Nəticələr
Azərbaycanda uşaq əməyinin nəticələri, bu problemin uşaqlara, onların ailələrinə və icmaya, eləcə də milli inkişafa təsiri barədə çox az tədqiqat aparıldığından, bu təsirə dair faktların, məlumatların, vəziyyətin sənədləşdirilməsi də məhdud səviyyədədir.
Əldə olan məlumatlar və sənədlər onu deməyə əsas verir ki, uşaq əməyinin ən pis formalarına cəlb olunmuş uşaqlar fiziki və psixoloji risklərə, eyni zamanda, mütəmadi olaraq xəsarət və infeksiyon xəstəliklərə məruz qalırlar. UƏƏPF qurbanı olan uşaqlar müdafiə mühitindən kənar yaşadıqlarından, onlara qarşı davamlı olaraq şəxsiyyətin alçaldılması, fiziki və cinsi zorakılıq halları da müşahidə olunur. Bununla belə, Azərbaycanda uşaq əməyinin spesifik nəticələri daha geniş təhlil olunmalı və sənədləşdirilməlidir. Küçə uşaqları və insan alveri qurbanları ilə çalışan təşkilatlar fərdi işlərin və halların qeydiyyatını aparır. Hər bir fərdi iş və ya hal ayrıca şəkildə təhlil oluna bilər. Bu təşkilatlar xüsusilə vurğulamışlar ki, qurbanların səhiyyə, psixoloji-sosial məsləhət və digər dəstəyə ehtiyacları vardır. Mütəxəssislər həmçinin qeyd etmişlər ki, uşaq əməyi və istismarının qurbanı uşaqların uzunmüddətli ümidsizlik, yalnızlıq, ləyaqətin və özünə inamın aşağı olması problemləri mövcuddur.
2005-ci il uşaq əməyinə dair aparılmış sorğuda çalışan uşaqların səhhəti ilə bağlı bir sıra problemlər, o cümlədən ağciyər, dəri, allergiya, diareya xəstəlikləri və davamlı yorğunluq problemləri müşahidə olunmuşdur. Həmin sorğuda bu uşaqların əməyi və qeyd olunan xəstəliklər arasında birbaşa əlaqə araşdırılmasa da, tədqiqatın nəticələri uşaq əməyinə cəlb olunmuş uşaqların mövcud iş şəraitlərinə görə əziyyət çəkdiklərini təsdiq etmişdir.
Uşaq əməyi sahəsində mövcud risklər, məsələn kənd təsərrüfatı gübrələrinin təsiri, ağır yüklərin qaldırılması və gecə işləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə 18 yaşından aşağı uşaqlar üçün qadağan olunmuş zərərli işlər siyahısında yer almışdır. Beləliklə, uşaqların fiziki və psixoloji durumlarına mənfi təsir göstərə bilən hər hansı işin qadağan olunması rəsmi olaraq tanınmış və təsdiq edilmişdir.
2005-ci il sorğusu eyni zamanda uşaq əməyi və məktəbdən yayınmalar arasında əlaqənin mövcud olmasını sənədləşdirmişdir. Həmin sorğunun nəticələri sübut etmişdir ki, işləyən uşaqlar işləməyən uşaqlara nisbətən daha böyük ehtimalla təhsil sistemindən yayınmışlar. Əsas təhsildən riskli və zərərli uşaq əməyinə keçidi asanlaşdıran hallardan biri də formal təhsilə alternativlərin (peşə təhsili, usta yanında şagird və sair) məhdud olmasıdır.
Məsləhətləşmələrdə iştirak etmiş bir sıra tərəfdaşların nümayəndələri ölkənin əmək bazarında mövcud struktur balansının olmamasını qeyd etmişlər. Azərbaycanın Peşə Təhsili və Təlim sistemi praktik olaraq öz funksiyasını itirmiş və nəticədə ixtisaslı peşəkarlar, xüsusən də turizm, informasiya texnologiyası, tikinti, təmir və bir çox digər sahələrdə mütəxəssis çatışmamazlığı yaranmışdır. Hökumət və sosial tərəfdaşlar hal-hazırda peşə təhsili müəssisələrinin gücləndirilməsi siyasəti üzərində çalışırlar. Məqsəd peşə təshili imkanlarının yenidən bərpa olunması, təlim prosesi səviyyəsinin qaldırılması, Azərbaycanın mövcud əmək bazarı tələblərinə uyğun peşələr üzrə yeni ixtisaslar təqdim etməkdir.
Odur ki, uşaq əməyi, təhsil sistemi və peşə təhsili üzrə mövcud çatışmamazlıqlar birlikdə əmək bazarının tarazlığına təsir edir, iqtisadi inkişafı əngəlləyərək artıma mane olur. Beləliklə, uşaq əməyi yalnız uşaqların təhsil, müdafiə, istismardan qorunma hüquqlarının pozuntusu deyil, həm də milli inkişaf və iqtisadi artımı məhdudlaşdıran problemdir.
Uşaq əməyinin aradan qaldırılmasını siyasi və proqram səviyyəsinə çatdırmaq üçün, biri-biri ilə əlaqəli olan yuxarıda qeyd edilmiş məsələlər geniş şəkildə araşdırılmalı və ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Eyni zamanda, Uşaq əməyinin nəticələri, o cümlədən iqtisadi artım və Azərbaycanın 2020-ci ildə yüksək gəlirli ölkələr siyahısına düşmək istəyinə təsiri istiqamətində sistemli təhlillər aparıla bilər.
Azərbaycanda uşaq əməyinə dair qanunvericilik və siyasət çərçivəsi
Qanunvericilik çərçivəsi
Uşaq əməyinə dair Azərbaycan Respublikasının qanunvericilik və siyasət çərçivəsinin müasir və mövcud beynlxalq standartlara cavab verdiyini söyləmək olar. Bununla belə, uşaq əməyinin aradan qaldırılması qarşısında duran əsas problem qanunvericilik və ya siyasət çərçivəsində olan boşluqlar deyildir. Bu daha çox həmin qanun və siyasətlərin hüquq mühafizə orqanları və ictimaiyyətin bu qaydaların icrasına nəzarətində problemlərin mövcud olması ilə izah edilə bilər.
Azərbaycan Respublikası bütün əsas beynəlxalq sənədləri, o cümlədən BMT Uşaq Hüquqları Konvensiyası, Beynəlxalq Əmək Təşkilatının 138 saylı Minimum Yaş Həddi Konvensiyası və 182 saylı Uşaq Əməyinin Ən Pis Formalarının Aradan Qaldırılmasına dair Konvensiyanı ratifikasiya etmişdir. Bu beynəlxalq sənədlər əsas etibarilə milli qanunvericilikdə öz əksini tapmışdır. Odur ki, uşaqların müdafiə hüquqları ölkə Konstitusiyası, ailə məcəlləsi, cinayət məcəlləsi, təhsil və əmək qanunvericiliyi ilə təmin olunur.
Cinayət məcəlləsi insan alveri və məcburi əməyi qadağan edir və bu cinayətə digər insanları cəlb edən şəxsləri cəzalandıran müddəalara malikdir. İnsan alverinə qarşı mövcud qanunvericilik bu problemin qarşısının alınması, nəticələrinin aradan qaldırılması və ona qarşı mübarizənin təşkili məqsədilə bir sıra müddəaları əhatə edir. Hal-hazırda İnsan alverinə qarşı mübarizəyə dair 3-cü Milli Fəaliyyət Planı qəbul edilmiş və 2014-cü ildən etibarən MFP icra olunacaqdır. Müvafiq qanunvericilik, dövlət qurumları və qeyri-dövlət təşkilatları arasında əlaqələndirmənin təşkili, insan alveri və uşaq alverinin qarşısının alınması, potensial qurbanların müdafiəsi və cinayətkarların cəzalandırılması məqsədilə xüsusi polis qurumunun yaradılması barədə maddələri də əks etdirir.
Təhsil haqqında qanun hər bir vətəndaşın təhsil hüququnu təsdiq edir və dövlətin bərabər əsaslarla bütün vətəndaşlara təhsil vermək öhdəliyini təmin edir. Qanun eyni zamanda, ibtidai və orta təhsilin ödənişsiz və icbari olduğunu qeyd edir, təhsil standartlarının hazırlanması prinsiplərini müəyyənləşdirir. Bundan əlavə, dövlətin xüsusi sosial müdafiəyə ehtiyacı olan insanların təhsil sistemi və təhsil müəssisələrinə çıxışını asanlaşdırmasının təminatçısı olduğunu da vurğulayır.
Əmək qanunu uşaq əməyini açıq-aydın şəkildə qadağan edir və əməyə cəlb olunmanın minimum yaş həddini müəyyən edir. Bu hədd hal-hazırda 15 yaş olsa da, 16 yaşa qədər qaldırılmalıdır7. Qanunda yüngül işlərə dair minimum yaş həddi ilə bağlı heç bir müddəa mövcud deyildir, baxmayaraq ki, 138 saylı Konvensiyanın tələbi ilə heç bir halda bu yaş həddinin pozulmasına icazə verilmir.
Məhz 12-13 yaşlı uşaqların yüngül işlərə cəlb olunması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyətin olmaması uşaqların ailə təsərrüfatlarında çalışmasına yol açır. Açıq şəkildə 15 yaşına qədər (bir qədər sonra 16 yaşına qədər) uşaqların işləməsinin qanunla qadağan olunması müxtəlif iqtisadi fəaliyyətə uşaqların cəlb edilməsini mümkünsüz edir. Digər tərəfdən isə uşaqların öz ailələrinin təsərrüfatlarında 16 yaşına çatmadan çalışmamasını və ya bunun qarşısının səmərəli şəkildə alınmasını da təsəvvür etmək çətindir.
Daha ciddi narahatçılıq bundan ibarətdir ki, əmək məcəlləsində mövcud məhdudiyyətlər işçi və işəgötürən arasında imzalanmış əmək müqaviləsi əsasında fəaliyyət göstərən işlərə aiddir. Bu isə təcrübədə o deməkdir ki, əməyə cəlb edilmiş uşaqların yalnız az bir qismi bu qanunvericiliklə qorunur, belə ki, uşaqların əksəriyyəti qeyri-formal sektorda çalışdığından onların yazılı müqaviləsi yoxdur. Əmək müqaviləsi ilə tənzimlənməyən əmək münasibətlərinə Əmək müfəttişliyi xidməti tərəfindən nəzarət olunması çətinləşir. Odur ki, uşaq əməyinin müəyyənləşdirilməsi və ya qarşısının alınması istiqamətində müfəttişliyin rolu o qədər də böyük deyildir. Bu səbəbdən də, əmək qanunvericiliyinin işəgötürməyə dair şifahi razılaşmalara da aid edilməsi əsas prioritetlərdən birini təşkil edir.
Əmək müfəttişliyinin işi bir də onunla mürəkkəbləşir ki, bütün təftiş fəaliyyətləri öncədən planlaşdırılmalı və bunlar barədə öncədən İqtisadi İnkişaf nazirliyinə yazılı məlumat verilməlidir. Buna görə də əmək müfəttişləri çevik və gözlənilməz təftiş səfərləri təşkil etməkdə çətinlik çəkir, uşaq əməyi ilə bağlı şikayətləri vaxtında və səmərəli şəkildə cavablandıra bilmirlər. Belə ki, işəgötürənin istənilən zaman öz müəssisəsində “təmizləmə” əməliyyatı aparmaq və pozuntuları gizlətmək imkanı olur.
Əmək müfəttişləri bütün yoxlama hesabatlarında hesabatın formal hissəsi olaraq uşaq əməyinə dair hissəni doldururlar. Əmək müfəttişləri uşaq əməyi, onun səbəbləri və nəticələri barədə məlumatın və biliyin aşağı səviyyədə olmasını vurğulamışlar. Odur ki, uşaq əməyi halları bir çox hallarda təhqiqat deyil, məlumatlandırma və vasitəçiliklə aradan qaldırılır.
Azərbaycanda 18 yaşına çatmayanların çalışması üçün qadağan olunan zərərli peşə və sahələrin siyahısı mövcuddur. Siyahı kifayət qədər geniş və əhatəlidir, bütün zərərli peşələrin adları qeyd olunmuşdur. Bu isə öz növbəsində əmək müfəttişlərinə imkan verir ki, azyaşlı uşaqların çalışması qadağan olunan sahələrə nəzarət etsinlər və gənc işçilərin icazə verilən iş şəraitləri barədə işəgötürənləri və uşaqları məlumatlandırsınlar. Bu sahədə Azərbaycanın müsbət təcrübəsi, yəni zərərli peşələrin əhatəli siyahısının hazırlanması və yayılması digər ölkələrdə də tətbiq edilə bilər.
Bundan əlavə, Azərbaycanda həmkarlar ittifaqlarının zəngin təcrübə və ənənəsi vardır ki, onlar da öz növbəsində müəssisələrə yoxlama səfərlərində əmək müfəttişlərini müşaiyət edirlər. Həmkarlar ittifaqları hökumət və sahibkarlarla üçtərəfli kollektiv razılaşmaları imzalayır ki, uşaq əməyinin qadağan olunması haqda müddəalar da bu razılaşmaların tərkib hissəsini təşkil edir. Həmkarlar ittifaqlarının daxilində həmkarların əmək müfəttişləri də vardır ki, onlar uşaq əməyinin müəyyən olunmasında və ona qarşı müvafiq tədbirlərin görülməsində mühüm rol oynaya bilər. Həmkarların əməkdaşları işçilərin yanında fərqli statusa malik olduqlarına görə bir sıra hallarda onların əmək müfəttişlərinin əldə edə bilmədikləri məlumatlara çıxış imkanları olur. Eyni zamanda, həmkarlar ittifaqlarının əməkdaşları, işçiləri bir çox mövzular üzrə, o cümlədən uşaq əməyi barədə maarifləndirmək və məlumatlandırmaq sahəsində mühüm rola malik olurlar. Odur ki, həmkarlar ittifaqları əməkdaşları və əmək müfəttişlərinin birgə fəaliyyət göstərməsi və bu fəaliyyəti əlaqələndirməsi uşaq əməyi sahəsində daha geniş əhatə və yüksək keyfiyyəti təmin etmiş olur. Qlobal sahədə bu, çox müasir və innovativ model təşkil edir və bu təcrübənin sənədləşdirilməsi digər ölkələr üçün də maraqlı ola bilər.
Ümumilikdə, Azərbaycanda uşaq əməyinin qarşısının alınması və onun aradan qaldırılması ilə bağlı qanunvericiliyin beynəlxalq standartlara uyğun olması qənaətinə gəlmək mümkündür. Eyni zamanda, əmək məcəlləsinin şifahi razılaşmalara tətbiq olunmadığını da qeyd etməliyik. Bununla belə, bu sahədə fəaliyyət göstərən qurumların və tərəfdaşların əsas prioriteti hüquqi təhlil və ya mövcud hüquqi çərçivənin dəyişdirilməsi deyil, qanunvericiliyin tam icrasına nail olmaqdan ibarətdir.
Dostları ilə paylaş: |