Hazırda beynəlxalq elm və təhsil məkanına inteqrasiya ölkəmiz üçün prioritet məsələlərdəndir. Bu sahədə xeyli sayda beynəlxalq anlaşmalar və müqavilələr imzalanmışdır
Müasir informasiya-kommunikasiya texnologiyalarının özü ilə gətirdiyi yenilik və üstünlüklərdən biri də elm və təhsil sahəsində yanaşmaların, standartların unifikasiyalaşması, yəni vahid bir forma alması və bunun tez bir zamanda yayılaraq dünya elm ictimaiyyəti tərəfindən fəal istifadə olunmasıdır. İnformasiya-kommunikasiya texnologiyalarının sayəsində müxtəlif xarakterli elmi tədbirlər - konfrans, simpozium, konqres və s. haqqında dünya elm ictimaiyyətini operativ məlumatlandırmaq və bu toplantılarda onların iştirakını təmin və təşkil etmək əvvəlki dövrlərlə müqayisədə qat-qat asanlaşıb. Beynəlxalq elm və təhsil məkanına inteqrasiya etmək, ümumi məsələlər haqqında eyni "dildə danışmaq" zərurətinin yaranması yazı və məlumat formalarının təkmilləşməsini tələb edir. Bunun üçün tərəflərin bir-birini anlaması lazımdır. Tərəflərin bir-birini anlaması üçün xüsusi standartlar tələb olunur. Beynəlxalq elm və təhsil sisteminə inteqrasiyada tərəflərin bir-birini anlaması üçün dünyanın bir çox qabaqcıl universitet və təhsil mərkəzlərində qəbul olunmuş standartları öyrənmək lazımdır.
Hazırda beynəlxalq elm və təhsil məkanına inteqrasiya ölkəmiz üçün prioritet məsələlərdəndir. Bu sahədə xeyli sayda beynəlxalq anlaşmalar və müqavilələr imzalanmışdır. Azərbaycan alimləri və tədqiqatçıları, həmçinin doktorant, magistr və tələbələr beynəlxalq elmi tədbirlərə qatılır, çıxışlar edir, ölkəni tanıdır, elmi əməkdaşlıq əlaqələri qururlar. Bu əlaqələrin nəticəsi kimi, alimlərimiz həm də beynəlxalq jurnallarda məqalələr dərc etdirir, xarici həmkarları ilə birgə layihələr və əsərlər yazırlar. Bu zaman beynəlxalq elm və təhsil məkanındakı qayda və standartlarla tanışlıq baş verir, sistemlərarası fərqlər aşkarlanır.Buna görə beynəlxalq təhsil məkanında qəbul edilmiş analoji standartları öyrənmək lazımdır. Bunlardan biri də akademik yazı qaydalarıdır.
Yazının ən başlıca xüsusiyyəti onun sənəd xarakterli olmasıdır. Buna görə yazılı materiala dönə-dönə qayıtmaq və ondan faydalanmaq mümkündür. Bu xüsusiyyət istifadəçilər üçün faydalı olmaqla yanaşı, həm də yazı müəllifindən böyük məsuliyyət tələb edir. Savadlı və yaxşı tərtib olunmuş yazı elmi işlə və təhsil prosesi ilə məşğul olan insanlardan akademik yazı qaydalarını öyrənməyi tələb edir.
İnformasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində akademik yazı yazmaq qaydaları daim təkmilləşir. Sosial media sıravi vətəndaşların İnternetə çıxışına unikal şərait yaradır, onları kommunikasiya vasitələrinin fəal istifadəçisinə çevirir. Bu proses lazım olan məlumatları sürətlə yaymağa imkan yaradır. Bu istifadəçilər arasında elm adamları da çoxluq təşkil edirlər.
Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biridir. Universitetdə təhsil alarkən kurs işi, diplom işi (hazırda əsasən buraxılış işi adlanır) və bu tipli oxşar yazı işləri yazılır. Buna görə bu işləri yazmaq tapşırığı alan tələbənin və ya gənc tədqiqatçının istifadə edəcəyi mənbə məzh akademik yazı qaydalarıdır. İşin öhdəsindən gəlmək üçün tələbə və ya gənc tədqiqatçının ilk axtarmalı olduğu bu tipli yazıların hası qaydada yazılmasını bilməklə, vaxt itkisinin qarşısı alınır. Tələbə akademik yazı qaydalarını bildikdən buraxılış işlərini müdafiə və ya semestrarası dövrlərdə kurs işlərini təqdim edərkən əziyyət çəkmir. Buna görə ali təhsil müəssisələrində akademik və ya peşəkar yazı qaydalarının ayrıca bir fənn kimi öyrədilməsi xüsusi əhəmiyyətə malikdir. Beynəlxalq akademik yazı qaydalarına bələd olmaq həm də dünya elm sisteminə inteqrasiya olmaq, orada qəbul olunmuş standartları mənimsəmək və onun effektlərindən yararlanmaq deməkdir. Bütün dünyada elmi işlərin standart bir yazılma forması var. Həmin meyarlara uyğun gəlməyən işlər beynəlxalq elmi jurnallar tərəfindən qəbul edilmir. Akademik yazı qaydalarına əməl etmək savadlılıq, mədəniyyət və məsuliyyətin göstəricisidir. Hazırda yazı mədəniyyəti ilə bağlı orta və ali təhsil müəssisələrində müəyyən problemlər var; bir sıra obyektiv səbəblərdən bəzi elm adamlarının beynəlxalq akademik yazı qaydaları haqqında təsəvvürləri o qədər də geniş deyil. Digər səbəblərdən biri də dil amilidir. Bir zamanlar latın dili elm dili sayıldığı kimi, çağdaş dünyada ingilis dilinin bu statusa yüksəlməsi faktı təbiidir. Bu səbəbdən də dünya elm sistemində baş verən proseslər haqqında məlumat əsasən ingilis dilində paylaşılır. Dil biliyi bu zəngin mənbələrdən istifadə etməyə imkan verməyən şəxslərin bir çox yeniliklərdən kənarda qalması ehtimalı böyükdür. Lakin beynəlxalq elm və təhsil sistemində tətbiq olunan qayda və standartlar haqqındakı informasiyanın tərcümə olunaraq yerli şəraitə uyğunlaşdırılması bu problemi həll edə bilər.