BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
«MAİDƏ» SURƏSİ
Bu surə Peyğəmbəri-Əkrəmin (s) vəfatından bir-iki ay qabaq nazil olmuş və onun ayələrindən heç biri nəsx edilməmişdir (yəni hökmü dəyişdirilməmiş və qüvvədən salınmamışdır).
Bu surənin 114-cü ayəsində qeyd olunduğu kimi, Həzrət İsanın (ə) öz dostlarına səmavi süfrə nazil olması barədə dua etdiyi üçün «Maidə» («Süfrə») adlandırılmışdır («Maidə» içinə yemək qoyulmuş tabağa deyilir).
Bu surə 120 ayədən ibarətdir və onun əksər xitabı «ya əyyuhəlləzinə amənu» (“Ey iman gətirənlər”) olub bütün surələrdən daha çox təkrar olunmuşdur. Məsələn, bu xitab «Bəqərə» surəsində 11 dəfə gəldiyi halda, «Maidə» surəsində 16 dəfə gəlmişdir.
Bu surə özündə ümmətdə vilayət və rəhbərlik, məsihilərin üçlük əqidəsinin rədd olunması, əhdə vəfalı qalmaq, ədalət əsasında şahidlik etmək, qətlin haram edilməsi, yeyiləcək şeylərin hökmləri, dəstəmaz və təyəmmüm, eləcə də ictimai ədələt və sair məsələləri əhatə edir.
Bu, nazil olan axırıncı surə olduğundan əvvəlində bütün əhd-peymanlara əməl edilməsinə tövsiyə edilir.
﴿ بسم الله الرحمن الرحيم ﴾
AYƏ 1:
﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَوْفُواْ بِالْعُقُودِ أُحِلَّتْ لَكُم بَهِيمَةُ الأَنْعَامِ إِلاَّ مَا يُتْلَى عَلَيْكُمْ غَيْرَ مُحِلِّي الصَّيْدِ وَأَنتُمْ حُرُمٌ إِنَّ اللّهَ يَحْكُمُ مَا يُرِيدُ ﴾
TƏRCÜMƏ:
«Ey iman gətirənlər, əhd-peymanlarınıza (nəzr, əhd və and içmək kimi özünüzlə olan peymanlara, müqavilə və digər sazişlər kimi camaatla bağladığınız peymanlara və dinin hökmlərinə riayət etməyi boyuna götürmək kimi Allahla olan peymanlara ki, bəzi şeylərin halallığına və haramlığına riayət etmək də bu qəbildəndir) vəfa edin. Dördayaqlı heyvanlar(ın ətləri və kəsilərkən analarının qarınlarından ölü halda çıxan balaları) sizə oxunan istisna olmaqla, ehram halında ov etməyi halal hesab etməyən sizlərə halal edildi. Həqiqətən Allah istədiyini hökm edir.»
TƏFSİR:
Müsəlmanlar bütün əhd-peymanlara, müqavilələrə, hansı növdən, eləcə də hər hansı qrup və şəxs tərəfindən olmasına baxmayaraq vəfalı qalmalıdırlar. İstər şifahi, istər yazılı, istərsə də əməli şəkildə bağlanan əhd-peymanlar, eləcə də istər siyasi müqavilələr olsun, istərsə iqtisadi, ictimai və ailəvi, istər zəif şəxslərlə bağlanmış olsun, istərsə də güclü şəxslərlə, istər dostla, istərsə düşmənlə,1 istər Allahla (nəzir və əhd kimi), istərsə də camaatla, istər bir şəxslə, istərsə də cəmiyyətlə, istər kiçik adamla, istərəsə də böyük adamla, istər məntəqədaxili, istərsə də beynəlxalq səviyyəli müqavilələr olsun, heç bir fərqi yoxdur. Əhd-peymanı pozmaq və zülm etmək bütün məhrumiyyətlərin mənşəyi olduğu kimi,2 əhd-peymana vəfalı qalmaq da insanın bütün nemətlərdən bəhrələnməsinə səbəb olur. Bunu da qeyd etmək lazımdır ki, səmavi kitablar da Allahın bəndələr üzərində olan əhdidir, buna görə də onlara vəfalı qalmaq vacibdir: Əhdi-qədim (qədim əhd − Tövrat), Əhdi-cədid (yeni əhd − İncil) və Əhdi-əxir (axırıncı əhd − Quran). İmam Sadiq (ə) bir hədisdə buyurur: «Quran Allahın bəndələrlə bağladığı əhd-peymandır.»3
Ümumiyyətlə, imanın əsası əhd-peymana əməl etməkdən ibarətdir. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Əhd-peymana vəfalı olmayan bir kimsənin dindən bəhrəsi yoxdur.»
Əgər əhd-peymanlara əməl olunmazsa, cəmiyyətin əsası olan qarşılıqlı etimad aradan gedər və hərc-mərclik yaranar.
Əhd-peymana vəfalı qalmaqla bağlı göstərişdən sonra ardıcıl olaraq bir neçə İslam hökmü bəyan edilir. Əvvəlcə buyurulur ki, bəzi heyvanların əti sizin üçün halal oldu.
Bu hökmdən yalnız iki hal istisna edilir: Haram olması sizin üçün tezliklə bəyan olunacaq heyvanların əti və ehram halında olduğunuz zaman ov etmək sizə halal deyildir. Allah istədiyi hökmü verir. Çünki O hər şeydən agah və hər şeyə malikdir. Yəni bəndələrin mənafeyinə və məsləhətinə olan, eləcə də hikmətin tələb etdiyi hökmləri qanun şəklinə salır.1
Dostları ilə paylaş: |