AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Qərar
"Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları"nın təsdiq edilməsi barədə
"Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları"nın təsdiq edilməsi barədə
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanının 1-ci bəndinin 1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmişdir
Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları
1.Ümumi müddəalar
1.1. Bu Qaydalar "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanına əsasən hazırlanmışdır və narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin şərtlərini və qaydalarını müəyyən edir.
1.2. Əvəzedici terapiya (əvəzedici müalicə) - opioidlərdən asılı şəxslərin (xəstələrin) Azərbaycan Respublikasında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmiş əvəzedici opioid dərmanları ilə müalicəsi deməkdir.
1.3. Əvəzedici opioid dərmanlar - Azərbaycan Respublikasında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmiş opioid qrupuna aid sintetik və ya təbii mənşəli dərmanlardır. Bütün dünya üzrə tətbiq olunan bu tipli dərmanların əksəriyyəti (metadon hidroxlorid, buprenorfin, LAAM, morfin sulfat və başqaları) az zərərli olurlar.
2. Əvəzedici müalicənin məqsədləri
Opioid asılılığının əvəzedici müalicəsi aşağıdakı məqsədlərlə təyin edilir:
opioid asılılığına düçar olmuş xəstələrin somatik və psixi vəziyyətlərinin tədricən yüngülləşdirilməsi, onların cəmiyyətə sosial adaptasiyası və inteqrasiyasının yaxşılaşdırılması;
QİÇS, B və C tipli hepatitlərin, dəri-zöhrəvi, infeksion xəstəliklərin privensiyasının yaxşı təşkil edilməsi;
yanaşı xəstəliklərin (vərəm, şəkərli diabet, psixi pozuntular və s.) daha effektiv müalicəsi;
narkotiklərin damar daxilinə yeridilməsi nəticəsində yaranan ağırlaşmaların (fəsadların) daha effektiv müalicəsi və ya yuxarıda göstərilən xəstəliklərdən xilas olunması;
narkotiklər qəbul edən qadınlara doğuşdan qabaq və sonra göstərilən tibbi xidmətin səmərəsinin artırılması; narkotiklər qəbul edən şəxslərin dövlət narkoloji tibb müəssisələrinə müalicəyə cəlb edilməsi;
İİV-ə yoluxmuş şəxslərin damar daxilinə narkotiklər yeritməsinin qarşısının alınması;
opium narkomaniyasına düçar olmuş şəxslərin kriminal aktivliyinin azaldılması;
sosial reabilitasiya və reinteqrasiyaya dair tədbirlərin keçirilməsi üçün əlverişli şəraitin yaradılması.
3. Əvəzedici müalicənin tətbiqi üçün şərait
3.1. Əvəzedici müalicənin (detoksikasiya və ya yardımçı terapiyanın) tətbiqinə dövlət narkoloji-tibb müəssisələrində icazə verilir.
3.2. Bir yaşayış məntəqəsində iki paralel əvəzedici müalicə proqramının tətbiqinə və stasionar bölməsi olmayan dövlət narkoloji-tibb müəssisələrində əvəzedici müalicə proqramlarının tətbiqinə yol verilmir.
3.3. Dövlət narkoloji tibb müəssisəsində Səhiyyə Nazirliyinin baş narkoloqunun yazılı rəyi əsasında səhiyyə nazirinin əmri ilə əvəzedici müalicənin tətbiq edilməsi mümkündür.
3.4. Əvəzedici müalicənin təyini, aparılması, effektivliyi və dayandırılmasına cavabdehliyi baş həkimin əmri ilə dövlət narkoloji tibb müəssisəsində yaradılan həkim-məsləhət komissiyası (bundan sonra - HMK) və müalicə həkimi daşıyırlar.
3.5. Əvəzedici müalicə proqramlarına rəhbərlik və koordinasiya Səhiyyə Nazirliyinin baş narkoloqu tərəfindən həyata keçirilir.
3.6. Əvəzedici müalicənin aparılması Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir.
3.7. Əvəzedici müalicə anonim qaydada keçirilə bilməz. Müalicə konfidensial, tibbi etika və deontologiya kriteriyalarına uyğun aparılmalıdır.
3.8. Əvəzedici müalicə narkoloji müəssisə işçilərinin, pasiyentin, onun yaxın qohumlarının hüquq və vəzifələrinin qorunması şərtilə, müqavilə imzalandıqdan sonra təyin edilir.
3.9. Əvəzedici müalicə təyin edilmiş və ya müalicəsi ləğv olunmuş hər bir xəstə barədə 3 gün müddətində Səhiyyə Nazirliyinin baş narkoloquna və ümummilli məlumat bankına məlumat verilməlidir.
4. Əvəzedici müalicə proqramının tətbiqi üçün göstərişlər (ambulator detoksikasiya və yardımçı müalicə)
Opium preparatlarının qəbulu nəticəsində psixi və davranış pozuntuları diaqnozu müəyyən edilmiş 18 yaşından yuxarı şəxslərə əvəzedici müalicə aşağıdakı meyarlardan biri olduqda təyin edilir:
ən azı son 2 il ərzində opium preparatlarının qəbulu və ən azı 2 dəfə uğursuz nəticələnmiş müalicə (2 ildən yuxarı dispanser qeydiyyatında) olduqda;
opioidlər qəbul edən qadınlarda hamiləlik dövrü;
opium preparatlarının qəbulu nəticəsində fəsadlar (həyat üçün müxtəlif növ təhlükəli hallar, kaxeksiya, İİV/QİÇS, irinli və septik proseslər, trofiki yaralar, B və C tipli hepatitlər, xora xəstəliyi və s.) olduqda;
yanaşı xəstəliklər (vərəm, diabet, onkoloji xəstəliklər, qarışıq ruhi pozuntular, ağır somatik xəstəliklər) olduqda;
əvəzedici müalicənin təyini üçün HMK tərəfindən müəyyən edilən xüsusi hallar olduqda.
5. HMK-nın hüquq və vəzifələri
HMK-nın aşağıdakı hüquq və vəzifələri vardır:
ərizə verənin əvəzedici müalicə proqramına qəbulu məsələsinin həlli;
müalicə həkimi və psixoloq tərəfindən tərtib olunan fərdi müalicə planının təsdiq edilməsi;
pasiyent və onun qohumları ilə müqavilənin imzalanması;
əsas diaqnozun dəqiqləşdirilməsinə zərurət yarandıqda, əlavə tibbi müayinələrin təyin edilməsi;
əvəzedici preparatlarla ambulator detoksifikasiya və ya yardımçı müalicə (qısamüddətli və ya uzunmüddətli) məqsədi ilə preparatın təyin olunma rejiminin (ambulator və ya stasionar şəraitdə) və dozasının müəyyən edilməsi;
əvəzedici müalicə üçün preparatın dozasının müəyyən edilməsi və müalicə prosesində onların korreksiya edilməsi;
hər 3 aydan bir fərdi müalicə planının yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi və onun korreksiya edilməsi;
əvəzedici terapiya proqramı həyata keçirilərkən konfidensiallığa və etik normalara riayət edilməsinə nəzarət olunması;
müalicənin effektliyinin qiymətləndirilməsi.
6. Fərdi müalicə planı
Əvəzedici müalicə proqramına qəbul edilən hər bir pasiyent üçün aşağıdakı kimi fərdi müalicə planı tərtib edilir:
6.1. ümumi tibbi müayinə;
6.2. proqrama qəbul zamanı və sonradan ildə bir dəfədən az olmamaq şərti ilə İİV/QİÇS, vərəm, heppatitlər, dəri-zöhrəvi xəstəliklərinə və s. görə tibbi müayinə;
6.3. fəsadlaşmış (ağırlaşmış) hallar (sepsis, trofiki xoralar və üzvi pozuntular) zamanı tibbi müayinə;
6.4. psixoloji testləşdirmə (psixoloji testdən keçirmə);
6.5. stasionar şəraitdə əvəzedici preparatın fərdi dozasının müəyyən edilməsi (seçilməsi);
6.6. əvəzedici müalicənin növünün və müddətinin müəyyən edilməsi (ambulator detoksikasiya və ya yardımçı müalicə);
6.7. zərurət olduqda, preparatın dozasının korreksiya olunması;
6.8. dar ixtisas sahələri mütəxəssisləri tərəfindən məsləhətlərin təmin edilməsi;
6.9. müalicə həkiminin (narkoloqun) məsləhət cədvəli;
6.10. psixoloqun pasiyentlə fərdi söhbətlərinin tematik planı;
6.11. yardım və qarşılıqlı yardım qruplarında iştirak;
6.12. xəstənin psixoterapevtik qruplarda iştirakı və onun dövriliyinin təmin edilməsi;
6.13. resosializasiyaya dair tədbirlər;
6.14. narkotiklərin qeyri-qanuni qəbulu ilə əlaqədar laboratoriya testləşdirməsinin keçirilmə cədvəli;
6.15. yanaşı xəstəliklərin müalicəsi;
6.16. hər rübdə bir dəfədən az olmayaraq, HMK-da təsdiq edilən müalicə planının müzakirəsi və korreksiya olunması;
6.17. bütün tibbi tədbirlərin proqram iştirakçısının tibbi vərəqinə daxil edilməsi.
7. Detoksifikasiya
Detoksifikasiya - insan psixikasına təsir göstərən maddələrdən və ya onların dağılması məhsullarının orqanizmdən çıxarılması yolu ilə orqanizmin zəhərlənmə nəticəsində pozulmuş funksiyalarının bərpası, insan psixikasına təsir göstərən maddələrin doğurduğu abstinent sindromunun və asılılığın aradan qaldırılmasıdır.
Detoksifikasiyanın təyini zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:
7.1. detoksifikasiya stasionar və ya ambulator şəraitdə aparıla bilər;
7.2. stasionar detoksifikasiya qısamüddətli olur;
7.3. stasionar detoksifikasiya opium preparatlarının qəbulu nəticəsində psixi və davranış pozuntuları diaqnozu təsdiq olunmuş xəstələrə həm xəstənin özünün xahiş məktubu, həm də onun yaxın qohumlarının razılığı olduqda təyin edilir;
7.4. ambulator detoksifikasiya qısamüddətli (1 aya qədər), ortamüddətli (3 aya qədər) və uzunmüddətli (6 aya qədər) aparıla bilər;
7.5. ambulator detoksifikasiya əvəzedici müalicə proqramına qəbul üçün göstərişlərə uyğun olaraq, HMK tərəfindən təyin edilir;
7.6. detoksifikasiya bağlanılmış müqavilə əsasında aparılır;
7.7. preparat yalnız narkoloji tibb müəssisəsinin tibb işçisi tərəfindən verilməsi şərti ilə, tibb müəssisəsində və ev şəraitində təyin edilə bilər;
7.8. detoksifikasiya aparılarkən həkim tərəfindən əvəzedici preparatların qəbuluna nəzarət, eləcə də qanunsuz dövriyyədə olan narkotik vasitələrin qəbulunun aşkarlanması üçün laborator müayinələrlə nəzarət həyata keçirilir;
7.9. digər narkotik vasitələrin və psixotrop maddələrin qəbulu aşkar edildikdə, HMK-nın qərarı ilə detoksifikasiya dayandırıla, xəstə stasionara yerləşdirilə və ya yardımçı terapiyaya keçirilə bilər;
7.10. detoksifikasiya aparılarkən xəstənin psixi və somatik statusuna uyğun olaraq, əlavə müalicə təyin edilə bilər.
8. Yardımçı müalicə
8.1. Yardımçı müalicə stasionar və ya ambulator şəraitdə aparıla bilər.
8.2. Əvəzedici müalicə proqramının iştirakçısı üçün əvəzedici preparatın fərdi dozasının seçilməsi stasionar və ya ambulator şəraitdə aparıla bilər.
8.3. Yardımçı müalicə əvəzedici terapiyanın təyininə dair meyarlar əsasında HMK tərəfindən təyin edilir.
8.4. Yardımçı müalicə qısamüddətli və ya uzunmüddətli ola bilər. Yardımçı müalicənin müddəti HMK-nın qərarı ilə müəyyən edilir.
8.5. Yardımçı müalicə psixoloqla birlikdə müalicə həkimi tərəfindən tərtib olunan fərdi müalicə planı əsasında HMK-nın qərarı ilə təyin edilir.
8.6. Yardımçı müalicə bağlanılmış müqavilə əsasında aparılır.
8.7. Preparat yalnız dövlət narkoloji-tibb müəssisəsində və ya evdə təyin oluna bilər. Əgər pasiyent xəstələnərsə və evdə ambulator müalicə olunarsa, onda HMK-nın qərarı ilə (yalnız müalicə müəssisəsi tərəfindən verilmiş xəstəliyi təsdiq edən sənədi pasiyent təqdim etdikdən sonra) əvəzedici dərmanlar pasiyentin tibbi sənədlərində müvafiq qeydlər aparılaraq, onun yaxınlarına verilə bilər. Davamlı remissiya zamanı, bayram, istirahət günlərində və xüsusi hallarda HMK-nın qərarı ilə preparat pasiyentlərə özləri ilə aparmaq üçün verilə bilər. Preparatın verilmə qaydası dövlət narkoloji-tibb müəssisəsinin rəhbərliyi tərəfindən müəyyənləşdirilir.
8.8. Yardımçı müalicə aparılarkən təyin edilmiş preparatın qəbulu zamanı həkim tərəfindən qanunsuz dövriyyədə olan narkotik vasitələrin qəbuluna görə laborator nəzarəti aparılır.
8.9. Digər narkotik vasitələrin qəbulu aşkara çıxarıldıqda, HMK-nın qərarı əsasında təsirli tədbirlər görülə bilər.
8.10. Yardımçı müalicə aparılarkən xəstənin psixoloji və somatik statusuna uyğun olaraq əlavə müalicə təyin edilə bilər.
9. Əvəzedici müalicə proqramına qəbul üçün zəruri olan sənədlərin siyahısı
Əvəzedici müalicə proqramına qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- xəstənin ərizəsi;
- xəstə ilə birgə yaşayan qohumlarının razılıq ərizəsi;
- xəstənin şəxsiyyətini təsdiq edən sənəd;
- opium preparatlarının qəbulu ilə əlaqədar aparılmış müalicəni təsdiq edən sənədlər (1999-cu ilə kimi ruhi xəstəxanalarda);
- əvəzedici müalicənin təyini üçün göstəriş olan bu və ya digər xəstəliyi təsdiq edən tibbi sənəd;
- həkim-rentgenoloqun rəyi;
- həkim-terapevtin rəyi;
- proqramın iştirakçılarına təqdim olunan tələblərlə tanışlıq barədə sənəd;
- müqavilə.
10. Pasiyentin başqa yerə getməsi
Əgər əvəzedici terapiya proqramının iştirakçısı hər-hansı səbəbə görə uzun müddət ixtisaslaşdırılmış müəssisəyə gəlməyi davam etdirə bilmirsə (məsələn, yola düşməyə hazırlaşırsa), qabaqcadan bu barədə xəbər verməlidir. Bu halda HMK pasiyentə preparatın verilmə rejiminin dəyişdirilməsi, detoksikasiyaya keçirilməsi, əvəzedici terapiya proqramında iştirakını təsdiq edən və yeni yaşayış yerində belə proqramlarda iştirakına icazə verən (əgər belə proqramlar orada varsa) sənədin verilməsi barədə qərar çıxarır. HMK belə halda digər şəxslərdən başqa yerlərdə müvəqqəti əvəzedici terapiya kursunun keçirilməsini təsdiq edən sənədin təqdim olunmasını tələb edir.
Dostları ilə paylaş: |