Müasir pedaqogikada demoqrafik amillər və proseslər
Lamiə Nizami qızı Nağıyeva
Ümumi pedaqogika kafedrasının baş müəllimi,
pedaqogika üzrə fəlsəfə doktoru
Açar sözlər: Demoqrafik amillər, demoqrafik proseslər, Təhsil sistemi, ölüm, boşanma, doğum, təkrar nigah, miqrasiya.
Ключевые слова: Демографические факторы, демографические процессы, Система образования, смерть, развод, рождение, повторниый брак, миграция,
Key words: Demographic factors, demographic processes, The education system, death, divorce, repeat marriage, migration.
Demoqrafik amillər və proseslər XX yüzillikdə əsrin qlobal problemlərindən biri kimi əmələ gəlib bərqərar olmuş, bu gün də bütün dünyada, o cümlədən Respublikamızda cəmiyyətin bütün həyat sahələrinə, ilk növbədə, ailənin reproduktiv və tərbiyə funksiyalarına tutarlı təsir göstərmişdir. Müasir elmdə bu baxımdan demoqrafik amillərin sosial, siyasi, iqtisadi, ekoloji, sosial gigiyenik, ekoloji və s. nəticələri ayırd edilir. Son illərdə onların pedaqoji nəticələrinə də xüsusi diqqət yetirilir. Tərbiyə nəzəriyyəsi və təcrübəsində bu ideyalar önəmli yer tutmağa başlamışdır. Azərbaycan Respublikasının “Təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demoqrafik xarakter daşıyır! (1, s.5). Azərbaycan Respublikası ümumtəhsil məktəbinin yeni nümunəvi əsasnaməsinin tələblərinə müvafiq təlim-tərbiyə prosesində artıq ailədə baş verən demoqrafik proseslər–“ailə tipləri (natamam, uğursuz, çoxuşaqlı, azuşaqlı və s.)” zəruri hallarda nəzərə alınır” (2). Demoqrafik amillərin hər birinin–boşanma, ölüm, doğum, təkrar nigah, miqrasiya və s.-nin özünəməxsus mənfi nəticələri vardır. Əgər demoqrafik amillərin xüsusilə uşaq və yeniyetmə şəxsiyyətinə təsiri məktəb və ailə tərəfindən vaxtında səmərəli yollarla tənzim edilmirsə, onlar tərbiyə baxımından ağır pedaqoji nəticələrə gətirib çıxarır.
Şəxsiyyətin formalaşması prosesini şərtləndirən ənənəvi amillərlə yanaşı demoqrafik amillərin ayırd edilməsi, onların pedaqoji baxımdan sistemli şəkildə öyrənilməsi çağdaş tərbiyə nəzəriyyəsi və təcrübəsinin aktual problemi kimi özünü göstərir. Müasir dövrdə müstəqil Azərbaycan Respublikasında tərbiyə işinin köklü surətdə milli və ümumbəşəri zəmində yenidən qurulduğu bir vaxtda məktəbin sosial funksiyasının genişlənməsi, ictimai həyatın demokratikləşdirilməsi və humanistləşdirilməsi şəraitində bu məsələlərin öyrənilməsinin əhəmiyyəti xüsusilə artır. Azərbaycan pedaqogikasında tərbiyə problemləri müxtəlif aspektlərdə öyrənilmişdir. Məktəblilərin əxlaq tərbiyəsinin prinsip və üsulları araşdırılmış (M. Muxtarov), respublikamızda tərbiyənin nəzəriyyəsi və təcrübəsinin inkişafı üçün xüsusi əhəmiyyətə malik olan nəzəri-metodolojo məsələlər ətraflı öyrənilmiş (N. Kazımov) (3, s.100), tərbiyənin aktual nəzəri və praktik məsələləri (Ə. Həşimov), tərbiyədə nümunənin rolu (R.Mustafayev), hərbi-vətənpərvərlik (X. Fətəliyev, Ş. Tağıyev) və beynəlmiləlçilik tərbiyəsinin (Y. Talıbov) əsasları, estetik tərbiyənin nəzəriyyəsi və təcrübəsi (B. Xəlilova), ailə, məktəb və ictimayyətin birgə işi (S. Quliyeva, A. Abbasov), mənəvi tərbiyənin tarixi-nəzəri məsələləri (S. Əliyeva) doktorluq dissertasiyaları kimi monoqrafik yönümdə tədqiq olunmuşdur.
Respublikamızda tərbiyə nəzəriyyəsi və təcrübəsinin aktual məsələlərinə müxtəlif monoqrafiyalar, eləcə də sanballı kitab və məqalələr (M. Mehdizadə, Ə. Seyidov, N. Kazımov, H. Əhmədov, Y. Kərimov, Z. Qaralov, S. Axundov, Ə. Ağayev, R. Məmmədzadə, S. Şəfiyev, S. Zeynalov, A. Aslanov, R. Əlizadə, A. Abbasov, H. Əliyev, M. Həsənov və b.) həsr olunmuşdur. Bu tədqiqatlar Azərbaycanda pedaqoji fikrin inkişafında mühüm rol oynamışdır. Tərbiyənin demoqrafik problemlərinin nəzəri – praktik məsələlərini həlli zamanı onların böyük əhəmiyyəti olmuşdur. Lakin bunula belə, qeyd etmək lazımdır ki, Azərbaycan pedaqogikasında tərbiyənin demoqrafik məsələlərinə bu və ya digər dərəcədə ümumi şəkildə toxunulsa da onlar ayrıca problem kimi sistemli şəkildə tam öyrənilməmişdir. İctimai təcrübə tərbiyənin demoqrafik problemlərinin öyrənilməsini bilavasitə tələb edir. Müasir məktəb şagird şəxsiyyətinin formalaşması prosesində demoqrafik amillərin, xüsusilə onların neqativ təsirlərinin rolunu nəzərə almaya bilməz. Müəllimlər bir tərəfdən şagird şəxsiyyətinin formalaşmasına neqativ demoqrafik təsirlərin neytrallaşdırılması üçün ardıcıl tərbiyə işi aparmalı, digər tərəfdən uşaqların ailə tərbiyəsində onların nəzərə alınmasını, valideynlərin özlərinin vasitəsilə tənzimlənməsini təşkil etməlidirlər (4). Halbuki bu məsələlərin həm nəzəri, həm də əməli yönümdə araşdırılmaması şagirdlərin tərbiyəsi kimi önəmli bir vəzifənin səmərəli həyata keçirilməsinə öz neqativ təsirini göstərir.
Demoqrafik proseslər şagird şəxsiyyətinin formalaşmasına bilavasitə deyil, dolayısı ilə, aralıq fenomenlər, ilk növbədə, ailə münasibətləri, ailə mənəvi-psixoloji iqlimi vasitəsilə təsir göstərir. Ailədə ixtilaf yarananda, şagirdlərin xüsusilə yeniyetmələrin , valideynlərlə - ana və ya ata ilə münasibətləri pozulanda demoqrafik amillər neqativ xarakter kəsb etməyə başlayır. Bu şəraitdə şagirdin həyatında küçə qruplarının rolu artır, məktəbdə isə onun sosial aktivliyi tədricən azalır. Əgər məktəbdə şagirdlərin sosial aktivliyinin artırılması asudə vaxtının məzmun və formaca zənginləşdirilməsi, asudə vaxtın səmərəli təşkili yolu ilə onların ünsiyyət təlabatının məktəbdə hərtərəfli təmin olunması üçün pedaqoji cəhətdən əlverişli şərait yaradılsa, neqativ demoqrafik təsirlər islah edilib aradan qaldırıla bilər. Bu şərtlə ki:
-Təhsil prosesində hər bir fənnin tərbiyə imkanlarında müvafiq olaraq demoqrafik amillərin xarakteri nəzərə alınsın;
- Demoqrafik amillərin xarakteri nəzərə alınmaqla müəllim-şagird münasibətlərinin humanistləşdirilməsi və tərbiyə prosesinin optimallaşdırılması yolları elmi araşdırmalar əsasında müəyyənləşdirilib həyata keçirilsin;
-Valideynlərlə pedaqoji işin təşkilində demoqrafik amillərin xarakteri nəzərə alınsın;
-Tərbiyə işinin təşkilində ailə ilə yanaşı ailə qruplarının imkanlarından pedaqoji cəhətdən səmərəli istifadə olunsun.
Demoqrafik proseslərin pedaqoji nəticələri məhz ailə baxımında özünü göstərir. Doğum, ölüm, boşanma, nigah, miqrasiya prosesləri min bir tellə ailə həyatının bütün sahələrinə, onların vasitəsilə məktəbdə təlim-tərbiyə prosesinə nüfuz edir, pedaqoji əhəmiyyət kəsb edərək başlıca tərbiyə amilinə çevrilir. Demoqrafik proseslərin pedaqoji nəticələri isə mahiyyətcə demoqrafik deyil, pedaqoji problemlərdir və pedaqoji aspektdə öyrənilməlidir. Bu mühüm problemləri hərtərəfli təhlil etmək üçün pedaqogika demoqrafiyaya arxalanmalı, onları şərtləndirən demoqrafik qanunauy-ğunluqları nəzərə almalıdır. Pedaqogika uzun müddət həmin qaynaqdan faydalanmış, şəxsiyyətin formalaşmasında demoqrafik amillərin rolunu aydınlaşdırmışdır. Müasir pedaqogikada bu zərurət bütün aydınlığı ilə dərk olunur. Ən yeni tədqiqatlar göstərir ki, tərbiyyənin demoqrafik problemlərinin öyrənilməsi təkcə elmi əhəmiyyətə deyil, həm də böyük praktik dəyərə malikdir (5).
Dostları ilə paylaş: |