Aseptika və antiseptika (prof. Hacıyev C. N.)



Yüklə 36,9 Kb.
tarix05.01.2022
ölçüsü36,9 Kb.
#111093

ASEPTİKA VƏ ANTİSEPTİKA

(prof.Hacıyev C.N.)

Müasir cərrahlığın çoxsaylı uğurları məhz mikroblara qarşı aparılan etibarlı mübarizə vasitələri hesabına mümkün olmuşdur. Belə ki, cərrahi əməliyyatdansonrakı dövrdə xəstələrdə təsadüf edilən müxtəlif ağırlaşmalar içərisində aparıcı yeri irinli-iltihabi ağırlaşmalar tutur. Yaradakı ağır irinli proseslər sonralar daha ağır fəsadlara (arroziv qanaxma, sepsis və s.) və hətta, ölümə gətirib çıxara bilir. Məhz bu səbəblərdən də çağdaş cərrahlığın əsas prinsiplərindən biri də aseptika və antiseptika vasitəsilə bu ağırlaşmalara qarşı mübarizə aparmaqdır.

Aseptika (“a”- inkar, “septicus”- irin, çürümə) mikrobların yaraya və bütövlükdə orqanizmə düşməsinin qarşısını almaq məqsədilə görülən tədbirlər kompleksinə deyilir.

Antiseptika (“anti”- əleyhinə, “septicus” - irin, çürümə) yarada, patoloji möhtəviyyatda, yaxud bütövlükdə orqanizmin özündə mikrobların artıb çoxalmasının qarşısının alınması və onların məhvi üçün görülən mübarizə tədbirləri kompleksidir.

 

Aseptika və antiseptikanın inkişaf tarixi



XIX əsrin ortalarına qədər cərrahi müdaxilə keçirmiş xəstələrin 80%-ə qədəri irinli-septik və çürüntülü ağırlaşmalardan tələf olurdu. Belə ki, o dövrdə mikroblar barədə anlayış yox idi və hətta, cərrahlar müdaxilə vaxtı öz çirkli mundirlərini geyir, əllərini isə yalnız müdaxilədən sonra yuyurdular. Qızıl yel, sepsis, hospital qanqren, irinli iltihab və qızdırma həqiqətən də “cərrahlığın bəlası” (N.İ.Piroqov) idi.

Aseptika və antiseptikanın kəşfindən sonra cərrahlıqda bir inqilabi çevriliş oldu. Lakin bu təlim uzun bir tarixi təkamül nəticəsində meydana çıxmışdır.

Aseptika və antiseptikanın inkişaf tarixi bir neçə dövrə bölünür: emprik dövr, listerəqədərki dövr, listerin antiseptikanı kəşfi dövrü, aseptikanın kəşfi dövrü,  çağdaş aseptika və antiseptika.

Aseptika və antiseptikanın emprik dövrü

İrinli infeksya ilə mübarizə elementlərinə hələ lap qədim dövrlərdə təsadüf edilirdi. Qədim Misirdə yaraların müalicəsində çaxırdan istifadə edirdilər. Qədim Yunanıstanda Hippokrat yaraların müalicəsində çaxır, qaynanmış yağış suyu işlədirdi, sarğılar vaxtı təmizliyə riayət etməyi məsləhət görürdü, əməliyyat sahəsində tükləri qırxırdı, cərrahdan dırnaqların qısa tutulmasını tələb edirdi, havanı yoluxma mənbəyi hesab edirdi, irinliyin dərhal yarılmasını və drenajlanmasını aparırdı. Sonralar Əbu Əli ibn Sina yaraların müalicəsində dezinfeksiya məqsədilə çaxırdan istifadə etməyi təbliğ edirdi.

Əlzəhrəvi ilk dəfə ketqutun hazırlanması üsulunu təklif etməklə tikiş materiallarının mikrobsuzlaşdırılmasının əsasını qoymuşdur. Əbülqasım irinli yaraların müalicəsində kətan irinsoran piltələr işlədirdi.

Beləliklə, qədim dövrdə işlədilən aseptika və antiseptika elementləri əsasən bunlar idi: yaraya çirkli əllə toxunulmamalıdır; yarada olan yad cisimlər çıxarılmalıdır; yaranın müalicəsində çaxır, spirt, qətran kimi antiseptik maddələr

işlədilməlidir; təzə yaralar tikilməlidir; yara əvvəlcədən hazırlanmış sapla tikilməlidir; əməliyyat sahəsi tüklərdən təmizlənməli və yaraya təmiz sarğı qoyulmalıdır.

Listerəqədərki dövr. XVII əsrdə ingilis cərrahı Bencamin Bell havanın yaraya keçməsinin və onu çirkləndirməsinin qarşısını almaq məqsədilə yaraya daha erkən dövrdə sarğı qoymağı təklif edirdi. Onun həmvətəni cərrah C. Prenqli isə hospitalda havanı tez-tez təmizləməyi və bu məqsədlə yelçəkərdən istifadə etməyi məsləhət görürdü. Qeyd etmək lazımdır ki, antiseptika terminini də ilk dəfə məhz o, 1750-ci ildə xininin təsirini təsvir edərkən işlətmişdir. 1840-cı ildə alman cərrahı F.Henle bütün ağırlaşmaların səbəbini yaraya təmas yolu ilə keçən canlı yoluxucu varlıqlarda görürdü. Məşhur cərrah Bilrot da yaraların irinləməsinin və çürümə proseslərinin səbəbini yaraya ibtidai canlıların düşməsi ilə izah edirdi. N. İ. Piroqov (1844) yaraların irinləməsinin səbəbini yaraya sarğı materiallarından, cərrahın əllərindən və digər əşyalardan “hospital miazmalarının” düşməsində görərək, bu “miazmaların” məhv edilməsi məqsədilə spirtdən, yoddan və lyapisdən istifadə edirdi. O, həmçinin, hospital qanqreni ilə olan xəstələri ayrı binada yerləşdirirdi. Doğuşdan sonra zahı qadınlarda baş verən sepsisin səbəbini macar

mama – ginekoloqu Zemmelveys cərrahın və anatomik teatrdan gələrək doğuş tutan tələbələrin əllərindən “meyit zəhərinin” müayinə zamanı doğuş yollarına düşməsində görürdü və müayinədən qabaq əlləri xlorlu əhəng məhlulu ilə yumağı təklif edirdi. Müayinədən qabaq əlləri xlorlu əhəng məhlulu ilə yumaqla Zemmelveys ölümü 10 dəfədən çox azaldır: ölüm faizi 18%-dən 1,3%-ə enir. O, 1847-ci ildə öz fikirlərini məktub şəklində Avropanın bütün qabaqcıl mama-ginekoloqlarına yazıb göndərsə də, onu məsxərəyə qoydular. Bu təkliflər qəbul olunmadı və Zemmelveys kimi mütərəqqi bir alim psixiatrik xəstəxanada acınacaqlı bir surətdə vəfat etdi.

Antiseptikanın kəşfi dövrü. Bu sahədə dönüş Lui Pasterin işlərindən sonra (1857-1863) başlamışdır. L. Paster Paris Cərrahlıq Akademiyasındakı çıxışında cərrahlara müraciət edərək deyirdi: “Yaraların müalicəsində və sarğıda işlətdiyiniz

suyun, süngərin elə özləri bu mikroskopik varlıqların rüşeymlərini yaraya salırlar”.

L. Pasterin işləri ilə yaxından tanış olan ingilis cərrahı Cozef Lister mikrobların yaraya cərrahın əllərindən və havadan düşməsi fikrinə gəlir. O, 1865-ci ildən cərrahi müdaxilədən əvvəl əllərin, əməliyyat sahəsinin, əməliyyat otağının havasının, yaraya toxunan alətlərin və sarğı materiallarının mikrobsuzlaşdırılması üçün 2-3%-li karbol turşusundan istifadə etməyə başlayır və 1867-ci ildə “Lancet”

jurnalında “İrinləmənin səbəblərinə qeydlərlə birgə sınıqların və irinliklərin yeni müalicə üsulu barədə” adlı məqaləsini dərc etdirərək antiseptika adlı üsulun əsas müddəalarını bəyan edir. Lister antiseptikanı aşağıdakı tədbirlərlə həyata keçirməyi təklif edirdi:

· əməliyyatdan qabaq və onun gedişində əməliyyat otağının havasına xüsusi çiləyici ilə 2-3 %-li karbol turşusu çilənməlidir;

· alətlər, tikiş materialları və cərrahın əlləri 2-3%-li karbol turşusu ilə işlənməlidir;

· əməliyyat sahəsi 2-3%-li karbol turşusu məhlulu ilə silinməlidir;

· əməliyyatdan sonra yara xüsusi sarğı ilə (yaranın üstünə əvvəlcə 5%-li karbol turşusu və qətranla isladılmış nazik ipək parça, onun üstündən karbol turşusu və parafin hopdurulmuş 8 qat tənzif və müşəmbə (yaxud yağlı kağız) qoyulur və karbol turşusunda isladılmış bintlə sarınır) sarınmalıdır.

C. Listerin bu sahədə iki əsas xidməti olmuşdur: o, özündən əvvəl antiseptika sahəsində olan fikirləri sistemləşdirərək bitkin bir təlim yaratmışdır; ən əsası isə, bu təlimi praktikaya – klinik cərrahlığa tətbiq etmişdir.

Bu üsulun tətbiqi o dövr üçün görünməmiş nəticələr verdi: ölüm faizi və yaraların irinləməsi halları kəskin azaldı. Listerin metodu hər bir yenilikdə olduğu kimi, çətinliklə yayılırdı. Sonralar karbol turşusu yeni-yeni antiseptik maddələrlə əvəz edildi və bu gün Listerin təklif etdiyi antiseptika üsulundan klassik şəkildə istifadə edilmir. Lakin bu kəşf cərrahlıqda köklü dəyişikliklər–inqilab yaratdığından C. Listerin adı cərrahlıq tarixinə qızıl hərflərlə yazılmışdır.

Aseptikanın kəşfi dövrü. 1890-cı ildə Berlində cərrahların X Ümumdünya

konqresində alman alimi E. Berqman və onun tələbəsi Şimmelbuş mikroblarla mübarizənin yeni üsulu–aseptika haqqında (fiziki üsullarla bakteriyaların məhvi) məlumat verdilər. E. Berqmanın təklif etdiyi aseptika üsulunun əsasında yaraya toxunan bütün əşyaların səthində olan mikrobların yüksək temperaturla (qaynatmaq, isti buxar və s.) məhvi prinsipi dururdu. 1892-ci ildən başlayaraq aseptika cərrahi klinikalarda geniş tətbiq edilməyə başladı.

Çağdaş aseptika və antiseptika. Çağdaş cərrahlıqda çoxsaylı antiseptik preparatlardan, antibiotiklərdən, digər antibakterial maddələrdən, termiki üsullardan, ultrasəsdən, ultrabənövşəyi, rentgen və radiaktiv şüalardan istifadə edilməklə aseptika və antiseptika həyata keçirilir.

Bütün bu deyilənlərə yekun olraq aşağıdakı nəticələrə gəlmək olar:

– Hazırda xalis aseptika və ya xalis antiseptika yoxdur.

– Bu iki üsul bir-birinə üzvi surətdə daxil olub, yəni aseptikada antiseptika, əksinə antiseptikada aseptika elementləri vardır.

– Hazırki dövrdə hər iki üsul bir-birini tamamlayır, birgə işlədilir və müasir cərrahlığın məhək daşını təşkil edir.

– Cərrahi infeksiyanın profilaktikasında və ləğv edilməsində hər iki üsul vahidin bərabərhüquqlu hissələri kimi qəbul edilir.

– Aseptika profilaktika, antiseptika isə müalicə üsuludur.

– Aseptika və antiseptikasız cərrahlıq yoxdur.

Aseptika

Yuxarıda qeyd etdiyimiz kimi mikrobların yaraya və bütövlükdə insan orqanizminə düşməsinin qarşısının alınması məqsədilə görülən tədbirlər kompleksinə aseptika deyilir. Profilaktik üsul olan aseptikada iki əsas məqsəd güdülür:

* insan orqanizmini və xüsusən də, yaranı ətraf bakterial çirkli mühitdən qorumaq;

* yaraya toxuna biləcək, yaxud təbii dəliklərlə daxili üzvlərlə təmasda ola biləcək hər bir şeyin, həmçinin, xəstəxanadaxili infeksiyanı yaya biləcək əşyaların fiziki, kimyəvi, bioloji və mexaniki üsullarla mikrobsuzlaşdırılması.

Bu məqsədlərə nail olmaq üçün aseptikanın əsas qanununa riayət etmək lazımdır: yaraya toxunan hər bir şey steril, yəni mikrobsuz və sporsuz olmalıdır.

Aseptikanın bu əsas qanununa riayət etmək üçün ilk növbədə infeksiyanın mənbələri – yaraya düşmə yolları aşkarlanmalıdır.

İnfeksiyanın mənbələri və yayılma yolları. Cərrahi infeksiya yaraya iki yolla düşə bilər: endogen və ekzogen.

Ekzogen yolla infeksiya yaraya ətraf mühitdən düşür və bu infeksiyanın düşmə yolundan asılı olaraq onun dörd növü ayırd edilir: hava; damcı; kontakt (təmas) və calaqlanmış (implantasiya olunmuş).

Ekzogen infeksiyanın mənbələri xəstənin, onun yanına gələn şəxslərin, tibbi heyətin yuxarı tənəffüs yollarından və ağız boşluğundan xaric olan mikrobların toz hissəciklərinə çökdüyü hava, irinli yaraların möhtəviyyatı, müxtəlif məişət çirkləri, batsil gəzdiricilər və bir sıra hallarda heyvanlardır.

Endogen infeksiyanın mənbəyi isə orqanizmin özündədir. Endogen infeksiya və ümumiyyətlə, cərrahi irinli infeksiya orqanizmdə 4 yolla yayılır:

▲ limfogen yol–ən çox təsadüf edilən yoldur, infeksiya mənbəyindən mikroorqanizmlər limfatik damarlarla yayılırlar;

▲ hematogen yol–infeksiya qan axını ilə infeksiya mənbəyindən daha uzaqlara yayılır;

▲ təmas yolu (per continuitatem)-infeksiya ətraf toxumaları bilavasitə prosesə cəlb etmək yolu ilə və həmçinin, anotomik qanunauyğunluqlar əsasında (ən az müqavimət göstərən kövşək birləşdirici toxumada, sinir-damar dəstəsi boyu, fassial yataqlarla və s.) yayılır; Məs. sürtünmə nəticəsində kəskin appendisit zamanı infeksiya soxulcanabənzər çıxıntını əhatə edən böyük piyliyə keçə bilir. İnfeksiya ilə mübarizə o zaman daha səmərəli olur ki, bu mübarizə infeksiya mənbəyi- yoluxma yolları-orqanizm mərhələlərinin hər birində aparılsın.

Endogen infeksiya və onun profilaktikası. Cərrahi əməliyyatdan sonra təmiz yaraların irinləşməsinin səbəbi 40%-ə qədər hallarda endogen infeksiyadır. Endogen infeksiyada infeksiya mənbəyi orqanizmin daxilində (həzm traktı, tənəffüs yolları və s.), yaxud onun dəri örtüklərində olur. Endogen infeksiya (autoinfeksiya) orqanizmin müqavimət qabiliyyətinin zəifləməsi fonunda xəstənin özündəki mənbələrdə olan mikrobların translokasiyası (yerini dəyişməsi) nəticəsində baş verir. İnsanın biosenozunda 1014-1015-ə qədər mikrob vardır. Sağlam adamın “makroorqanizm-rezident mikroflora” sistemi balanslaşdırılmış tarazlıq vəziyyətində olur. Orqanizmin müqavimət qabiliyyəti zəiflədiyi hallarda bir sıra xarici və daxili faktorlar təsirindən rezident və tranzitor bakteriyaların bir sıra növləri sürətlə artıb çoxalmaqla bu tarazlığı pozaraq yayılmağa başlayırlar.

Planlı cərrahi müdaxilələrdə profilaktika tədbirləri. Planlı cərrahi müdaxilələrdə əməliyyatönü dövrdə xəstə hərtərəfli müayinə olunaraq mövcud olan bütün gizli və xroniki endogen infeksiya ocaqları aşkarlanır. Bu müayinələr zamanı aşkarlanan endogen infeksiya ocaqları (kariesli dişlər, tonzillit, adneksit və s.) tam müalicə olunduqdan və iltihabi proses tam söndükdən sonra planlı cərrahi müdaxilənin aparılmasına icazə verilir. Xəstənin şəxsi gigiyena qaydalarına riayət etməsi də endogen infeksiyanın profilaktikasında müəyyən rol oynayır.

Təcili və təxirəsalınmaz cərrahi müdaxilələrdə aparılan profilaktik tədbirlər. Xəstə təcili, yaxud təxirəsalınmaz qaydada əməliyyat olunduğundan onun müayinəsinə və endogen infeksiya ocaqlarının müəyyən edilməsinə vaxt qalmır. Belə hallarda əməliyyatın gedişində kəsik aparmazdan əvvəl venadaxilinə

profilaktika məqsədilə güclü antibiotiklər yeridilir və antibiotikoterapiya əməliyyatdan sonrakı dövrdə də davam etdirilir.

Ekzogen infeksiyanın profilaktikası. Son illər aparılmış tədqiqatlara görə 60% hallarda yaraların irinləməsinin səbəbi ekzogen infeksiyadır.

Hava infeksiyası və onun profilaktikası. Cərrahi əməliyyat zamanı yaraların infeksiyalaşması 90% hallarda kontakt (təmas) və 10%hallarda isə hava yolu ilə baş verir. Hava-damcı infeksiyasının mənbələri bunlardır: hava, tibbi heyət və digər xəstələr. Hava infeksiyası dedikdə, havada asılı vəziyyətdə olan mikroblar nəzərdə tutulur. Havada nə qədər çox toz olarsa, bir o qədər də mikroorqanizmlərin sayı çox olur. Hazırda əməliyyat otağının havasının 1m3-də qeyri-patogen mikrob

koloniyalarının yol verilən miqdarından asılı olaraq üç cür aseptika ayırd edilir:

* şərti aseptika – havanın 1m3-də 300-500;

* ciddi aseptika – havanın 1m3-də 50-100;

* hüdudi aseptika – havanın 1m3-də 0-50.

Hava infeksiyasının profilaktikası aşağıdakı üsullarla aparılır:

-  Əməliyyat bloku binanın axırıncı mərtəbəsinin altında yerləşdirilir ki, havada toz nisbətən azdır.

-  Yelçəkər və ventilyasiya vasitəsilə havanın dəyişdirilməsi.

-  Sarğı və əməliyyat otaqlarının vaxtında yığışdırılması: səhər tezdən otağın özü və otaqdakı əşyalar həm nəm əsgi ilə silinir, həm də iş gününün

başlanğıcında və sonunda bu otaqlar nəm əsgilə yığışdırılır.

-   Bakterisid lampalardan istifadə etməklə havanın mikrobsuzlaşdırılması.

-  Əməliyyat və sarğı otaqlarının, palataların havasının “ozon-hava” qarışığı ilə mikrobsuzlaşdırılması.

Damcı infeksiyası və onun profilaktikası. İnsan danışdıqda, xüsusilə də, hündürdən danışdıqda, qışqırdıqda, öskürdükdə və asqırdıqda ağızdan tüpürcək, burundan isə selik damlaları ətrafa sıçrayır və uzun müddət havada asılı vəziyyətdə qalırlar. Adi danışıq tonunda tüpürcək 1,5-2 m məsafəyə, qışqırdıqda isə daha uzaqlara sıçradılır. İnsanın ağız boşluğunda isə tüpürcəyin 1 ml-də bir milyondan çox mikrob olur (saprofitlər, patogenlər, şərti patogenlər, göbələklər). Bir tərəfdən

tüpürcək damcılarında insanın ağız boşluğunda olan mikroblar olur, digər tərəfdən isə o, havada olan tozları və mikrobları da özünə birləşdirməklə daha da infeksiyalaşır.  Kiçik bir toz hissəciyində 4-12 ədəd mikrob olur. Əməliyyatdan sonrakı dövrdə təmiz yaraların irinləməsi səbəbləri içərisində 40% yeri yaraya cərrahi briqada üzvlərinin gənziyindən (burun – udlaq) mikrobların düşməsi tutur.

Məhz bu səbəblərə görə də damcı infeksiyasına qarşı profilaktik tədbirlərin görülməsinin böyük əhəmiyyəti vardır: yüksək hərarəti, yuxarı tənəffüs yollarının katarı əlamətləri olan xəstələr, tələbələr və tibbi heyət əməliyyat otağına buraxılmamalıdır. Cərrahi müdaxilədə, sarğıda iştirak edən bütün tibb işçiləri, vəzifəsindən asılı olmayaraq 3 aydan bir otorinolarinqoloqun müayinəsindən keçməli, onların ağız boşluqları və burunlarından bakteroloji nəzarət üçün yaxma götürülməlidir. Əgər bu şəxslərdə içərisində basillgəzdiricilər aşkarlanarsa həmən insanlarda mütləq sanasiya aparılmaqla infeksiya mənbəyi ləğv edilməlidir. Cərrahi müdaxilə və sarğı zamanı hamı – bu əməliyyatları icra edənlərlə birgə, orada iştirak edən bütün tələbələr, tibbi heyət də ağızı və burunu örtən maska taxmalıdırlar. Adi tənzifdən hazırlanmış 4 qatlı maska nəfəslə xaric edilən mikrobların 90-94%-i, 6 qatlı maska isə 96-97%-ə qədərini tutub saxlayır. Üçqat adi tənzif maska ilkin olaraq mikrobların 70%-ni saxlasa da, 3 saatdan sonra 100% mikrobla çirklənir. Sellülozadan hazırlanan belə birdəfəlik maskalar öz antimikrob təsirini bir saatdan sonra itirməyə başlayır.

Əməliyyat blokunun quruluşu və iş rejimi. Ekzogen infeksiya mənbələrindən və ətraf mühitin zərərli faktorlarından (səs-küy, havanın tozu və s.) qorunmaq məqsədilə əməliyyat bloku xəstəxananın üst mərtəbələrində (2-cidən az olmayaraq) yerləşdirilməlidir. Əməliyyat blokunda aseptika qaydalarına ciddi riayət etmək məqsədilə 4 zona yaradılır: xüsusi ciddi rejimli steril zona(mütləq steril zona): bu zonaya əməliyyat otaqları daxildir: ciddi rejimli zona (nisbi steril zona): bura əməliyyatönü və narkoz otaqları aiddir; məhdud rejimli zona: bura qan saxlamaq, müxtəlif aparatlar üçün otaqlar, cərrahların və tibb bacılarının otaqları və s. daxildir; ümumi rejimli zona: bura şöbə müdirinin, baş tibb bacısının kabinetləri və digər otaqlar daxildir.

Əməliyyat otağında, ümumiyyətlə, kənar adam olmamalıdır. Çalışmaq lazımdır ki, müdaxilə otağında az danışılsın. Belə ki, sakit halda insan nəfəslə bir saatda 10-100 min, danışdıqda isə 1 milyona qədər mikrob xaric edir. Bu səbəbdən iş gününün sonunda əməliyyat otağında mikrobların sayı bir kubmetr havada 3-5 dəfə artır. Əgər əməliyyat otağında 5-6 nəfər olarsa, onda bu göstərici 20-30 dəfə artır. Əməliyyat və sarğı otaqlarının döşəmələri tamamilə, divarları isə yarıya qədər kafellə örtülür. Bu otaqlarda tozun yığılmaması üçün künclər olmur. Əməliyyat otağının temperaturu 22-250 C, havanın rütubəti isə 50% olmalıdır.

Əməliyyat və sarğı otaqlarının 5 cür yığışdırılması aparılır: səhər yığışdırılması; cari yığışdırma; hər müdaxilədən sonra yığışdırma; yekunlaşdırıcı yığışdırma; əsaslı yığışdırma: hər həftənin sonuncu iş günü.

Əməliyyat otağının havasını mikrobsuzlaşdırmaq üçün bakterisid lampalardan

və hava-ozon qarışığından istifadə edilir. Bu məqsədlə otağa “Dezinfal” tipli xüsusi çiləyicilərlə bakterisid aerozol preparatlar da çilənə bilər. Havanın mikrobsuzlaşdırılması üçün əməliyyatdan ən azı 2 saat əvvəl otağa 3%-li hidrogen-peroksidlə 0,5%-li süd turşusu məhlulu qarışığı çilənir. Əməliyyat otağının havasının mikrobla çirklənməsini azaltmaq məqsədilə adi yelçəkər yaratmaqdan və xüsusi ventilyasiya sistemindən istifadə edilir.

Avtomatik rejimdə işləyən adi və bakterial filtrli kondisionerlər isə olduqca

əlverişlidir: bunlar həm havanı tozdan və mikroblardan təmizləyir, həm də otaqdakı havanın nəmliyini və temperaturunu tənzimləyir.

Xüsusi cərrahi əməliyyat otaqları. Bir sıra hallarda cərrahi müdaxilənin gedişi və əməliyyatdan sonrakı dövr çox ciddi sterillik tələb edir. Orqan və toxumaların köçürülməsi, əməliyyatdan sonrakı dövrdə bu xəstələrə immunodepressant preparatların verilməsi, eləcə də protez implantasiya olunmuş və geniş sahəli yanığı olan xəstələrin müalicəsi xüsusi bir şəraitdə – yüksək sterilliyi olan əməliyyat otaqlarında, barokameralarda və abakterial mühitli palatalarda aparılır.

Təmas (kontakt) infeksiyanın profilaktikası. Bu növ infeksiyanın mənbələri yaraya toxunan əşyalar (alətlər, sarğı materialları, drenajlar, inyeksion və cərrahi iynələr), əməliyyat sahəsi, cərrahın və onun köməkçilərinin əlləridir. Fiziki və kimyəvi faktorlarla təsir etmək yolu ilə hər hansı bir əşyanın tam mikrobsuzlaşdırılmasına sterilizasiya deyilir (sterelis-latınca dölsüz deməkdir) və sterilizasiya aseptikanın əsasını təşkil edir. Sterilizasiya zamanı əsas məqsəd həm patogen, həm də qeyri-patogen davamlı mikrobların, xüsusilə də spor əmələgətirən floranın tələf edilməsi və bununla da cərrahi əməliyyat zamanı yaraların infeksiyalaşmasının qarşısının alınmasıdır.

Sterilizasiyanın fiziki üsulları. Bu üsullar məhz nəyin sterilizasiyasının (alətlərin, əllərin, əməliyyat sahəsinin və s) aparılmasından asılı olaraq seçilir.

Pasterizasiya. Bu üsulla üzvi məhlullar 1000C-dən aşağı temperature qədər qızdırılmaqla mikrobsuzlaşdırılır.

Yandırmaqla sterilizasiya. Bu üsulla əllərin yuyulmasında işlədilən emallı ləyənlərin iç səthi mikrobsuzlaşdırılır.

Qaynatmaqla sterilizasiya. Son illər bu üsuldan çox az istifadə edilir. Belə ki, su qaynayan zaman hərarət 1000C-dən çox olmadığından bir sıra mikroblar və onların sporları tələf olmur.

Metal alətlərin qaynatmaqla sterilizasiyası. Bütün cərrahi alətlər hazırlandıqları materialın növündən asılı olmayaraq üç mərhələdən – sterilizasiyaönü, alətlərin yığılması və sterilizasiya – keçməklə mikrobsuzlaşdırılır.

Sterilizasiyaönü mərhələ. Bu mərhələdə məqsəd alətləri, digər sterilizasiya olunacaq ləvazimatları (şprislər, iynələr, transfuziya sistemləri) yaxşı mexaniki təmizləmək, səthlərində olan pirogen maddələri xaric etmək və hepatit virusunu məhv etməkdir. İrinlə, nəcislə, yaxud anaerob infeksiya ilə təmasda olan alətlər isə

əvvəlcə aşağıdakı məhlulların birində saxlanılır:

– 3%-li lizolda- 1 saat;

– 3%-li karbol turşusunda- 1 saat;

– üçlü məhlulda (Krupenin məhlulu: 0,3% karbol turşusu+2% formaldehid+1,5% natrium karbonat)-45 dəq;

– 0.5%-li xloramində - 30 dəq;

– 3%-li hidrogen-peroksiddə - 80 dəq;

– 1%-li “Dixlor-1” məhlulunda -30dəq.

Sonra həmən alətlər sintetik yuyucu tozlu məhlullarda fırça ilə yuyulur və ilıq axar suda yaxalanılır. Təmizlənmiş əşyaların səthində qanın olub-olmamasını yoxlamaq məqsədilə benzidin sınağı aparılır: hər əşyanın üzərinə 3 damcı 1%-li benzidin və hidrogen-peroksid məhlulu damızdırılır. Əgər bu əşyaların səthində qan izləri olarsa həmən yer göy-yaşıl rəng alır. Belə olan təqdirdə bu əşyalar təzədən işlənmədən keçirilir. Sterilizasiyanın müddəti alətlərin əvvəllər təmiz, yaxud çirkli müdaxilələrdə işlədilməsindən asılı olur:

* təmiz alətlər- 20dəq;

* irinlə təmasda olmuş alətlər- 45dəq,

* anaerob infeksiya ilə çirklənmişlər isə 2 saat müddətində qaynadılır.

Bu zaman hər 30 dəq.-dən bir sterilizator bir neçə dəqiqəliyə söndürülür və sonra yenidən qaynadılmağa başlanılır.

Kəsici metal alətlərin sterilizasiyası. Kəsici alətlər qaynadıldıqda kütləşdiyindən, onlar əməliyyatdan 2-3 saat əvvəl 960 spirtə salınır. Əgər bu alətlər irinli infeksiya ilə təmasda olubsa, belə hallarda onların kəsici hissəsi pambığa bükülməklə sodasız suda 2-3dəq (nadir hallarda 5-10 dəq) qaynadılır və sonra 2-3 saatlığa 960 spirtdə saxlanılır.

Avtoklavda (buxar sterilazatorunda) alətlərin sterilizasiyası. Avtoklavda alətlərin sterilizasiyası

– 1,5 atm. təzyiqdə, 1270C temperaturda 45 dəq;

– 2atm. təzyiqdə isə 1340C temperaturda 30 dəq müddətində aparılır. Bu üsuldan çox nadir hallarda istifadə edilir.

Alətləri quru isti ilə mikrobsuzlaşdırma.  Sterilizasiyanın müddəti verilən temperaturdan asılıdır:

– 1600C-də- 150 dəq.;

1800C-də - 60 dəq.;

– 2000C-də- 15 dəq.

Sterilizasiyaya nəzarət məqsədilə bir sıra maddələr-levomisetin (ərimə temperaturu 150-1600C), saxaroza və çaxır turşusu (1800C), hidroxinon, tiokarbamid (1800C-dən çox) işlədilir (məs. içərisində saxaroza və çaxır turşusu qarışığı olan ağzı lehimli flakondakı toz 1800C-də maye halını alır).

Buxarla sterilizasiya. Buxarla mikrobsuzlaşdırma xüsusi avtoklavlarda iki üsulla aparılır: axan və təzyiq altda olan buxarla. Axan buxarla işləyən avtoklavlarda hərarət 1000C olduğundan bir sıra mikroblar, onların sporları, viruslar öz həyat qabiliyyətlərini saxlaya bilirlər və məhz bu səbəbdən də bu üsul cərrahlıqda demək olar ki, işlədilmir. Sterilizasiyanın aparılma müddəti təzyiqdən asılı olaraq müxtəlif cür olur:

▲ 1 atm. təzyiqdə 1200C hərarətdə 1 saat;

▲ 1,5 atm. təzyiqdə 1270C hərarətdə 45 dəq.;

▲ 2atm. təzyiqdə 1340 C hərarətdə 30 dəq.

Avtoklavda, əsasən, sarğı materiallarının, mələfələrin, xalatların sterilizasiyası aparılır. Sterilizasiya qurtardıqdan sonra ağzı bağlanmış biksdə saxlanılan material 48-72 saat ərzində steril sayılır. Əgər biksin ağzı açılıb, onun materialından istifadə edilibsə, onda qalan materiallar da ancaq həmən gün ərzində işlədilə bilər. Son vaxtlar antibakterial filtrli bikslərdən istifadə edilir və bu zaman material öz sterilliyini bir aya qədər saxlayır.

Sterilizasiyanın gedişinə nəzarət məqsədilə bir neçə cür sınaqdan istifadə edilir. Bu sınaqlar vasitəli və vasitəsiz (birbaşa) olmaqla iki yerə bölünürlər. Vasitəli üsullara ərimə temperaturu 1200-1300C olan maddələrdən istifadə, Mikuliç sınağı, termoindikator və termometrlərin köməyilə aparılan nəzarət sınaqları aiddir. Vasitəsiz üsulda isə bakterioloji sınaqdan və testdən istifadə edilir.

Şüa (soyuq) sterilizasiyası. Son illər ultrabənövşəyi şüalardan, ionlaşdırıcı şüalandırmadan və ultrasəsdən istifadə etməklə aparılan sterilizasiya geniş intişar tapıb. Hazırda ən çox γ- şüalarla sterilizasiya aparılır. Bu məqsədlə Co60 və Cs137 izotopları işlədilir. Keçici radiasiyanın gücü 20-25mk Qr-dək civarında olmalıdır. Lakin şüa sterilizasiyası xüsusi avadanlıq və təhlükəsizlik qaydalarına riayət olunmasını tələb edir.

Qamma şüalar tikiş materiallarının, endoprotezlərin, antibiotiklərin, məhlul halında olan dərmanların və birdəfəlik istifadə üçün nəzərdə tutulan bir sıra əşyaların (şprislər, əlcəklər, kateterlər, skalpel, pinset və s.) mikrobsuzlaşdırılmasında daha çox işlədilir.

Sterilizasiyanın kimyəvi üsulları.

Qazla aparılan sterilizasiyaBu üsulla, adətən, endoskoplar, polimer materiallar sterilizasiya olunur. Bu məqsədlə bromidmetil və karbon iki oksid qatışığı ilə etilen oksidindən istifadə edilir. Sterilizasiya materialdan asılı olaraq 3-24 saat müddətində aparılır. Etilen oksidi qarışığında isə hərarət 550C olmalıdır. Bu göstərilən rejimdə etilen oksidlə sterilizasiya 16 saat, bromid-metil və etilen oksidi qarışığında isə 6 saat müddətində aparılır. Mikrobsuzlaşdırılmış əşyalar yalnız onlara hopmuş qaz çıxdıqdan sonra işlədilə bilər.

Antiseptik məhlullarla kimyəvi sterilizasiya. Antiseptik məhlullarla adətən kəsici cərrahi alətlər mikrobsuzlaşdırılır. Bu alətlər 960 etil spirtində 2-3 saat; Krupeninin üçlü məhlulunda 2-3 saat və 6%-li hidrogen-peroksid məhluluna 6 saat saxlanılmalıdır. Son illər bu məqsədlə xlorheksidinin 0,5%-li spirtli məhlulu və

pervomur da işlədilir.

Optik cihazların mikrobsuzlaşdırılması. Bu məqsədlə bir neçə üsuldan istifadə edilir:

▲ ağzı kip bağlanan xüsusi sterilizatorların (yaxud şüşə qabların) dibinə formaldehid tabletləri qoyulur və əşyanın 48 saat müddətində formalin buxarları ilə sterilizasiyası aparılır;

▲ okulyarsız olmaqla optik alət 10 dəq. müddətinə əvvəlcə spirtə, sonra isə 5 dəq. müddətinə 1:1000 nisbətli civə-oksisianid məhluluna salınır. İşlətməzdən əvvəl optik cihaz mütləq spirtlə silinməlidir;

▲ 5 dəq. müddətində 1:3000 nisbətli diosid məhlulunda saxlanılır;

▲ sterilizatorun metallik toruna suyun 1 l-nə 1-3 q olmaqla pambıq sərərək, optik alətləri onun üzərinə yığıb, 15 dəq. müddətinə qaynadırlar.

▲ qazla mikrobsuzlaşdırılır (bu barədə yuxarıda geniş məlumat verilib);

▲ 96°- li etil spirtində və yaxud 2,5%-li xlorheksidinin spirtli məhlulunda 2-3 saat saxlanılır.

Rezin və plastmas alətlərin mikrobsuzlaşdırılması. Kateter, zond, drenaj, müxtəlif ucluqlar, digər rezin və plastmasdan hazırlanmış alətlər bir neçə üsulla mikrobsuzlaşdırılır: zavod şəraitində qamma şüalarla; qazla; sterilizatorda 15 dəq. müdətində distilləolunmuş suda qaynatmaqla; avtoklavda 1,5 atm. təzyiqdə 45 dəqiqə ərzində təzyiq altında buxarla;  əvvəlcə rezin kateter 10 dəq. 96°-li spirtdə, sonra isə 5 dəq. 1: 1000 nisbətli civə-oksisi əhlulunda saxlanılmaqla (işlətməzdən əvvəl mütləq spirtlə silinməlidir); xüsusi sterilizator, yaxud şüşə qabın dibinə formaldehid tabletləri qoyulmaqla 48 saat müddətində formalin buxarı ilə.

Alətlərin tibbi ozonla aşağı temperaturda mikrobsuzlaşdırılması. Bu məqsədlə “Ozon CON-1” ozon sterilizatorundan istifadə edilir. Mikrobsuzlaşma havadakı oksigendən aparatın sintez etdiyi ozonla aparılır. Faydalı həcmi 20-80 l və daha çox olan aparatda 40° C temperaturda ozonla aparılan sterilizasiyanın müddəti 120 dəqiqədir. Ozon-hava qarışığı ilə aparılan sterilizasiyada ozonun dozası 1400 q*dəqm3-dir.

STERRAD 100S sistemi vasitəsilə mikrobsuzlaşdırma. STERRAD 100S sistemi hidrogen-peroksid molekullarını plazma halına keçirməklə aşağı temperaturda tibbi ləvazimatların və cərrahi alətlərin daha tez və etibarlı sterilizasiyasını aparmağa imkan verir.

Əllərin mikrobsuzlaşdırılması. Kontakt (təmas) infeksiyanın profilaktikası üsulları içərisində əllərin mikrobsuzlaşdırılması önəmli yerlərdən birini tutur. Əllərin mikrobsuzlaşdırılmasının üç səviyyəsi ayırd edilir: əllərin gigiyenik yuyulması; gigiyenik antiseptika və əllərin mikrobsuzlaşdırılması.

Əllərin mikrobsuzlaşdırılması üçün onlarla üsul vardır. Bu üsulları iki qrupa bölmək olar: biri əsasında mexaniki təmizləmə, dezinfeksiya və aşılama; digəri isə – əsasında dezinfeksiya və aşılama olan üsullar.

Fürbringer üsulu:

– I mərhələ: əllər axar su altında 5-10 dəq. müddətində steril fırça və paltar sabunu ilə dirsəyin yuxarı 1/3-nə qədər yuyulur;

– II mərhələ: sonra əllər 5-10 dəq. ikinci steril fırça və paltar sabunu ilə saidin aşağı 1/3-nə qədər yuyulur. Bu zaman barmaqların uclarına, büküşlərinə, barmaqların arasına xüsusi fikir verilir;

– III mərhələ: steril dəsmalla əvvəlcə əllər, sonra isə said aşağıdan yuxarı olmaqla qurudulur;

– IV mərhələ: əllər 70° spirtlə 3-5 dəq. işlənir.

– V mərhələ: əllər 3-5 dəq 1: 200 nisbətli süleymani məhlulunda isladılmış dəsmalla silinir (sonralar süleymani əvəzinə 5%- li yod məhlulu işlədilirdi).

Bəzi kitablarda əllərin hər bir fırça ilə ayrılıqda 7-10 dəq. (cəmi 15-20 dəq.) müddətində yuyulması qeyd edilir.

Alfeld üsulu:

I mərhələ: əllər 5 dəq. müddətində ilıq su altında paltar sabunu və fırça ilə saidin yuxarı 1/3-nə qədər yuyulur;

II mərhələ: ikinci steril fırça ilə əllər 5 dəq. saidin aşağı 1/3-dək yuyulur;

III mərhələ: əllər steril dəsmalla qurudulur;

IV mərhələ: əllər 5 dəq. 960 spirtlə işlənilir;

V mərhələ: barmaqların uclarına, falanqalararası sahələrə və büküşlərə 10%-li yod məhlulu sürtülür.

Zabludovski üsulu: əllər taninin 5%-li spirtli məhlulunda 2-5 dəq. müddətində yuyulur.

Brun üsulu: əllər iki dəfə – hər dəfə 5 dəqiqə olmaqla 960 spirtlə işlənilir.

Spasokukotski-Koçergin üsulu:

I mərhələ: əllər axar su altında sabunla bir dəqiqə yuyulur;

II mərhələ: əllər əvvəlcə içərisində təzə hazırlanmış 0,5%-li naşatır spirti olan ləyəndə 3 dəq. müddətinə ciddi surətdə tənzif dəsmalla yuyulur, sonra həmən qaydada əllər eyni məhlul olan ikinci ləyəndə 3 dəq. yuyulur;

III mərhələ: əllər steril dəsmalla qurudulur;

IV mərhələ: sonra əllər 960 spirtlə 5 dəqiqə işlənilir.

Müasir üsullar. Hazırda müasir üsullara daha çox üstünlük verilir.

Əllərin xlorheksidinlə mikrobsuzlaşdırılması: Əvvəlcə xlorheksidinin (gibitan) 0,5%-li spirtli məhlulu hazırlanır (bu məqsədlə 20%-li xlorheksidin məhlulu 70° spirtdə 1:40 nisbətində həll edilir, yəni 12,5 ml 20% xlorheksidinə 500 ml 70° spirt əlavə edilir) və steril ləyənə tökülür.

– ilk növbədə əllər axar su altında adi gigiyenik qaydada sabunla yuyulur, qurudulur;

– sonra əllər 3 dəq. müddətində xlorheksidinin 0,5%-li spirtli məhlulunda isladılmış dəsmalla 3 dəfə işlənilir və steril dəsmalla qurudulur.

Əməliyyat sahəsinin mikrobsuzlaşdırılması. İnsanın dərisinin bir sm2-də 10-dan 800000-dək müxtəlif mikroorqanizmlər yaşayır. Tranzitor və daimi olan bu patogen və qeyri-patogen mikroflora içərisində ən təhlükəlisi daimi patogen mikroblardır. Ümumiyyətlə, insanın dərisi və selikli qişalarında 400-500 növ 1014

mikrob yaşayır. Bütün bu deyilənləri nəzərə alsaq onda əməliyyat sahəsinin mikrobsuzlaşdırılmasının vacibliyi aydın görünə bilər.

Qrossix-Filonçikov üsulu ilə mikrobsuzlaşdırma. Bu üsulda ən azı 4 dəfə 5-10%-li yodun spirtli tinkturası işlədilir:

* əməliyyat sahəsi geniş surətdə 5-10%-li yodla silinir;

* sonra əməliyyat sahəsi steril mələfələrlə əhatə olunur və kəsik aparmazdan əvvəl bir də yodla silinir;

* dəri və dərialtına tikiş qoymazdan əvvəl və

*dəriyə tikiş qoyulandan sonra bir daha yodla silinir.

Yoda qarşı ümumi allergik reaksiyalar, dermatitlər, yanıqlar kimi ağırlaşmalara tez-tez təsadüf edildiyindən hazırda bu üsuldan istifadə edilmir.

Spasokukotski-Koçergin üsulu:

– əməliyyat sahəsi 0,5%-li naşatır spirtində isladılmış tamponla silinir;

– sonra isə həmən sahə üç dəfə etil spirti ilə işlənilir.

Xlorheksidinlə əməliyyat sahəsinin mikrobsuzlaşdırılması:

▲ əməliyyat sahəsi geniş surətdə 2-3 dəfə 3 dəq. müddətində 0,5-1%-li xlorheksidinin spirtli məhlulu ilə silinir;

▲ kəsik aparmazdan əvvəl yenidən əməliyyat sahəsi silinir;

▲ dəriyə tikiş qoymazdan əvvəl və dəri tikişlərindən sonra bir daha xlorheksidinlə işlənilir.

İnhalyasion narkoz aparatlarının mikrobsuzlaşdırılması. İnhalyasion narkoz aparatları yaxşı mikrobsuzlaşdırılmasa bir xəstənin tənəffüs yollarında olan infeksiya digər xəstəyə ötürülə bilər. Bu isə əməliyyatdan sonrakı dövrdə xəstədə pnevmoniya, bronxopnevmoniya və digər təhlükəli ağırlaşmaların baş verməsinə səbəb ola bilir. Profilaktik tədbirlər aşağıdakı qaydada həyata keçirilir:

* Birdəfəlik istifadə üçün nəzərdə tutulan steril intubasiya boruları işlədilir.

* Narkozdan, ağ ciyərlərin süni ventilyasiyasından sonra narkoz aparatı, tənəffüs konturu antiseptiklərlə mikrobsuzlaşdırılır 0,5%-li xlorheksidinin spirtli məhlulunu aparatın buxarlandırıcısına töküb, saatda 2 l/dəq. sürətlə yarımqapalı konturda ventilyasiya aparılır. Sonra xlorheksidinin qalan hissəsi oradan yığışdırılır və aparat 15 dəq. müddətində yarımaçıq konturda ventilyasiya olunur.

İmplantasiyaolunmuş (calaqlanmış) infeksiyanın profilaktikası. Müalicə məqsədilə daimi, yaxud müvəqqəti olaraq xəstənin orqanizmində qalan, yaxud xəstənin orqanizminə yeridilən müxtəlif yad materiallardan baş qaldıran infeksiya implantasiyaolunmuş (implantasion) infeksiya adlanır.

İmplantasiyaolunmuş infeksiya mənbəyi rolunu, əksər hallarda yarada qalan saplar oynayır. Tikiş materiallarının hamısını hazırda şüa sterilizasiyası ilə (qammaşüalanma) sənaye miqyasında mikrobsuzlaşdıraraq içərisində konservant olan ağzı lehimlənmiş şüşə ampulalarda, yaxud da ikiqat steril selafon zərflərdə buraxırlar. Bunlar birdəfəlik istifadə üçün nəzərdə tutulur və bilavasitə, işlətməzdən əvvəl açılır.

Koxer üsulu ilə ipək sapın mikrobsuzlaşdırılması:

* ipək sap təmiz köpük əmələ gələnə qədər ilıq suda sabunla yuyulur, yaxalanır və şüşə çubuğa sarınır;

* yağsızlaşdırmaq məqsədilə 12-24 saat efirdə saxlanılır;

* həmən müddətə (12-24 saat) sterilizasiya üçün 70° spirtdə saxlanılır;

* sterilizasiya və antiseptikin hopdurulması məqsədilə 10 dəqiqə 1:1000 nisbətli süleymani məhlulunda qaynadılır;

* sonra steril pinsetlə ipək sap içərisində 96° spirt olan şüşə qaba salınır, ağzı bağlı qabda saxlanılır və hər 10 gündən bir spirt dəyişdirilir;

* 2 gündən sonra bakterioloji yoxlama aparılır, cavab mənfi olduqda işlədilməyə yararlıdır;

* işlətməzdən əvvəl 1:1000 nisbətli süleymani məhlulunda yenidən 2 dəq. qaynadılır.

Ketqutun mikrobsuzlaşdırılması. Ketqut qoyunların nazik bağırsağının seroz-əzələ qişalarından hazırlandığı üçün, o, ciddi surətdə mikrobsuzlaşdırılmalıdır. Ketqutu bir neçə üsulla sterilizasiya etmək olur.

Ketqutun Sitkovski üsulu (quru üsul) ilə mikrobsuzlaşdırılması:

* yağsızlaşdırma məqsədilə ketqut 12-24 saat efirdə saxlanılır;

* standart ketqut üç hissəyə bölünür və 1:1000 nisbətli boyanmamış süleymani məhlulunda isladılmış tamponla silinir;

* qalınlığından asılı olaraq 30 saniyədən 6 dəq.-dək ketqut kaliumyodidin 2%-li sulu məhlulunda saxlanılır (00 saylı–30 san., qalan saplar öz saylarına uyğun dəqiqə);

* ketqut steril dəsmalla qurulanır, halqa şəklinə salınır və dibinə yod kristalları qoyulmuş şüşə qabın ağzından, onun dibindən 60-70 mm hündürlükdə olmaq şərtilə asılır, bankanın ağzı parafinlənir. 20 quru ketqut dəsti üçün 3 l həcmli qaba 40 q, 5 l-yə isə 60 q yod kristalları tökülməlidir;

* gündə bir dəfə banka əllə yırğalandırılır ki, yod buxarları sapın içərisinə daha yaxşı daxil olsun;

* 00, 0, 1 saylı ketqut 3 sutka; 2, 3, 4 saylı 4 sutka; 5 və 6 saylı ketqut isə 5 sutkadan sonra işlədilməyə yararlıdır;

* ketqut 96° etil spirtində saxlanılır.

Ketqutun Kladius üsulu ilə (Luqolun sulu məhlulunda) mikrobsuzlaşdırılması:

■ ketqut 12-24 saat efirdə saxlanılır;

■ efir boşaldılır, bankaya Lüqolun sulu məhlulu (yod – 1, 0 q, kaliumyodid – 2,0 q və distilləolunmuş su – 100 ml) əlavə edilir və ketqut 8-10 gün bu məhlulda saxlanılır;

■ Lüqolun sulu məhlulu dəyidirilməklə ketqut yenidən 8-10 gün həmən məhlulda saxlanılır;

■ 16-20 gündən sonra ketqut 96° spirtə keçirilir və 4-7 gündən sonra sterilliyə yoxlanılır.

Ketqutun Qubarev üsulu ilə (Lüqolun spirtli məhlulu) mikrobsuzlaşdırılması:

* ketqut 12-24 saat müddətində efirdə saxlanılır;

* 8-10 sutka Lüqolun spirtli məhlulunda (96° etil spirti – 1000 ml, kalium-yodid – 10 q, təmiz yod – 10 q) qalır;

* Lüqolun spirtli məhlulu dəyişilməklə ketqut təkrarən həmən müddətə bu məhlulda saxlanıır;

* sonra içərisində 96° spirt olan bankaya keçirilir və bakterioloji nəzarət üçün sapdan bir hissə laboratoriyaya göndərilir.

İnsan və at tükünün mikrobsuzlaşdırılması. Bu növ saplar plastic əməliyyatlarda işlədilir.

— tük ağ köpük əmələ gələnə qədər su altında sabunla yuyulur;

— dəsmalla qurudulur və həlqə şəklinə salınır;

— yağsızlaşdırma məqsədilə 7 sutka benzində saxlanılır;

— sonra 40 dəq. müddətində, rəngsizləşənə qədər suda qaynadılır;

— steril dəsmalla qurudulur və 7 sutka 96° spirtdə saxlanılır;

— spirt dəyişdirilməklə tük yenidən 7 sutka 96° spirtdə qalır və yalnız

bundan sonra işlədilə bilər. Mikrobsuzlaşdırılmış tük 96° spirtdə saxlanılır.

Protezlərin və transplantatların mikrobsuzlaşdırılması. Süni materiallardan hazırlanmış protezlər aşağıdakı qaydada mikrobsuzlaşdırılır:

* bütün protezlər qamma – şüalarla zavodda mikrobsuzlaşdırılır və birdəfəlik istifadə üçün qablaşdırılır;

* lavsan və digər mənşəli damar protezləri qaynadılmaqla və avtoklavda sarğı materialları ilə birgə mikrobsuzlaşdırıla bilər;

* ürək klapanlarının və oynaqların protezləri qaz sterilizatorunda, yaxud da antiseptik məhlullarla mikrobsuzlaşdırılır.

Başqa orqanizmdən götürülmüş allogen toxuma və orqanlar sterilizasiya oluna bilməz!

Xəstəxanadaxili (hospital) infeksiya və onun profilaktikası . Son illər hospital infeksiya bir problem kimi cərrahlıqda aktual olaraq qalmaqda davam edir. Hospital infeksiya–xəstənin xəstəxanada olduğu müddətdə infeksiyalaşması nəticəsində meydana çıxan müxtəlif iltihabi ağırlaşmalar, yaxud iltihabi xəstəliklərdir. Hospital infeksiya həm tibbi, həm də sosial-iqtisadi bir problemdir.

Bu infeksiyanın qarşısının alınmasında profilaktik tədbirlərin rolu əvəzsizdir:

▲ xəstələrin stasionarda əməliyyatönu hazırlıq müddətinin maksimal qısaldılması;

▲ palatalarda xəstələrin seçilib uyğun yerləşdirilməsi;

▲ irinli və təmiz xəstələrin ayrı-ayrı palatalarda, ən yaxşısı isə ayrıayrı şöbələrdə (irinli və təmiz şöbələrdə) yerləşdirilməsi;

▲ şöbədə irinli və təmiz xəstələr üçün ayrı sarğı otağının olması. Bu mümkün olmadıqda əvvəlcə təmiz xəstələrin, yalnız bundan sonra isə irinli xəstələrin sarğısı dəyişdirilməlidir;

▲ sağalan xəstələrin evə erkən yazılması;

▲ mikrobların antibiotiklərə qarşı həssaslığını nəzərə almaqla rasional antibiotikoterapiyanın aparılması;

▲ şöbədə işlədilən antibiotiklərin, digər antibakterial preparatların və antiseptiklərin vaxtaşırı dəyişdirilməsi;

▲ imkan daxilində ildə bir dəfə cərrahi şöbələrin (irinli şöbələrin isə mütləq qaydada) bir aylığına bağlanaraq dezinfeksiya və əsaslı təmizləmə işlərinin aparılması.

Antiseptika

Yarada, patoloji möhtəviyyatda, yaxud bütövlükdə orqanizmdə mikrobların artıb çoxalmasının qarşısının alınması və onların məhvi üçün görülən mübarizə tədbirləri kompleksi antiseptika adlanır.

Qarşıya qoyulan məqsəddən asılı olaraq profilaktik və müalicəvi antiseptika ayırd edilir. Profilaktik antiseptika sağlam dəri və selikli qişalarda aparılır.

Müalicə üsulu olan müasir antiseptikanın beş növü vardır: fiziki; mexaniki; kimyəvi; bioloji və qarışıq.

Mexaniki antiseptika. Mexaniki antiseptikada yarada olan yad cisimlər, infeksiyalaşmış qan laxtası, həyat qabiliyyətini itirmiş toxumalar, irin və yaraya düşmüş mikroblar mexaniki üsullarla kənarlaşdırılır. Bir sözlə mikroblara qarşı mübarizə mexaniki üsullarla aparılır.

Mexaniki antiseptikaya yaraların tualeti; yaraların birincili və ikincili cərrahi işlənməsi; irinliklərin yarılması; bir sıra hallarda irinliyin punksiya olunması (məs. plevranın punksiyası; daxili üzvlərdəki irinliklərin punksiyası USM nəzarəti altında aparılır); sarğıların aparılması aiddir.

Mexaniki antiseptika üsulları içərisində yaraların birincili cərrahi işlənməsi önəmli yerlərdən birini tutur.  Yaraların ikincili cərrahi işlənməsi infeksiyalaşmış və irinli yaralarda aparılır. “Uvi pus – ubi es” (irinliyi görürsənsə - onu yar) prinsipinə riayət edərək bütün irinliklər cərrahi yolla ləğv edilməlidir.

Fiziki antiseptika. Fiziki üsullardan (kapillyarlıq, hiqroskopiklik, diffuziya, osmos, sifon prinsipi və s.) istifadə etməklə yarada mikroorqanizmlərin inkişafı, toksinlərin və toxumaların parçalanma məhsullarının qana sorulması üçün qeyri-əlverişli şərait yaratmaqla aparılan mübarizə metodu fiziki antiseptika adlanır.

Fiziki antiseptikanın əsas məqsədi yara möhtəviyyatının xaric olması üçün şərait yaratmaqdır. Bu bir neçə üsulla həyata keçirilir:

* yüksək hiqroskopikliyə və kapillyarlığa malik olan tənzifdən hazırlanmış irinsoran piltələrin və tamponların yaraya qoyulması.

* yara ağzının qapanmaması və yara möhtəviyyatının sarğıya axması üçün yaraya rezin zolaqlardan buraxıcıların qoyulması.

* yara möhtəviyyatının (həmçinin irinin) xaric olması məqsədilə yaranın rezin, silikon və plastmas borularla drenajlanması. Drenajlanmanın üç növü vardır: passiv, aktiv və dializ.

* yaranın açıq üsulla müalicəsi: yaraların qurudulması üçün xüsusi aeroterapevtik qurğudan istifadə edilməsi.

* tezliyi 20 khs-dən yüksək olan ultrasəslə irinli yaraların işlənməsi (kavitasiyası).

* lazer şüalarından istifadə etməklə lazer skalpellərlə cərrahi müdaxilələrin aparılması.

* 2-5 mg/l konsentrasiyada 200-400 ml ozonlaşmış fizioloji məhlulun venadaxilinə yeridilməsi və irinli yaraların (yaxud peritonitlərdə periton boşluğunun) ozonlaşmış fizioloji məhlulla yuyulması, yaxud ozon-hava qarışığı ilə işlənməsi;

* Bernar cərəyanından (diadinamik cərəyan) istifadə olunması;

* müxtəlif antiseptik maddələrdən istifadə etməklə elektroforezin aparılması;

* yaraların və qanın ultrabənövşəyi şüalarla şüalandırılması (fotomodifikasiyası);

* son illər xüsusi aparatla lazer və ultrabənövşəyi şüalarla qanın damardaxili və ekstrakorporal (bədəndən xaric) şüalandırılmasından cərrahlıqda geniş istifadə olunur.

* rentgenoterapiya.

* sorbentlərin tətbiqi

* krioterapiya: maye azotla applikasiya və dondurmaq ağrısız və qansız nekrektomiya aparmağa imkan verir.

* yaraların pulsasiyaedən şırnaqla işlənməsi.

* yaranın vakuumda işlənməsi.

* idarəolunun abakterial mühitdən istifadə edilməsi.

* azot oksiddən istifadə edilməsi.

* maqnitoterapiya

* plazma selindən istifadə edilməsi.

Kimyəvi antiseptika. Bakteriostatik və bakterisid təsirli müxtəlif kimyəvi maddələrin işlədilməsi yolu ilə mikroblara qarşı aparılan mübarizə tədbirləri kimyəvi antiseptika adlanır. Bu maddələr mikroorqanizmə öldürücü təsir göstərməklə yanaşı, insan orqanizminə ciddi mənfi təsir göstərməməlidir. Antiseptik kimyəvi preparatlar müalicə məqsədilə yerli (yaranın yuyulması, drenajlarla yaraya, boşluqlara yeridilməsi, toz, məlhəm və emulsiya şəklində işlədilmə, yerli vannalara əlavə etmək və s.) və ümumi (enteral yolla–ağızdan və imalə etməklə, parenteral yolla–əzələ, limfa, vena və arteriya daxilinə yeritmək) olaraq işlədilir.

Antiseptiklərin göstərdikləri antimikrob təsir işlədilən preparatdan asılı

olaraq:

* birdəfəlik (preparat bir dəfə yeridildikdə bir neçə dəqiqə, yaxud bir neçə saat səmərə verir);

* kumulyativ (preparatın təkrar yeridilməsi antimikrob təsiri artırır) və

* davamlı (bir nahiyəyə preparatın müntəzəm yeridilməsi zamanı göstərilən antimikrob təsir davamlı olur) ola bilir.

Antiseptik maddələrin işlədilməsində əsas məqsəd:

* bakterisid (yaxud bakteriostatik) səmərəyə nail olmaq;

* mikrob populyasiyalarının sayını azaltmaq;

* mikrob populyasiyalarının antibiotiklərə həssaslığını artırmaq və

* immun sistem faktorlarının səmərəliliyini yüksəltməkdir.

Antiseptik maddələr öz təsirlərinə görə 3 yerə bölünür:

* Dezinfeksiyaedicilər. Bu maddələr aseptik məqsədlə alətlərin, əməliyyat otağının, digər ləvazimatların dezinfeksiyasında işlədilir.

* İnsan bədəninin xarici örtüklərinin mikrobsuzlaşdırılmasında işlədilənlər: əllərin, əməliyyat sahəsinin mikrobsuzlaşdırılması, yara və selikli qişaların yuyulması.

* Daxilə yeridilən ximioterapevtik preparatlar. Bunlar müxtəlif yollarla orqanizmə yeridildikdə mikrobların infeksiya ocağında inkişafının qarşısını alırlar.

Bu maddələrdən cərrahlıqda ən çox istifadə olunanı kimyəvi quruluşuna görə aşağıdakı 17 qrupa daxil olan preparatlardır.

Bioloji antiseptika. Orqanizmin immunobioloji qabiliyyətini artıran, yaraları nekrotik toxumalardan təmizləyən və antibakterial təsir göstərən bioloji preparatlardan istifadə etməklə aparılan müalicə üsulu bioloji antiseptika adlanır.  Bioloji antiseptikada işlədilən maddələr iki cür təsir göstərir: bu maddələr birbaşa mikroblara təsir edirlər;

– yeridilən preparatlar orqanizmin immunobioloji qüvvələrini artırmaqla bədənin mikroblara qarşı mübarizə qabiliyyətini gücləndirirlər. Bioloji antiseptikada bir sıra maddələrdən istifadə edilir.

İmmunobioloji qüvvələri artıran vasitələr.

Anatoksinlər vurmaqla infeksiyaya qarşı aktiv spesifik immunitetin yaradılması:

1) Stafilokokk anatoksini.

2) Tetanusəleyhinə anatoksin.

Tərkibində cərrahi infeksiyalara qarşı antitetellər olan preparatlar yeritməklə xəstələrdə passiv immunitetin yaradılması:  Hiperimmun antistafilokokk plazma və antistafilokokk qamma-qlobulin.

3) Sandoqlobulin.

4) İintraqlobin və pentaqlobin.

5) Tetanusəleyhinə qamma-qlobulin.

6) Tetanusəleyhinə zərdab.

7) Antiqanqrenoz zərdab.

Qeyri-spesifik immunitetin gücləndirilməsi. İmmun statusda müşahidə edilən dərin pozğunluqları aradan qaldırmaq üçün müxtəlif im unokorrektor və immunostimulyatorlar işlədilir:

a) immunitetin T-həlqəsində meydana çıxan pozğunluqları aradan qaldırmaq məqsədilə timus preparatlarından (timalin, timoptin, timozin, taktivin) istifadə edilir.

b) humoral immunitetdə müşahidə edilən pozğunluqlar həm yuxarıda qeyd etdiyimiz immunomodulyatorlar, həm də mielopid (B-aktivin) vasitəsilə aradan qaldırılır.

v) Sintetik immunostimulyatorlardan (prodiqiozan, levomizol, dekaris, metilurasil, likopid, qlikopid, qalavit və polioksidonium) da istifadə edilir.

q) Həmçinin, immunostimulyasiya məqsədilə lizosim, splenin, splenopid və fitohemaqqlutinin də işlədilir.

d) Son illər gen mühəndisliyi yolu ilə alınan interferonlar və interleykinlər immun sistemə məqsədyönlü təsir göstərməklə daha səmərəli nəticələr almağa imkan verir. Bura reaferon, roferon, sikloferon, neovir, viferon, leykinferon, ronkoleykin, bioleykin və betaleykin aiddir.

Yarada sağalma proseslərini sürətləndirmək üçün xəstəyə pentoksil, metilurasil və prodiqizan verilir.

* Orqanizmin qeyri-spesifik rezistentliyini artıran üsullar. Bu üsullara aşağıdakılar daxildir:

1) Kvars şüalarının verilməsi;

2) vitaminoterapiya;

3) tam dəyərli qidalanma;

4) qanın ultrabənövşəyi və lazer şüaları ilə şüalandırılması

5) sepsisdə, ağır intoksikasiyalarda, peritonitdə qanın ekstrakorporal olaraq bütöv donuz dalağından, yaxud onun fraqmentlərindən perfuziyası.

6) donor qanının köçürülməsi;

7) qanın ayrı-ayrı komponentlərinin (plazma, albumin, qlobulin, leykositar kütlə) köçürülməsi.

Bakteriofaqlar. Bakteriofaqlar bakteriyaların virusları olub, mikrob hüceyrəsinə daxil olaraq onu əridirlər (lizisə məruz qoyurlar). Bakteriofaqlar spesifik-seçici təsir göstərirlər. Bu bakteriofaqlar ayrıca, yaxud qarışıq şəkildə işlədilir: yara ətrafındakı toxumalara yeridilir, yaxud tənzifi isladıb yaraya qoyurlar, yara bu faqlarla yuyulur.

Probiotiklər. İnsanın normal mikroflorası makroorqanizmin praktik olaraq bütün mühüm funksiyalarının həyata keçirilməsində aktiv iştirak edir. İnsanın bədənində olan mikroorqanizmlər arasındakı simbioz əlaqələrində makroorqanizm tənzimləyici rol oynayır. Bu simbioz sistemi 2 yarım sistemlə tənzimlənir:

* Quorum sensing (idarəetmə)–bakteriyalar arasındakı qarşılıqlı münasibətlərə nəzarət edir;

* Cross talk – mikrob hüceyrələri ilə sahibin-orqanizmin hüceyrələri arasında informasiya mübadiləsini həyata keçirir.

Bağırsağın normal bakterial florasının sıradan çıxması bütün makroorqanizmdə metabolik balansın pozulmasına və bir sıra patoloji halların baş verməsinə səbəb olur. Məhz bu səbəblərdən də bağırsağın normal mikrobiosenozunun bərpası məqsədilə klinik praktikada aşağıdakı preparatlardan

istifadə edilir:

- Probiotiklər. Canlı mikrob kulturasından alınan bakterial preparatlar olan probiotiklərə antibiotiklərin antonimi kimi baxılır. Probiotiklərə vitaflor, lineks, bifikol, bifidumbakterin, probifor, bifilonq, bifiliz, laktobakterin, florin-forte, kolibakterin, baktisubtil aiddir.

- Prebiotik r. Prebiotik dedikdə, yoğun bağırsaqda bir, yaxud məhdud sayda bifidobakteriya ştammlarının seçici olaraq artıb çoxalmasını, yaxud aktivləşməsini sürətləndirməklə orqanizmin sağlamlığına müsbət təsir göstərən “qidanın həzm olunmayan komponenti” başa düşülür. Prebiotiklərə fruktoza–oliqosaxaridlər, inulin, dyufalak, qalakto–oliqosaxaridlər, laktuloza və laktitol aiddir.

Sinbiotiklər. Sinbiotiklər probitiklərin və prebiotiklərin səmərəli kombinasiyalarından alınan preparatlardır.

Proteolitik fermentlər (Ferment – enzim preparatları). Bu preparatlar canlı toxumalara təsir etməyərək, nekrotik toxumaları, irini və fibrini lizis prosesinə məruz qoymaqla (əritməklə) həm də ödemi azaldaraq yaranın təmizlənməsini, sağalmasını sürətləndirir və antibiotiklərin müalicəvi səmərəsini artırırlar. Proteolitik fermentlər bitki, (papain, bromelain), bakterial (streptokinaza, strepdaza, terrilitin, kollagenaza, asperaza, iruksol) və heyvan mənşəli (tripsin, ximotripsin, ximopsin, pepsin, rib n kleaza) olurlar.

Fitonsidlər. Fitonsidlər bir sıra bitkilərin (sarımsaq, soğan, qırmızı turp, kələm, evkalipt yarpağı) tərkibində olan bakterisid və bakteriostatik təsirli bioloji

aktiv maddələrdir. Bu bitkilərdən hazırlanmış dərmanlar (allipçep, novoimanin, xlorofillipt, natrium-usinat və s.) irinli yaraların müalicəsində işlədilir.

Antibiotiklər. Mikroorqanizmlərin həyat fəaliyyətləri zamanı ifraz etdikləri bu maddələr digər qrup mikrobların artıb çoxalmasının və inkişafının qarşısını almaq qabiliyyətinə malik olduqlarından çağdaş dövrdə cərrahi infeksiyanın profilaktikası və müalicəsində geniş istifadə edilir. İlk dəfə 1928-ci ildə ingilis alimi Fleminq kif göbələklərindən–Penicillium notatum-dan streptovə stafilokokkları məhv edən maddə alır. 1940-cı ildə amerikan H. Flori Penicillium notatum göbələyindən xalis penisillin adlı antibiotiki ayırır. Antibiotik terminini 1942-ci ildə S. A. Vaksman təklif etmişdir.

Antibiotiklər bu tələblərə cavab verməlidirlər:

– kiçik dozalarda bakterisid, yaxud bakteriostatik təsir göstərməlidirlər;

– insan bədənində antibiotikin təsiri zəifləməməlidir;

– mikroba tez təsir etməlidir;

– insan orqanizminə zərər vurmamalıdır;

– sağalma proseslərinə maneçilik törətməməlidir;

– immuniteti zəiflətməməlidir.

Təəssüf ki, bütün bu tələbatlara cavab verən ideal antibiotik yoxdur.

Bütün antibiotikləri hazırda aşağıdakı qruplara bölürlər:

1) Penisillin qrupu (təbii və yarımsintetik). Bu qrup antibiotiklər bakteriyaların hüceyrə membranında sintez proseslərini zəiflədirlər: benzilpenisillinin natrium, fenoksimetilpenisillin, ampisillin, bitsillin-3, bitsillin-5.

2) Streptomitsin qrupu - streptomitsin sulfat, streptosulmisin sulfat.

3) Tetrasiklinlər qrupu - tetrasiklin hidroxlorid, oksitetrasiklin, morfosiklin, oletetrin, oleomorfosiklin, oksitetrasiklin, metasiklin, doksisiklin, xlortetrasiklin, minosiklin.

4) Aminoqlikozidlər -  dibekasin, neomisin,  kanamisin, gentamisin, tobramisin, sizomisin, amikasin.

5) Makrolidlər -  erisiklin, oleandomisin, rozamisin, roksitrombosin, aziotromisin, klaritromisin. Mikrob hüceyrəsi membranında zülal sintezini pozurlar.

6) Levomisetin qrupu. Levomisetin, levomisetin stearat, levomisetin suksinat, levovinizol, sintomisin, teqralezol bu qrupa daxildir.

7) Rifampisinlər: rifamisin SV və rifampid, rifosin, rifampisin.

8) Sefalosporinlər. Yüksək dozalarda nefrotoksik olan bu antibiotiklər hüceyrə membranındakı sintez proseslərini pozurlar. Bu preparatlar bir neçə nəsildirlər:

- I nəsil: seporin, sefaleksin, sefamizin, sefazolin, sefamezin, kefzol;

- II nəsil: sefamandol, sefmetazol, sefoksitin, sefaklor, sefotetan, sefuroksim;

- III nəsil: sefotaksim, seftriakson, sefiksim, seftibuten, sefpiramid, seftazidim;

- IV nəsil: keyten (sefpirom), sefepim.

9) Müxtəlif qrupdan olan antibiotiklər: ristomisin, fuzidin, polimiksin.

10) Göbələk əleyhinə olan antibiotiklər: nistatin, levorin, levorinin natrium duzu, amfoterisin B, amfoqlükamin, mikogeptin, trixomisin, qrizeofulvin.

11) Şiş əleyhinə olan antibiotiklər daktinomisin, kaktinomisin, sanazin, mitozanlar (mitomisin C), olivomisin, mitramisin, rubomisin, adriamisin.

12) Linkozaminlər. Mikrob hüceyrəsi membranında zülal sintezini pozurlar: linkomisin, klindamisin.

13) Ftorxinolonlar. DNT-hidraza sintezini pozurlar:

III nəsil: ofloksasin, siprofloksasin;

IV nəsil: levofloksasin, fleroksasin, tosufloksasin:

14) Karbapenemlər. imipenem, meropenem;

15) Qlikopeptidlər vankomisin, erimomisin.

16) Penisillinaza inqibitorları sulbaktam və ikalium klavulonat.

17) β- laktamazlar. Son illər β- laktam antibiotikləri adlı bir qrup da ayırd edilir. Bu qrupa penisillinlər və sefalosporinlər daxildir. Bir çox mikroblar bu antibiotiklərlə təmasda olduqda onları parçalayan bir sıra fermentlər- penisillinaza, sefalosporinaza, yaxud β- laktaza 1,3,5 və s. ifraz edirlər. Adətən, belə hallar son illər sintez edilmiş çox güclü antibiotiklərə qarşı olur. Məhz bu səbəbdən də həmən antibiotiklərə laktamazların ingibitorları (unazində sulbaktam, auqmentdə natrium klavulonat) əlavə edilir.

Antibiotikoterapiyanın aparılma qaydaları. Antibiotikoterapiya zamanı aşağıdakı qaydalarla riayət edilməlidir:

ən təhlükəsiz olan dəri sınağı;

 iyləmə sınağı;

konyuktiva sınağı;

 leykoplastır sınağı;

 dil sınağı

dəri sıyrıntı sınağı;

dəridaxili sınaq

Antibiotikoterapiya zamanı təxminən 38% hallarda bir sıra ağırlaşmalar da olur:

û müxtəlif ağırlıqlı allergik reaksiyalar: qaşınma, dermatitlər.

û zərdab xəstəliyi tipli hallar.

û Kvinke ödemi, qlossit, konyuktivit, hemolitik anemiya, rinit;

û anafilaktik şok.

û toksiki ağırlaşmala.

û disbakterioz.

û uzun müddət antibiotikləri işlətdikdə göbələk xəstəlikləri-kandidozlar və kandidomikozlar inkişaf edir.

Antibiotiklərin tətbiq yolları bunlardır:

* toz şəklində yaraya səpmək, gel, emulsiya və məlhəm halında yaraya qoymaq;

* məhlul halında yaranı yumaq;

* toxumaların infiltrasiyası;

* piltəni, tamponu antibiotik məhlulu ilə isladıb yaraya qoymaq.

* punksiya yolu ilə, yaxud drenaj borularından boşluqlara yeritmək;

* inhalyasiya yolu ilə;

* endotraxeal;

* ağızdan;

* elektroforezlə;

* osteomielitlərdə - sümük daxilinə;

* meningitlərdə endolümbal;

* göbək venasını kateterizasiya etməklə intraportal;

*regionar (məhəlli) perfuziya: antibiotik irinli-iltihabi proses olan nahiyəni vaskulyarizasiya edən iri kalibrli arteriyaya yeridilir.

* dərialtına;

* əzələdaxilinə;

* ağır hallarda vena daxilinə;

* arteriya daxilinə;

* limfa sisteminə (limfotrop və endolimfatik): bu iki üsulla aparılır: preparat kövşək birləşdirici toxumalara-əsasən dərialtına yeridilməklə limfotrop terapiya (LTT) və dərmanın birbaşa limfa damarına, yaxud limfa düyününə vurulması ilə olan endolimfatik terapiya (ELT). LTT texniki cəhətdən sadə olub, heç bir xüsusi avadanlıq və şərait tələb etmir. ELT iki variantda aparılır: damardaxili və limfa düyünü daxili və C.N. Hacıyev üsulu ilə  məhəlli intraabdominal.

Antiseptik maddələrin işlədilmə yolları. İşlədilmə yollarından asılı olaraq səthi və dərin antiseptika metodları ayırd edilir. Həmçinin, qarşıya qoyulan məqsəddən, antiseptik maddələrin işlədilmə yollarından, antiseptik preparatlara olan tələblərdən asılı olaraq profilaktik və müalicəvi antiseptika tədbirləri bir neçə üsulla həyata keçirilir:

dəri və selikli qişaların əməliyyatönü profilaktik antiseptikası;

təzə yaraların profilaktik antiseptikası (yaraların birincili cərrahi işlənməsi zamanı) və nekrotik toxumaların kəsilib atılması (yaraların ikincili cərrahi işlənməsi zamanı);



 antiseptiklərin müalicəvi məqsədlə işlədilməsi;

 biotopda normal mikrofloranın bərpası.
Yüklə 36,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin