"Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" Konvensiyaya (düzəlişlərlə) qoşulmaq barəsində



Yüklə 85,66 Kb.
tarix25.05.2018
ölçüsü85,66 Kb.
#51533

"Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" Konvensiyaya (düzəlişlərlə) qoşulmaq barəsində

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası "Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" 1982-ci il iyulun 15-də Paris şəhərində imzalanmış Konvensiyaya (düzəlişlərlə) qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2002-ci il

№ 289-IIQ
Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında

KONVENSİYA

(düzəlişlərlə)


PREAMBULA
Bu Konvensiyanın Tərəfləri olan dövlətlər,

onların xalqları və xalq təsərrüfatları arasında qarşılıqlı əlaqələrin inkişafi üçün peyk rabitəsinin əhəmiyyətini, eləcə də özlərinin bu sahədə əməkdaşlığı möhkəmləndirmək səylərini vurğulayaraq,

"İNTERİM EUTELSAT" Avropa Peyk Rabitəsi Müvəqqəti Təşkilatının Avropa peyk rabitəsi sistemlərinin kosmik seqmentlərinin istismarı məqsədi ilə yaradıldığını qeyd edərək,

Ay və digər səma cisimləri də daxil olmaqla kosmik fəzanın tədqiqi və istifadəsi sahəsində dövlətlərin fəaliyyət prinsipləri haqqında 1967-ci il yanvarın 27-də Londonda, Moskvada və Vaşinqtonda bağlanmış Müqavilənin müvafiq müddəalarını nəzərə alaraq,

Avropa İttifaqı və beynəlxalq səviyyəli müvafiq sazişlər bağlamış dövlətlərin hər hansı hüquq və öhdəliklərinə xələl gətirmədən bütün iştirakçı dövlətlərə rabitə xidmətləri göstərmək məqsədi ilə ümumavropa rabitə şəbəkəsi çərçivəsində EUTELSAT peyk rabitəsi sisteminin tətbiqini və istismarını davam etdirməyə çalışaraq,

Avropada və bütün dünyada texniki, iqtisadi, normativ və siyasi təkamülü izləməyin və ehtiyac yarandıqca ona uyğunlaşmağın, xüsusən də EUTELSAT-ın operativ fəaliyyətini və onun müvafiq aktivlərini milli yurisdiksiyaya malik olmalı səhmdar cəmiyyətinə (həm də bu cəmiyyətə rəhbərlik keyfiyyətli iqtisadi və maliyyə zəminində, kommersiya dairələrində razılaşdırılmış prinsiplərə və Razılaşmaya uyğun surətdə həyata keçirilməlidir) keçirməyin zəruriliyini etiraf edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə I


(Anlayışlar)

Bu Konvensiyanın məqsədləri üçün:

a) "Konvensiya" termini "EUTELSAT" Avropa Peyk Rabitəsi Təşkilatını təsis edən, 1982-ci il iyulun 15-dən Parisdə Hökumətlər tərəfindən imzalanmaq üçün açıq olan Konvensiya (preambula və əlavələri də daxil olmaqla, sonrakı düzəlişlərlə birlikdə) deməkdir;

b) "Müvəqqəti Saziş" ifadəsi 1977-ci il mayın 13-də Hökumətlər yaxud Tanınmış özəl istismar təşkilatları arasında bağlanmış və Fransa Hökumətində saxlanılan "İNTERİM EUTELSAT" Avropa Peyk Rabitəsi Müvəqqəti Təşkilatının yaradılması haqqında Saziş deməkdir;

c) "ECS Sazişi" ifadəsi dayanıqlı xidmət peyk rabitəsi sisteminin kosmik seqmentinə dair 1978-ci il martın 10-da Parisdə bağlanmış, Müvəqqəti Sazişə Əlavə Saziş deməkdir;

d) "Tərəf" termini Konvensiyanın qüvvəyə mindiyi yaxud müvəqqəti tətbiq olunduğu dövlət deməkdir;

e) "EUTELSAT-ın Baş direktoru" ifadəsi EUTELSAT təşkilatının icra orqanının başçısı deməkdir;

"EUTELSAT-ın icraçı katibi" ifadəsi EUTELSAT təşkilatı Katibliyinin başçısı deməkdir;

g) "Eutelsat SC" ifadəsi Tərəflərdən birinin qanunları ilə tənzimlənən səhmdar cəmiyyəti deməkdir; ilkin mərhələdə o, Fransada yerləşəcək;

h) "kosmik seqment" ifadəsi rabitə peykləri sistemi, həmçinin izləmə, telemetriya, idarəetmə, nəzarət, monitorinq sistemləri və belə peyklərə istismar xidməti üçün zəruri olan digər vasitə və avadanlıq deməkdir;

i) "peyk sistemi" ifadəsi kosmik seqmentin və bu cür kosmik seqmentlə əlaqəsi olan yerüstü stansiyaların əmələ gətirdiyi sistem deməkdir;

j) "rabitə" termini naqilli, radio, optik sistemlər və ya digər elektromaqnit sistemləri vasitəsi ilə işarələrin, siqnalların, mətnin, təsvirlərin və səsin yaxud istənilən xarakterli məlumatların hər hansı ötürülməsi, şüalandırılması yaxud qəbul edilməsi deməkdir;

k) "Başlıca prinsiplər" ifadəsi bu Konvensiyanın III (a) Maddəsində göstərilən prinsiplər deməkdir;

1) "Razılaşma" termini EUTELSAT təşkilatı ilə Eutelsat SC arasında razılaşma deməkdir; bu razılaşmanın predmeti EUTELSAT təşkilatı ilə Eutelsat SC arasında qarşılıqlı münasibətləri, eləcə də onların qarşılıqlı öhdəliklərini müəyyənləşdirmək və xüsusən də EUTELSAT təşkilatına Eutelsat SC-nin Başlıca prinsiplərə riayət etməsinə nəzarəti təmin etməyə imkan verən hüquqi çərçivələri müəyyənləşdirməkdir.

Maddə II

(EUTELSAT-ın və Eutelsat SC-nin təsis edilməsi)

a) Bu Konvensiya ilə Tərəflər bundan sonra EUTELSAT adlandırılan Avropa Peyk Rabitəsi Təşkilatını təsis edirlər.

b) i) Eutelsat SC peyk sisteminin istismarı və peyk xidmətlərinin göstərilməsi üçün təsis edilmişdir və bu məqsədlə EUTELSAT təşkilatının aktivləri və operativ fəaliyyəti Eutelsat SC-yə keçirilir.

ii) Eutelsat SC təsis aktlarını və təsis edildiyi ölkənin qanunlarını əsas götürür.

iii) Tərəflə Eutelsat SC arasında bağlanmalı razılaşmalara uyğun olaraq, ərazisində Eutelsat SC-nin mənzil-qərargahı yerləşən yaxud aktivləri olan və/və ya istismar edilən hər hansı Tərəf Eutelsat SC-nin yaradılması və fəaliyyətinə yardım üçün bütün zəruri tədbirləri görür.

c) EUTELSAT təşkilatı ilə Eutelsat SC arasındakı qarşılıqlı münasibətlər Razılaşmada müəyyənləşdirilmişdir.

d) Konvensiyanın A Əlavəsinin müvafiq müddəaları EUTELSAT təşkilatının fəaliyyəti ilə Eutelsat SOnin fəaliyyəti arasında varisliyi təmin etməlidir.

Maddə III



(EUTELSAT təşkilatının vəzifəsi)

a) EUTELSAT özünün əsas vəzifəsi olaraq diqqət yetirir ki, Eutelsat SC bu maddədə göstərilən Başlıca prinsiplərə, yəni aşağıdakılara riayət etsin:

i) ümumi istifadə xidmətinin/universal xidmətin vəzifələri: bu vəzifələr kosmik seqmentə və ümumi istifadədə olan telefon kommutasiya şəbəkəsinə qoşulmuş xidmətlərin təmin olunması üçün ondan istifadəyə tətbiq olunur; audiovizual xidmətlər və gələcək xidmətlər milli qaydalara və lazımi beynəlxalq sazişlərə, xüsusən Transsərhəd televiziya haqqında Avropa Konvensiyasının müddəalarına müvafiq olaraq və həmin müddəaların, universal xidmət anlayışına və cəmiyyətin informasiya təminatına tətbiq edilə bilənlərini nəzərə almaqla göstəriləcəkdir;

ii) Peyk sisteminin ümumavropa əhatəsi. Eutelsat SC özünün peyk sisteminin bütün Avropanı əhatə edə bilməsi sayəsində Üzv dövlətlərdə rabitə xidmətlərinə tələbatın mövcud olduğu bütün zonalara iqtisadi əsaslarla xidmət göstərməyə çalışır;

iii) ayrı-seçkiliyin olmaması: kommersiya çevikliyi və qüvvədə olan qanunvericiliyə uyğunluq istisna olmaqla, istifadəçilərə ədalətli zəmində xidmət göstərilir;

iv) loyal rəqabət: Eutelsat SC rəqabət məsələlərində qüvvədə olan bütün qanunlara və qaydalara riayət edir.

b) EUTELSAT təşkilatı həmçinin EUTELSAT-ın kosmik seqmentinin istismarından irəli gələn və Eutelsat SC-yə keçən beynəlxalq hüquq və vəzifələr sahəsində, xüsusən tezliklərdən istifadə ilə bağlı radiorabitə Reqlamenti baxımından varisliyi təmin etməyi öz qarşısına vəzifə qoyur.

Maddə IV


(Hüquq subyektliyi)

a) EUTELSAT hüquq subyektidir.

b) EUTELSAT öz funksiya və vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan tam hüquq qabiliyyətinə malikdir və konkret olaraq onun:

i) kontraktlar bağlamaq;

ii) daşınar və daşınmaz əmlak əldə etmək, icarəyə götürmək, saxlamaq və ləğv etmək;

iii) məhkəmə icraatının iştirakçısı olmaq;

iv) dövlətlərlə və ya beynəlxalq təşkilatlarla sazişlər bağlamaq hüququ vardır.

Maddə V


(Xərclər)

a) EUTELSAT-ın xərc və məsrəflərinin ödənilməsi üçün Razılaşmaya uyğun olaraq, EUTELSAT-la Eutelsat SC arasında hər cür razılaşmalar bağlana bilər.

b) Katibliyin təsis edilməsi və fəaliyyət göstərməsi ilə bağlı məsrəflər, onun yerləşdiyi binaların icarəyə götürülməsi və saxlanılması xərcləri, işçi heyətinin əmək haqları və mükafatlandırılması, Tərəflər Assambleyasının sessiyalarının təşkili və keçirilməsi xərcləri, EUTELSAT-la Tərəflər, eləcə də digər təşkilatlar arasında məsləhətləşmələr üçün xərclər və EUTELSAT-ın III maddəyə müvafiq olaraq, Eutelsat SC-nin Başlıca prinsiplərə riayət etməsini izləmək üçün gördüyü tədbirlərlə bağlı xərclər məhdudlaşdırılmadan Razılaşmada müəyyən edilən son hədd çərçivəsində V maddənin (a) bəndinin müddəalarına uyğun olaraq Eutelsat SC-nin üzərinə qoyulur.

Maddə VI


(EUTELSAT-ın strukturu)

a) EUTELSAT təşkilatına aşağıdakı orqanlar daxildir:

i) Tərəflərin Assambleyası;

ii) İcraçı katibin başçılıq etdiyi Katiblik.

b) Hər bir orqan Konvensiyanın ona verdiyi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.

Maddə VII



(Tərəflərin Assambleyası - tərkibi və sessiyaları)

a) Tərəflərin Assambleyası bütün Tərəflərdən ibarətdir.

b) Tərəflərin Assambleyasında hər bir Tərəfi istənilən digər Tərəf təmsil edə bilər, lakin heç bir Tərəf ikidən artıq digər Tərəfi təmsil edə bilməz.

c) Tərəflərin Assambleyasının ilk növbəti sessiyasını Konvensiyanın qüvvəyə mindiyi tarixdən sonrakı bir il ərzində Baş direktor çağırmalıdır. Bundan sonra növbəti sessiyalar, əgər növbəti sessiyada Tərəflərin Assambleyası sonrakı növbəti sessiyanın başqa müddətdə çağırılacağını qərara almazsa, hər iki ildən bir çağırılmalıdır.

d) Tərəflərin Assambleyası həmçinin Tərəflərdən birinin və ya bir neçəsinin sorğusu ilə (əgər Tərəflərdən ən azı üçdə biri dəstəkləyərsə) yaxud Eutelsat SC-nin sorğusu ilə növbədənkənar sessiyalar da keçirə bilər. Belə sorğuda növbədənkənar sessiyanın keçirilməsi səbəbləri açıqlanmalıdır.

e) Hər bir Tərəf Tərəflərin Assambleyasının sessiyalarında öz təmsilçilik xərclərini ödəyir.

Maddə VIII

(Tərəflərin Assambleyası - Prosedur)

a) Tərəflərin Assambleyasında hər bir Tərəf bir səsə malikdir. Səsvermədə bitərəf qalmış Tərəflər səs verməmiş sayılır.

b) Başlıca məsələlər üzrə qərarlar iştirak edən yaxud təmsil olunan və səs verən Tərəflərin səslərinin ən azı üçdə ikisi ilə qəbul edilir. Konvensiyanın VII Maddəsinin b) bəndinə uyğun olaraq bir və ya iki Tərəfi təmsil edən Tərəf təmsil etdiyi hər bir Tərəf üçün ayrıca səs verə bilər.

c) Prosedur məsələləri üzrə qərarlar iştirak edən və səs verən Tərəflərin sadə səs çoxluğu ilə qəbul edilir, özü də onlardan hər biri bir səsə malikdir.

d) Tərəflərin Assambleyasının istənilən iclası üçün yetərsayı bütün Tərəflərin təmsilçilərinin sadə səs çoxluğu təşkil edir, bir şərtlə ki, bütün Tərəflərin ən azı üçdə biri iştirak etsin.

e) Tərəflərin Assambleyası öz prosedur qaydalarını qəbul edir, həmin qaydalar Konvensiyanın müddəalarına uyğun olmalıdır və xüsusən aşağıdakı müddəalardan ibarətdir:

i) Sədrin və Rəyasət Heyəti üzvlərinin seçilməsi;

ii) iclasların çağırılması; .

iii) təmsilçilik və akkreditə; .

iv) səsvermə prosedurları.

Maddə IX

(Tərəflərin Assambleyası - Funksiyaları)

Tərəflərin Assambleyası aşağıdakı funksiyaları yerinə yetirir:

a) Eutelsat SC-nin Başlıca prinsiplərlə bağlı fəaliyyətini nəzərdən keçirir. Bu baxımdan Eutelsat SC Tərəflərin Assambleyasında nəzərə alınacaq tövsiyələr verə bilər;

b) Razılaşmaya uyğun olaraq Eutelsat SC-nin Başlıca prinsiplərə riayət etməsini izləyir;

c) bu Razılaşmaya daxil edilməsi təklif olunan dəyişikliklər barədə qərarlar qəbul edir, özü də həmin dəyişikliklər Razılaşmanın tərəfləri arasında razılıqla şərtləndirilir;

d) EUTELSAT-ın kosmik seqmentinin istismarından irəli gələn və Eutelsat SC-yə keçən beynəlxalq hüquq və vəzifələrinin, xüsusən tezlikdən istifadə ilə bağlı radiorabitə Reqlamenti baxımından varisliyin təmin edilməsi üçün zəruri olan bütün qərarları qəbul edir;

e) Tərəf olan və ya olmayan dövlətlərlə yaxud beynəlxalq təşkilatlarla rәsmi qarşılıqlı münasibətlər barədə qərarlar qəbul edir və xüsusən də Konvensiyanın XII maddəsinin c) bəndində göstərilən mənzil-qərargah haqqında Saziş üzrə danışıqlar aparır;

f) XIV maddənin c) bəndinin müddəalarına uyğun olaraq Konvensiyanın qüvvəsinə xitam verilməsinə yönəldilmiş bütün təkliflər üzrə qərarlar qəbul edir;

g) Tərəflərin təqdim etdiyi etirazları nəzərdən keçirir;

h) Konvensiyanın XIII maddəsinə uyğun olaraq, Tərəfin EUTELSAT təşkilatından çıxması barədə qərarlar qəbul edir;

i) Konvensiyanın XIV maddəsinə uyğun olaraq, Konvensiyaya düzəliş edilməsinə dair istənilən təklif üzrə qərar qəbul edir və onun fəaliyyətinin həyata keçirilməsinə təsir göstərə bilən düzəlişə dair hər hansı bir təklifi Eutelsat SC-yə təqdim edir;

j) Konvensiyanın XVIII maddəsinin e) bəndinə uyğun olaraq, qoşulma haqqında hər hansı ərizəyə dair qərarlar qəbul edir;

k) Konvensiyanın X maddəsinə uyğun olaraq, İcraçı katibi təyin edir və onu geri çağıra bilər, həmçinin İcraçı katibin tövsiyəsi ilə Katibliyin bütün heyətinin kadr tərkibini, statusunu və işə götürülmə şərtlərini Razılaşmanı lazımi qaydada nəzərə almaqla müəyyən edir;

l) İcraçı katib olmadıqda və ya onun öz vəzifələrini yerinə yetirməsi qeyri-mümkün olduqda yaxud İcraçı katib vəzifəsi vakant elan edildikdə onun vəzifələrini icra edən şəxs kimi fəaliyyət göstərən Katibliyin ali funksionerini təyin edir;

m) illik və ya ikiillik büdcəni qəbul edir:

n) Razılaşmanın müddəalarına uyğun olaraq Eutelsat SC-nin yerdəyişmələrini təsdiq edir.

Maddə X

(Katiblik)

a) Katibliyə Tərəflərin Assambleyasının təyin etdiyi İcraçı katib rəhbərlik edir.

b) İcraçı katibin mandatının müddəti, əgər Tərəflərin Assambleyası başqa qərar qəbul etməzsə, dörd ildir.

c) Əsaslandırılmış qərarla Tərəflərin Assambleyası İcraçı katibin mandatının müddəti bitmədən onu geri çağıra bilər.

d) İcraçı katib EUTELSAT təşkilatının qanuni təmsilçisidir. O, Tərəflərin Assambleyasının rəhbərliyi altında fəaliyyət göstərir və Katibliyə həvalə edilmiş bütün funksiyaların həyata keçirilməsinə görə Assambleya qarşısında bilavasitə məsuliyyət daşıyır.

e) XI maddənin k) bəndinin müddəalarına uyğun olaraq, Assambleyanın təsdiq etməsi şərti ilə İcraçı katib Katibliyin bütün heyətini təyin etmək səlahiyyətinə malikdir.

f) İcraçı katib vəzifəsi vakant olduqda yaxud İcraçı katib olmadıqda və ya o öz vəzifələrini yerinə yetirmək iqtidarında deyilsə, Tərəflərin Assambleyasının lazımi qaydada təyin etdiyi İcraçı katib vəzifəsini icra edən şəxs Konvensiyanın İcraçı katibə həvalə etdiyi səlahiyyətlərə malik olur.

g) İcraçı katib və Katibliyin heyəti onların EUTELSAT təşkilatındakı məsuliyyəti ilə bir araya sığmayan hər hansı hərəkətdən çəkinməlidirlər.

Maddə XI

(Hüquq və vəzifələr)

a) Konvensiyanın prinsip və müddəalarına riayət etmək və onları inkişaf etdirmək məqsədi ilə Tərəflər Konvensiyanın onlar üçün təsbit etdiyi hüquq və vəzifələri öz üzərlərinə götürürlər.

b) Bütün Tərəflər Konvensiyanın müddəalarına uyğun olaraq təmsil olunmaq hüququna malik olduqları istənilən konfrans və müşavirələrdə, həmçinin EUTELSAT-ın çağırdığı yaxud belə iclaslar üçün EUTELSAT-ın qəbul etdiyi müddəalara uyğun olaraq onun himayəsi altında keçirilən hər hansı digər müşavirələrdə, keçirilmə yerindən asılı olmayaraq, iştirak edə bilərlər.

c) EUTELSAT təşkilatının mənzil-qərargahının yerləşdiyi ölkədən kənarda çağırılan hər hansı konfrans və ya müşavirədən öncə İcraçı katib diqqət yetirir ki, qəbul edən Tərəflə sazişlərdə belə konfransın və ya müşavirənin davam etdiyi müddət ərzində onun keçirildiyi Dövlətə iştirak etmək hüququna malik olan bütün Tərəflərin təmsilçilərinin gəlməsi və orada olması ilə bağlı müddəa nəzərdə tutulsun.

Maddə XII

(EUTELSAT-ın mənzil-qərargahı, imtiyazları, güzəştləri və immunitetləri)

a) EUTELSAT-ın mənzil-qərargahı Fransada yerləşir.

b) Konvensiyanın müəyyən etdiyi fəaliyyəti çərçivəsində EUTELSAT və onun əmlakı bütün Tərəflərin ərazilərində gəlir vergisindən və birbaşa əmlak vergisindən, bütün gömrük rüsumlarından azad edilir.

c) Bu bənddə adı çəkilən Protokola uyğun olaraq, hər bir Tərəf EUTELSAT-a, onun funksionerlərinə və heyətin göstərilən Protokolda müəyyən edilmiş digər kateqoriyalarına, Tərəflərə və Tərəflərin təmsilçilərinə, eləcə də arbitraj prosedurlarında iştirak edən şəxslərə zəruri olan müvafiq imtiyazları, güzəştləri və immunitetləri verir. Konkret olaraq hər bir Tərəf yuxarıda sadalanan şəxslərə öz funksiyalarını yerinə yetirdikləri zaman və bu bənddə göstərilən Protokolda nəzərdə tutulmuş hədlərdə və hallarda onların öz vəzifələri çərçivəsində etdikləri hərəkətə, yazılı və ya şifahi işlətdikləri ifadələrə görə yurisdiksiya immuniteti verir. Ərazisində EUTELSAT-ın mənzil-qərargahı yerləşən Tərəf mümkün qədər tez bir zamanda EUTELSAT-la danışıqlar aparır yaxud zərurət olduqda mənzil-qərargah haqqında sazişin imtiyaz, güzəşt və immunitetləri əhatə edən şərtlərinə yenidən baxır. Digər Tərəflər də imtiyazlara, güzəştlərə və immunitetlərə dair Protokolu mümkün qədər tez bağlamalıdırlar. Həm mənzil-qərargah haqqında sazişdə, həm də Protokolda onların qüvvədə olma müddətinin bitməsi şərtləri qeyd olunur; onlar Konvensiyadan asılı deyildir.

Maddə XIII

(Təşkilatdan çıxma)

a) Hər bir Tərəf və ya iştirakçı XXI maddədəki qaydaya uyğun olaraq Depozitariyə yazılı bildiriş göndərməklə istənilən vaxt könüllü olaraq EUTELSAT təşkilatından çıxa bilər. Təşkilatdan çıxma Depozitarinin belə bildirişi aldığı tarixdən üç ay sonra qüvvəyə minir.

b) Əgər hərhansı bir Tərəf özünün Konvensiya üzrə öhdəliklərindən hər hansı birini yerinə yetirmək iqtidarında deyilsə, Tərəflərin Assambleyası bu barədə bildiriş aldıqda və ya öz təşəbbüsü ilə hərəkət edərək və göstərilən Tərəfin bildirdiyi istənilən mülahizələri nəzərdən keçirərək, öhdəliklərin yerinə yetirilməməsini təsdiq edərkən qərara ala bilər ki, həmin Tərəf EUTELSAT təşkilatından çıxmış hesab olunur. Belə bir qərarın qəbul edildiyi tarixdən etibarən Konvensiya maraqlı Tərəf üçün öz qüvvəsini itirir. Bu məqsədlə Tərəflərin Assambleyasının növbədənkənar sessiyası çağırıla bilər.

c) EUTELSAT-dan çıxan yaxud çıxmış hesab edilən Tərəfin Assambleyada təmsil olunmaqla bağlı hüquqlarına xitam verilir və həmin Tərəf faktiki çıxma tarixindən sonra, bu tarixədək mövcud olan hərəkətlərdən və ya hərəkətsizlikdən yaranmış vəzifələr istisna olmaqla, hər hansı öhdəlik və ya məsuliyyət daşımır.

d) Təşkilatdan çıxma barədə hər hansı bildirişi yaxud xaric edilmə haqqında hər hansı qərarı Depozitari təxirə salmadan bütün Tərəflərə göndərir.

Maddə XIV



(Düzəlişlər və Konvensiyanın qüvvəsinə xitam verilməsi)

a) Konvensiyaya düzəlişləri istənilən Tərəf təklif edə bilər. Düzəlişlər barədə təkliflər İcraçı katibə göndərilir, o, təxirə salmadan mətni Tərəflərin hamısına çatdırır. Tərəflərin Assambleyası düzəliş barədə təklifə onun yayıldığı andan ən azı altı ay keçdikdən sonra baxır və bu zaman Konvensiyaya düzəliş haqqında təklif Eutelsat SC-nin fəaliyyətinə toxuna bilərsə, ondan alınan məşvərət rəyində göstərilən bütün tövsiyələr lazımi qaydada nəzərə alınır. Hər bir konkret halda Tərəflərin Assambleyası başlıca məsələlər üçün nəzərdə tutulmuş prosedura müvafiq olaraq qəbul etdiyi qərarla bu müddəti qısalda bilər.

b) Tərəflərin Assambleyasının qəbul etdiyi düzəliş, bu düzəlişin Tərəflərin Assambleyasında qəbulu zamanı Tərəf olmuş dövlətlərin üçdə ikisinin qəbul etməsi barədə bildirişi Depozitarinin almasından yüz iyirmi gün keçdikdən sonra qüvvəyə minir. Düzəliş qüvvəyə mindikdən sonra bütün Tərəflər üçün məcburi sayılır.

c) Tərəflər bütün Tərəflərin üçdə iki səs çoxluğu ilə EUTELSAT təşkilatını buraxa və Konvensiyanın qüvvəsinə xitam verə bilərlər.

d) Konvensiyanın qüvvəsinə xitam verilməsi Eutelsat SC-nin mövcudluğunu sual altına almır.

c) Əgər Eutelsat SC ilə bağlı digər qərar qəbul edilməmişdirsə, EUTELSAT təşkilatının buraxılması barədə bu Maddənin c) bəndinə uyğun olan heç bir qərar III Maddənin b) bəndində göstərilən bütün beynəlxalq hüquq və vəzifələr tamamilə bitməyincə qəbul edilmir.

Maddə XV

(Mübahisələrin nizamlanması)

a) Tərəflər arasında yaxud EUTELSAT-la hər hansı bir Tərəf və ya bir neçə Tərəf arasında Konvensiyanın təfsiri yaxud tətbiqi ilə bağlı istənilən mübahisə, əgər mübahisə Tərəflərindən birinin göstərilən mübahisəni xoşluqla həll etmək niyyəti barədə digər Tərəfə bildiriş göndərdiyi tarixdən etibarən bir il ərzində həll edilməyibsə, Konvensiyanın B Əlavəsinə müvafiq olaraq arbitraja verilir.

b) Konvensiyanın təfsiri və tətbiqi ilə bağlı Tərəflə artıq Tərəf olmayan Dövlət arasında yaxud EUTELSAT-la artıq Tərəf olmayan Dövlət arasında həmin Dövlət Tərəf olmadıqdan sonra ortaya çıxan hər hansı mübahisə, əgər mübahisə tərəflərindən birinin göstərilən mübahisəni xoşluqla həll etmək niyyəti barədə digər Tərəfə bildiriş göndərdiyi tarixdən etibarən bir il ərzində həll edilməyibsə, Konvensiyanın B Əlavəsinin müddəalarına uyğun olaraq arbitraja verilir, bir şərtlə ki, artıq Tərəf olmayan Dövlət buna razı olsun. Əgər Dövlət özünün iştirak etdiyi mübahisənin bu maddənin a) bəndinə uyğun olaraq arbitraja verilməsindən sonra artıq Tərəf olmazsa, arbitraj araşdırması sona çatdırılanadək davam etdirilməlidir.

Maddə XVI



(İmzalama Qeyd-şərtlər)

a) Hər bir Dövlət, Rabitə müdiriyyəti və ya Müvəqqəti Sazişin Tərəfi olmaq hüququna malik Tanınmış özəl istismar təşkilatı:

i) ratifikasiya, qəbul etmə yaxud təsdiq etmə barədə qeyd-şərt etmədən imzalama yaxud

ii) sonradan ratifikasiya, qəbul və ya təsdiq edilməklə ratifikasiya, qəbul etmə yaxud təsdiq etmə barədə qeyd-şərt etməklə imzalama yaxud

iii) qoşulma yolu ilə Konvensiyanın Tərəfi ola bilər.

b) Konvensiya 1982-ci il iyulun 15-dən ta qüvvəyə minəcəyi tarixədək Parisdə imzalanmaq üçün açıqdır; sonradan o, qoşulmaq üçün açıq olacaq.

c) Konvensiyaya heç bir qeyd-şərt etməyə yol verilmir.

Maddə XVII



(Qüvvəyə minmə)

a) Konvensiya XVI maddənin a) bəndinin i) yarımbəndinə müvafiq olaraq imzalandığı yaxud onun imzalamaq üçün açıldığı tarixdə Müvəqqəti Sazişi imzalamış Tərəflər (bir şərtlə ki, bu cür imzalayan Tərəflər yaxud onların ECS Sazişi üzrə səlahiyyətli iştirakçıları ECS Sazişi üzrə maliyyə paylarının ən azı üçdə ikisinə malik olsunlar) üzərində yurisdiksiyaya malik olan Dövlətlərin üçdə ikisi tərəfindən ratifikasiya edildikdən, qəbul edildikdən yaxud təsdiq edildikdən altmış gün sonra qüvvəyə minir.

b) Konvensiya imzalanmaq üçün açıldığı tarixdən azı səkkiz ay keçdikdən sonra qüvvəyə minə bilər. Əgər Konvensiya bu maddənin a) bəndinin müddəalarına uyğun olaraq, zəruri imzalama, ratifikasiya, qəbul etmə və ya təsdiq etmə predmeti olmamışdırsa, imzalanmaq üçün açıldığı tarixdən otuz altı ay ərzində qüvvəyə minmir.

c) Əgər ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə yaxud qoşulma barədə aktı Dövlət Konvensiyanın qüvvəyə minmə tarixindən sonra saxlanılmağa verirsə, Konvensiya həmin Dövlət üçün onun aktının saxlanılmağa verildiyi tarixdən qüvvəyə minir.

d) Qüvvəyə mindiyi andan etibarən Konvensiya onu ratifikasiya etmək, qəbul etmək və ya təsdiq etmək barədə qeyd-şərtlə imzalamış və bu barədə imzaladığı anda yaxud Konvensiya qüvvəyə minənədək istənilən digər vaxtda sorğu vermiş istənilən Dövlətə müvəqqəti olaraq tətbiq edilir. Müvəqqəti tətbiqə:

i) ya bu Dövlətin ratifikasiya, qəbul etmə yaxud təsdiq etmə barədə sənədi saxlanılmağa verdiyi anda,

ii) ya Konvensiyanın qüvvəyə minmə tarixindən iki il keçdikdən sonra (əgər belə Dövlət Konvensiyanı ratifikasiya, qəbul və ya təsdiq etməmişdirsə),

iii) ya da belə Dövlətin Konvensiyanı ratifikasiya etməmək, qəbul etməmək yaxud təsdiq etməmək barədə öz qərarına dair bu bəndin ii) yarımbəndində göstərilən müddətin bitməsinədək bildiriş göndərdiyi andan xitam verilir.

Əgər müvəqqəti tətbiq etməyə bu bəndin ii) və ya iii) yarımbəndlərinə uyğun olaraq xitam verilirsə, Konvensiyanın XIII Maddəsinin c) bəndinin müddəaları Tərəfin hüquq və vəzifələrini müəyyənləşdirir.

e) Konvensiya qüvvəyə mindikdən sonra Müvəqqəti Sazişi əvəz edir və onun qüvvəsinə xitam verir. Lakin Konvensiyada heç bir şey hər hansı bir Tərəfin əvvəllər Müvəqqəti Sazişi imzalamış Tərəf qismində əldə etdiyi hüquq və ya öhdəliklərinə toxunmur.

Maddə XVIII

(Qoşulma)

a) Özünün Rabitə müdiriyyəti yaxud Tanınmış özəl istismar təşkilatı Konvensiyanın imzalanmaq üçün açıldığı tarixədək Müvəqqəti Sazişi imzalamış Tərəf olan yaxud belə Tərəf olmaq hüququna malik olan hər hansı Dövlət Konvensiyanın imzalanmaq üçün açıqlığına xitam verildiyi tarixdən ta Konvensiyanın qüvvəyə minməsindən sonra iki il bitənədək Konvensiyaya qoşula bilər.

b) Bu Maddənin c)-dən e)-dək bəndlərinin müddəaları aşağıdakı dövlətlərin qoşulma barədəki xahişlәrinә tətbiq edilir:

i) Özünün Rabitә müdiriyyəti yaxud Tanınmış özəl istismar təşkilatı Konvensiyanın imzalanmaq üçün açıldığı tarixədək Müvəqqəti Sazişi imzalamış Tərəf olan yaxud belə Tərəf olmaq hüququna malik olan, lakin Konvensiyanın XVI Maddəsinin a) bəndinin i) və ya ii) yarımbəndlərinə yaxud bu maddənin a) bəndinə uyğun olaraq, Konvensiyanın Tərəfi olmamış Dövlət;

ii) Beynəlxalq Elektrik Rabitəsi İttifaqının üzvü olan və Konvensiya qüvvəyə mindikdən sonra ona qoşulmağı arzu edən hər hansı bir Avropa dövləti.

c) Bu maddənin a) bəndində göstərilən şərtlərlə Konvensiyaya qoşulmağı arzu edən hər hansı Dövlət (bundan sonra "Ərizəçi dövlət" adlandırılacaq) İcraçı katibə bu barədə yazılı bildiriş və həmin ərizə ilə bağlı bütün məlumatları göndərməlidir.

d) İcraçı katib Ərizəçi dövlətin sorğusunu alır və onu Tərəflərin Assambleyasına göndərir"

e) Tərəflərin Assambleyası İcraçı katibin bu maddənin c) bəndinə uyğun olan bütün zəruri informasiyaya malik olduğunu qərarlaşdırdığı tarixdən altı ay ərzində Ərizəçi dövlәtin xahişi barədə qərar qəbul edir. İcraçı katib bu qərarı təxirə salmadan Tərəflərin Assambleyasına göndərir. Tərəflərin Assambleyasının qərarı başlıca məsələlərin həlli proseduruna uyğun olaraq gizli səsvermə

yolu ilə qəbul edilir. Bu məqsədlə Tərəflərin Assambleyasının növbədənkənar sessiyası çağırıla bilər.

f) İcraçı katib Tərəflərin Assambleyasının qoşulma üçün müəyyən etdiyi şərtlər barədə Ərizəçi dövlətə bildiriş göndərir. Bu şərtlər maraqlı Dövlətin saxlanılmaq üçün Depozitariyə təhvil verdiyi qoşulma aktına əlavə edilən Protokolun predmeti olmalıdır.

Maddə XIX

(Məsuliyyət)

Əgər məsuliyyət əvəz ödənilməsini tələb edən Tərəf və Dövlətin tərəflər olduğu müqavilədən irəli gəlmirsə, Tərəflərdən heç biri EUTELSAT-ın hərəkətlərinə və öhdəliklərinə görə fərdi məsuliyyət daşımır. Bu halda, əgər Tərəf belə bir öhdəliyi yalnız öz üzərinə götürdüyünü konkret təsdiq etməmişsə, EUTELSAT istənilən borcu müvafiq Tərəfə ödəməlidir.

Maddə XX

(Digər müddəalar)

a) EUTELSAT təşkilatının rəsmi və işgüzar dilləri ingilis və fransız dilləridir.

b) Tərəflərin Assambleyasının ümumi direktivlərini nəzərə almaqla EUTELSAT qarşılıqlı maraq doğuran məsələlər üzrə Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşdırılmış idarələri ilə, xüsusən Beynəlxalq Elektrik Rabitəsi İttifaqı ilə və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

c) Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1721 (XVI) saylı Qətnaməsinə uyğun olaraq EUTELSAT BMT Baş katibinə və maraqlı ixtisaslaşdırılmış idarələrə öz fəaliyyəti barədə məlumat üçün illik hesabat göndərir. İllik hesabat həmçinin Eutelsat SC-yə də göndərilir.

Maddə XXI

(Depozitari)

a) Konvensiyanın Depozitarisi Fransa Respublikasının Hökumətidir; o, ratifikasiya, qəbul etmə, təsdiq etmə yaxud qoşulma barədə bütün aktları, müvəqqəti tətbiq üçün müraciətləri və düzəlişlərin ratifikasiya edilməsi, qəbul edilməsi və ya təsdiq edilməsi barədə bildirişləri, EUTELSAT-dan çıxmaq yaxud Konvensiyanın müvəqqəti tətbiqinə xitam verilməsi barədə qərarı özündə saxlayır.

b) Konvensiya Depozitarinin arxivində saxlanılır. Depozitari Konvensiyanın mətninin təsdiq edilmiş nüsxələrini, onu imzalamış yaxud Konvensiyaya qoşulmaq barədə sənədlərini saxlanılmağa vermiş bütün dövlətlərə, eləcə də Beynəlxalq Elektrik Rabitəsi İttifaqına göndərir.

c) Depozitari Konvensiyanı imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə və zərurət olduqda, Beynəlxalq Elektrik Rabitəsi İttifaqına təxirə salmadan aşağıdakılar barədə məlumat verir:

i) Konvensiyanın bütün imzalanma aktları;

ii) ratifikasiya, qəbul etmə, təsdiq etmə və ya qoşulma barədə bütün aktların saxlanılmağa verilməsi;

iii) Konvensiyanın XVII maddəsinin a) bəndində göstərilən altmış günlük müddətin başlanması;

iv) Konvensiyanın qüvvəyə minməsi;

v) Konvensiyanın XVII maddəsinin d) bəndinə uyğun olaraq müvəqqəti tətbiq haqqında bütün xahişlər;

vi) Konvensiyanın X maddəsinin a) bəndinə uyğun olaraq İcraçı katibin

təyin edilməsi;

vii) Konvensiyaya hər hansı düzəlişin qəbul edilməsi və qüvvəyə minməsi;

viii) Konvensiyadan çıxma barədə bütün bildirişlər;

ix) əgər Tərəf EUTELSAT-dan çıxmış hesab edilirsə, Konvensiyanın XIII maddəsinin b) bəndinə uyğun olaraq Tərəflərin Assambleyasının bütün qərarları;

x) Konvensiyaya aid olan bütün digər bildirişlər və məlumatlar.

d) Konvensiyanın qüvvəyə mindiyi anda Depozitari Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq Konvensiyanın qeydə alınması və dərc edilməsi üçün onun təsdiq edilmiş surətini BMT Katibliyinə göndərir.

Bunu təsdiq edərək, özlərinin müvafiq hökumətləri tərəfindən lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər bu Konvensiyanı imzaladılar.*

Min doqquz yüz səksən ikinci il iyulun on beşindən Parisdə ingilis və fransız dillərində imzalanmaq üçün açıqdır, hər iki mətn eyni qüvvəyə malikdir.


Əlavə A

(Müvəqqəti müddəalar)

1. Fəaliyyətin varisliyi

a) EUTELSAT təşkilatı ilə bağlanmış və Eutelsat SC-nin yaradılma tarixinə qüvvədə qalan hər hansı bir saziş yuxarıda göstərilən sazişin müddəalarına uyğun olaraq onun dəyişdirilməsi yaxud ona xitam verilməsi halı istisna olmaqla və ta həmin anadək qüvvəsini saxlayır. EUTELSAT təşkilatının qəbul etdiyi və Eutelsat SC-nin yaradılma tarixinədək qüvvədə qalan hər hansı qərar bu qərarın dəyişdirilməsi yaxud ona xitam verilməsi halı istisna olmaqla və ta həmin anadək qüvvədə qalır.

b) Əgər Eutelsat SC yaradıldığı anadək EUTELSAT-ın hər hansı bir orqanı icrası tələb olunan yaxud həll predmeti olan bir hərəkəti başlamış, lakin sona çatdırmamışsa, Eutelsat SC-nin İcraçı katibi və ya İdarə Heyətinin birinci Prezidenti öz vəzifələri çərçivəsində və EUTELSAT-la Eutelsat SC arasında müəyyən edilmiş qaydalara uyğun olaraq həmin hərəkəti başa çatdırmaq məqsədi ilə belə bir orqanın əvəzinə fəaliyyət göstərməlidir.

2. Keçirilmənin metodikası

a) EUTELSAT özünün fəaliyyəti (Əmanət müqaviləsində bu, ətraflı dəqiqləşdirilmişdir) ilə bağlı öz aktiv və passivinin tam və ya qismən Eutelsat SC-yə keçirilməsi ("Keçirilmə") məqsədi ilə Eutelsat SC ilə saziş ("Əmanət müqaviləsi") bağlayır.

b) Keçirilmə keçirilən fəaliyyətin tərkib hissəsi, tam və muxtar bir sahəsi sayılan fəaliyyətlə bağlı əmlakın tərkibinə daxil olan bütün hüquqların, əmlakın və öhdəliklərin universal ötürülməsi ilə nəticələnir. Bu Keçirilmə kommersiya səhmdar cəmiyyətləri ilə bağlı Fransanın 1966-cı il 24 iyul tarixli 66-537 nömrəli qanununun 382-ci və sonrakı maddələrinin tətbiqi yolu ilə bölüşdürmə rejimindən irəli gələn nəticələrə gətirib çıxarır, lakin bu zaman yuxarıda göstərilən qanunun müddəalarına uyğun olaraq, vəsait keçirən səhmdar cəmiyyəti üzərinə qoyulan öhdəlik və formallıqların heç biri EUTELSAT-a tətbiq edilməməlidir.

c) Bundan əvvəlkindən asılı olmayaraq, Keçirilmə Əmanət müqaviləsində nəzərdə tutulmuş tarixdən etibarən hər hansı bir şəxsə, o cümlədən kreditorlara bildiriş göndərmək zərurəti olmadan etibarlı erga omnes-dir. Eynən bu qayda ilə Keçirilmə intuitu personae kontraktı üzrə EUTELSAT təşkilatı ilə bağlı olan istənilən şəxsə münasibətdə etibarlıdır.

3. İdarəetmə

a) Yuxarıdakı 2 (c) yarımbəndinə münasibətdə EUTELSAT təşkilatının icra orqanının bütün heyəti Eutelsat SC-yə keçirilmək hüququna malikdir, bu hüquqları həyata keçirən şəxslər isə özlərinin keçiriləcəkləri tarixdən elə əmək şərtlərindən istifadə edirlər ki, bunlar Fransa hüququna müvafiq olduqlarına görə ən azı həmin şəxslərin bilavasitə bu tarixədək istifadə etdikləri şərtlərə ekvivalent olsun.

b) Keçirilmə tarixində EUTELSAT-ın pensiyalar haqqında Əsasnaməsinə uyğun olaraq vəsaitlər alan şəxslər köçürülmə tarixində qüvvədə olan yuxarıdakı Əsasnamənin bütün zəruri müddəalarına müvafiq qaydada onu almaqda davam edirlər.

c) Keçirilmə tarixində EUTELSAT-ın pensiyalar haqqında Əsasnaməsinə uyğun olaraq vəsait almaq hüququ qazanmış şəxslərin bu hüquqları saxlaması üçün müvafiq tədbirlər görülür.


d) nin yeni şərtlər müəyyən etməsinədək tətbiq olunacaqdır.

e) Eutelsat SC-nin İdarә Heyətinin birinci Prezidentinin və birinci İcraçı katibin öz vəzifələrinə başlamasınadək EUTELSAT təşkilatının Baş direktoru onların müvafiq funksiyalarını yerinə yetirir.

4. EUTELSAT təşkilatının funksiyalarının Eutelsat SC-yə və İcraçı katibə keçməsi

a) Eutelsat SC və Katiblik yaradılan tarixdə EUTELSAT təşkilatının Baş direktoru bu barədə bütün maraqlı şəxslərə məlumat verir.

b) EUTELSAT-ın Baş direktoru EUTELSAT təşkilatının qanuni nümayəndəsi kimi EUTELSAT təşkilatının əldə etdiyi bütün hüquq və vəzifələrin Eutelsat SC-yə və İcraçı katibə keçməsini vaxtında təmin etmək üçün bütün zəruri tədbirləri görür.
Əlavə B

(Arbitraj proseduru)
1. Konvensiyanın XV maddəsində göstərilən hər hansı mübahisəyə dair arbitraj qərarının çıxarılması məqsədi ilə aşağıdakı bəndlərə uyğun olaraq Arbitraj Tribunalı yaradılır.

2. Arbitraj çərçivəsində Konvensiyanın istənilən Tərəfi mübahisə tərəflərindən hər hansı birinə qoşula bilər.

3. Arbitraj Tribunalı üç üzvdən ibarətdir. Mübahisənin arbitraja verilməsi barədə digər tərəfin xahişinin alındığı tarixdən iki ay ərzində mübahisənin hər bir tərəfi bir arbitr təyin edir. Əgər Konvensiyanın XV maddəsi mübahisənin arbitraja verilməsi barədə mübahisə tərəflərinin razılığını tələb edirsə, iki aylıq müddət belə razılığın verildiyi tarixdən hesablanır. İkinci arbitrin təyin edildiyi tarixdən hesablanan iki aylıq müddət ərzində ilk iki arbitr üçüncü arbitri Arbitraj Tribunalının sədrini təyin edirlər. Əgər arbitrlərdən biri tələb olunan müddətdə təyin edilməmişdirsə, onu istənilən tərəfin tələbi ilə Beynəlxalq Məhkəmənin Sədri, tərəflər arasında razılıq olmadıqda isə Münsiflər Məhkəməsi Daimi Palatasının Baş katibi təyin edir. Arbitraj Tribunalının Sədri tələb olunan müddət ərzində təyin edilmədikdə də eyni prosedur tətbiq olunur.

4. Arbitraj Tribunalı özünün yerləşmə yerini təyin edir və öz prosedur qaydalarını müəyyənləşdirir.

5. Hər bir tərəf özünün təyin etdiyi arbitrin xərclərini, eləcə də Tribunalda təmsilçilik xərclərini ödəyir. Arbitraj Tribunalının Sədri ilə bağlı xərclər mübahisə tərəfləri arasında bərabər bölüşdürülür.

6. Arbitraj Tribunalının qərarı səsvermədə bitərəf qala bilməyən üzvlərin çoxluğu tərəfindən qəbul edilir. Bu qərar mübahisə tərəflərinin hamısı üçün qəti və məcburidir. Ondan şikayət verilə bilməz. Tərəflər təxirə salmadan arbitraj qərarını yerinə yetirməyə borcludurlar. Bildiriş yaxud onun məğzi ilə bağlı mübahisə yarandıqda Arbitraj Tribunalı mübahisə tərəflərindən hər hansı birinin xahişi ilə onun təfsirini verir.


* EUTELSAT təşkilatının üzvü olan dövlətlər: Avstriya, Belçika, Vatikan, Almaniya (Federativ Respublika), Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kipr, Lixtenşteyn Lüksemburq, Malta, Monako, Niderland, Norveç, Portuqaliya, San-Marino, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə, Finlandiya, Fransa, İsveç, İsveçrə, Yuqoslaviya.
Yüklə 85,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin