MühaziRƏ 13 İqlİm yaradıcı proseslər İqlimin formalaşmasına təsir edən amillər



Yüklə 27,23 Kb.
səhifə1/4
tarix01.01.2022
ölçüsü27,23 Kb.
#106588
  1   2   3   4
Mühazirə 13 - İqlim yaradıcı proseslər - Copy



MÜHAZİRƏ 13
İqlİm yaradıcı proseslər
İqlimin formalaşmasına təsir edən amillər. İqlimin formalaşmasına xeyli sayda amillər təsir göstərsələrdə, günəş radiasiyası, atmosferin ümumi dövranı və səth örtüyünün səciyyəsi ən mühüm iqlim yaradıcı amillərdən hesab olunurlar. Bunlardan əlavə, atmosfer proseslərində daima iştirak edən və yerin iqliminin formalaşmasında çox mühüm əhəmiyyəti olan aşağıdakı amillər də həmin prosesdə fəal iştirak edirlər. Bunlar istilik dövranı ilə rütubət dövranıdır. Özlüyündə iqlim əmələ gətirən bu proseslər bir-birilə sıx və qarşılıqlı əlaqədədirlər. Məsələn, fəal səth örtüyünə və həmçinin atmosferin istilik rejiminə buludluq (düz günəş şüalarının qarşısını kəsməklə) əhəmiyyətli dərəcədə təsir göstərir. Buludlar isə rütubət dövra­nının ünsürlərindən (elementlərindən) biri olsalar da onun əmələ gəlməsi eyni zamanda atmosferin və yer səthinin istilik rejimin­dən asılıdır. Yer səthinin və atmosferin istilik rejimi isə öz növbəsində istilik adveksiyasından, daha doğrusu, atmosferin ümu­mi sirkulyasiyasından asılıdır. Ümumi sirkulyasiya isə hər şeydən əlavə, buludların və su buxarının bir yerdən digər ərazi­lərə yerdəyişməsinə səbəb olur. Bununla da o, rütubət dövranına və rütubət dövranı vasitəsilə də istilik şəraitinə təsir göstərir.

İqlimin hər bir tərkib hissəsinin rejimi məhz yuxarıda qeyd olunan iqlim əmələ gətirən proseslərin birgə təsirinin nəti­cəsidir. Məsələn, Yer kürəsi üzrə yağıntıların coğrafi paylanması bilavasitə rütubət dövranının təsiri nəticəsində baş verir. Eyni zamanda yağıntıların rejiminə atmosferin və fəal səthin istilik şəraiti də əhəmiyyətli dərəcədə təsir göstərir. Buxarlanma prosesinin özü də istilik şəraitilə əlaqədardır.

Bundan əlavə, havanın rütubət tutumuna və istilik şərai­tinə atmosferin ümumi sirkulyasiyasındakı istilik və rütubət adveksiyası1 da xeyli təsir göstərir. Kondensasiya prosesi üçün lazım olan havanın yuxarı qalxması, buludların əmələ gəlməsi, yağıntıların düşməsi və həmçinin, yağıntıların iqlim rejiminin yaranması, əsasən atmosferin ümumi sirkulyasiyası prosesində baş verir.

- Günəş radiasiyası. Yuxarıda qeyd olunduğu kimi əsas iqlim əmələ gətirən amillər günəş radiasiyası, atmosferin sirkul­yasiyası və səth örtüyünün səciyyəvi xüsusiyyətləridir. İqlim əmələgətirən bu amillər içərisində isə günəşin şüa enerjisinin payı daha çoxdur. Özlüyündə o, ən mühüm iqlim əmələ gətirən amil funksiyasını yerinə yetirir, yer səthində qeyri-bərabər paylanır. Buna səbəb yerin həqiqi fiqurunun kürəvari formaya malik olması, onun coğrafi enliklər üzrə ekvatordan qütblərə doğru girdələşməsi, yerin öz oxu və günəş ətrafında dövr etməsi, xəyali oxunun orbit müstəvisinə meyilli olması, günəş radia­siyasını keçirən atmosfer təbəqəsinin vəziyyəti və s. amillərdir. Yer səthində günəş radiasiyasının qeyri-bərabər paylanması yer kürəsinin müxtəlif coğrafi enliklərində torpağın və suyun müxtəlif cür qızmasına, bitki və heyvanat aləminin müxtəlif növ tərkibinin formalaşmasına və sair səbəb olur. Səth örtüyünün qeyri-bərabər qızması isə təzyiq fərqinin yaranmasına gətirib çıxarır. Bu isə öz növbəsində isti və rütubətin yer səthində bir ərazidən digər ərazilərə aparılmasına və həmçinin havanın üfüqi istiqamətdə yer dəyişməsinə səbəb olur.

Günəşdən ən çox istiliyi şimal və cənub tropiklərin arasında (23.5°sm.e ilə 23.5°c.e) yerləşən ərazilər alırlar. Çünki bu ərazilərə günəş şüaları böyük bucaq altında düşür, nəticədə ərazidə isti tropik iqlimi formalaşır. Ümumi günəş radiasiyasının illik miqdarı 140-220 kkal/sm2 təşkil edir.

Ekvatordan qütblərə doğru Yerin fiqurunun forması girdələşdiyindən coğrafi enliklər üzrə günəş şüalarının düşmə bucağı da azalır, qütblər və qütb dairələri daxili ərazilərdə onun illik miqdarı minimal həddə çataraq 50-80 kkal/sm2 arasında dəyişir. Burada isə soyuq qütb iqlimi formalaşır.

- Atmosfer sirkulyasiyası da iqlimin formalaşmasına təsir edən ən mühüm amillərdəndir. Belə ki, müxtəlif mənşəli hava kütlələrinin (isti, soyuq, quru və rütubətli ) yerdəyişməsi bilava­sitə bu proseslə sıx əlaqədardır. Atmosferdəki hava axınları isə yer kürəsinin müxtəlif qurşaqlarında torpağın və havanın qeyri- bərabər qızmasına səbəb olan günəş istiliyinin qeyri-bərabər paylan­masıdır. Bu zaman ən kəskin fərq aşağı və yüksək enlik­lər arasında müşahidə olunur. Qeyd olunan enliklər arasındakı temperatur fərqi havanın təzyiq fərqini yaradır. Təzyiq fərqi isə özlüyündə yüksək enliklərlə alçaq enliklər arasında hava kütlələrinin mübadiləsinə səbəb olur. Nəticə də bu enliklər arasında havanın dövranı baş verir ki, buna da atmosferin ümumi sirkulyasiyası deyilir. Bütün proseslər kimi, atmosferin sirkulyasiyası da enerji sərfinə əsaslanır. Enerji mənbəyi isə günəş istisidir, sirkulyasiya yerin ən böyük miqdarda günəş enerjisini mənimsədiyi yerdə - isti qurşaqda, xüsusən onun tropik zonalarında meydana gəlir.

- İqlimin formalaşmasında səth örtüyünün özünə məxsus əhəmiyyəti vardır. Belə ki, səth örtüyünün vəziyyətinin səciy­yəsindən asılı olaraq onun üzərindəki hava kütlələri ona (səth örtüyünə) uyğun olaraq formalaşır. Məsələn, rütubətli həmişə yaşıl ekvatorial meşələr qurşağının üzərində isti və rütubətli ekvatorial hava kütləsinin formalaşması və sair buna misal göstərmək olar.

Quru və su iqlimə müxtəlif cür təsir göstərir. Dağlıq ərazilərin iqlimi düzən ərazilərin iqlimindən kəskin fərqlənir. Bitki ilə örtülü olmayan çılpaq səthin iqlimi bitki ilə örtülü olan səthin iqlimindən fərqli olur. Qar və buzla örtülü olan səth də iqlimə əhəmiyyətli dərəcə də təsir göstərir. Bütün bunlara səbəb isə troposfer havasının yer səthindən qızması və soyumasıdır. Məhz bunun da sayəsində okeanlar üzərindəki hava onu əhatə edən quru üzərindəki havaya nisbətən xeyli mülayim olur. Çünki quruya nisbətən suyun istilik tutumu çox olur. Yuxarıda qeyd olunan əsas amillərdən əlavə iqlimin formalaşmasına aşağıdakı amillər də əhəmiyyətli dərəcədə təsir göstərirlər.

- İqlimin coğrafi faktoru. İqlim əmələ gətirən proseslər Yer kürəsinin, daha konkret, yerin coğrafi şəraitə malik olan regionlarında daha aydın nəzərə çarpır. Belə ki, alçaq və yüksək enliklərdə, quru və dəniz üzərində, dağlıq vilayətlərdə və düzənliklərdə iqlim əmələ gətirən amillər müxtəlif cür baş verir. Belə ki, həm iqlimin xarakterik xüsusiyyətləri və həm də iqlim ünsürlərinin paylanması iqlimin coğrafi amillərindən asılıdır. İqlimin əsas coğrafi amillərinə coğrafi enliyi, dəniz səviyyə­sindən olan yüksəkliyi, Yer kürəsinin səthində quru ilə suyun paylanmasını, quru səthinin oroqrafiyasını, okean cərəyanlarını, bitki, qar və buz örtüyünü aid etmək olar. Bu amillər içərisində insan amili, yəni onun təsərrüfat fəaliyyəti, daha doğrusu, insan cəmiyyətinin fəaliyyəti xüsusi yer tutur. Belə ki, sonuncudan başqa, digər sadalanan amillər təbii-coğrafi amillərdir. Bu baxımdan, onlar hər hansı bir təbii kompleksə, o cümlədən də iqlim əmələ gətirən proseslərə neqativ təsir göstərmir. Lakin insanın təsərrüfat fəaliyyəti bilavasitə fəal səthə təsir göstər­məklə (meyvə bağlarının, parkların salınması, su anbarlarının yaradılması, yol çəkilməsi və s.) əlaqədar olduğundan, istər-istəməz onun təsiri hər hansı bir coğrafi amilin, o cümlədən iq­lim əmələ gətirən prosesin bu və ya digər dərəcədə dəyişməsinə səbəb olur.

- Coğrafi enlik. İqlimin ən mühüm amillərindən hesab olunur. Belə ki, Yer kürəvari formaya malik olduğundan, günəş radiasiyası onun səthində coğrafi enliklər üzrə qeyri-bərabər paylanır. Onun miqdarı ekvatordan qütblərə doğru enliklər üzrə azalır. Bu səbəbdən, ekvator boyu ərazilər isti, qütblər və həmçinin qütb dairələri daxilində yerləşən ərazilər isə həddin­dən çox soyuq olur. Bu isə öz növbəsində yer səthində tempera­turun paylanmasını müəyyən edir. Bitki, torpaq örtüyünün də yer səthində coğrafi paylanması məhz coğrafi enliklərlə sıx bağlıdır. Ümumiyyətlə, təbii zonaların və coğrafi qurşaqların formalaşmasında coğrafi enliyin rolu olduqca böyükdür. Nəinki iqlimin, hətta günəş radiasiyasının ünsürlərinin yer səthində coğrafi enliklər üzrə paylanması qeyri-bərabərdir.

- Dəniz səviyyəsindən olan yüksəklik. Dəniz səviy­yəsindən olan yüksəklik də iqlimin coğrafi amilləri sırasına aiddir. Atmosfer təzyiqi yüksəklik boyunca azalır, günəş radiasiyası və effektiv şüalanma azalır, havanın temperaturu və həmçinin onun sutkalıq amplitudası da azalır. Buludluğun və yağıntıların yüksəklik boyu dəyişməsi dağlarda daha aydın nəzərə çarpır və xarakterik xüsusiyyətə malik olur. Belə ki, dağ­lar­da müəyyən hündürlüyə qədər yağıntıların artması (2000-2500 m qədər), müəyyən hündürlükdən sonra onun miqdarının azalması baş verir. Nəticədə dağlarda yüksək iqlim zonallığı yaranır. Bu səbəbdən də ərazinin dəniz səviyyəsindən olan hün­dürlüyündən asılı olaraq, dağlıq regionların iqlim şəraiti xeyli müxtəlif olur. Buna görə də yüksəklik boyunca olan iqlim dəyiş­mələri üfüqi istiqamətdəkindən daha intensiv olur. Daha doğ­rusu, dağlarda yüksəklik boyunca meteoroloji elementlərin dəyiş­məsi iqlim şəraitinin bütün komplekslərinin intensiv dəyişməsinə səbəb olur.

Bu zaman dağlarda ətəkdən zirvəyə doğru bitkilər biri digərini aşağıdakı kimi əvəz edir: Mülayim qurşaq daxilində yerləşən və mütləq hündürlüyü 3500-4000 m-dən çox, yağın­tıların miqdarı 600 mm və ondan artıq olan dağın ətəyindən zirvəsinə doğru dağ-çölləri, meşə-çöl, enli yarpaqlı meşələr, qarışıq meşələr, iynə yarpaqlı meşələr, daha sonra isə subalp, alp çəmənlikləri, qar xəttindən yuxarıda isə qarlı və buzlu, subnival və nival zonalar yerləşir. Quru kontinental iqlimə malik regionlarda meşələrin yuxarı sərhədi rütubətli okean iqlimi olan regiondakına nisbətən xeyli hündürdən keçir. Məsələn, ekvato­rial enliklərdə meşələrin yuxarı sərhədi 3800 m hündür­lükdə yerləşdiyi halda, quru və isti subtropiklərdə həmin sərhəd 4500 metrdən keçir. Azərbaycan ərazisində isə meşələrin yuxarı sərhədi adətən, 2200 metrdən, nadir hallarda isə 2500 metr yüksəklikdən keçir.

Mülayim enliklərdən qütblərə doğru meşələrin yuxarı sərhədinin dəniz səviyyəsindən olan hündürlüyü azalır. Buna səbəb, qütblərə doğru termik rejimin azalmasıdır. Bu səbəbdən də tundra zonasında meşə bitkilərinə rast gəlinmir. Olan ağac növləri də əyri gövdəli, qısaboylu ağac və kolluqlardan ibarətdir.

- Qurunun və dənizlərin bölgüsü. Qurunun və dənizlərin coğrafi bölgüsü iqlimin mühüm amillərindəndir. İqlimin məhz kontinental və dəniz tiplərinə bölünməsi bilavasitə onlarla əlaqədardır. Həmçinin havanın temperaturu, yağıntılar və digər meteoroloji elementlərin yer səthində qeyri-bərabər paylan­masında həmin amillərin rolu da danılmazdır. Belə ki, okean səthi üstünlük təşkil edən Cənub yarımkürəsində quru səthi şimal yarımkürəsindəkinə nisbətən qütblərə daha simmetrikdir. Yəni cənub yarımkürəsində temperaturun, təzyiqin və küləyin paylanmasındakı zonallıq daha aydın nəzərə çarpır. Hətta materikin sahillərindən içəriyə doğru həm temperatur və həm də yağıntıların paylanmasında əhəmiyyətli dərəcədə müxtəliflik müşahidə olunur.

- Oroqrafiya. Dağlıq regionlarda ərazinin iqlim şəraitinə təkcə dəniz səviyyəsindən olan yüksəklik yox, eyni zamanda dağ sistemlərinin istiqaməti, yamacların meyilliyi, ekspozisiyası, hakim küləklərin istiqaməti, dağ dərələrinin morfometrik göstəriciləri və sair xüsusiyyətlər də əhəmiyyətli təsir göstərir.

Məlumdur ki, dağ sistemləri hava axınını ləngidə də bilir, onun istiqamətini dəyişə də bilir. Atmosfer cəbhələrini isə defor­masiya edə bilir (Məsələn: Böyük Qafqaz sıra dağları). Ensiz dağ sistemi arasındakı keçiddə hava axınlarının sürəti adi halda­kından xeyli fərqli olur. Dağlarda sirkulyasiyanın yerli sistem­ləri - dağ-dərə və buzlaq küləkləri formalaşır.

Müxtəlif baxarlı yamaclarda müxtəlif termik rejim, tem­peratur rejimi formalaşır. Relyef formaları temperaturun sutkalıq gedişinə də xeyli təsir göstərir. Hava axınlarının dağ sistemlərini aşması ilə əlaqədar külək tutan dağ yamaclarında buludların və yağıntının miqdarı çox olur. Külək tutmayan yamaclarda isə əksinə, quru və isti fyon küləkləri formalaşır. Dağların üzərində çox böyük sürətə malik küləklərə və xüsusi formalı buludlara tez-tez rast gəlinir.

- Okean cərəyanları. Okean cərəyanları dəniz və okean sularının səthində çox kəskin temperatur fərqinə səbəb olmaqla yanaşı, havanın temperaturunun paylanmasına və həmçinin atmosfer sirkulyasiyasına da çox mühüm təsir göstərir. Okean cərəyanlarının dayanıqlı olması ətraf ərazilərin iqlim şəraitinə və onun formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Bunu temperaturun izonomal xəritəsindən aydın görmək olur. Belə ki, Qolfstrim cərəyanının isidici effekti Şimali Atlantik okeanının şərq hissələrinə, o cümlədən Qərbi Avropanın iqliminə əhəmiy­yətli dərəcədə təsir göstərir.

Soyuq okean cərəyanlarının hakim olduğu rayonlarda duman digər ərazilərə nisbətən, daha tez-tez müşahidə olunur. Bu hal Nyufaundlend regionunda daha aydın müşahidə olunur. Belə ki, hava isti Qolfstrim suları üzərindən Labrador cərəya­nı­nın soyuq suları üzərinə adlayan zaman güclü konveksiya prose­si gedir və buludluq kəskin artır. Eyni zamanda okean cərə­yan­ları yağıntıların coğrafi bölgüsünə əhəmiyyətli təsir göstərir. Belə ki, isti okean cərəyanı hakim olduğu sahilboyu ərazilərə bol yağıntı düşdüyü halda, soyuq okean cərəyanı axdığı sahil­bo­yu ərazilər az yağıntı alır. Nəticədə isti cərəyan zəngin bitki örtü­yünü formalaşdırdığı halda soyuq cərəyan arid əraziləri formalaşdırır.




Yüklə 27,23 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin