Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 8,77 Mb.
səhifə1/35
tarix30.07.2020
ölçüsü8,77 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   35

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________






QARABAĞ:
FOLKLOR DA BİR TARİXDİR

IV KİTAB
(Laçın, Qubadlı və Zəngilan rayonlarından

toplanmış folklor örnəkləri)

BAKI – 2013
Qarabağ folklorunun toplanması,

sistem­ləşdirilməsi və araşdırılması” adlı layihə

əsasında çap olunur.

LAYİHƏNİN RƏHBƏRİ: fil.ü.e.d. Muxtar KAZIMOĞLU

(İMANOV)

TOPLAYANLAR: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ

Sevinc BAĞDADOVA

TƏRTİB EDƏN: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ

REDAKTOR: fil.ü.f.d. Oruc ƏLİYEV

NƏŞRİNƏ MƏSUL: fil.ü.f.d. Əziz ƏLƏKBƏRLİ

Qarabağ: folklor da bir tarixdir, IV kitab (Laçın, Qubad­lı və Zəngilan rayonlarından toplanmış folklor örnəkləri). Bakı, “Elm və təhsil”, 2013.
folklorinstitutu.com
İSBN – 9-789952-810851
Q 4603000000 Qrifli nəşr

N-098-2013

© Folklor İnstitutu, 2013

TƏRTİBÇİDƏN
“Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araş­dı­rılması” layihəsi çərçivəsində təqdim olunan bu kitaba Laçın, Qubadlı və Zəngilan rayonlarından toplanmış folklor örnəkləri daxil edil­mişdir. Həmin rayonlara müxtəlif vaxtlarda folklor səfərləri təş­kil edilsə də, bölgə indiyə qədər sistemli toplamaya cəlb olun­ma­mış­dır. Bölgə folklorunun əsas toplayıcılarından biri Əhliman Axun­dov ol­muş və onun, eləcə də digər toplayıcıların bu rayon­lar­dan topladığı folklor nümunələri, əsasən, nağılları, Qaçaq Nəbi haqqında rəva­yətləri əhatə etmişdir. Bölgəyə növbəti folklor səfərləri 1988-1990-cı illərə təsa­düf edir. Vəli Nəbioğlu, Muxtar Kazımoğlu və Əfzə­ləd­din Əsgər tərəfindən təşkil olunmuş həmin səfərlər zamanı top­la­yıcılar Qu­bad­lı, Zəngilan, Cəbrayıl və Laçın rayonlarında olsalar da, bu sə­fər­lər də bölgəni tam əhatə etməmiş, Qubadlının 10, Laçı­nın 3, Cəb­ra­yılın 12, Zəngilanın isə 6 kəndi əhatə olunmuşdur. Bölgə folk­lo­runun tam toplanılmaması həmin rayonların əhalisi arasında toplama işi aparmağın vacibliyini göstərən amillərdəndir.

Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Əra­zisi 1835 km2, əhalisi 2013-cü ilin məlumatına görə 72298 nəfər­dir. Rayon bir şəhər, bir qəsəbə və 127 kənddən ibarətdir.



La­çın rayonunun mərkəzi şəhər üçün o qədər də əlverişli ol­ma­yan bir yerdə – Laçın dağının döşündə yerləşir. Çar Rusiyası dövrün­də Gorus-Şuşa fayton yolu buradan keçirdi və Gorusla Şuşa arasında poçt əlaqəsi bu yol vasitəsilə gerçəkləşirdi. Vaxtilə Abdal­lar kən­di­nin kə­narında poçt məntəqəsi tikilmiş və hər iki istiqamət­dən gələn ça­par­­lar həmin poçt məntəqəsində gecələyib səhər yolla­rına davam et­miş­lər. Rayon mərkəzi üçün belə bir yerin seçilmə­sində də həmin poçt məntəqəsinin böyük rolu olmuş­dur. Laçın rayonu təşkil olunar­kən onun adı ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Bəziləri rayonu Ab­dallar kəndinin adı ilə adlandırmağı təklif edir, digərləri başqa tək­liflə çıxış edirlər. Müzakirədə iştirak edən dövlət nümayəndəsi – Hü­sü Hacıyev yaxınlıqdakı dağın adını xəbər alır. Dağın adının La­çın ol­­du­ğunu biləndə rayonu da həmin dağın adı ilə adlandırmağı təklif edir.

Qubadlı rayonu da Azərbaycan Respublikasi İcraiyyə Komi­təsi və Xalq Komissarları Sovetinin qərarı ilə 1930-cu ildə təşkil edilmişdir. Rayon 1 şəhər və 93 kənddən ibarətdir. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yay­lasının cənub-şərqində yerləşir. Sahəsi 802 km2, əhalisi 2011-ci ilin siya­hıya alınmasına görə 34252 nəfərdir. Ermənistan Respublikası ilə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonu, Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir.



Topluya daxil edilmiş folklor örnəkləri 2013-cü ilin mart-aprel aylarında toplanmışdır. Kitabın böyük hissəsini Laçın rayo­nun­dan toplanmış folklor örnəkləri təşkil edir. İki aya yaxın zaman ərzində biz Laçının 30-a yaxın kəndinin yüzdən artıq sakini ilə söh­bətlər edib, material toplamışıq. Kitabda həmçinin Qubadlı rayonu­nun 7 kəndi əhatə olunmuş, Zəngilan rayonu isə bir neçə nümunə ilə təmsil olunmuşdur.

Taxtakörpü qəsəbəsinə ilk səfərimiz artıq bizdə bu rayonda han­sı janrların daha işlək olması, insanlar arasında daha çox hansı tip­də folklor örnəklərinin danışılması haqqında aydın təsəvvür yaratdı. Bəlli oldu ki, laçınlılar arasında Paşa bəy, onun oğlanları Sultan bəy, Xosrov bəy haqqında, Paşa bəyin yanında aşıqlıq etmiş Aşıq Abbas haqqında, eləcə də sovetlərə qarşı çıxan və rejim əley­hinə mübarizə apa­ran qaçaqlar haqqında maraqlı rəvayətlər danışı­lır. Eləcə də Qu­badlı sakinləri ilə görüşlərimiz zamanı məlum oldu ki, Qaçaq Nə­bi, Əlyanlı qaçaqları ilə bağlı rəvayətlər öz təravətini qoru­yub saxlayır. Bundan əlavə, Baqi və ayrı-ayrı baməzə adamlar haq­qında lətifələr qubadlılar arasında geniş yayılıb. Bunu nəzərə alıb biz də ünsiy­yətdə olduğumuz insanları məhz bu mövzular üstündə kökləməyə çalışdıq və nəticədə iki aya yaxın bir zamanda bu kitabı tamamlaya bildik.

Bölgə folklorunun toplanmasında qarşılaşdığımız əsas çətin­lik­lərdən biri əhalinin dağınıq olması, müxtəlif rayonlarda məskun­laş­ma­­sıdır. Laçının işğalından sonra bu rayonun sakinlərinin bir qismi vax­tilə Laçın rayonunun qışlaq yeri olan Taxtakörpü qəsə­bəsində, di­gər qismi Bakı, Sumqayıt şəhərlərində, ümumilikdə isə Azərbaycanın 57 rayonunda məskunlaşmışdır. Qubadlıların isə bö­yük əksəriyyəti Sumqayıt şəhərində yerləşmişdir. Kompakt yaşa­dıqları ərazilərdə belə hərə bir kənddən gəldiyindən və insanlar bir-birini tanımadı­ğın­dan “görüşmək üçün daha kimi məsləhət görür­sünüz?” – deyə so­ruş­duqda ad verməkdə, ünvan göstərməkdə çə­tinlik çəkir­dilər. Ona görə də kənd icra nümayən­də­lərinin dəstəyi olma­dan bu insanları tapmaq, on­larla görüşmək bizim üçün həddən artıq çətin olardı. Yerli icra nü­mayəndələri ya özləri bizi kəndin məlu­matlı, yaşlı sakinləri ilə tanış edir, ya da onların ünvanını, əlaqə telefonunu bizə verir, bu yolla biz həmin şəxsləri tapıb onlar­la söhbətlər aparırdıq. Ünsiyyətdə oldu­ğu­muz şəxslər arasında həm təhsilli, həm də təhsilsiz adamlar vardı. Təhsilli insanlar daha çox kəndin keçmişi, oradakı nəsillər, ayrı-ayrı şəxslərlə bağlı maraqlı xatirələr, rəvayətlər danışır, amma nağıla gəl­dikdə məlum olur ki, ya ümumiyyətlə nağıl bilmir, ya da bildiklərini qol-qanadını qıraraq danışırlar. Bu faktın özü bir daha onu göstərir ki, bu gün klassik folklorun öləziməsinin, tədricən sıradan çıxmasının bir səbəbi də insanların savadlanması, təhsil almasıdır. Toplama zama­nı savadlı adamlar arasında nağıl­çılara təsadüf etmədik, rastlaş­dı­ğımız ən yax­şı nağılçılar məhz savad­sız adamlar arasından çıxanlar oldu. Doğ­rudur, bəzən savadlı adamlar arasında da klassik folklora maraq gös­tərən şəxslərə rast gəlirik, amma belə adamlar istənilən folklor mətninə deyil, məhz ibrətamiz məzmunlu mətnlərə daha çox maraq göstərirlər. Laçın rayonunun Ərikli kənd sakini Paşa Əvəz oğlu İs­gən­dərov belə söyləyicilərdən biridir. Biz ondan “Kor kişi­nin na­ğılı”, “Belə də qalmaz”, “Allahdan gələn bəla” nağıl nümu­nə­­lərini, eləcə də rəvayətlər qeydə aldıq. Amma qeydə alınmış parça­lara diq­qət yeti­rilərsə, görərik ki, onlar hamısı ibrətamiz məzmunlu mətn­lər­dir və söy­ləyici özü də etiraf edir ki, yeri gələndə həmin nümu­nə­lərdən öz fikrini əsaslandırmaq, nitqini daha təsirli etmək üçün istifadə edir.

