Yekun hesabat



Yüklə 273,92 Kb.
səhifə6/10
tarix21.10.2017
ölçüsü273,92 Kb.
#7375
1   2   3   4   5   6   7   8   9   10

Siyasət mühiti


Azərbaycanda uşaq əməyinin aradan qaldırılması ilə bağlı siyasət mühitini də əlverişli xarakterizə etmək mümkündür. Əsas siyasət prioritetləri olaraq məşğulluğun artırılması, sosial müdafiə sisteminin islahatı və yeniləşdirilməsi, səmərəli və funksional Peşə Təhsili və Təlimi sisteminin formalaşdırılmasından ibarətdir. Bütün bunlar ölkədə uşaq əməyinin kök səbəblərinin aradan qaldırılmasına birbaşa təsir göstərən amillərdir. Qanunvericilik çərçivəsində olduğu kimi, siyasət mühitində də əsas məqsəd hər hansı bir sənəd və ya proqramın dəyişdirilməsi deyil, mövcud siyasət istiqamətləri və “Gələcəyə Baxış 2020”-nin məqsədlərinin tam icrasına nail olmaqdan ibarətdir.

Hökumətin siyasət sahəsində prioritetləri müxtəlif milli fəaliyyət planları və dövlət proqramlarında əks olunmuşdur. Uşaq əməyinin aradan qaldırılmasını da özündə ehtiva edən əsas dövlət proqramlarından birinə misal olaraq “2008-2015-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı” (YADİDP) göstərmək olar. YADİDP Azərbaycanda yoxsulluğun azaldılması prioritetlərini müəyyən edir və uşaqları xüsusi həssas qrup kimi tanıyır. Eyni zamanda, qeyd olunan dövlət proqramında gəlir əldə etmək imkanlarının kənd və şəhər yerlərində fərqli olduğu da göstərilir.

YADİDP-nin məqsədləri aşağıdakı kimidir:


  1. Makro-iqtisadi sabitliyi və qeyri-neft sektorunun davamlı inkişafını qoruyaraq, davamlı iqtisadi inkişafı təmin etmək;

  2. Əhalinin ən aztəminatlı hissələrinin gəlir-yaratma imkanlarını artırmaq və bu kateqoriyadan olan insanların sayının azaldılmasına nail olmaq;

  3. Səmərəli sosial müdafiə sisteminin hazırlanması vasitəsilə əhalinin yaşlı, aşağı gəlirli, aztəminatlı qruplarının qarşısında duran sosial risklərn azaldılması;

  4. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətləri davam etdirmək;

  5. Əsas səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərə çıxışın təkmilləşdirilməsi;

  6. Sosial infrastrukturun inkişafı və ictimai məişət xidmətlərinin təkmilləşdirilməsi;

  7. Ətraf mühitlə bağlı vəziyyətin yaxşılaşdırılması və davamlı idarəetmənin təmin olunması;

  8. Cender bərabərliyinin inkişafı və müdafiəsi;

  9. Düzgün idarəçiliyin təkmilləşdirilməsi və institusional islahatların davam etdirilməsi.

Yuxarıda qeyd olunan dövlət proqramı birbaşa olaraq uşaq əməyinin aradan qaldırılmasına yönəlməsə də, əhalinin həssas qruplarının gəlirlərinin artırılması, sosial müdafiə sistemi, səhiyyə və təhsil xidmətlərinin yaxşılaşdırılması vasitəsilə onun kök səbəblərinin qarşılanmasına xidmət edir.

Dövlət proqramı çərçivəsində məşğulluğun və gəlirlərin artırılması sahəsində bir sıra əhəmiyyətli təşəbbüslər yer almışdır. Buna misal olaraq, ƏƏSMN tərəfindən işaxtaran və işəgötürənləri əlaqələndirmək üçün ölkə üzrə məşğulluq mərkəzlərinin yaradılması və bir illik sahibkarlıq fəaliyyətinə başlamaqda maliyyə yardımı nəzərdə tutan sosial təminat proqramını göstərmək olar. ƏƏSMN nümayəndəsi qeyd etmişdir ki, bu təşəbbüs artıq çox müsbət nəticələr verir: 2012-ci il Aprel ayından etibarən 271 ev təsərrüfatı bu pilot layihəsinə qoşulmuş və bu təsərrüfatların 94% 2013-cü il Oktyabr ayına olan məlumata görə öz bizneslərini uğurla davam etdirirlər. Eyni zamanda, uşaqların ailə təsərrüfatlarında işə cəlb olunması narahatçılığı ifadə edilsə də, təcrübədə ailələrin əldə edilən əlavə gəliri öz övladlarının təhsilinə sərf etməsi ilə qarşılaşırıq. Gələcək perspektivdə, layihədə iştirak üçün seçilmiş ailələrə uşaq əməyi və onun qarşısının alınması barədə məlumat da təqdim edilə bilər.

Yuxarıda qeyd olunduğu kimi, mövcud Peşə Təhsili və Təlimi (PTT) sistemi insanları əmək bazarında tələb olunan ixtisaslar üzrə təlimləndirmək iqtidarında deyildir. Bir sıra sahələrdə, o cümlədən tikinti, təmir və sair sahələrdə işçi tələb olunsa da uyğun ixtisaslar və peşələrə malik işçilərin tapılmasında boşluqlar vardır. Bu səbəbdən də işəgötürənlər ya mövcud işçilərə yenidən həmin sahələr üzrə təlim keçir, ya da qonşu ölkələrdən miqrant işçiləri cəlb etmək yolu ilə tələbata cavab verməyə çalışır. Odur ki, PTT-nin yenidən qurulması və istiqamətləndirilməsi vacib siyasət prioriteti olmalıdır. Normal fəaliyyət göstərən PTT sistemi uşaq əməyinin aradan qaldırılmasına öz töhfəsini əhəmiyyətli dərəcədə verə bilər. Valideynlər üçün məşğulluq imkanlarının artırılması və uşaq, gənclər üçün alternativ təlim-təhsil imkanlarının təklif olunması vəziyyətin yaxşılaşdırılmasına xidmət göstərə bilər. Odur ki, yeni PTT sisteminin yaradılması uşaq əməyinin aradan qaldırılması istiqamətində prioritet siyasət fəaliyyətini təşkil edir.

YADİDP-də əks olunmuş məşğulluq və gəlir-yaratmanın artırılması prioritetləri, 2006-2015-ci illər üzrə nəzərdə tutulmuş Məşğulluq Strategiyası və Layiqli Əmək üzrə Ölkə Proqramı sənədlərində də əks olunmuşdur. Hər iki sənəd aşağı ixtisaslı və aşağı əmək haqqısı olan işlərin daha müasir, səmərəli və tələbata uyğun ixtisaslarla əvəzlənməsi vacibliyini vurğulayır, kənd yerlərində məskunlaşmış aztəminatlı əhali qruplarının məşğulluq və gəlir əldə etmək imkanlarının artırılması məqsədləri daşıyırlar. Bu fəaliyyətlərin uğurla başa çatdırılması uşaq əməyinin aradan qaldırılmasına öz müsbət töhfəsini verə bilsə də, bəzi ekspertlər göstərilən siyasət sənədlərinin icrası və onun təsirinin xeyli zaman, uşaq əməyinin aradan qaldırılmasının isə çevik və qətiyyətli tədbirlər tələb etdiyini vurğulayırlar.

Sosial müdafiə ilə bağlı tədbirlər, o cümlədən pensiya sisteminin islahatı YADİDP və müvafiq dövlət proqramında öz əksini tapmışdır. Azərbaycan 3 pilləli pensiya sistemini seçmişdir ki, buraya pensiyanın baza hissəsi, sığorta əsaslı müavinatlar və pensiyanın yığım hissəsi daxildir. Bundan əlavə, qeyd edildiyi kimi ünvanlı sosial müdafiə və ailə təsərrüfatlarında sahibkarlığa başlamaq üçün sosial rifah qrantları də təqdim olunur. 2013-cü ildə aylıq gəliri 93 manatdan aşağı olan ailələr bu qrantlar üçün müraciət edə bilər. 2014-cü ildə bu hədd 100 manat olmuşdur ki, bu da bir sıra tərəfdaşların nümayəndələri tərəfindən aşağı məbləğ kimi göstərilmişdir. Qeyd olunmuşdur ki, xüsusilə şəhər yerlərində orta ailənin aylıq xərcləri bu həddən bir neçə dəfə yüksəkdir.

YADİDP çərçivəsində həmçinin qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə də tədbirlərin icrası nəzərdə tutulmuşdur. Daha əvvəl qeyd olunduğu kimi, məcburi köçkün ailələrindən olan uşaqlar xüsusi olaraq uşaq əməyinə həssasdırlar və proqramın bu komponenti ölkədə uşaq əməyinin aradan qaldırılması üçün vacib əhəmiyyət daşıyır.

Nəhayət, YADİDP bütün vətəndaşlara, o cümlədən kənd yerlərində məskunlaşan əhaliyə keyfiyyətli sosial xidmətlərin təmin olunmasını vacib sayır. Buraya bütün uşaqların mövcud təhsil qanununa uyğun olaraq keyfiyyətli təhsil almaq imkanları da daxildir. Məsləhətləşmələrdə iştirak etmiş şəxslər proqramın bu hissəsinin tam icrası vacibliyini vurğulamışlar, belə ki, hal-hazırda kənd yerlərində yerləşən məktəblərin və təhsilin səviyyəsi xeyli aşağıdır.

Yekunda qeyd etmək gərəkdir ki, ölkədə ümumi siyasət vəziyyəti uşaq əməyinin aradan qaldırılması üçün əlverişlidir və bu problemin həlli üçün bir sıra tədbirləri nəzərdə tutur. Bir daha qeyd etmək vacibdir ki, əsas məsələ mövcud qanun və siyasət sənədlərinin təcrübədə tam və düzgün şəkildə icrası ilə bağlıdır. Bir sıra tərəfdaşlar proqramda əks olunmuş müddəaların tezliklə icrasına başlamağın vacibliyini qeyd etmişlər. Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin iştirakı ilə milli uşaq strategiyası hazırlanmış və qarşıdan gələn illər ərzində icrası nəzərdə tutulmuşdur.

Uşaq hüquqları siyasətinin mövcud olmaması uşaq əməyinin ən pis formalarının aradan qaldırılması sahəsində çalışan təşkilatlara məsələni milli gündəlikdə saxlamaq və müxtəlif strategiyalar çərçivəsində əlaqələndirmək imkanını məhdudlaşdırır. Odur ki, uşaq strategiyasının hazırlanması prosesini sürətləndirmək və uşaqların hüquqlarına zidd olan bütün məsələlərə qarşı tədbirləri davamlı şəkildə görmək zərurəti mövcuddur.

Artıq bir neçə ildir ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti və beynəlxalq təşkialtlar ilə əməkdaşlıq çərçivəsində insan alverinə qarşı səmərəli mübarizə aparmaqdadır. Bu fəaliyyət İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planlarında da öz əksini tapmışdır. MFP – 2 artıq yekunlaşdırılmış, MFP – 3 isə 2014-cü ildən etibarən qüvvəyə minəcəkdir. İndiyə qədər əsas diqqət insan alverinin gənc və daha yaşlı qurbanlarına yönəlsə də, artıq uşaq alveri və uşaq əməyinin ən pis formaları 3-cü MFP-da ayrıca fəsil olaraq əks olunmuşdur. Əməyə cəlb edilmiş uşaqlar artıq uşaq alverinin qurbanına çevrilmək təhlükəsi ilə üzləşirlər. Buna görə də uşaq əməyinin qarşısının alınması, gələcəkdə uşaq alverinin də azalmasına öz töhfəsini vermiş olur. 3-cü MFP-da uşaq əməyinin aradan qaldırılması üzrə fəaliyyətlərə məlumat və bilik səviyyəsinin yüksəldilməsi, uşaqların vəziyyətinin monitorinqi, uşaqların müdafiəsi sahəsində icmaların səfərbərliyi kimi müdaxilələr daxildir8.

3-cü MFP-dan əlavə olaraq, Əmək və Əhalinin Müdafiəsi nazirliyi Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi də 30 Sentyabr 2013 tarixdə uşaq əməyinə qarşı birgə fəaliyyətə dair plan imzalamışlar. Bu plan 2014-2015-ci illəri əhatə edir və altı müdaxilə sahəsini özündə əks etdirir. Bu fəaliyyət sahələri uşaq əməyinə dair ictimai məlumatlılığın artırılması, uşaq əməyi sahəsində cavabdeh hökumət qurumları təmsilçilərinin bacarıqlarının inkişafı və biliklərinin yüksəldilməsi daxildir. Gələcəkdə digər dövlət və vətəndaş cəmiyyəti təşkilatlarının da bu fəaliyyət planına qoşulmaq imkanı vardır. Fəaliyyət planı prioritet sahələri vurğulasa da, xüsusi olaraq hədəf qrupları və nəticələrə toxunmur (istisna olaraq, milli konfransın təşkili göstərilir), eləcə də fəaliyyətin büdcəsi təqdim olunmur. Qeyd olunan səbəblərə görə bu planı uşaq əməyinə qarşı mübarizəyə dair milli fəaliyyət planı adlandırmaq mümkün deyildir. Bununla belə, bu plan yaxşı başlanğıc nöqtəsi və əlaqələndirmənin gücləndirilməsinə müsbət zəmin kimi nəzərə alına bilər.

Beləliklə, Azərbaycanda uşaq əməyinə qarşı mübarizə sahəsində mövcud siyasət mühitini əlverişli hesab etmək olar. 2014-cü ildən etibarən uşaq əməyinin ölkədə prioritet mövzu təşkil etdiyinin də şahidi oluruq. Buna sübut olaraq, İnsan alverinə qarşı mübarizə üzrə 3-cü Milli Fəaliyyət Planında uşaqların müdafiəsi ilə bağlı ayrıca fəslin əks olunmasını göstərmək mümkündür. Bütün bunları nəzərə alaraq, əsas prioritet artıq qəbul olunmuş siyasət sənədləri və planların icrasına dəstəyin göstərilməsi olmalıdır. Uşaq əməyinə dair siyasət və planların icrasına dəstək barədə müzakirələr növbəti fəsil – Fəsil 6-da aparılacaqdır.



  1. Yüklə 273,92 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin