Ümumiyyətlə, türk şeirində alliterasiyanın tədqiqinin balanğıcı məşhur polyak tədqiqatçısı Tadeuş Kovalskinin adı ilə bağlıdır. Onun 1921-ci ildə Krakovda nəşr etdirdiyi əsərini A.N.Linin ruscaya sərbəst şəkildə tərcümə edərək 1926-cı ildə Bakıda çap etdirmişdir.1T.Kovalski türk şeirində alınma olmayan əsil türk “pratük” əlamətləri sırasına alliterasiyanı da daxil edir.
Ənənəvi fikir belədir ki, alliterasiya sözlərin hər hansı hissəsindəki samitlərin eyni və ya yaxın olmasıdır (məsələn, V.Radlov bu fikirdə idi). Bu halda alliterasiya məfhumu çox geniş və yayğın olur və hətta qafiyəni də əhatə edir. T.Kovalski isə sözlərin ancaq əvvəlində olan səslərin və ya səs qruplarının eyni və ya yaxınlığını alliterasiya hesab edir. O, söz ortasındakı səslərin rolunu nəzərə almır. Halbuki sözlərin ortasında işlənən samitlərin də alliterasiya yaratmaqda müəyyən rolu vardır.
Alliterasiya iki şəkildə özünü göstərir:
a)Misralararası (sətirarası) və ya bənd, beyt alliterasiyası (xarici alliterasiya).Əsasən qonşu misraların ilk sözlərinin ilk səsləri eyni və ya uyğun səslər olur.
Bəy dediyin nədur,
Bəyənmədiyin nədir?
Samana qatsan at yeməz,
Sümüyə qatsan it.
b) Sözarası və ya misra alliterasiyası (daxili alliterasiya).Ardıcıl gələn (bir misrda) səslərin uyğunluğu diqqəti cəlb edir:
Axtaran tapar,
Yoğuran yapar.
At görəndə axsayır,
Su görəndə susayır.
T.Kovalski alliterasiyanın da, qafiyənin də mənşəyini məhz bu simmetriya, paralelizm ilə əlaqədar izah edir. Şeirdə ahəng, misraların düzümü, bərabərlik və s. təkrarlardan və sintaktik təkrarlardan törəmişdir.
Azərbaycan dilinin qədim və qiymətli tarixi abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanlarında alliterasiya hadisəsi çox geniş miqyasda özünü göstərir. Buradakı şeir parçalarının mühüm qismi, ayrı-ayrı hikmətamiz cümlələr, habelə sadəcə təsvir xarakterli söz və ifadələr sırası alliterasiya prinsipi üzrə düzəlmişdir.
Dastanların lap əvvəlində qarılardan danışarkən belə de-yilir:
“...Birisi solduran soydur (SO).
Birisi dolduran toydur...” (DO, TO).
Dastanların dilini xüsusi olaraq tədqiq edən Ə.M. Dəmirçizadə alliterasiya hadisəsindən də bəhs açmışdır. Doğrudur, Ə.M. Dəmirçizadə “alliterasiya” terminini işlətməmişdir, lakin tədqiqat zamanı qarşıya çıxan bu hadisəni “fonetik uzlaşdırma”, “səslərə görə həmcinsləşdirmə” ifadələri ilə göstərmişdir.