Bərdə və Ağcabədi rayonlarında qarşılaşdığımız Musa kişi, Narış nənə kimi bizə altı-yeddi saatlıq material verən söyləyicilərə bu rayonlarda rast gəlmədik. Ən yaxşı halda biz bir söyləyi­cidən iki saatlıq material toplaya bildik. Bir çox söyləyicilər mətnləri uzun müddət ifa etmədiklərindən artıq onları unutmuşlar. Məsələn, Aşıq Umbay artıq uzun müd­dət­dir məclis aparmadığından bir çox das­tan­­ları, aşıq rəvayət­lərini unu­tmuşdur. Ondan qeydə aldığımız “Ni­garın İstanbula aparıl­ma­sı” dastanı və “Sulduzlu Aşıq Bəhmən” rə­vayətini ilk dəfə bizə söy­lə­dikdə nəsr hissəsini təfsilatı ilə danışdı, amma nəzmə gəldikdə şeirlərin bəzi bənd­lərini yadına sala bilmədi. Həmin bəndləri yalnız sonradan xatırladı və bu yolla biz onları bərpa edə bildik. Aşıq Um­bayın reper­tuarında bir çox dastan nümu­nləri vardır, amma həmin nümunələri kitabdan öyrəndiyi üçün biz ondan ancaq eşidib yadda saxladığı şifahi nümu­nələri qeydə aldıq. Kitaba daxil edilmiş həmin nümunələr onun Gəncəli Aşıq Mais, Aşıq Hümbət və başqalarından eşitdiyi parçalardır.



Bizim üçün maraqlı söyləyicilərdən biri də Taxtakörpü qəsə­bə­sində məskunlaşmış Piçənis kənd sakini Yurin Abbas oğlu Zey­nalov­dur. Yas məclilərini aparan Yurin kişi ilə yalnız bir dəfə görü­şə bildik və bu söhbətimiz iki saatdan artıq çəkdi. Atası Sultan bə­yin aşpazı olduğundan biz onun diqqətini bu mövzuya yönəltdik və Paşa bəy, Sultan bəy, Aşıq Abbas haqqında maraqlı xatirələr, rəva­yət­lər qeydə aldıq. Daha sonra onun nağıl bilib-bilmədiyini yoxla­maq üçün bir-iki süjeti xatırlatdıq və bizə “İmam Hüseyn aşiqi” nağılını danışdı. İna­nırıq ki, onunla yenidən görüşsək, daha çox nü­munələr toplaya bilərik.

Haqqında xüsusi danışmaq istədiyim söyləyicilərdən biri də Va­­ğazin kənd sakini Güllü Səttar qızı Abasəliyevadır. Biz onun ya­nında iki dəfə olduq və iki yüzdən artıq bayatı nümunəsi qeydə aldıq. Gül­lü nənənin kədərli bir taleyi vardır. Bir oğlunu mühari­bədə, di­gə­rini Taxtakörpü qəsəbəsində itirmişdir. Özünün də dediyi kimi, onu danışdıran həmin ağrı-acı, həmin dərddir. Yeri gəlmişkən qeyd edim ki, bayatı söyləyiciləri bəzən bir neçə bayatı dedikdən sonra təbi gəlmədiyi üçün ardını gətirə bilmir, yaxud onları qəhər boğdu­ğun­dan sözlərinə davam edə bilmirlər. Amma Güllü nənə üçün bayatı söyləmək elə bil adiləşib və əhvalında heç bir dəyişik­lik olmadan birnəfəsə onlarla bayatı söyləyə bilir. Əslində bu baca­rıq və səs ona nəsildən keçmədir. Anası əslən Ağdamın Saybalı kəndindəndir və ağı deyən olub. Güllü nənənin dediyinə görə, bir dəfə kənddə cavan bir adam dünyasını dəyişir. Anası və xalası yas­da ağı deyəndə onla­rın səsi bir ağsaqqala o qədər təsir edir ki, ca­maatı yara-yara gəlib ağı­çılara qulaq asmağa başlayır. Anasındakı o avaz, o yanqılı səs Gül­lü nənəyə keçmişdir. Bu gün də o, yas yerlə­rində ağı deyir, amma onun bizə söylədiyi bayatı ilə yas yerində oxuduğu bayatı bir-birindən fərqlənir. Güllü nənə bayatıları bizə adi tonda söy­lə­yir­sə, yas yerində onları daha yanıqlı tərzdə oxu­yur. Güllü nənə bir neçə bayatını bizə yas yerində oxuduğu tərzdə ifa etdi, qulaq asan­ların heç biri göz yaşını saxlaya bilmədi.



Taxtakörpü qəsəbəsində məskunlaşmış Dambulaq kənd sakini Seyid Balaxanım isə bildiyi bayatıları bizə söyləməkdən çəkindi. De­diyinə görə, vaxtilə bayatıya çox həvəsi olub, tez-tez bayatı çə­kər­miş. Amma sonradan cavan bir oğlu dünyasını dəyişir. Bala­xanım nə­nə be­lə hesab edir ki, Allah onun bayatıya həvəsləndiyini görüb, cavan oğ­lunu əlindən alıb. Ona görə də həmin hadisədən sonra bayatı demir.

Bölgəyə səfərlərimiz zamanı vaxtilə yazıb-yaratmış, lakin vax­­tında toplanmadığından yazdıqları itib-batmış el şairləri, aşıqlar haq­qında da məlumatlar əldə etdik. Əslən Dərələyəz maha­lın­dan olan, la­kin sonradan Laçın rayonunun Bilün­düz kəndində məskun­laşan Səy­yah Məhəmməd belə şairlərdən biridir. Səyyah Məhəm­mədlə bağlı laçınlılardan qeydə aldığımız xatirələri, şeirləri topluya daxil etmişik. Aşıq Abbas, Qara Kərim və Aşıq Möhübbət də irsi itib-batmış şairlər­dən­dir. Qara Kərim və Aşıq Möhübbətin bəzi şeirlə­rini qeydə ala bil­sək də, Aşıq Abbas haqqında bunu demək mümkün deyildir. Aşıq Ab­basın adını ilk dəfə eşit­dik­də biz onun aşıq olduğunu təsəvvür etmiş­dik, amma topla­ma­larımızı dərinləş­dirdikcə məlum oldu ki, bölgədə hər hansı musiqi alətində çalmağı bacaran istənilən şəxsə aşıq deyirlər. Aşıq Abbas da sadəcə, nağara ifaçısı olub (bu sənət ona atasından qa­lıb), bununla belə ünsiyyətdə olduğumuz şəxslər onun şeirlər yaz­dı­ğı­nı və həcv ustası olduğunu deyirlər. Biz onun şeirlərindən yalnız bir-iki bənd əldə edə bildik, ünsiyyətdə olduğumuz şəxslərdən onun şeirlərini xəbər alsaq da, təəssüf ki, məlumat verə bilən olmadı.

Söyləyicilərin verdiyi məlumata görə, keçən əsrin 80-ci illə­rinə qədər kəndlərə aşıqlar gələr və devran (dövran) keçirərdilər. Devranlar bölgədə folklorun ifa olunduğu və yaşlı nəsildən gənc nəslə ötürül­düyü əsas məclislərdən biri idi. Aşıq hər kəsin evinə deyil, kimin damı geniş idisə, ora düşərdi və kəndə xəbər yayılardı ki, axşam filankəsin evində devran keçiriləcəkdir. Camaat axşam mal-qa­ra­nı tövləyə saldıqdan və yemək yedikdən sonra ora yığışar­dı. Damı işıqlandırmaq üçün sütunlardan çıraq asardılar. Aşıq devrana başlamazdan əvvəl bildiyi dastanları sayar və camaatdan hansı dastanı istədiklərini soruşardı. Hansı dastanı desəydilər, onu danı­şardı. Belə məclislər gecəyarısınacan davam edirdi, aşıq dasta­nı tamamlaya bilmirdisə, onun davamını səhərə saxlayırdı.

Söyləyicilərin dediyinə görə, o vaxt kəndlərə iki cür aşıq gə­lirdi: balabanlı və balabansız aşıq. Balabanlı aşıq uşaqlar üçün daha maraqlı olurdu. Uşaq vaxtı belə məclislərdə iştirak etmiş Qubadlı sakini Telli nənənin dediyinə görə, aşığın sözləri uşaqları o qədər maraqlandırmırdı, amma rəqsləri onlara ləzzət verirdi.

Dastanın ortasında aşıq bəzən məclisi şənləndirmək, insan­la­rın eynini açmaq üçün kiməsə atmaca atırdı, yaxud ona bir şeir deyirdi. Telli nənənin de­diyinə görə, bir dəfə aşıq dastanı danışdığı yerdə onun kolxoz sədri olan qardaşına söz atıb deyir:

Sədri gəlir günorta,

Şalvarın darta-darta.

Sədriyə nə lazımdı?

Sarı yağnan yumurta.



Telli nənənin dediyinə görə, hamı aşığın bu sözünə əl çalmışdı.

Sonda söyləyicilərlə görüşlərin təşkilində bizə verdikləri dəs­tək və köməyə görə Laçın və Qubadlı Rayon İcra Hakimiy­yəti qu­rum­larına, Laçın Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Or­qanları ilə İş şöbəsinin müdir müavini Məhəmməd Şahbazova, Laçın Rayon İcra Hakimiyyətinin Bakıdakı Nümayəndəliyinə – Bəsti Nəcəfli və Yaqut Cabbarlıya, Qubadlı Rayon İcra Hakimiy­yətinin müavini Rasim Halıqverdiyevə, Ərazi İdarəetmə Orqanları ilə İş şöbəsinin müdiri Razim Əliyevə, böyük məsləhətçi Məhəm­məd Həsənova dərin minnət­darlığımızı bildiririk.


MİFOLOJİ MДTNLДR, ДFSANД

VД RДVAYДTLДR
1. QURD QADIN
I mətn

Bizim camahatdan kimsə gedirmiş Qarabağ tərəfə. Görür ki, arabanın üsdündə bir oxuyan gəlir. Deyir, gördüm o oxuyan yoxa çıxdı. Yaxınnaşdım dəyirmanın qabağına, gördüm həmən arabaçı taxıl boşaldır. Dedim ki, əmi, bayax oxuyan kim idi? Dedi ki, bala, mən idim. Dedim:

– Onu bir də oxuyarsan, ürəyim rahatlansın.

Deyir:


– Yox, bala, o gəldi getdi. O bir eşq idi, məhəbbət idi, gəldi də, getdi də.

O nağıl elədi ki, bir gün dəyirmana dən gətirmişdim. Dedilər ki, burda gejə biz dən üyüdə bilmirik. Dedim, niyə? Dedilər bura kimsə gəlir, unu yoğurur, bişirir, çıxır gedir. Dedim ki, icazə verin mən bu gejə gedif orda qalım. Gəldim qaldım. Qalanda qapını bir az açıq qoymuşam, özüm də gizdənmişəm bir küncdə. Gördüm qurt dərisində bir qadın gəldi. Dərini üsdünnən götürdü qoydu qırağa, başdadı xamır yoğurmağa. Mən dərhal bunu qucaxladım, partdadı. Ayağımnan itələdim, qurt dərisini atdım ojağa. Dedi ki, ay aman yandım, ay haray yandım. Dəri tamam yanana qədər mən onu sax­la­dım qucağımda. Dedi:

– Allah sənə insaf versin. Məni bihörmət eləmə, başıma gələn əhvalatı saa danışajam. Maa bir əba ver bürünüm ona.

Çuxam vardı, deyir, çıxartdım çuxanı bükdüm buna. Dedim, indi söylüyə bilərsən. Söylədi ki, mən gejə lüt çölə çıxmışdım. Çölə çı­xan­da üsdümə dəri atdılar, qoşuldum qurtdara düşdüm çöllərə. Qurt­darnan gəzdim. Onnarnan ayaqlaşa bilmirdim, ayağımın altı yara idi.

Onu apardım kəntdə əyninə paltar tikdirdim. O vaxdan bu səmtə gələndə o yadıma düşür bircə dəfə oxuyuram. Onnan sora ruhum ölür, oxuya bilmirəm.



II mətn

Mən uşağ idim, dedilər ki, Qubatdı rayonunun hansısa bir kəndində bir qadının uşağı oluf. Uşağı olannan sora zahı-zahı hansı günsə suya girif. Sudan çıxanda başına canavar dərisi atıflar, oluf canavar. Canavarlara qoşuluf çıxıf gedif. Döşdəri dolanda gözdü­yür­müş, canavarlar gedəndə dərini çıxarıf gəlif uşağını əmizdi­rir­miş. Gediflər bir qatırı paralıyıf yeyəndə belinin yara yeri düşüf buna, diksinif ayılıf. Gözdüyüf, canavarlar çıxıf gedir, dərini çıxarıf tulluyur, qayıdıf gəlir.


III mətn

Qadın xeylağı alt paltarıynan çölə-bayıra çıxanda onun boy­nuna canavar dərisi atılır. Bizdə ona xırxa deyillər. O qoşulur cana­varlara. Bir müddət gəzir-hərrənir, səhər açılan zamanı gəlir xırxanı soyunur gizdiyir, gənə həmənki adam olur. O biri gejəsi bir də həmən xırxanı geyinir, gənə qoşulur canavarlara. İndi onu bilən adamlar onun güdüyündə durullar. Müəyyən bir yerdə ojax qalı­yıl­lar. O, xırxanı əyninə geyinəndə əlinnən alıf ojağa atıf yandırıllar. Onnan da xırxa qutarır.


2. BEL AĞRISI
Musa əleyhsalam gedirdi Turi-sənaya. Bir zənan çıxdı ki, ba­şı­na dönüm, biz dokquz ay, dokquz saat, dokquz dəyqə bətni­mizdə uşax saxlıyırıx. Qıpqırmızı qanımızı düm ağ süd eliyif onu əmiz­di­ri­rik. Nolar doğuş zamanı çəkdiyimiz ağrını atasına versin Allah-taala. Peyğəmbər qalır naəlac, amma sözün deməliydi, elçidi. Getdi. Dedi:

– Musa, genə nəysə sözün var?

Dedi:

– Ya Allah, belə bir zənan çıxdı qənşərimə, maa belə buyrux verdi.



Dedi ki, get denən verdim. Bu qadın getdi kəndin mollasıynan işini qurdu, heç öz ərini ağrı tutmadı. Məqam başa gələndə mollanı ağrı tutur. Allah napəyin sözünü tez eşidir, bir də Allah-taala sirr aşmır. Arvad işi başa düşəndə üz tutur Allahın dərgahına, istixaza eliyir ki, ya Allah, o ağrını qaytar ver özümə. Helə olur o ağrını qaytarır verir qadınnara.
3. HAL HAQQINDA
I mətn

Mənim Cahangir babam ovçu oluf. Bir dəfə dağ keçisi vuruf, bunu soyurmuş. Baxır ki, bir arvad gəlir buna sarı. Baxır ki, bir arvatdı, saçı burux-burux, döşləri tökülüf buraya (qurşağını göstərir – top.). Gəlir deyir, Ovçu Cahangir, ovun qannı olsun. Deyir, sağ ol. Oturur bir az bunun yanında. Bir az oturannan sora deyir, Ovçu Cahangir, gedək o mağarada bir az söhbət eliyək. Deyir, yox, kəndə gedəjəm mən. Birin bu deyir, birin o deyir. Birdən belə eliyir (iki barmağını qabağa gətirir – top.), deyir çox sənin kimi cahangirlər hörmüşəm oraya. Deyəndə Cahangir babam gordanı burdan geydi­rir. Bu çığıra-çığıra gedir. Gedəndə də bunun gerisiynən bir güllə atır. Güllə atanda sən demə halın uşaxlarını bir canavar gəlif təpbək isdiyirmiş, güllənin səsinə çıxır gedir.

Nəysə, Ovçu Cahangir çıxır gedir kəndə. Bilmirəm çox keçir, az keçir aradan. Bu adam ev üzü görmürmüş. Düşür xəsdəliyə, ya­talax xəsdəliyinə. Yatırmış Aşağı Qaraçannıda. Ev damında da də­rəvə deyirdilər, adam onun yanıynan hərrənəndə bircə başı görü­kür­dü. Babam da yatmışmış. Baxır ki, həmən başdı gəlir. Hal deyir, Ovçu Cahangir, Ovçu Cahangir, məni tanıyırsan? Babam deyir, yox, tanımıram. Amma tanıyır. Gordası, deyir, həmişə döşəyi­nin altında olurmuş. Deyir ki, Ovçu Cahangir, qalx ayağa. Qalx deyəndə döşə­yin altından gordanı çıxardır diriyir bunun boğazına. Deyir, məni öldürmə, qoy saa bir söz deyim. Bax, bu yatalağı biz yayırıx. Sənin atdığın güllənin səsinə iki balamı canavar salıf. Yeddi arxa dönə­niz­dən tovba, mənə dəymə. O da çıxır gedir.


II mətn

Bir halı bizim ulu babamız tutub aparır Kalba Şahbaz ojağına. Halı qul kimi işdədirlər. Bir gün hal üsdündəki sancağı kiməsə aş­dırıf gedir. İşdəməhdən çox yorulmuşmuş. Evdən xeyli aralananda deyif.

Nədəndi ha nədəndi,

Köynəyi gül bədəndi.

Hər şeyi məndən soruşduz,

Birjə onu soruşmadız

Cavan ölmax nədəndi?

Hal sora üzünü Kalba Şahbazgilə tutub deyif ki, həməşə əviiz zirt-zibilli olsun.

Bala, mən həməşə deyirəm ki, halın o dediyi sözdər bizə düşüb. Evimizi nə qədər yığışdırıram heş bir yana çıxmır.
4. CİN HAQQINDA
I mətn

Camahat Çay kəndində olan vaxdı bir cin gəlir düşür evə. Kişi tez iynəni sancır onun üsdünə. İynə onun üsdündə olanda gedə bilmir. Bir neçə il qalır burda. Özü də ona ad qoymuşdular, Qızxa­nımmış. Axşamatan işdiyirmiş, bir aylə kimi bularnan yaşıyırmış. Bir gün ev yiyəsi hara isə gedir, evdə bir oğlan uşağı qalır. Arvad deyir, bala, gəl bu iynəni çək yaxamdan. Arvad onnan da qeyb olur. Gəlillər ki, yoxdu. Deyillər, ay bala, nətər oldu? Deyir hal-qəzyə belə. İynəni çəkdim, getdi.

Cin gejəyarı gəlir çıxır bəjənin üsdünə. Çağırır ki, filankəs, neçə illər mən sizə qulluğ eləmişəm, mənim haqqıma nə verəjəh­sən? Kişi isdiyir deyə ki, bir inək verəjəm, qoyun verəjəm. Arvad deyir, əşi, dayan. Deynən ki, ojağın külün, evin zibilin verirəm (çox yerdə arvatdar kişilərdən ağıllı olur). Heylə olur bu çıxır gedir. Bun­nar hər səhər dururmuş ki, ev gül kimi, ojaxda kül yox. Bir ne­çə il belə keçir. Bir səhər durullar ki, zibil də yerindədi, kül də. Deyillər ki, vallah, Qızxanım öldü.

II mətn

Haral kəndində Müsdü adında bir kişi yoxa çıxıf. Deyillər guya çörəyi kəsəndə pismillah demiyif, cinnər onu aparıf. Bir müd­dət­dən sora hay gəlif ki, Müsdü Qubatdı rayonunun Xəndək kən­dindədi. Bu belə oluf ki, Müsdü qojalıf əldən düşüf. Bunu görən cinnərin böyüyü deyir ki, bunu aparın qoyun evinə, gəlin. Müsdüyə də tapşırıf ki, cinnər sənə desələr, bura haradı, denən bilmirəm, bura haradı, denən tanı­mıram. Tanıdım deyən kimi səni ora qoyajaxlar. Ora gələndə deyif bura Xəndəkdi. Bir vaxt görüf heş kim yoxdu. Əgər deməsəydi, onu Fərəcana – öz kəntdərinə kimi gətirəjeydilər.


5. OVÇULUQLA BAĞLI XATİRƏLƏR
I mətn

Mən özüm ovçu olmuşam, özü də quşu gözünnən atan ovçu­lardan olmuşam. Turşsuyun üsdünə yaz vaxdı əliklər su işməyə gə­lillər. O suda duzlulux olduğu üçün onun üsdünə gəlillər. Getmi­şik ora. Əlik gəlif dayanıf, atmışam. Atmışam, əlik tərpənmiyif. Üç güllə atmışam, əlik tərpənmiyif. Yanımdakı yoldaşım dedi ki, bu nət­ər ola bilər, əliyin o tərəfinnən güllənin çıxdığın gördüm, amma bu heyvan yerindən tərpənmədi? Getdik ki, əlik elə ayax üsdündə keçinif. Onnan sora gəldim dayıma dedim ki, əliyə güllə atmışam qabağımnan qaşmıyıf. Dedi ki, innən belə əliyə sən güllə atma. Ov sənin qabağında dayanıf.

Mən onun sözünə qulax asmadım, sora bir dənə də əlik vur­dum. Əlik çığırdı. Mən gedənə qədər əlik çığırıf. Gedif boğazınnan tutmuşam, səsi çıxmıyıf, onnan sora başın kəsmişəm. Qayıdıf gəlmişəm evə ki, bizdən çoxlu arvad-uşax gedir. Evi də təzə tikmişik, hələ üsdün vurmamışıx. Bu uşaxlar da balaca idi. Birinə də rezin dooşan almışam. Çıxıflar evin üsdündə oynayanda uşax evin üsdünnən düşüf daş komasının içinə. Dooşan altında qalıf onu atıf daşın bu üzünə. Onnan sora ova getməyə tooba elədim.
II mətn

Əhmətdidə Kor Temir vardı. Bir gün gəlif çıxıf bizə. Gəzirdi kəntdəri. Atamnan söhbət eliyiflər gejə səhərə qədər. Mən də get­mişəm dərsə. Dərsdən gələnnən sora tüfəngi götürdüm. Dedi, hara gedirsən? Dedim, gedirəm meşəyə. Dedi, tüfəngini gətir bura. Gət­dim tüfəngi verdim buna. Dedi ki, vura bilirsən heç? Dedim ki, Temir əmi, qabaxlar vururdum, amma indi vura bilmirəm. Nə qədər yaxınnaşıram, marağ salıram, vura bilmirəm. Tüfəngə duva oxudu, sildi təmizdədi. Dedi ki, uğuru pis adam çıxıf qabağına, tüfəngin çiləyə düşüf. Dedi, itinizdən, üzdən irağ, qancıx olanı var? Dedim, var. Dedi, apar tüfəngi uzat yerə. Çörək al əlinə, qancığı çörəkliyə-çörəkliyə gətir tüfəngin üsdünnən keçirt. Getdim bunu belə elədim. Tüfəngi götürdüm getdim. Yolnan gedirəm, hələ meşəyə çatma­mışam. Yolnan getdiyim yerdə bir dənə əlik hopbana-hopbana gəl­di bulağın usdünə. Atdım, elə orda da qaldı.


Kataloq: Folklore -> 2014

Yüklə 8,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə