə məşğuldur.
Əli paşa (müztərib, ətrafa). Ah, dəhşət, dəhşət!..
Yıldırım (Əli paşaya). Yaxşı, bu xəbəri sən neçin imdiyə qədər mənə söyləmədin?
Əli paşa. Çünki həm xəstəsiniz, həm də əhəmiyyətsiz bir şey...
Yıldırım (çox həyəcanlı və qızğın). Nasıl!? Əhəmiyyətsizmi?! Xeyr-xeyr. Heç də öylə deyil. Sən Teymura qarşı Misir-Şam hökumətlərilə ittifaq yapacağına, Bursa meyxanəçilərinə şərab ismarlamağa məşğul olmuşsan.
Nazim (gəlir, əyilir). Şeyx Buxari həzrətləri.
Yıldırım. Gəlsin. (Nazim çıxır, Yıldırım ətrafa) Şeyx fazil və möhtərəm bir zat. Onun bu gəlişi heç də mənasız deyil.
Şeyx Buxari (köylü bir qadınla daxil olur. Təzimdən sonra) Əfv edərsiniz, əfəndim, cəsarət edirəm. Lütfən bu köylü qadını dinləyin. Anadolunun bu yoxsul anasına qulaq verin də, görün nələr söyləyir.
Yıldırım (qadına). Söylə!
Qadın. Qocamla oğlum xaç qovğasında öldü. Ah, ölürkən üzlərini görmədim, məzarlarına belə həsrət qaldım. Məni yaşadan ancaq bir təsəlliydi; onlar vətən uğrunda şəhid olmuşlardı.
Yıldırım. Dərdin nədir, onu söylə!
Qadın. Yetişmiş bir qızım vardı, Adı Lalə idi, onu yaşatmaq üçün hər zəhmətə qatlanırdım. Tarlamızı sürərkən bir tərəfdən alaca öküzü, bir tərəfdən də özümü qoşaraq heyvanla bərabər çalışırdım. Laləciyimə, bir danəcik yavruma yeyəcək-geyəcək tədarük edirdim.
Yıldırım (azacıq sərt). Sonra?
Qadın (həyəcanlı). Sonra azğın yeniçərilər, sənin o qaba və sərxoş əsgərlərin öküzümü aldılar. Buraxmaq istəmədim, incitdilər. Yalvardım, döydülər. Mən heç... Əvət, mən heç... (Yaralı fəryad ilə) Qızım! Ah, yavrum! Canavarlar yardımsız bir quzuya hücum edər kimi onu sardılar, ağlamasına, çırpınmasına baxmadılar, cəllad kimi alıb götürdülər. (Çılqınca) Ah, Laləciyim! Ah, yavrum. (Yıldırımın ayaqlarına qapanır).
Yıldırım (son dərəcə qızğın). Cavab ver! Əli paşa, cavab ver!
Qadın (çılğın). Ah, sərxoşlar! Canavarlar!
Şeyx Buxari (ətrafa). Sərxoş bir amirin məmurları da ancaq sərxoş olar.
Yıldırım (kəskin). Bulunsun, bu qadının qızı bu saat bulunsun!
Orxan. Gəliniz, validə.
Qadın (göz yaşını silərək). Ah, yavrum... mələk yavrum! (Təkrar hıçqırıqlarla ağlar.)
Orxan. Gəliniz, xəyanət cəzasız qalmaz. (Qadınla bərabər çıxır.)
Şeyx Buxari (ətrafa). Zavallı qadın! Bilməz ki, yalvardığı padşahın içdiyi şərablar yalnız yoxsul köylünün al qanlarından, qanlı göz yaşlarından tədarük olunur.
Nazim (gəlir, əyilir). Teymur elçisi!
Yıldırım. Gəlsin! (Sinirli) Yenəmi elçi! Yenəmi Teymur elçisi!
Sobutay (yazlıq əlbisədə gəlir, əyilir, məktubu verir).
Yıldırım (Əli paşaya). Al, oxu! (Sobutaya) Bu məktub nerdə yazılmış?
Sobutay. Azərbaycanda, Qarabağ yaylasında...
Yıldırım. Çıx bəklə, cavabını imdi alırsan.
Sobutay. İtaət! (Əyilir, çıxır).
Əli paşa (qısa bir mütaliədən sonra, heyrətlə ətrafa). Dəhşət, dəhşət!
Yıldırım. Nə yazır, imdi nə yazır?
Əli paşa (oxur). Tanrı qulu Teymurdan Sultani-Rum Yıldırım Bayazidə.
Yıldırım. Uzun laf istəməm, yalnız məktubun məalını söylə!
Əli paşa. Yazır ki, mən sizi bir türk xaqanı olaraq sayaram və zatınıza qarşı hörmət bəslərəm, fəqət siz məni saymazsanız aramız soyuyar və bu soyuqluğun nəticəsi çox acı olar.
Orxan gəlir.
Dostları ilə paylaş: |